BİZ NİYƏ XƏSTƏLƏNİRİK?
Çünki özümüzü viruslardan qoruya
bilmirik
Payız və qış mövsümünün
özünəməxsus xəstəlikləri mövcuddur. Bu
xəstəliklər təbii ki, müəyyən dövrlərdə
baş qaldırmağa başlayır və inkişaf edir. Əlbəttə,
bizi əhatə edən mühitdə sağlam həyat tərzi
keçirmək və eyni zamanda vaxtlı-vaxtında vitaminli
qida məhsulları qəbul etmək bir növ bu infeksiyalardan
insanın sığortalanmasına xidmət edir. Amma nə etmək
olar ki, iradəmizdən və istəyimizdən asılı
olmayaraq, bu virus infeksiyaları orqanizmimizə
daxil olur və müxtəlif xəstəliklər törədir.
Son vaxtlar əksər
dost-tanışımın xəstələndiyini eşidirəm.
Özü də bu xəstəlik elə-belə xəstəlik
deyil, qış mövsümü ilə bağlı olaraq
baş qaldıran bir xəstəlikdir. Əksər
insanların bu mövsümdə xəstələnməsi və
müəyyən zaman kəsiyində xəstəliyin daha da
ağırlaşması təbii ki, həyəcan doğurmaya
bilməz. Ona görə də biz
çalışmalıyıq ki, payız və qış
mövsümündə bu cür xəstəliklərdən
özümüzü sığortalaya bilək.
Həmin xəstəliklərlə
əlaqədar ekspert kimi baş sanitar həkim Nadir Eyvazova
müraciət elədik. Aydındır ki, müraciətimizin
də əsas məqsədi payız və qış
mövsümündə müxtəlif virus
infeksiyalarının qarşısının alınması
üçün görülən tədbirlərlə
bağlı idi. Baş sanitar həkim Nadir Eyvazov bu məsələlərlə
bağlı bizə ətraflı məlumat verərək
bildirdi ki, payız və qış mövsümündə
virus infeksiyalarının özünəməxsus əlamətləri
üzə çıxmağa başlayır. Bu virus
infeksiyaları ən çox immuniteti kövrək və zəif
olan körpələrdə, eləcə də yaşlı
insanlarda özünü göstərməyə
başlayır. Belə ki, həmin insanların xəstəliklərə
qarşı müqavimət qüvvəsi az olduğundan virus
infeksiyaları onlara daha tez təsir edir və həmin
insanlarda müxtəlif fəsadlar yaradır. Amma nisbətən
cavan, orqanizmi möhkəm olan insanlarda isə bu virusa
qarşı müqavimət qüvvəsi güclü
olduğundan onlar virusa yoluxmurlar. Bir də görürsən
ki, hər hansı evdə bir neçə nəfər bu
virusa yoluxub xəstələnir, amma orqanizmi möhkəm və
immuniteti güclü olan insansa bir yerdə yaşamaqlarına
baxmayaraq, həmin xəstəliyə düçar olmurlar.
Bunun da bayaq dediyim kimi, bir çox səbəbləri var.
Öskürəklə başlayan bu cür virus
infeksiyalarına qarşı insan tam müalicə
götürməlidir. Çünki hər hansı bir xəstəlik
orqanizmdə müalicə olunmadıqda müxtəlif
dövrdən sonra müəyyən izlər qoyur. Bu izlər
xüsusən bronxlarda və digər insan orqanizmində
özünü daha qabarıq göstərir. Xəstəlik
tam müalicə olunmayanda adi yay günlərində bir balaca
soyuq su içən kimi həmin insanlar öskürməyə
başlayır və boğazı ağrıyır.
Həkim-ekspert Nadir
Eyvazov bir fikri də xüsusi ilə vurğuladı ki,
payız və qış mövsümü ilə əlaqədar
olaraq virus infeksiyalarının qarşısını almaq
üçün ən yaxşı çıxış yolu
tərkibində S vitamini olan tərəvəz və mer-meyvələrin
qəbul edilməsidir. Ən çox da müxtəlif meyvələrin
şirəsinin qəbul edilməsi, naringinin, portağalın, mandarinin, limonun istifadə
edilməsi bu xəstəliklərə qarşı
yaxşı mübarizə formasıdır. Üstəlik də
insanlar sanitar və gigiyenik qaydalara ciddi riayət etsələr,
yəni qəbul etdikləri tərəvəz və mer-meyvəni
təmiz yuduqdan sonra yesələr bunun insana daha çox xeyri
ola bilər. Bir sözlə, müxtəlif xəstəliklərdən
qorunmağın yeganə yolu ona qarşı aparılan
profilaktik tədbirlərdir. Düzdür, müəyyən mənada
insan hər hansı xəstəliyə yoluxarkən müxtəlif
dərmanlardan və preparatlardan istifadə edir. Bu dərmanların
orqanizmə müsbət təsiri olmaqla yanaşı, mənfi
fəsadları da var. Elə bir həb yoxdur ki, onu atarkən
bu dərman mədəyə, qaraciyərə, böyrəyə
və insanın digər orqanizmlərinə mənfi təsir
eləməsin. Ona görə də müxtəlif xəstəliklərə
qarşı, xüsusən də virus infeksiyalarına
qarşı mübarizə metodu tərkibində vitamin S olan tərəvəz
və meyvələrin qəbul edilməsidir. Həmin qida məhsullarını
qəbul edən hər hansı bir insan öz
sağlamlığını bu və ya digər dərəcədə
qorumuş, bərpa etmiş olur.
Təbii ki, insanların
özündən çox şey asılıdır. İlk
növbədə hər bir adam gigiyenik və sanitar qaydalara əməl
etməlidir. İkincisi isə sağlam həyat tərzi
sürməli, pis vərdişlərdən - xüsusən də
siqaret çəkməkdən, spirtli içkilər qəbul
etməkdən uzaq olmalıdır. Çünki
həmin pis vərdişlər insan orqanizmində xəstəliklərə
şərait yaratmaqla yanaşı, onun vəziyyətini daha
da ağırlaşdırır. İkincisi də indiki
dövrdə istehsal olunan siqaretlərin və spirtli içkilərin
tərkibi haqqında o qədər də ürəkaçan
fikirlər səslənmir. Başqa sözlə demiş olsaq
saxta məhsulların istehsalının tüğyan elədiyi
bir dövrdə hər hansı insan öz həyatı
haqqında daha dərindən düşünməli və
götür-qoy eləməlidir.
Ən azından ona
görə ki, hər hansı saxta məhsulu insan istifadə
edərkən müxtəlif xəstəliklərə
düçar olmaq təhlükəsi yaranır. Bəzən
görürsən ki, bir adam çox sağlamdı və
tez-tez xəstələnmir. Amma müəyyən müddət
keçir o həyat tərzinə, qəbul etdiyi qidalara fikir
vermir və bundan sonra çətin anlar yaşayır. Daha
doğrusu, insan öz səhlənkarlığı
üzündən müxtəlif xəstəliklərə
yoluxur. Mənşəyi bilinməyən qida məhsullarının
həddindən çox qəbul edilməsi dediyimizə əyani
sübutdur. Bu qida məhsulları keyfiyyətsiz və
vaxtı ötmüş olduğuna görə, insanlar tərəfindən
qəbul edilərkən müxtəlif mədə-bağırsaq
xəstəlikləri yaradır.
Yenə qayıdaq əvvəlki söhbətimizin
üstünə. Yəni sağlam həyat tərzi
keçirmək istəyiriksə, qəbul etdiyimiz qidaların
mənşəyindən və keyfiyyətindən tutmuş,
istifadə edilməsinə qədər hamısına diqqət
yetirilməlidir. Üstəlik də əgər həkim-ekspert
Nadir Eyvazovun tövsiyələrinə və məsləhətlərinə
qulaq assaq, nəinki payız və qış
mövsümündə virus infeksiyalarına
yoluxmamızın qarşısını ala bilərik, bununla
yanaşı, digər xəstəliklərdən də
özümüzü sığortalamaq imkanımız olar.
Başlıcası isə payız və qış
mövsümündə immuniteti gücləndirmək
üçün tərəvəz və mer-meyvələrdən
bol-bol istifadə etməliyik.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 7 yanvar.- S. 4.