"YUXULARDA ÇIXDIM YOLA"
Esse
Hardan tapıb
çıxartdın bu mahnını, ay zalım?! Daha bizim
"Alabəzək yuxular" görən vaxtımız
deyil, axı. Bir
zamanlar görərdik... Və dünyanın min bir rəngi
dolardı o yuxulara. Əslində, elə həyatımız
da al-əlvan idi, heç yuxulardan seçilməzdi. Bu rənglərin
getdikcə bir az da açılıb parlayacağına,
göz qamaşdıracağına inanardıq. Niyə də
inanmayaydıq?! Ömrün elə çağlarıydı
ki, inamımızın ətəklərindən tutub
göyün yeddinci qatlarında, bəlkə heç indiyəcən
kimsəyə bəlli olmayan qatlarında süzürdük.
Ömrümüz elə özü bir şirin yuxuydu.Yuxulara
ehtiyacımız da yoxdu. Özləri gəlirdilər, kirpiklərimizin
arasından keçib bəbəklərimizə dolurdular.
Günlərimiz elə parlaq, şirin, işıqla, sevgiylə
doluydu ki, yuxulardakı aldadıcı təsəllilərə
qane ola bilməzdik. Gecə gördüklərimizi
gündüz heç xatırlamırdıq da. Amma yuxular
özünü gözə soxurdu. Hamısı da tərsinə
yozulurdu. Öpüş ayrılıq idi, gülmək
ağlamaq. Pul tapmaq ehtiyaca yozulurdu, ayaqqabı darlığa,
sıxıntıya. Ölmək, saçın uzanması uzun
ömür sayılırdı, bulanıq sularda çimmək
xəstəlik. Bunlar uzun illərin sınağı sayılsa
da, hərənin öz yuxuları, öz sirli dünyası
vardı. Gözlər qapanan kimi hərə öz
dünyasına uçurdu. Ağlımız kəsməyəndə
qorxular meydan sulayırdı yuxularımızda. Məktəb
yolundakı fermanın bəd itləri, hər
axşamçağı naxır kəndə dönəndə
uşaqlara sarısını udduran, vurağan sarı inək,
böyüklərin dediyinə görə məscidin
arxasındakı qalın böyürtkən kolluğunda
"məskən salmış", birini öldürsən,
o birilərin dünyanın o başına qaçsan da, səni
tapıb intiqamını almağa hazır olan yeddi qardaş
ilanlar pəncərədən sübh şəfəqi
görünənəcən göz verib-işıq vermirdi.
Gündüz gəzib-dolandığımız, qaçıb
oynadığımız yerləri göz önünə gətirə-gətirə
kirpiklərimiz qovuşanda boz-qaranlıq aləmin əcaib
qüvvələri elə bil yorğan-döşəyimizə
doluşardı. Yuxuda hıçqıra-hıçqıra
ağlayardıq da, qışqırıb yerimizdən dik
qalxardıq da. Elə o saat da yuxulu analarımızın, nənələrimizin
yorğan-döşəyinin böyründə hazır
qoyduğu sərin sudan içib təzədən
başımızı yastığa atardıq...
***
Beş-on günlük
çağa da yuxuda gah qaşlarını çatıb,
dodaqlarını büzərək ağlamsınır, gah da
dişsiz damağını göstərib şirin-şirin
gülür. İlahi, doğrudanmı, o da yuxu görür?!
Onu güldürən kimdi, ağladan nədi?!
Eşitmişdim ki, qırxı çıxanacan körpələr
görmürlər. İnanmamışdım. Həkimlər
də bunu deyəndə içimi buz kəsdi. Deməli,
qırx gündə ancaq yuxu görürlər, yuxulu bir
ömür sürürlər. Dünyaya gələn andan
ağızlarını gəzdirib yemək axtarırlar, səsi
bilirlər, ana ağuşunu hiss edirlər. Bəs, yuxuda kimləri,
nələri görürlər?! Tanrım, sənin qüdrətini
dərk eləməkçin elə qırx gün bir
çağanı seyr eləmək kifayətdi. Dur
beşiyinin başında, gözlərini bu məsum
varlığın çöhrəsindən ayırma.
Ömrün boyu cild-cild kitablardan, mənimsədiyin hikmətlərdən,
kəlamlardan öyrənmədiyini, anlamadığını
bu nur topasından alarsan. Onda görərsən ki, sən
dünyanı və öz həyatını nə qədər
bəsit görmüsən, nə qədər az duymusan.
Özünə və başqalarına qarşı necə
zalım və qəddar davranmısan. Anlaqsız hərəkətlərinlə
gözəllikləri eybəcərləşdirmiş, şux
rəngləri soldurmusan. O məsum çöhrədə
oynaşan işıqları, sözsüz danışan
qımıltıları nəynən ifadə edə bilərsən?!
Bəlkə sözlə, ya səslə?! Ya da qələmi,
fırçanı yoxla. Gör bacararsanmı?! Deyəsən,
alınmır. Oxşada bilərsən, tam ehtivası isə...
Müşkül işdi. Etiraf elə, əlinin dalını
yerə qoy. Yaratmağı bacarmadınsa, onda heyrət elə,
heyran olmağı bacar. Bütün tapıntılar
burdan-heyranlıq nöqtəsindən başlanır. Səni
heyran edirlərsə, sən də borclu qalmamalısan. Ancaq
heyran olmağı bacaranlar heyrət doğura bilirlər...
***
O isə hələ
yuxudadı. Görən bilirmi atası-anası var?!
Gündüzlər Günəşin işıq
saçıb isitdiyini, gecələr Ayın soyuq-soyuq
üzüaşağı-üzüyuxarı gəzdiyini
duyurmu?! Bic-bic göz vuran ulduzlardan, vıyıltıynan
ötüb meşədə itib-batan küləklərdən
necə, xəbəri varmı?! Lap elə gecəni
gündüzə qarışdırıb saatlarla
yatdığının, dəqiqələrlə
ağladığının fərqindədimi?!..
Qırx ötüncə
ürək dözmür, min cür xəyallara
düşürsən: birdən heç qırx gündən
sonra da görmədi?! Ömürlük qaranlıq
yuxuların qoynundamı qalacaq?! Yox, yox! Mənə demə ki,
yuxular həyatdan gözəldi. Bu zalım həyat elə
öz zalımlığı ilə, acısı-şirini ilə,
gözlənti və üzüntüləri ilə yuxulardan
üstündü. Bu yuxular dünyanın bütün əlvan
rənglərini özündə cilvələndirsə də,
nə qədər uzansa da, həyatın bir anını verə
bilməz. Həyat qat-qat gözəldi. Ancaq... müəyyən
vaxta qədər. Vurğunluq, heyranlıq limiti bitənəcən.
Ömrün günəşi qaralıb könül
dünyasını zülmət qaranlığın buz nəfəsi
kəsənə qədər şirindi həyat. Bundan sonra
ümid yuxulara qalır. Sən-hər şeydən əllərini
üzmüş biçarə indi də yuxularda yola
çıxırsan. Gerçəklikdə
tapmadıqlarını, əlindən alınanları
axtarmağa yollanırsan. Ayaq götürdüyün nöqtədən
məchulluğadək uzanan yuxu ömrünü ruhunun sahibi
idarə edir. İstəsən də, istəməsən də
belədi. Ancaq istəyirsən bunu. Belə rahatsan, bədənindən,
çəkindən ayrılmısan. Nə çörək,
nə paltar dərdi çəkirsən. İşini itirmək,
evsizlik, xəstəlik qorxusu bədəninlə birgə tərk
edib səni. Dəryada balıq kimisən, lap ondan da
üstünsən. Balığın canında tilov-qırmaq
xofu var. Bu yuxunun bitməsini istəmirsən. Yuxuda sevgilərin
də özgə dadı, özgə şirinliyi olur.
Gerçəklikdə qismətinə düşməyən,
dada bilmədiyin şirinlik... Ayıqlıqda gedə bilmədiyin
yerlərə gedirsən, görə bilmədiklərini
görürsən. İki dünya arasındakı sərhəd
də itib səndən ötrü. Yaşının
çatmadığı adamlarla da görüşə bilirsən.
Gerçək dünyada isə bu mümkün deyil. Nəinki
iki dünya, heç ölkələr arasında sərhədlər
də götürülənə oxşamır. Utanıb deyə
bilmədiklərin rahatca ağzından tökülür, illərdən
bəri acığını, hirsini çıxa bilmədiklərinə
dişinin dibindən çıxanı deyirsən. Ürəyin
boşalır, canın dincəlir. Qəzəbin tutanı
döyürsən də. Amma nə sənin əlin
ağrıdır, nə də onun canı inciyir. Hə,
axı, siz can deyilsiniz. Siz ruhsunuz...
Bəlkə heç
ayılmayasan bu yuxulardan?! Ayılıb gerçəklikdən
sıxıldığın, təzədən o sehrli
röyaların qoynuna dönməyi şiddətlə
arzuladığın məqamları unuda bilərsənmi?!...
***
O isə hələ
oxuyur. Otuz il, qırx il bundan qabaq necə
oxuyurdusa, elə də oxuyur. Elə o vaxtlar gördüyü
ala-bəzək yuxular haqqında oxuyur. Yuxularında yola
çıxırmış, göydən ulduzları
yolurmuş... Ürəkdən, şövqlə oxuyur.
İnanır ki, qulaq asanlar da ona inanır. Bunlar hələ
alabəzək yuxular görənlərdi. Amma... bu yuxuların
qısa, ani və sonda həmişəlik olduğunu bilənlər
də var... Və onlar yuxu görmək istəmirlər.
Onu da bilir ki, daha bu
adamlar özlərini aldatmaqdan yorulublar...
Vəsilə USUBOVA
Ədalət.- 2011.- 8 yanvar.- S. 11.