ŞAHMAR ƏKBƏRZADƏ İLƏ BİRGECƏLİK GÖRÜŞ

 

BİRİNCİ HAŞİYƏ

 

Bu birgecəlik görüş haqqında uzaq uşaqlıq illərində - o bəxtəvər çağlarda, Ağdamın gur-gur guruldayan vaxtlarında qonşu olduğum (sonradan qohumlaşdığım) xətrini istədiyim unudulmaz Qəhrəman Tağıyev cəmi iki il qabaq, dəqiq desəm 30 avqust 2008-ci ildə Şüvəlanda, bağda mənə qəmli bir nağıl kimi danışmışdı...

 

Qəhrəmanın dediklərini olduğu kimi təqdim edirəm:

- Şahmar Əkbərzadə Axundov adına institutu (indiki Bakı Slavyan Universitetini R.M.) bitirib Ağdama müəllimliyə gəlmişdi.

1971-ci ilin yayıydı. Ağdam mədəniyyət evində maraqlı bir görüş keçirilirdi. Böyük şair Bəxtiyar Vahabzadə ilə görüş vardı. Təbii ki, mən də o görüşə getmişdim. Görüş əla keçdi, Bəxtiyar müəllim şeirlərini oxudu. Ağdamın seçilib-sayılan kişiləri Bəxtiyar Vahabzadə barədə layiqli sözlər dedilər. Rəhmətlik Şahmar Əkbərzadə də söz alıb çıxış etdi, Bəxtiyara yazdığı şeirini oxudu, hamı əl çaldı.

Gecədən xeyli keçmişdi. Məclisdən çıxıb evimizə tərəf üz tutdum (rəhmətlik Qəhrəmangilin evi Frunze küçəsindəydi, o küçə bizim Voroşilov küçəsini - sonralar bizim küçəyə Xudu Məmmədovun adını verdilər - kəsib Sovet (ski) küçəsinə qovuşurdu. Ordan da yol məşhur Ağdam hamamının qabağından sağa burulub küsgün gözəlim Şuşa tərəfə uzanırdı.

Mehmanxananın qabağından keçəndə eşitdim ki, içəridə səs-küy var. Tənbəllik eləməyib içəri keçdim. Gördüm ki, Şahmar Əkbərzadə mehmanxananın direktoru Mustafa kişi ilə mübahisə edir, əsəbiləşib, bar-bar bağırır. Mustafa kişi elə hey deyir ki, əşi, nə istəyirsən ey məndən, yerim yoxdu, vəssalam. Şahmar da dedi ki, ay kişi, gecənin bu vaxtı mən Çəmənliyə necə qayıdım, nə ilə gedim?

(Çəmənli kəndi ilə Ağdam şəhərinin arası 12-13 km-dir, Şahmarın doğma kəndidir, Şahmar da elə həmən kənddə müəllim işləyirdi - R.M.) Mən irəli keçib Şahmarın qolundan tutdum və dedim ki, əşi, eybi yox, gedək bizə, bizdə qalarsan.

Şahmar da qayıtdı ki, ay qardaş sən kimsən, mən səni tanımıram axı?..

Dedim, əşi, tanıyarsan, tanış olarıq bəri gəl, getdik bizə.

 

İKİNCİ ZƏRURİ HAŞİYƏ

 

O qanlı-qadalı meydan günlərində, səhv etmirəmsə 1989-cu ilin qışında, Lenin meydanı insan selindən və həyəcanından aşıb-daşanda axşamüstü Şahmarla və Ağdamda həmkarlar rəhbəri işləyən Zeynal Məmmədovla Hökumət evinin tinində qəflətən üz-üzə gəldik. Salamlaşdıq. Şahmarın əlində iri, içi dolu bir çanta var idi. Soruşdum ki, bu nədi belə, dedi ki, heç nə, sonra dedi ki, sən bilmirsən Rzayev "Azərbaycan" mehmanxanasının neçənci mərtəbəsində oturur? Otağının nömrəsini bizə de.

Onların niyyətlərini anladım. Ağdam camaatının topladığı pulları o Rzayevə verməli idilər.

Dedim ki, ay Şahmar əvvəla mən o Rzayevi tanımıram, yerin də bilmirəm. İkinci, Ağdam camaatının pulunu geri qaytarın, bu lotu-potulara inanmayın, sözümə baxın, qaytarın o pulları rayona. Şahmar mənə çox sərt cavab verdi: Əşi, sən get öz işinlə məşğul ol.

Uzaqlaşıb getdilər...

Rəhmətlik mübahisə etməyə ərinmirdi...

Hə, indi də söz Qəhrəmanındır:

Yolüstü bufetdən bir soyutma çolpa götürüb evə sarı getdik. Evdə içki də varıydı, ləzzətli Ağdam şorabası da.

Yaddaqalan bir gecə keçirdik, sağlıqların sayını itirmişdik. Sonra Şahmar məndən ağ vərəq istədi, verdim, gördüm şeir yazır və həmin şeiri mən indi də əzbərdən bilirəm. Eşit mən deyim, sən də yaz .

- Əziz şair qardaşım Şahmar Əkbərzadənin Qəhrəmanın əzbərdən dediyi həmən şeiri diqqətinizə çatdırmağı özümə borc bildim (bəzi sözlər yerində olmaya da bilər R.M.):

 

Bir vaxtlar pislərdən,

hey bədnəzərdən,

Anam qoruyardı payız,

qış məni.

İndi yox xəbəri

təzə xəbərdən,

Yaman nəzərləyib

bir baxış məni.

 

Xalını sanardım

qara ləkədir,

Böyüdük günbəgün

səhvim bilindi.

Hardan biləydim ki,

bu məhəbbətdir,

Xalı ürəyimə xal salıb

indi.

 

O qızın saçından tutub

çəkmişəm,

İndi əməllərim edir

xar məni.

Sanki mən görəndə

o qızı hərdən,

Çəkir intiqama

o saçlar məni.

 

Bir gün tonqal üstə

toxundum ona

Ütüldü kipriyi,

köks ötürdü o,

İndi salıb məni

eşq alovuna,

Hər gün kipriyimlə

od götürdür o.

 

ÜÇÜNCÜ ZƏRURİ OLMAYAN KƏDƏRLİ HAŞİYƏ

 

2000-ci ilin yayında xalq şairi, istəkli dostum (Şahmar Əkbərzadənin də əzizi, yaxını, "dərdiş" dediyi) Nəriman Həsənzadə ilə Bilgəhdəki sanatoriyada qalırdıq. Əhvalımız babat idi. Qərara gəldik ki, Şahmarı da Bilgəhə dəvət edək, süfrə açaq, dərdləşək. Səhv eləmirəmsə avqustun 30-u idi, iş yerinə zəng etdim. Telefondan qız səsi gəldi.

- Eşidirəm - dedi.

Dedim ki, ay xanım, Şahmarı olar.

Qız - Siz kimsiniz? -deyə soruşdu.

- Mənim adım Ramizdir - dedim, Məmmədzadə Ramiz, Şahmarla qohumuq, (yazıq Zəhra anamın əsli Çəmənlidən idi, Şahmara qohumluğu çatırdı)

Qız: Ramiz müəllim, bəs xəbəriniz yoxdu? Şahmar bu gecə keçinib - dedi.

Bu ağır xəbərdən Nəriman Həsənzadə də, mən də kömür kimi qaraldıq...

İndi Qəhrəman da, Şahmar da haqq dünyasındadılar. Hər ikisinin ailəsində çıraqlar yanır, nəsillər artır, həyat öz işindədir, fələk də öz işində...

 Amma hər iki Qarabağlı balasının nigaran ruhunda bir Qarabağ düyünü qarala-qarala qalmağındadı...

 

 

Ramiz Məmmədzadə

 

Ədalət.- 2011.- 8 yanvar.- S. 16.