"QARA CİLDDƏ ÇAP ELƏYİN KİTABIMI..."

 

Qara cilddə çap eləyin kitabımı

Məndən sonra.

Qara cilddə.

Tünd qara.

Qoy qara kağızım olsun

O kitab dostlara, tanışlara.

...Fəqət soy-adımı

Süd rəngilə həkk edin ora.

Daha nə deyim,

Qoy, mən

Qara torpaq üstündə

Üfüqə doğru gedən

Ağ yola bənzəyim.

 

Böyük şairimiz Məmməd Arazın "Vəsiyyət" adlanan bu şeiri 43 il bundan əvvəl, 1968-ci ildə yazılıb. Səhv etmirəmsə, həmin il "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuşdu. İndi bir çoxları bu şeirin nə səbəbə yazılmasını, niyə belə bir "Vəsiyyət"i qələmə aldığını bilmir. Təbii ki, hər hansı şair ömründə belə ruh düşgünlüyü və bədbin hallar ola bilər. Bizim şair psixologiyası ilə bağlı izah edə bilməyəcəyimiz məqamlar çoxdu. Dünyanın ən nikbin şairi belə, bir də gördün, tamam bədbin, pessimist ovqat aşılayan şeirlər yazır. Və əksinə, bütün ömrü boyu sızıldayan-ağlağan bir şair də haçansa nikbin şeirlər yaza bilər. Ümumiyyətlə, yaradıcılıq prosesi - bu yol-sonu görünməyən və bu yolun yolçusunun hara gedib çıxacağı dəqiq məlum olmayan sonsuzluqdur. Elə buna görə də, Ernest Hemiqquey yaradıcılığı bütövlükdə yalnız səkkizdə bir hissəsini görə bildiyimiz, qalanı isə su altında olan aysberqə bənzədirdi.

Məmməd Arazın yaradıcılıq dünyası təkcə bizim gördüyümüz, bələd olduğumuz poetik aləmdən ibarət deyil. Oxucunun gözləri qarşısında mənzərə sanki bütöv və aydındır: M.Araz onu düşündürən bütün suallara cavab verir: Azərbaycanın tarixi keçmişi, faciələri, milli mənəviyyatımızın yolayrıcları, Araz "şırımı", Təbriz qüssəsi, torpağa-təbiətə sitayiş. sevgi həyəcanları, "Ayağa dur, Azərbaycan!" çağırışı. Oxucu onu da görür ki, M.Araz bir vaxtlar "Dünya gözəl, dünya gözəl dünyadı" deyirdi, sonralar "Dünya düzəlmir ki, düzəlmir, baba" dedi.

 

Qələmim yol çəkə, dağ yara bilmir

Yoxdu sözlüyümdə sözdən ayrı dən.

Qələmim bəşəri qurtara bilmir,

Əməli əyridən, əliəyridən.

Əlini kəsənə əl verir bəşər,

Səs verir, kürsüyə çıxardır da bir.

Qələmim axtarır ayrı bir peşə

Elə ki, kəsərli söz tapa bilmir.

 

Bu, səmimi bir etiraf idi. Çünki M.Araz böyük həyat təcrübəsi keçmişdi. O, sözün qədir-qiymətini bilirdi, amma eyni zamanda bilirdi ki, sözlə ürəkləri fəth etmək mümkün olsa da, cəmiyyətdə, həyatda mənfilikləri, mənəvi naqislikləri aradan qaldırmaq olmur. Onun özü , bir insan şair kimi həyatda bir çox çətinliklərlə üzləşmişdi, çox zaman bu çətinlikləri dəf edə bilmirdi. "Etiraf" şeirində yazmışdı:

 

Bəzən bir səhvimə yüz tənbeh yedim,

Çırpınıb düzəldim, görən olmadı.

Böyük bir işimə mükafat nədir,

Bir çimdik "sağ ol" da verən olmadı.

 

Xatırlatmaq istəyirəm ki, 1972-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor müavini olarkən Nəriman Nərimanovun anadan olmasının 100 illiyi ilə əlaqədar hazırlanmış xüsusi nömrədə materiallara görə millətçi kimi vəzifəsindən azad edildi. Halbuki, burada M.Arazın heç bir günahı yox idi. 1984-cü ildə isə şairin "Dünya sənin, dünya mənim" adlı şeirlər kitabı Azərbaycan SSR Dövlət mükafatı almaq üçün təqdim olunmuşdu. Hamı-bütün oxucular və ədəbi ictimaiyyət belə güman edirdi ki, mükafat M.Araza veriləcək, çünki təqdim olunan əsərlər arasında onun şeirlər kitabı daha sanballı idi. Amma mükafatı başqasına verdilər. Yalnız dörd ildən sonra mükafat komissiyası "səhvi"ni düzəltdi, amma təbiətən həssas və kövrək bir şair üçün bu dörd ilin nə demək olduğu məlumdur.

M.Araz yaradıcılığı ilə bağlı həm altmışıncı, həm də sonrakı onilliklərdə sözün əsl mənasında bir sıra gözəl məqalələr çap olundu. Amma bunun əksinə olan, az qala M.Arazı özünə vurğunluqda ittiham edən bir yazı da dərc edilmişdi və bu yazı haqsız tənqid idi. "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilən həmin yazıda ("Qəribə mülahizələr", 2 mart, 1968) "sübut" olunurdu ki, müəllif guya kimlərinsə şöhrətindən narazıdır, sanki kimlərinsə haqqı olmadığı halda ən yüksək şöhrətə layiq görülüb. Halbuki, M.Araz kimlərinsə şöhrətindən narazılığını yox, ümumiyyətlə, şöhrətin, gərəksiz tərifin qələm sahiblərinə mənfi təsirindən söz açırdı. Həmin müəllif "Səməd Vurğunla söhbət" şeirini əsas götürmüşdü.

Təbii ki, üstündən illər keçəndən sonra bu faktı xatırlamaq istəməzdik. Amma "Vəsiyyət" şeirinin yazılmasının bir səbəbini də həmin məqalənin, o məqalədəki haqsız iradların təsiriylə izah etmək olar.

Əlbəttə, böyük şairlərin həyatında həmişə belə maneələr, sarsıntılar olub, amma onlar öz bənzərsiz istedadları ilə zirvəyə ucalmışlar. M.Araz da öu zirvəni fəth etdi-şeirimizdə Məmməd Araz zirvəsi yaratdı. Ömrünün son on-on beş ilində sağlamlığını, əvvəlki şaxlığını-şuxluğunu itirsə də, xalqın ən sevimli sənətkarlarından birinə çevrildi.

Budur, böyük şairimizin qara cilddə Seçilmiş əsərləri işıq üzü görüb. Xalq Bankın ideyası və dəstəyilə çap olunan (nəşrin tərtibçisi və redaktoru Səlim Babullaoğlu) bu kitabın yaxınlarda təqdimatı da keçirildi.

Kitabda M.Arazın 1956-1995-ci illərdə qələmə aldığı şeirlərindən seçmə nümunələr və beş poeması ("Araz axır", "Əsgər qəbri haqqında ballada", "Atamın kitabı", "Qayalara yazılan səs", "Kəndim, balacasan, çox balacasan") təqdim edilir. Olsun ki, kitabda M.Arazın ən gözəl şeirlərindən hansısa qıraqda qala, amma bu, ümumi təəssüratı pozmur.

Vaxtilə görkəmli tənqidçimiz Yaşar Qarayev mənim "Məmməd Araz dünyası" ("Şur" nəşriyyatı, 1994) kitabıma yazdığı müqəddimədə deyirdi: "Əsl, həqiqi, böyük poeziya-ümumbəşəri yaddaşdır. Və məncə, Məmməd Arazın şeiri düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın şeirdə ifadəsidir".

Məmməd Araz poeziyası - yaddaş poeziyasıdır. Bu poeziyada Tarix, Təbiət və İnsan yaddaşının səhifələri canlandırılır. Azərbaycan tarixinin ən şanlı və eyni zamanda, ən faciəli olayları, böyük sənətkarlarımızın, fatehlərimizin xatirəsi yad edilir. Poeziyada vətənpərvərlikdən danışırıqsa, bu mövzunun bir çox gözəl nümunələrini Məmməd Araz yaradıbdır. Qətiyyətlə deyə bilərik ki, XX əsr Azərbaycan poeziyasında Vətən mövzusunu M.Araz yeni bir ahəngdə səsləndirdi, mövzunun özünü ona dəxli olmayan yüzlərlə "vətənnamələr"dən təmizlədi. Ata ocağı, ana mehri, ömrün-günün dan yeri..M.Araz şeirində Vətən məhəbbəti-Vətən ucalığı burdan başlanır. Məmməd Araz "mən Araz şairiyəm" deyirdi, ancaq Araz onun üçün adicə çay-su deyildi, tarix idi, qəm-qubarlı, dərdli-möhnətli bir tarix. İlk Araz-həsrət şeirlərinin yazıldığı altmışıncı illərdə M.Araz bu mövzuda öz sözünü deməyə çalışdı, daha doğrusu, şeirimizdə Məmməd İbrahimin Arazı axdı. Gün gəldi ki, Araz-Məmməd İbrahim vəhdəti yarandı və Məmməd Araz adında dünyaya gəldi.

 

Məndən ötdü!

Sevincə bax, qeyrətə bax!

Bunu yazan xilqətə bax!

Məndən ötdü!

Qulağımdan getmir bu səs,

Zərbələri qardaşına,

Sirdaşına ötürən kəs

Elə bil ki, bax bu gecə

Qulağımın dibindəcə

Xətainin süqutuna

qəh-qəh çəkdi.

Azərbaycan torpağında

Araz boyda şırım açdı.

 

M.Arazın böyük vətənpərvərliyi onun səksəninci illərin sonları-doxsanıncı illərdə yazdığı şeirlərində daha parlaq şəkildə öz əksini tapdı. Yaxşı yadımdadır, 1993-cü ildə şairin 60 illik yubileyi filarmoniyada böyük təntənə ilə keçirildi. Həmin tədbirdə mərhum aktyorumuz Mikayıl Mirzə M.Arazın "Ayağa dur, Azərbaycan!" şeirini elə coşqunluqla söylədi ki, salondakıların hamısı bu şeirdən sonra ayağa durdular.

 

Ayağa dur, Azərbaycan!

Səninləyəm.

Səndən qeyri biz hər şeyi

bölə billik.

Səndən qeyri biz hamımız

ölə billik.

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran

baban deyir.

 

Şairlər təbiət vurğunudurlar və istənilən Azərbaycan şairinin yaradıcılığında Təbiət əsas obrazlardan biridir. Lakin M.Araz bu sırada bir başqa cəhətiylə seçilir. Onun şeirləri təbiətdən cəmiyyətə və cəmiyyətdən təbiətə boylanış və həm də bunların vəhdəti kimi diqqəti cəlb edir. Qətiyyətlə demək olar ki, bu poema Azərbaycan təbiətinin poetik ensiklopediyasıdır. Xalq şairi Rəsul Rza o illərdə yazırdı: "Atamın kitabı" poeması yaddaqalan, koloritli, orijinal xarakterlər yaratmaq baxımından diqqəti cəlb edir. Həyat hadisələrini bilmək azdır. Onu poeziya predmeti etməyi bacarmaq lazımdır".

 

Deyirlər bu dağın beş milyon yaşı,

Bu çayın üç milyon yaşı tamamdır.

Geoloq qardaşım, alim qardaşım,

Sıyır inadını, məni inandır!

Məni inandır ki, beş milyon ildir

Canlıya, cansıza anadır bu dağ.

Məni inandır ki, o əyilməyən

Dağlar babalara vüqar veribdi.

Çaylar Bethovenə, Üzeyir bəyə

 Simfoniya veribdi,

Qatar veribdi.

 

Bu misralar başdan-ayağa yurdsevərlik fəlsəfəsi ilə aşılanmışdır. "Nə böyük hünərdir bir qızı sevmək! Bu çayın, binənin, çölün, bulağın, Bir dəli Məcnunu olasan gərək" - bu iki misra əslində, əsərin ideya-məna yükünü özündə daşıyan fəlsəfi leytmotivdir.

Məmməd Arazın poetik sənətkarlığı hələ də ədəbi tənqidin obyektinə çevrilməmişdir. Yalnız bəzi məqalələrdə onun poetik ustalığına, bu baxımdan Azərbaycan şeirində yeniliklər yaratmasına işarələr var. Halbuki, Məmməd Araz Azərbaycan ədəbi dilinin-şeir dilinin yeni bir səviyyəyə yüksəlməsində, şeirdə bədii təsvir vasitələrinin zənginləşməsində, sözü ehya etməsində çox böyük rol oynamışdır. M.Araz şeirimizin fəlsəfi çalarlarının güclənməsində də S.Vurğun, R.Rza, B.Vahabzadə ilə bir sırada yanaşı addımlayıb. Fikir onun poeziyasının məğzi, canıdır. Azərbaycan poeziyasında DÜNYA haqqında çoxlu şeirlər yazılıb, amma M.Arazın "Dünya" silsiləli şeirləri ayrıca bir yer tutur. "Dünya sənin, dünya mənim, dünya heç kimin" - burada Nizamidən üzü bəri filosof şairlərimizin dediyi həqiqət bir daha təsdiq olunur.

Mən böyük şairimizin qara cildli kitabının başdan-ayağa işıq, nur saçdığını, XXI əsrin oxucularının da stolüstü kitabı olacağına Allahıma inanan kimi inanıram.

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2011.- 8 yanvar.- S. 19.