İRADƏ TUNCAY VƏ ONUN "SARI ODALAR"I

 

İradə Tuncayın "Sarı odalar" kitabını əlimə aldım. "Sarı odalar"ı oxudum. Bəlkə , içimdə "niyə məhz Sarı odalar?" sualının cavabını tapmaq istəyi güclü idi, ya idi, deyə bilmərəm. Sonra da axıra qədər oxudum. Sonda dönüb "Sarı odalar"a baxdım. Ordan qəlbimizə, hisslərimizə "Sarı odalar"ından nüfuz etməyə çalışan bir yazar gördüm. Ordan boy göstərib kor gözlərimizi açmağa cəhd edən bir qadını tanıdım. O, indi öz Sarı Odalarındadır. orda nələrlə baş-başa qaldığından heç kimin xəbəri yoxdur.

Bu kitab məni Söz haqqında düşünməyə məcbur etdi. Vallah mən 30 ildir ki, bu söz haqqında elədən-beləyə, belədən-eləyə danışmaqdayam. Nizamidən, Füzulidən üzübəri ədəbiyyat kitablarında yazılanları əzbərdən bilirəm. hərdən Söz haqqında düşünürəm. Sağ olsun İradə Tuncayı - bir ədəbiyyat müəllimi kimi məni bir daha "fəlsəfi" düşüncələrə dalmağa məcbur etdi. Söz deyəndə ki, onun yükü ağırdır. Onun haqqında dahilər, ağsaqqallar, bilənlər, bilməyənlər çox deyiblər. Qiymətdən salıblar, qiymətə mindiriblər. Amma Söz deyən az olub. Az olub, ona görə bəzi mətləbləri yaxşı qanmamışam. Burada bir haşiyə çıxıb demək istəyirəm ki, İradə Tuncay haqqında onun öz üslubu ilə danışmağa cəhd edirəm. Görüm alınırmı?

Mən bir həqiqəti kəşf etdim ki, Sözün ağrısı doğum ağrısı qədər ali şirindir. O da sənin övladındır, yaxşısı, pisi olur. Mən İradə xanımı bu kitab, bu "Söz" münasibəti ilə təbrik edirəm. İradə xanımın kitabını əlimə aldım, elə bil əlini əlimə aldım. Əl uzatdı mənə, aramızda bir bağ yaratdı. Bu hər yazara, xüsusən publisistə nəsib olan hünər deyil. Bir var sözünü ünvanlayasan kimlərəsə, qalanlar da qalar gözlərini döyə-döyə... Amma İradə Tuncay ilk səhifədəncə üzünü Sənə tutur. Bu sən kim olursa-olsun, onun damarını tutmağı bacarır. Elə-belə deyir, sanki eşitməmək olmur.

Kitabın içindəkilərin mövzu dairəsinə baxın. Tarix, ədəbiyyat, məişət qayğıları, siyasət, incəsənət - hər nədən desən danışa-danışa ancaq bir mətləb üstündə dolanır. Onun bütün yazılarında bir anlamaq dərdi boy verir, sızıldayaraq, qan verərək. Allah rəhmət eləsin Sabirə, o vaxt yaxşı ki, demişdir.

 

Qabili-imkanım olur qanmamaq?

Məxməri- nar içrə olub yanmamaq?

 

İradə Tuncayın öz sözləri ilə davam edirəm. "İstedad elə bir anlamdır ki, onu taxt-tacla, böyük qohumlar vasitəsi ilə satın almaq olmur. Yuxarıdakı mütləq həqiqət ki, var, istedadı o verir. Verməyinə verir, amma artıqlaması ilə əvəzini alır. Hardasa bir istedad göyərəndə yanında neçə-neçə tikan bitir". Bu təbiidir. Böyük Füzuli yana-yana eşqdən, məhəbbət ağrılarından söz aça-aça, arabir:

 

Hər söz ki, gəlir zühura məndən,

Min tənə bulur hər əncüməndən,-

 

deyirdi. Bəlkə o tikanlar bizə hələ çox lazım olacaq. Vuruşmaq üçün.

İradə Tuncayın kitabı məndə ziyalı sözü ziyalının özü haqqında təsəvvürlərimə yenidən işıq gətirdi. O işıqda mən çoxdandır ki, belə saf, belə təmiz qərəzsiz bir müəllif görməmişdim. Bəzən oxuduğun bir yazının arxasından onun müəllifinin niyyətini görürsən. Bu niyyət sənin ürəyini bulandırır, hisslərini korşaldır. Əlindəkini yerə atırsan "Bunlar adamı hesab edir?" deyirsən. Amma sağ olsun Qax rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Güllü xanımı. Bu kitabı mənə oxumağa verdiyinə görə, bu mənəvi qidaya görə ona təşəkkür edirəm. Kitabxanının keçirdiyi hər bir tədbirə dəvət olunuram çox böyük məmnuniyyətlə həmin tədbirlərin iştirakçısı oluram.

Bəli İradə Tuncay ziyalılığın iflasa uğradığı bir zamanda ZİYALILIĞINI qəhrəmancasına qoruyan qələm sahibidir. "Yəni ürəyinin qanı qələminin ucundan damır" desəm yəqin ki, mübaliğə olmaz. Məmməd Araz kimi bir şairin ailəsində böyümüş bir yazar başqa cür ola bilməz. Elə yazılarında da xanım-xatındır, mərddir, gözütoxdur. Baxın, İradə Tuncay Heydər Əliyev şəxsiyyətindən yazır, onun haqqında söz deməyin məsuliyyətindən yazır "Sözlə ucuzlaşdırmasınlar" - deyir. ""Sözlə ucaltsınlar" - deyir. Böyük insanlar haqqında böyük söz ustaları yazsınlar" - deyir. Deyə-deyə Heydər Əliyev dühasını bizim gözümüzdə ucaldır.

"Gecikmələrin içində ən ağırı oyanışa olan gecikmələrdir. Bəlkə vaxtdır!" - deyirəm.

İradə Tuncay kimlərdən yazır? Ü.Hacıbəyovdan, 100 seçilmiş cavandan, Heydər Əliyevdən, P.Bülbüloğlundan, Z.Xanlarovadan, İ.Qandidən, Qaqarindən, Mustafa Kamaldan, Çe Çeqevaradan, Ramiz Rövşəndən, Türkiyədən, Hollandiyadan, Niderlanddan, 21 azəri tarixindən - hər şeydən. Amma yazmasının fərqi vardırmı? Qəzetlərin qiymətdən düşməsindən, televiziyadakı problemlərdən... Amma hər yazısında istedadlıdır qələmə xidmət edir. İdeallarına prinsiplərinə sədaqətlə yazır.

"Anlamaq istəmir ki, içində bu qədər güc-qüvvə, hərarət ola bilən şəxslərdən öz təyinatı üzrə istifadə edə bilmirik" (öz sözlərindən). Bizim bu şəxsləri "Qəhr olası tale!" deyə bağırtmağa haqqımız yoxdur.

Mən lap çoxdan Anarın "Sizsiz" adlı əsərini oxumuşdum. Lap kövrələ-kövrələ, qəhər boğazıma dola-dola. bir övladın öz valideynləri qarşısındakı mənəvi borcunu ödəməsi məni bu qədər heç vaxt təsirləndirmədi. İradə Tuncayın da Məmməd Araz haqqında yazdıqları məndə eyni təsəvvürü yarada bildi. Övlad sevgisiylə vurğuncasına deyilmiş, giley-güzarla, ağrı ilə dolu olan sətirlər. Bir şairin dünyasını bu qədər məhrəm şəkildə onun övladlarından başqa kim təsvir edə bilər? Kim onu belə anlaya bilər?

İradə Tuncay soruşur: "Niyə yazıram, kimdən ötrü yazıram? Yəqin hardasa bir gözəllik salonu açıb ona sahiblik etsəm hörmətim, qiymətim bundan çox-çox artıq olardı". Burada o yanılır. Bu kitabı əlimə alıb oxudum. Müəllim olduğum üçün mən C.Məmmədquluzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.Hacıbəyov, H.Zərdabi publisistikasına az-çox bələdəm. Ondan sonrakılardan epizodik şəkildə isə bilmirəm. Mənmi günahkaram, ya zəmanəmi? Vaxtım yoxdu, dolanmaq yaşamaq qayğısı çiyinlərinə çökmüş əyalət müəllimlərindən H.Hersçi, T.Abdin, Emil Ağayev daha kimləri tanımağı ummaq qədər doğrudur? Zəmanənin üzü qara olsun, deyirəm, İradə Tuncay.

İradə Tuncay deyir: "Millətin 99 faizinin şeir yazdığı bir dövrdə bir misra da yazmağa cəhd etmədim". Doğru da eləyir, ehtiyac yoxdur. Bir millətin "qarnını", beynini yox, gic-gic şeirlərlə dolduranlar bəsdir. Bizə əsl söz lazımdır. Heç olmazsa, vaxtımız olanda oxuyaq. Özü demişkən, "ruh aclığının" qorxulu olduğunu anlamadığımızdandır ki, qarnımız doysa da gözlərimiz doymur. Bir toplum olaraq birinci dərdimiz budur. Zaman-zaman səhifələr arasından İradə Tuncayın sərt cümlələri üzümüzə sillə kimi çırpılmaqdadır. Aramızda olan tək-tək işıqlı qəlblərə səslənən İ.Tuncaya deyirəm: "Sözə ehtiyacım var!".

 

Açdım ürəyimi, açdım taybatay,

Xoş gördük doğru söz, buyur içəri.

Xoş gördük İradə Tuncay!

 

"Hər birimizin içindən keçən bir yol var - Vətən yolu. Biz bu yolu birincilərin açdığı cığırla gedirik. Yolumuzu azanda, yolumuzdan çıxanda dönüb arxaya baxsaq bizə yol açan birinciləri görürük. Dövrana işıq salan birinciləri". Yenə sağ ol, İradə Tuncay!

P.S. Çox da Sarı odalarda qapanıb qalma. Özünü, sözünü oralarda həbsə məhkum etmə. İstəsən bacarmayacaqsan. İradə Tuncaysansa bacarmayacaqsan. Xoş gəldin bizim aramıza.

P.P.S. İncikliyim ondan ötrüdür ki, hər problemdən yaza-yaza bizləri unutmusan. Arada təhsil problemləri ilə bağlı yerə çatanda gözlərim işıqlandı. Amma ardını oxumaq arzusu ilə.

  

  

Gülbəniz SEYİDOVA

 

Ədalət.- 2011.- 8 yanvar.- S. 21.