MİN AYƏ DƏYƏN GÜN

 

Əcəl macal verə, tale üz görə

Qismətim gətirə, bəxtim gətirə,

Bir o yerlərə məni yetirə

Cığır şirin-şirin, yol şirin-şirin.

 

Duayla başlayan görüşlərimə,

Qayalar hay verə gülüşlərimə

Qərq ola yaraşıqlı öpüşlərimə,

Çəmən şirin-şirin, çöl şirin-şirin.

 

Dama damla-damla gözümün yaşı,

Ustufca şehlənə otların qaşı,

Yalaya düz kimi torpağı-daşı,

Dodaq şirin-şirin, dil şirin-şirin.

 

Dərə kirpiyimin, nəmini dən-dən

Dənləyə telimin dənini dən-dən

Dolanıb boynuma sarıla birdən

Külək şirin-şirin, yel şirin-şirin.

 

Dərd məndən əl çəkib gedə yuxuya,

Dünyam eşq oxuya, vüsal qoxuya.

Ətriylə qüssəmin gözünü oya

Çiçək şirin-şirin, gül şirin-şirin.

 

Ulduzlar həyatım ola bir gecə,

Üstümə Ay işıq sala bir gecə,

Sübhəcən laylamı çala bir gecə

Bulaq şirin-şirin, göl şirin-şirin.

 

Ay Şahmar qibləyə çevrilsin yönün,

Çatsın yaradana fəryadın-ünün

Yetişsin min ayə dəyən o günün,

Yaşa şirin-şirin, öl şirin-şirin.

 

 

SİNƏMƏ OD DÜŞƏN ÇAĞDIR BU ÇAĞLAR

 

Dəli şeytan deyir qanad sabah,

Baş götürüb bu şəhərdən qaç sabah,

Bənövşəni qucan kolu quc sabah,

Nisgillərim coşan çağdır bu çağlar.

 

Doğma yurda sürəm gərək köçümü,

Yovşanlara daratdıram saçımı,

Dəli həsrət yavaş-yavaş içimi

Eşim-eşim eşən çağdır bu çağlar.

 

Tək çinara söykəməsəm üzümü,

Şax-şəvələ qanatmasam dizimi,

O torpağın haqqı tutar gözümü

Göz yaşlarım daşan çağdır bu çağlar.

 

Gərək dilək diləyəm mən sulara,

Qəm-qüssəmi ələyəm mən sulara,

Dərdlərimi itəliyəm mən sulara

Dərd başımdan aşan çağdır bu çağlar.

 

Arzuları gülləndirən sevgilər,

Duyğuları selləndirən sevgilər,

Yeri-göyü dilləndirən sevgilər

Könülləri deşən çağdır bu çağlar.

 

Çırtlayıbdır sevənlərin çiçəyi

Layıqlayıb ərgənlərin diləyi,

Toy gözləyən gözəllərin ürəyi

Kabab kimi bişən çağdır bu çağlar.

 

Dərməliyəm o dağların ahını,

Yalqız qalan yaylaqların ahını,

İçməliyəm bulaqların ahını

Sinəmə od düşən çağdır bu çağlar?

 

 

BOŞ PAPAQ

 

Hökumət evinin qarşısındakı

Tuta söykənmişdi bir əlil əsgər.

Sədəqə umana baxmırdı Bakı,

Saymazca keçirdi yoldan ötənlər.

 

Axşamdan kükrəyib əsən külək

Çəkmişdi içinə dəli səsini.

Əlil yana-yana qarğı tütəkdə

Çalırdı "Qarabağ şikəstəsi"ni.

 

Əlimi şəstilə cibimə saldım,

Diksindi barmağım, titrədi qolum.

Hirsimdən quruyub yerimdə qaldım,

Üstümdə deyildi öynəlik pulum.

 

Ağzımda alışıb yandı dil-dodaq,

Tut baxdı əlimin utanmağına.

Göydən yarpaq atdı, bir sarı yarpaq

Bizdən pay umanın boş papağına.

 

 

SEVGİ BORC VERİLMƏZ

 

Sənə çatasıdır olan-olmaz

Atadan qalsa sonbeşiyindir.

Bəxtinə günü təhər yazım,

Özüm bilmirəm neyləyim indi?!

Qismət miras qalmır atadan, oğlum,

Qismətdən pay olmaz qurbanın olum!

 

Hər şeyi pay vermək mümkünmü bəyəm?

Heyif ən qiymətli var-dövlətimi,

Göyəri dindirən məhəbbətimi

Sənə bağışlaya bilməyəcəm.

Sevgi miras qalmır atadan, oğlum,

Ülfətdən pay olmaz, qurbanın olum!

 

Heyrətsiz yaşamaq yaşamaq deyil,

Heyrət et, yurdunu tən bölən çaya.

Qoynunda gəzdiyin torpağı büt bil,

"Heyrət, ey büt" deyib baban dünyaya.

Sənə qalmayacaq heyrətim, oğlum,

Heyrətdən pay olmaz, qurbanın olum!

 

Daşın, kəsəyin başına hərlən,

Kəsək vətəndir, daş da vətəndir.

Dünyadan ömürlük ayrılanda mən

Gözümdən süzülən yaş da vətəndir,

Bunu həsrətlilər anlayar, oğlum,

Həsrətdən pay olmaz, qurbanın olum!

 

Yurdunun şərəfi, şanı atəşdir,

Bu yurd əmanəti, od əmanəti!

Başının üstündə yanan günəşdir

Nəsimi dözümü, Babək cürəti!

 

Cürət damarlarda yaranar, oğlum,

Cürətdən pay olmaz qurbanın olum!

Sənə qalasıdır anamız vətən,

Vətən-namusuna ulu çələngdir.

Onun şərəfini qoruya bilən

Papaq gəzdirən yox, qeyrət gərəkdir.

Qeyrət bağışlanmır var kimi, oğlum,

Qeyrətdən pay olmaz, qurbanın olum!

 

 

TAMARZI-TAMARZI

 

Ey qismət günəşi, ruzumu belə

Doyumluq eləmə, dadımlıq elə.

Duymaz ürəyimi, duymaz min ilə

Sərvət tamarzısı, var tamarzısı.

 

Gözlər görmüşəm ki, zillənib göyə,

Qismət deyə-deyə, bəxt deyə-deyə.

Yüz gözəl vurulub bir sərvətliylə,

Yüz igid qalıbdır yar tamarzısı.

 

Ey qismət günəşi, eşit məni sən,

Güldürmə kimsəyə bir düşməni sən.

Eləmə bir eli, bir məskəni sən,

Namus tamarzısı, ar tamarzısı.

 

 

UÇURULAN EVCİK

 

Şıltaq uşaqlığın dəcəllikləri

Xəcalət eləyib o ki var məni.

Səhvimə yanıram vaxtdan bəri,

Başına gələnlər anlayar məni.

 

Onun evciyini uçurdum bir gün,

Əlim nahaq qıydı, günahkaram mən.

Deyin inciməsin bir evcik üçün,

Ona qəlb evimi bağışlaram mən.

 

Tez-tez aramıza giley düşərdi,

Küsüşüb yan-yana oturardıq biz.

Əyilib qalxdıqca hey öpüşərdi

Mehriban ev quran kölgələrimiz.

 

İllər üstümüzdən şığıdı quş tək,

Gənclik körpəliyi didərgin saldı.

Bəlkə , uşaqlıq bizdən küsərək

Çiçək yığdığımız çəməndə qaldı.

 

Bir vaxt evciyini uçurduğum qız,

Dözməyir hicrana, dözməyir ürək.

Odlu baxışından pay umduğum qız,

Gəlsənə, o evi təzədən tikək.

 

 

GİZLƏNPAÇ

 

Gördüm o yerləri...

tutuldu dilim.

Yarğanlar doğmadır, talalar tanış.

İtərdin gözümdən sən ilim-ilim,

Yumub gözlərimi beşi saymamış.

Kolda gizlənərdin bənövşə təki,

Kövrələ-kövrələ kollara baxdım

Elə ovcalardım gözümü, sanki

Səni gözlərimdən çıxaracaqdım!

 

Arayıb-axtarıb pöhrə meşəni,

Şaqqıltı eşidib diksindim hərdən.

Əyilib gizlincə soruşdum səni,

Kollara sığınan bənövşələrdən.

 

Sanki qız yoxuydu heç sən adında,

Yağlı əppək oldun, uçan quş oldun.

Uyub uşaqlığın etiqadına,

Dedim şeytanlara yəqin tuş oldun.

 

Qorxuzdum şeytanı, desin yerini,

"Balanın başını kəsərəm"-dedim.

Özün "şeytan" idin, o zaman səni

Uydurma şeytandan nahaq istədim.

 

Sinəmdə həyəcan, könlümdə təşviş,

Gəzmişəm hər səhər, hər axşam səni.

Demə, gizlənc yerin öz ürəyimmiş,

İndi ürəyimdə tapmışam səni!..

  

  

ŞAHMAR ƏKBƏRZADƏ

 

Ədalət.- 2011.- 8 yanvar.- S. 20.