BİR SƏSİN SEHRİ VƏ
HƏYATI...
"MƏNİMLƏ DANIŞ, ANA..."
Mən həmişə
düşünmüşəm ki, səs, musiqi bəşər
övladından qabaq mövcud olub. Və İnsanlar bu ahəngin,
bu səslərin içərisində yaradılıb. Bu
fikirlər bir qədər qəribə səslənsə də
heç kim bunları həqiqətdən uzaq, qeyri-adi, ya da əsası
olmayan iddia adlandırmasın. Yalnız təbiətə,
Tanrının yaratdığı qüsursuz düzənə
baxanda belə bunları görməmək mümkün deyil.
İndi hər kəsə bəllidi ki, insanlıq
yaradılmamışdan qabaq bu dünya inşaa edilmişdi. Təbiət
vardı, dənizlər vardı, dənizlərdə ləpələrin
ahəngdar xışıltısı, çayların,
bulaqların şırıltısı, bəmbəyaz,
köpüklü şəlalələrin gurultulu səsi,
meşədəki yarpaqların pıçıltısı,
küləklərin sədası vardı. Təbiətin
musiqisi vardı. Məgər müasir musiqidə təbii səslərə
bənzər səslərin yaradılması üçün
çalışmırlarmı? Məgər insan
sadaladığım və sadalamadığım bu ecazkar ahəngi
dinləmək üçün on, yüz kilometrlərlə
yol qət edib təbiətin qoynuna can atmırlarmı? Kim təbiətin
səsini dinləməkdən imtina edər ki?
Bəli, insan var olandan
bu təbii musiqinin içərisində olub və mən deyərdim
ki, onun səs, musiqi duyumunun formalaşmasında,
inkişafında təbiətin əvəzsiz rolu olub. Bəlkə
də bəşər ulu əcdadlarının bu günədək
yaşatdığı həmin genetik kodların
hesabınadı ki, təbii səslərə, su kimi axan, bulaq
kimi qaynayan, ruhun qidasına çevrilən
musiqiyə, ifaya heyran olur. Daxilən
təzələnir, paklaşır, təbiətin bir
parçası olduğunu hiss edir.
Onun da səsi,
xüsusilə də ifası su kimi saf, su kimi ahəngdar,
gözəl, axıcı idi. O, mahnılarını yalnız
ifa etmirdi, onu dinləyən hər kəsi səsinin sehrinə
salıb uzaqlara aparır, hər kəsə izaholunmaz ovqat
verir, ruhuna oxşardı. Onu çoxları tanıyır,
çoxları sevir. Çoxları bu gün də həmin səsi
dinləməkdən doymur... Mən Valentina Tolkunovanı deyirəm...
ARMAVİRDƏ DOĞULAN QIZ...
Valentina müharibədən
bir il sonra - 1946-cı ildə iyul ayının 12-də
Krasnodar Vilayətində anadan olub. Amma o, Armavirdə demək
olar ki, çox qısa zaman yaşayıb. Çünki
qızcığazın bir yaşı olar-olmaz ailə Moskvaya
- paytaxtın Dəmiryol rayonuna köçdü. Və o
vaxtın bütün sovet uşaqları kimi orta məktəbə
getdi. Valyanın valideynləri sənətdən, müğənnilikdən
çox uzaq, sadə adamlar idi. Anası Yevgeniya Nikolayevna vaqon
deposunda ekonomist vəzifəsində işləyir, atası isə
dəmiryolçu idi. Müğənni öz uşaqlıq
xatirələrindən danışarkən deyərdi:
"...Bizim evdə tez-tez mahnı oxunardı. Anam paltar yuyanda,
ev işləri görəndə mahnılar oxuyardı. Hətta
nənəm də belə idi. Bunlardan başqa, evimizdə
romansların, ariyaların, qədim xalq mahnılarının
qromofon valları vardı. Biz də tez-tez onlara qulaq
asardıq". Sonralar bütün bu amillər onun
yaradıcılığında öz təsirini göstərdi.
Valentinanın musiqiyə
həvəsi uşaq yaşlarında başlamışdı.
Məktəb tədbirlərində qızcığazı
tez-tez oxutdurardılar. Sonradan o, dəmiryolçuların Mərkəzi
Uşaq Evi ansamblında oxumaq
üçün keçirilən konkursa qoşuldu və
uğur qazandı. Bu vaxt onun 10 yaşı olsa da hiss edirdi ki, səhnədə daha çox
şey etmək üçün istəkləri qəlbinə
hakim kəsilib. Burada istedadlı musiqiçi
T.N.Ovçinnikovdan dərs aldı. Valentina böyüdü,
özü ilə bərabər arzuları da
böyüdü. 1964-cü ildə Moskva İncəsənət
İnstitutunun xor dirijorluğu şöbəsinə daxil oldu.
Oxuduğu dövrlərdə də bu sahədə irəli
getmək üçün əlindən gələni əsirgəmədi.
1966-cı ildə Yuri Saulskinin idarəsi altında fəaliyyət
göstərən instrumental-vokal orkesteri üçün
keçirilən konkursa qatıldı və hamıdan fərqləndi.
1971-ci ildə musiqi uçilişini, 1976-cı ildə isə
İnstitutu bitirdi. O, xeyli müddət bu orkestrin solisti kimi
mahnılar ifa etdi.
BÖYÜK YOLUN BAŞLANĞICI
Gənc Valentina Vasilyevna
"Gün ardınca gün" telefilmində bəstəkar
İ.Katayevin mahnısını ifa edəndən sonra
tanınmağa başladı. Çünki filmə baxanlar,
oradakı mahnını dinləyənlər həqiqətən
sehirli bir səs, əvəzsiz bir ifa eşitdilər. Onun tərtəmiz
soprano səsi bəstəkarların da diqqətini cəlb
etmişdi. Bu səbəbdən də o tezliklə bəstəkarlardan
E.Kolmanovski, M.Tarverdiyev, P.Aedonitski, E.Jarkovski, M.Minkov, V.Uspenski,
E.Ptiçkin, L.Lyadob və başqaları ilə işləməyə
başladı. Həmin dövrlər idi. Günlərin birində
şair Lev Oşanin onu yubiley konsertində
çıxış etmək üçün İttifaq
Sarayının Sütunlar zalının səhnəsində
oxumağa dəvət etdi. Valentina Tolkunovanın konsertdə
oxuduğu Vladimir Şainskinin "Ax, Nataşa"
mahnısı böyük mənada
populyarlığının başlanğıcı oldu. Məhz
bu çıxışdan sonra radio və televiziyalar məmnuniyyətlə
onu efirə dəvət etdilər. İndi onu nəhəng
SSRİ məkanında dinləməyə, onunla
maraqlanmağa, insanın ruhuna, iliyinə qədər işləyən
mahnılarını sevməyə başladılar.
O, rus estradasının əsl
ulduzuna çevrilməkdəydi. Əslində Valentina
Tolkunaovanın tamaşaçını, dinləyicini ahənrüba
kimi özünə çəkən, sevdirən yalnız əvəzsiz
ifası, səsi deyildi. Kübar oturuşu-duruşu, səmimi
davranışları, etik normalara hədsiz önəm verən
səhnə maneraları, milli dəbin elementlərinə
üstünlük verən geyimləri, mülayim
danışıq tərzi, insanlara olan sevgisi, dostluğa,
öz prinsiplərinə sədaqəti, heç vaxt imtina etmədiyi
mərhəmət hissi... onu
bütün digər müğənnilərdən, artistlərdən
fərqləndirirdi. Kim onun "Sonu olmayan nəğmə",
"Mən başqacür ola bilmirəm" (A.Paxmutova,
N.Dobronoravov), "Əvvəllər sən harada idin",
"Sevgi, məni tərk etmə"... mahnılarını
dinləyib həmin ifa, həmin səslə birgə
yaşamayıb ki?..
Valentina Tolkunova
Tanrının ona bəxş etdiyi fitri istedadı ilə
çox tez məşhurlaşdı. Ölkənin demək
olar ki, çox yerlərinə qostrol səfərlərə
çıxdı. Müttəfiq respublikaların hər birində
çıxış etdikcə pərəstişkarlar
qazandı. Və gənc yaşlarına baxmayaraq nəhəng
sovetlər ölkəsində insanların sevimlisinə
çevrildi. Amma bu hələ harası idi? Möhtəşəm
ifasına görə Valentina Tokunaova hələ çox gənc
olsa da dünyanın diqqətində olan ən məşhur
müğənnilərlə - böyük Müslüm
Maqomayevlə, Lyudmila Zıkinayla, Kristalinskiylə... eyni səhnəni
bölüşdü. Onun şöhrəti ölkənin dəmin
sərhədlərini də aşmaqdaydı. Belə ki,
Valentina Tolkunova adı artıq Şərqi Avropa ölkələrində
də tanınmağa başladı. 29 yaşında ikən
Kalmıkiyanın xalq artisti, 33 yaşında Rusiyanın Əməkdar
artisti adlarını qazandı. Və həmin illərdə
yaşayan nəsil bilir ki, indikindən fərqli olaraq bu
adları qazanmaq üçün inanılmaz zəhmət sərf
etməlisən. Başqa cür mümkün deyildi. Valentina
Vasilyevna alqışlar altında həyatın, şöhrətin
yoxuşu ilə addımlayırdı. Amma...
Amma müğənninin
şəxsi həyatında problemlər vardı. Qeyd edim ki,
Valentina Vasilyevna erkən yaşlarında ailə qurdu. Onda Valyanın
təxminən 22 yaşı olardı. Bəstəkar-dirijor
Yuri Saulski ilə qurduğu bu evliliyi bir müddət sonra
dağıldı. Çünki ərinin xəyanət
etdiyini bilən müğənni həmin nigahı
sürdürə bilməzdi. Buna onun xarakteri yol verməzdi.
Saulski ilə bərabərliyi haradasa 5 il davam etdi. Müğənni
özü bu haqda belə demişdi: "Ərə gedən
zaman düşünürdüm, mən tək bu kişi, tək
bu insanla bütün həyatım boyu olacağam. Amma belə
alınmadı. O, başqa bir aktrisa ilə də birlikdə
idi. Və biz ayrılmalı olduq". Lakin bir qədər
sonra Valentina Vasilyevna ikinci, özü də sonuncu dəfə
ərə getdi. Tanınmış jurnalist Yuri Paporovla ailə
quranda Tolkunovanın artıq 28 yaşı var idi. Bu ailə həyatına
"ilk baxışdan məhəbbət" səbəb olsa
da müğənni ikinci ərindən məmnun idi.
(ardı 18 yanvar sayımızda)
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 11 yanvar.- S. 6.