Ramiz Rövşən
deyərdi: "Mən
sonuncu kentavram"
Lent.az-ın "Virtual müsahibə" layihəsinin
ilk "qonağı" tanınmış və istedadlı
şairimiz Ramiz Rövşəndir
Redaktordan: "Virtual
müsahibə" məşhur, istedadlı, parlaq və
maraqlı maneraları olan, lakin mətbuata, ictimaiyyətə
açıq olmayan insanlarla virtual söhbətlərdən
ibarətdir. Əlimiz çatmayan adamlardan soruşmaq istədiklərimizi
özümüzdən soruşuruq və nəzərdə
tutulan müsahibimizin əvəzinə özümüz cavab
veririk. Cavab verəndə həmsöhbət qismində
görmək istədiyimiz insanların danışıq tərzini,
ahəngini saxlayırıq. Müsahibimizin əvəzindən
özümüzə ondan gözlədiyimiz cavabları veririk.
Əvvəlcədən
xahiş edirik ki, nə virtual müsahibədə
özünü görən insanlar, nə də
başqaları buna qərəzli, kinayəli bir şey kimi
baxmasınlar. Bunu xoşməramlı bir dost zarafatı kimi də
qəbul etmək olar. Həm də ki, yazılı parodiya
elementləri olan bu layihə jurnalistikadan daha çox ədəbiyyata
yaxın bir şeydir və "virtual müsahibə"ni
yazmağı da ədəbiyyata dəxli olan adamlara həvalə
edirik. Qeyd edək ki, "virtual müsahibə"ni həmişə
eyni adam yazmayacaq. Ədəbiyyat, mətbuat adamları
könüllü olaraq danışıq, düşüncə
tərzini parodiya edə biləcəkləri məşhur
şəxslə virtual söhbətlərini bizə təqdim
edə bilərlər. Söhbət maraqlı, oxunaqlı
olduğu təqdirdə məmnuniyyətlə saytımıza
yerləşdirə bilərik.
İlk "müsahibimiz" isə şair Ramiz
Rövşəndir.
- Ramiz müəllim, ilk sualım belədir: şeir nədir?
- Şeir - görünməzliklərin
görünən üzüdür. Allah görünmür,
amma biz allahı görməyə cəhd edirik, bax, bü cəhdimiz
- şeirdir. Gözəl qadın görürük, o
qadının bədəni paltarın altında gizlənib.
Biz o paltarın altını görmək istəyirik, bax, bu cəhdimiz-şeirdir.
Yəni görünməzlikləri görmək cəhdi
şeirdir. Mən bu sualdan bir keçid eləmək istəyirəm.
Bugünkü gənclər o qədər çirkin, o qədər
tərbiyəsiz, o qədər murdar şeylər gətiriblər
ki ədəbiyyata, şeir öz əvvəlki
missiyasını itirib. Şeirin əvvəlki
missiyasını qaytarmaq üçün ədəbiyyatın
təzədən kentavrların, dinozavrların
yaşadığı dövrə qayıtması
lazımdır.
- Yəni təxminən hansı əsrlərə?
- İndi mən gərək,
onu Qoqoldan tapıb, sizə deyim, çünki heç
özüm də bilmirəm. Bilirsiniz, mən özüm o əsri
xatırlamıram. Amma o əsri xatırladıram.
Bütün varlığımla dinozavrların, kentavrların
yaşadığı əsri, dövrü xatırladıram.
- Buyurun, Ramiz müəllim, bu sizin
haqqınızdır. Yeri gəlmişkən, sizə bir sual
verim, Ramiz müəllim, "Mən kentavram"
iddianızın kökündə nə dayanır? Siz niyə
kentavr olmaq istəyirsiniz ki?
- Soruşursunuz ki, mən
niyə kentavram? Mənim içim, içimdəki dünya o
qədər böyük, o qədər nəhəngdi ki, o nəhəngliyi
insan ölçüsünə sığışdırmaq
mümkün deyil. Mən görəndə ki içimdəki
nəhəngliyi insan cisminə sığışdıra
bilmirəm, onda başa düşdüm ki, mən kentavram. Bu,
bioloji mənada deyil, ruhi mənada, mənəvi mənada bir
kentavrlıqdı. Ruhi-mənəvi mənada bir əjdahalıqdı.
Ruhi-mənəvi mənada nəhənglikdi. Yeri gəlmişkən,
siz mənə baxanda kentavr görürsünüz?
- Yox.
- Amma mən sonuncu kentavram. Yadınıza salın, kentavrlar harda yaşayırdılar...
- Yadıma gəlmir,
Ramiz müəllim...
- Nəsə çox
böyük ərazilərdə yaşayırdılar da, hər
halda. Yəni biz-şair kentavrlar da ruhi-mənəvi mənada
elə nəhəng bir ərazidə yaşayırıq ki,
bizim ruhi vətənimiz o qədər nəhəngdi ki, orada
qarışqalara, quşlara, hətta şirlərə-pələnglərə
belə yer yoxdur.
- Sözünüzü gülnən kəsim, Ramiz
müəllim...
- Bu arada bir qeyd eləyim
ki, mən gənclərə nifrət eləyirəm!
- Əcəb eləyirsiz, Ramiz müəllim, bu, sizin
haqqınızdır. Mənsə sizə mənəviyyatınızın
coğrafiyası ilə bağlı bir sual vermək istəyirəm.
Sizin mənəvi məkanınızda zəlzələlər
nə zaman baş verir və siz bu zəlzələləri
hansı şkala ilə ölçürsünüz?
- Təbii ki, Rixter
şkalası ilə ölçmürəm... Mən
sözün içinə enəndə o mənəvi ərazidə
bir tərpəniş, bir zəlzələ hiss eləyirəm.
- Söz sizin içinizə enəndə, yoxsa siz
sözün içinə enəndə?
- Mən sözün
içinə enəndə! Axı mən sözün
böyründə-başında fırlanmıram, mən
birbaşa sözün içinə enirəm. O zaman orada bir titrəyiş
baş verir. Və bu, təbiidir. Biri var suya balaca
bir balıq, məsələn Rasim Qaraca (adını da çəkmək istəmirdim, ta nəsə çəkdim
də) baş vura, biri də
var, suya balina baş vura. Bax, o balina Ramiz
Rövşəndir. Ramiz Rövşən
sözün içinə
dalanda, baş vuranda orada bir
zəlzələ, bir
titrəyiş var. O ki
qaldı, necə ölçməyə, mən
bu zəlzələni
Allahın şkalası
ilə ölçürəm.
Allahın şkalası ilə
Ramiz Rövşən
ədəbiyyatda on ballıq,
on bir ballıq bir zəlzələ yaratmaq gücünə qadir olan şairdir.
- Ramiz müəllim, sözün içinə
dalıb, ədəbiyyatda, öz mənəvi məkanında
zəlzələ yaradan Ramiz Rövşənin nə vaxtsa
sözdə boğulmaq təhlükəsi yoxdurmu?
- Mən bir konkretləşdirmə
eləyim: bu, Ramiz Rövşənin mənəvi ərazisi
deyil, Allahın mənəvi ərazisidi. Böyük ədəbiyyat
mənasında götürəndə, biz Allahın mənəvi
ərazisində yaşayırıq. O ki qaldı
boğulmağa, mən böyük nəfəs sahibiyəm. Mənim
şeirlərimə baxın, nəfəs nə qədər
böyükdü, nə qədər genişdi, nə qədər
ləngərlidi! O nəfəsnən sözün içinə
dalanda istədiyin qədər sözün içində qala
bilərsən. Və əgər "sözə dalma"
olimpiadaları keçirilsə, o sözün altında ən
çox qalan şair, şübhəsiz, Ramiz Rövşən
olacaq.
- Bəs, sözün altından ən tez
çıxan şair kim olacaq?
- Zəlimxan Yaqub.
- Üzünə deyə bilərsiniz?
- Mən bunu heç
sizin üzünüzə deyə bilmərəm, o ki,
qaldı Zəlimxan Yaqub ola... Bilirsiz, mən sizə bir şey
deyim.
- Bilirəm, siz gənclərə nifrət edirsiniz.
- O öz yerində, amma
mən indi başqa şey deyəcəkdim. O zaman ki mən
göy üzünə nələrsə
pıçıldayıram, o zaman Allah məni dinləyir.
Bilirsiniz, mən şeiri kağıza, kompüterə
yazmıram, göy üzünə yazıram. Əslində əsl
şair də elə belə olmalıdır, şeiri göy
üzünə yazmalıdır. Mənim dediklərimdən
belə çıxmasın ki, Ramiz Rövşən
allahsızdır. Allaha bir az geniş mənada baxmaq
lazımdır. Allah, allahsızların allahıdır. Allah
insanları deyil, onunla danışanları sevir.
- Allahın sizin şeirlərinizi bəyənib-bəyənmədiyini
necə müəyyənləşdirirsiniz?
- Əgər bu gün Ramiz
Rövşənin nəfəsi gedib-gəlirsə, bu, o deməkdir
ki, Allah hələ də Ramiz Rövşənə ehtiyac
duyur. Ümumiyyətlə, Allahın yaxşı,
işıqlı bəndələrin nəfəsinə
ehtiyacı var. Yaxşı bəndələr nəfəs
alanda, Allah nəfəs alır. Mən bunu "Nəfəs"
şeirində yazmışam. Əslində pis bəndələr
ona görə var ki, Allah yaxşı bəndələrin nəfəsi
ilə, o pis bəndələrin nəfəsini üzərindən
atır. Mənim qaramat insanlardan zəhləm gedir...
- Yeri gəlmişkən, Ramiz müəllim,
üzünüzə demək olmasın, sizdə bir damcı
da olsun, qaramat yoxdur. Siz çox işıqlısınız...
- Bunu mənə tez-tez
deyirlər. Ümumiyyətlə, mənim imzamda, o Rövşən
sözündə bir işıq, bir nur var. Bu ilahi vəhdətdir.
Mən ümumiyyətlə, ölümü, qəbiri-filanı
da işıqlı şeylər kimi yazıram. Axı
qaranlıqda da bir işıq var. Qaranlığın öz
işığı var. Və qaranlığın
işığı həmişə məhz işıqlı
adamların üzündə təcəlla edir. Bir şey
deyim: mən, düzdü, Nazim Hikməti sevirəm, belə də,
normal şairdir. O deyir ki, "sən yanmasan, mən yanmasam,
necə çıxar qaranlıqlar aydınlığa?". Amma
qaranlığı aydınlığa çıxartmaq
lazım deyil! Qaranlıqlardakı aydınlığı
görmək lazımdır! Nazim Hikmətin Ramiz Rövşəndən
zəifliyi nədədir? O qaranlıqları
aydınlığa çıxartmaq istəyir, xilası bunda
görür, amma Ramiz Rövşən qaranlıqdakı
aydınlığı görür. Və o aydınlıq əslində
qaranlığın görünməzliyinin görünən
tərəfidir.
- Ramiz müəllim, siz özünüzə tez-tez
sual verirsiniz? Və verirsinizsə, hansı
sualları verirsiniz?
- O suallardan
birini indi deyəcəm, amma bu sual adətən
özümə verdiyim
irimiqyaslı suallardan
deyil. Mən hər səhər özümə sual verirəm ki: "Ramiz Rövşən, ən çox kimə nifrət eləyirsən?". Onda özümdən özümə
cavab gəlir ki, mən ən
çox gənclərə
nifrət eləyirəm.
Təbii,
bu, əhəmiyyətsiz
sualdır. O ki qaldı Ramiz Rövşən miqyasında
olan suallara, elə suallar çoxdur. Məsələn, sual verirəm
ki, niyə həmişə biz Allaha inanmalıyıq? Niyə bir
dəfə də
Allah bizə inanmır?
Allah niyə göydədir?
Bu sualın cavabını
tapan gün Ramiz Rövşən dünyanın bütün
sirli qapılarının
o üzündəki sirri
tapmış olacaq.
Bu, artıq ədəbiyyatın
son həddidir. Və dahilik
də əslində budur.
Vaqif Səmədoğlu,
düzdü siz deyən yaxşı şair deyil, amma bir məsələdə
məni qabaqlayaraq deyib ki "Millət, dövlət zirvəsindən
insana enmək vaxtıdır". Mən bu fikri redaktə edirəm.
Məsələn, mən özümü heç vaxt
insanlardan yuxarıda tutmuram. İndi düzdü, "mən
kentavram" demişəm, amma onu elə-belə demişəm.
Əslində mənim bütün
yaradıcılığımın kökündə bu sual
dayanır: Nə yaxşı göydədi allah!? Mən
yaradıcılığım boyu Allahdan bu suala cavab almaq istəmişəm.
Bu, mənim yaradıcılığımın
sualıdır.
- Bəs, özünüzə nə vaxtsa sual
vermisiniz ki, Ramiz Rövşən, sən niyə yazırsan?
- Mən bu sualı
bir-iki dəfə özümə vermək istəmişəm,
amma fikirləşmişəm ki, özümə belə bir
sual verməyim böyük həyasızlıq və
utanmazlıq olardı.
- Niyə?
- Çünki Ramiz
Rövşən yazmaya bilməz! Bu mənim Allah
qarşısındakı məcburiyyətimdir. Allah yazmaq
üçün mənə nəhəng gövdə və o
gövdə nəhəngliyində istedad verib.
- Məncə, istedadınız haqda çox yüksək
fikirdəsiniz...
- Mən sənin
haqqında eşitmişəm, qızım, deyirlər belə
qırmızı-qırmızı suallar verirsən. Amma indi
özünü yığışdır, mən də
qayıdıb bir ağır söz deyərəm, cavan
qızsan, yaxşı düşməz. Yeri gəlmişkən,
mən elə buna görə gənclərə nifrət eləyirəm.
Hər insan öz istedadına, öz mənəvi
ölçüsünə görə fərqlidir. Mənim
ruhi-mənəvi göstəricilərim istər-istəməz
məni kentavr olmağa məcbur edir. Siz bunu qəbul etsəniz
də, etməsəniz də... hə, bayaqkı söhbətim
yarımçıq qaldı. Mən insanlardan
danışırdım axı. Biz bəzən
yazdıqlarımızın deyil,
yazmadıqlarımızın şairiyik. Bəzən bizi
yazdıqlarımız deyil, yazmadıqlarımız məşhurlaşdırır.
Bəzən yazdıqlarımız deyil,
yazmadıqlarımız başqalarını təsirləndirir.
Heyvanlar da belədir. Heyvanlar yazmırlar. Amma onlar
yazmadıqları ilə yaşadıqları
coğrafiyanı gözəlləşdirirlər.
İnsanın heyvandan bir üstünlüyü var ki, o yaza və
yazmaya bilir. Yaza bildiyi və yaza bilmədikləri var. Yazmaq,
yoxsa yazmamaq seçimi var.
- Sizcə, heyvanların yazmaq, yoxsa yazmamaq seçimi
olsaydı, ən gözəl şeirləri hansı heyvanlar
yazardı?
- Məncə, kentavrlar
yazardı...
- Bəs, ən pis şeirləri hansı heyvan
yazardı?
- Məmməd Aslan təcrübəsindən
çıxış edərək deyə bilərəm ki, ən
pis şeirləri şirlər yazardı... bilirsiniz, mən
bir az insan haqda danışmaq istəyirəm. Mən
insanları çox sevirəm. Mən hətta qrip olanda
havanın soyuqluğundan deyil, insanların soyuqluğundan qrip
oluram. Mənim içimdə dəhşətli bir insan sevgisi
var. İnsanın yaşamaq, yaratmaq ehtirası məni həmişə
heyrətləndirir. Həyat, yaşam, mübarizə, inqilab,
işıq... mən bəzən insanların qatili
obrazında çıxış edən Əzrayıla bir bəraət
qazandırıram. O qədər murdar insan var ki, Əzrayılı
qınamaq olmur. Məsələn, bir dəstə gənc var,
onlar nə qədər əxlaqsızdılar! Yeri gəlmişkən,
mən onlara nifrət eləyirəm! Onların
yaradılışında bir ilahi səhv olub. Amma bu səhvi
redaktə eləmək olmur...
- Sizin səhvlərdən fərqli olaraq...
- Mənim şeirlərimdə
səhvlər yoxdur, sadəlövhlüklər var. Ramiz
Rövşənin insana böyük etibarı, böyük
inamı var. O inamın sonunda da bir pərişanlıq var.
İnsana ilahi bir varlıq kimi baxırsan, amma sonra
görürsən insanların arasında danışığını
bilməyən, yazdığını bilməyən bir
sürü murdar, avara gənclər var. Bu, insana qarşı
sevgidə bir yanılmadır. Buna baxmayaraq, mən insana həmişə
bir qibtə hissi ilə yanaşıram. Mən həmişə
sevinirəm ki, nə yaxşı mən insan kimi
doğulmuşam. Baxmayaraq ki, mən kentavr kimi doğulsam da,
çox xoşbəxt olardım və Ramiz Rövşən
olardım. Amma insan kimi doğulmağın xoşbəxtliyi
bir başqadır.
- Nədədir bu xoşbəxtlik?
- Baxın, insandan
başqa kimin qəbri var?! Qəbir, başdaşı, qəbirüstü
yazılar... belə xoşbəxtlik təkcə insana verilib.
Yalnız insanın qəbri damır! Buna görə də
insan insan olmağının qədrini bilməlidir! Və biz
dünyaya əslində bir ana bətnindən deyil, bir ana qəbrindən
gəldiyimizi anlamalıyıq. İnsanın doğuluşunda
da bir ölüm hadisəsi var. Yəni hələ bilmək
olmaz biz ana bətnində daha xoşbəxt idik, yoxsa bu
dünyada xoşbəxtik?
- Ümumiyyətlə, sizin şeirlərinizi oxuyandan
sonra mən bu qərara gəlmişəm ki, insan ən
çox qəbirdə xoşbəxt ola bilər...
- Ramiz Rövşənin
böyüklüyü elə bundadır ki, o ilahi bir xəbərçidir.
Mən özümü bir ilahi informasiya agentliyi hesab edirəm.
Ramiz Rövşən allahın hüzurundan, o dünyadan ilahi
informasiya gətirməklə məşğuldur.
- Sizin xəbərlərdən istifadə edəndə
istinad etmək vacibdir?
- Mən onsuz da o xəbərlərin
içindəyəm. Hə, qəbir söhbətinə
qayıdaq. Qəbirdəki həyat, qəbirdəki xoşbəxtlik,
qəbirdəki gözəllik - bunlar dəqiqdir. Mən
bütün insanları ölməyə səsləyirəm.
Çünki insanın bir qəbir xoşbəxtliyi var. Əslində
biz özümüz dünya boyda bir qəbirdə
yaşayırıq. Dünya özü də böyük bir
qəbirdir.
- Özü də yəqin ki, qardaş məzarıdır...
-
Görürsünüz, mən həmişə demişəm,
Ramiz Rövşən nəfəsi, Ramiz Rövşən
intonasiyası yoluxucudur. Epidemiyadır. Ona yoluxmamaq
mümkün deyil. biz cəmi on beş dəqiqədir ki,
söhbət edirik, amma sən artıq o epidemiyaya yoluxmusan. Bu,
o deməkdir ki, dünyadakı ən böyük həqiqətləri
Ramiz Rövşən ya dili ilə, ya da şeiri ilə deyir.
Sizə bir şey deyim...
- Bilirəm, siz gənclərə nifrət eləyirsiniz...
- Təbii ki, mən gənclərə
nifrət eləyirəm, amma indi başqa şey deyəcəkdim.
Mən insanın dünyaya uşaq kimi gəlməyinin əleyhinəyəm.
Biz dünyaya qoca kimi gəlsəydik, nə gözəl
olardı! İnsanın qocalığı bir ağıl, bir
təcrübə, bir müdriklik göstəricisidir. Və ən
əsası qəbirə daha yaxındır. Ölümə
daha yaxındır! Buna görə də mən Allahın
insanı yaratma üslubunda bir naqislik görürəm.
İnsanı dünyaya uşaq kimi deyil, qoca kimi gətirmək
lazımdır. Mən həmişə nə vaxt
qocalacağımı səbirsizliklə gözləmişəm.
- Ümumiyyətlə, sizin nə vaxtsa uşaq və
ya gənc olduğunuzu təsəvvür etmək
mümkün deyil...
- Mən buna çox
sevinirəm. Mən uşaq ölümündən çox
şeirlər yazmışam. Ölüm və həyat
medalın iki üzüdür. Amma mən medalın hər iki
üzündə ölümü görürəm. Oturub
fikirləşirəm ki, insan ölü doğulsa və
ölü doğularaq yaşasa bəlkə həyat indikindən
daha gözəl olar? Bəlkə qəbirlər daha dərin
olsa... onu da deyim ki, mənə elə gəlir, biz qəbirləri
çox dayaz qazırıq. İnsanın istedadı,
ağlı dayaz ola bilər, bunun elə bir qorxusu yoxdur.
İnsanın qəbri dərin olmalıdır. İnsan qəbri
torpağın dərinliyinə işləməlidir. Mənim
dünyaya yenidən gəlmək istəyən insanlara
yazığım gəlir. Mən bir şeylə təsəlli
tapıram. Həyat bizim ölümümüzdə kiçik
bir pauzadır. Bizim həyatımız uzun deyil,
ölümümüz uzundur. Və xoşbəxt insan odur ki,
ömrü yox, ölümü uzundur!
Günel Mövlud
Ədalət.- 2011.- 8 yanvar.- S. 5.