Nurlu şəhər

 

Mingəçevir - ortasından Kür çayının keçdiyi, Azərbaycanın dördüncü böyük şəhəri. Zaqafqaziyada ən böyük su elektrik stansiyası olan Mingəçevir SES Kür çayının üstündə, Mingəçevir şəhərinin yaxınlığında yerləşir.

Mingəçevir şəhəri ilə Bakı arasında məsafə - 288 km.

Bakı - Mingəçevir avtobusları - 5 saat; Bakı - Mingəçevir, Bakı - Qazax, Bakı - Ağstafa qatarları əhalisi 96715 nəfər olan şəhərə 7 saata çatır.

Şəhərdə əhalinin orta sıxlığı hər kvadrat kilometrə 733 nəfər təşkil edir.

 

"Geri qayıt, daha yol yoxdur"

 

Gənc sənaye şəhəri Mingəçevirin əsası XX əsrin 40-cı illərinin axırlarında - 50-ci illərin əvvəllərində qoyulub. Qədim Mingəçevir adının mənası haqqında müxtəlif əfsanələr mövcuddur. Mingəçevir adını türk mənşəli Mingəçöhr adlı sərkərdənin adı ilə əlaqələndirirlər. Ərəb tarixçisi Təbarinin yazdığına görə, IX əsrdə, ərəb xilafətinin hökmranlığı dövründə Azərbaycanın müvəqqəti hakimi olan sərkərdə Mingəçöhr indiki Mingəçevirin ətrafında özü üçün iqamətgah düzəldib və az sonra xilafətdən uzaqlaşıb. Lakin xilafət qoşunları onu məğlub edərək əsir tutub və zindana salıb. Sonradan bu sərkərdənin şərəfinə həmin məntəqə Mingəçöhr adlandı. Bu barədə başqa bir fərziyyəyə görə isə şəhərin adının mənası: "geri qayıt, daha yol yoxdur" deməkdir.

4500 ildən çox tarixə malik olan bu yerin mənasını Ziya Bünyadov elmi cəhətdən belə izah edir: - "Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə aparmış Minqiçevir El-Ferqaninin adı ile bağlıdır". Bu ərazidə yaşayış hələ III min illikdə mövcud olub.

Arxeoloji qazıntılar sübut edir ki, burada yaşayan insanlar böyük mədəniyyətə malik olublar.

Tapılan Yunan, Roma Arşap pulları sübut edir ki, burda ticarət inkişaf edib. XVII əsrdə yaşayan türk səyyahı Övliya Çələbi özünün "Səyahətlər" adlı kitabına yazırdı: "Qədimdə Kür çayının sağ sahilində Mingəçevir adlı yer olmuşdur".

 

İki tovuz quşunun mənası

 

Şəhərin böyüməsi və inkişafı burda qurulan elektroenergetika, maşınqayırma, neft-kimya, yüngül və yeyinti məhsulları sənaye obyektlərnin tikintisi ilə bağlı olub. Burada aparılan arxeoloji qazıntılar zamanı çox maraqlı tarixi dəlillər tapılıb.

Boz dağın ətəklərində ensiz yarğandan çıxan Kür çayı təmiz Mingəçevir ətrafında Kür - Araz ovalığına can atır. Çayın vadisi su elektrik stansiyasının bəndi ilə kəsilib. Yarğanın yerində böyük Mingəçevir su anbarı yaradılıb. Onun sularının köməyi ilə quraqlıq ərazidə yerləşən torpaqlar suvarılır.

Mingəçevir şəhərinin ətrafında aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, Sudaqılan şəhər yerinin ərazisində böyük bir kənd varmış. Burada qədim məbədin qalıqları aşkar edilib. Həyat mənbəyi olan çiçəyə can atan iki tovuz quşunun təsviri çəkilmiş iri daş kapitel ona tamaşa edənlərdə böyük marağ oyadır.

 

"Dostum, bu şəhərdə işıqlar sönmür"

 

Kür çayının sahilində, mənzərəli bir yerdə salınmış Mingəçevir şəhəri yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə maraqlı arxitekturaya malik müasir binalar, o cümlədən, böyük məscid var. Kür çayının yaxınlığında tikilmiş restoranlar və çayxanalar qonaqların istirahəti üçün hər cür şəraitə malikdir. Şəhərin yaxınlığında süni göl və kiçik çimərlik göz oxşayır. Kürün sahilində Olimpiya avarçəkmə bazası yerləşir.

Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 65%-i Mingəçevirdə AZ.DRES və Su Elektrik Stansiyasında istehsal olunur. Sənayenin digər sahələri maşınqayırma, elektrotexnika, kimya, yüngül və yeyinti sənayesi müəssisələri şəhərin iqtisadiyyatının əsasını təşkil edir.

Mingəçevir ərazisinə daxil olan dəmir yol xətti elektrikləşdirilib. Şəhərin dəmiryol stansiyası Bakı-Tbilisi magistral dəmiryolundan 18 km məsafədə yerləşir. Dəmiryol vağzalından hər gün Mingəçevir-Bakı-Mingəçevir marşrutu ilə müasir tipli sürət qatarı işləyir.

Respublika əhəmiyyətli ən yaxın aeroport 30 km məsafədə Yevlax şəhərində, beynəlxalq miqyaslı aeroport isə 80 km məsafədə Gəncə şəhərində yerləşir.

Mingəçevir telekommunikasiya sistemi yenidən qurulub və tam Avropa standartlarına cavab verir, şəhərdə peyk rabitəsi fəaliyyət göstərir.

2005-ci ildə Mingəçevir şəhərində müasir texnologiyaya əsaslanan kompüter istehsalı ilə məşğul olan "Kür" Elektron Avadanlıqları İstehsalı zavodu və yüksək gərginlikli elektrik dayaqları hazırlanması üzrə ixtisaslaşan "İnterenerji" MMC istifadəyə verilib.

Şəhərdə təhsil, səhiyyə, mədəniyyət və istirahət obyektləri fəaliyyət göstərir. Onların sırasında 2 ali təhsil müəssisəsi, Dövlət Dram Teatrı, Rəsm Qalereyası, 11 min yerlik stadion, 2 idman kompleksi, "Kür" avarçəkmə bazası və s. adlarını çəkmək olar.

 

Nəhəng SES

 

Mingəçevir SES-in tikintisinə 1945-ci ildə başlanılıb və stansiya1954-cü ildə bütünlüklə işə düşüb. 1957-ci ildə "VARVARA" Su Elektrik Stansiyası enerji verdikdən və Mingəçevir SES-ə qoşulduqdan sonra Mingəçevir SES silsiləsi adlanır. Mingəçevir SES-in müəyyən olunmuş gücü 359 000 kvt/saat-dir (6-hidroaqreqat). Orta illik elektrik enerji istehsalı 1,4 milyard kvt/saat-dır. Qovşağın ən əsas orijinal hissəsi-yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) işlənən materialların həcminə görə, həm dünyada çınqıl-qumdan yuyulmuş yeganə bənddir.

Mingəçevir su anbarı və Su Elektrik Stansiyasının (SES) tikilməsi 1953-cü ildə tamamlanıb. Su elektrik stansiyasının ümumi tutumu 15.6 mln metr kvadrat su olan bəndi Avropadakı sulama vasitəsiylə quraşdırılan ən hündür bəndlərindən biridir. Hövzənin uzunluğu 70 km, eni 3 km-dən 18 km-ə qədər, ən dərin yeri 75 m və ümumi erəzisi 605 kvadrat metrdir.

Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir - 172 km uzunluğundakı Yuxarı Qarabağ Kanalı və 123 km uzunluğundakı Yuxarı Şirvan Kanalı. Bu kanallardan Mil, Muğan, Şirvan düzlərindeki min hektara yaxın ərazinin suvarılmasında istifade edilir. Varvara su anbarı ve Varvara su elektrik stansiyası Kür çayında yerləşən Mingəçevir su anbarından 20 km şərqdə yerləşir. Varvara su elektrik stansiyasının enerji bloklarının tezliyi 16MV-dır. Mingeçevir su elektrik stansiyasının tikiləməsində 20.000 insan iştirak edib.

Mingəçevirdə əmək qabiliyyətli insanların sayının 53 min olmasına baxmayaraq, onların cəmi 16 mini işlə təmin olunub. Kiçik sahibkarlıqla məşğul olanların sayı ise 4 min nəfərə yaxındır.

 

7 sahəni əhatə edən müəssisələr

 

 Şəhərin iqtisadiyyatının əsasını təşkil edən müəssisələr aşağıdakılardır:

Enerji sahəsində: Azərbaycan Dövlət Termoelektrik Güc Stansiyası və su elektrik stansiyaları qurşağı (Mingəçevir SES, Varvara SES) ;

Elektrotexnika sahəsində: Azərbaycan kabel zavodu və izolyasiya məmulatları zavodu;

Maşıngayırma sahəsində: Yol tikinti maşınları zavodu, eksperemental zavod, yol tikinti maşınlarının təmiri zavodu;

Kimya sahəsində: texniki kauçuk zavodu, kauçukun emalı zavodu və şüşə lif zavodu;

Yüngül sənaye sahəsində: toxuculuq fabriki;

Yeyinti sənayesi sahəsində: Ət qablaşdırma zavodu, iki çörəkbişirmə zavodu, balıq zavodu, alkoqolsuz içki istehsalı zavodu;

Tikinti sahəsində: Ağac emalı zavodu, 3 dəmir beton zavodu, sənaye məhsullrı fabriki və 4 qum karyeri.

Müəssisələrin istifadə etdiyi xammalın böyük hissəsi post sovet məkanından gətirilir(əsasən Rusiyadan) və burda istehsal olunan mallar köhnə SSRİ ölkələrinə ixrac edilir.

 

Mədəni həyat

 

Şəhərdə ümumilikdə tərkibində 406,677 kitab olan 16 açıq kitabxana fəaliyyət göstərir. Bu kitabxanalarda abunəçilərin- oxucularının sayı 46,282 nəfəri əhatə edir. Hər kitab ortalama olaraq ildə 2.9 dəfə istənilir və son ildə oxucular 904,395 dəfə kitabxanalardan kitab götürüblər.

Mingəçevir Tarixi Muzeyi 1968-ci ilin yanvar ayında yaradılıb. Muzeyin iki filialı var: Şəhidlər Abidəsi Müstəqil Muzey. Muzey 14,461 eksponata sahibdir.

Mingəçevir Qalereyasındakı eksponatın sayı isə 310 ədəddir.

Şəhərdə şəhid Azər Niftəliyev, Səməd Vurğun, Nəriman Nərimanov adına olan klublarla yanaşı daha mədəniyyət ocağı fəaliyyət göstərir. Sakinlər paytaxtın "Sahil" və "Dostluq" parklarına oxşayan parklardan zövq alaraq istifadə etmə imkanlarına sahibdir.

Mingəçevirdə 3 musiqi məktəbi- Hacıbəyov məktəbi, Bülbül məktəbi və şəhid Qasımov məktəbi mövcuddur. Bu məktəblərdə təhsil yeddi illikdir və ümumilikdə 1,500 tələbə təhsil alır, 350 nəfərdən ibarət mütəxəssis müellim heyyəti onların təlim-tədrisi ilə məşğul olur.

Sadalamaq imkanında olduğumuz bu faktlar bir daha təsdiq edir ki, Mingəçevir nur şəhəridir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən işlər barəsində bir yazıyla oxucuda təəssürat yaratmaq çətindir. Mingəçeviri qarış-qarış gəzmək lazımdır. Onda hər şeyi AYDIN görmək olar.

  

 

Anar İsaoğlu

 

Ədalət.- 2011.- 11 yanvar.- S. 7.