CEHİZ

 

(Sənədli hekayə)

 

Ömür payın necə yazılıbsa, qınama özünü ay kasıb. Gileylənmə taleyindən, küsmə dost-tanışdan, yazın belə yazılıb, neyləyəsən? Dağa üz tut, arana qaçıb quşu gözündən vur, şanapipiyi quyruğundan tut, əlac yoxdu, qismətinin meyvəsini "yeyəcəksən". Bilirsənmi niyə? Çünki düz alnının ortasına kasıblıq həkk olunub. Hansı hərflərlə, hə, onu mən bilmirəm. Onu bilirəm ki, sənin kimi biçarəni uzaqdan görən M.Ə.Sabir necə də gözəl deyib:

 

Tanrı hər yerdə pulu bir ürəyi səxtə verib.

Mərifət müftədi, çün kasıbı-bədbəxtə verib.

 

Həşimin də sərvət payı azdı, az. Bir ovucluq, bir tikəlik, 5-10 qoyun-quzusu var. 6 nəfərlik külfətini - yəni özünü, xanımı Gülgəzi, 3 qızını, sonbeşik Yaşarı, döyər-ölməz, bir qarın ac, bir qarın tox, bu heyvanlarla birtəhər dolandırır. Haqq üçün qabiliyyətli, mərifətlidi, halal çörəyilə dolanan adamdı Həşim. Elə bilirlər çoxa ehtiyacı yoxdu, əslində elə deyil, qanında-canında düzlük, təmizlik, gözütoxluq var. Nəfsi onun quludu.

Az aşım, ağrımaz başım fikriylə ayları illərə calayan kasıb ailənin, sıxıntısı, çətinliyi onda başladı ki, qızlar bulağından yenicə su içən Gülbəsə elçi gəldi, nişan verildi, gənc ata ilə ananın, təklikdə baş-başa qalarkən söhbətlərində narahatlıq, həyəcan artdı: necə eyləyək, neyləyək ki, qohum-qonşu, dost-düşmən yanında cehiz sarıdan xəcalət çəkməyək, yoxsa bir də gördün ağzıbaşına danışan, milçəyi böyüdüb fil eləyən heyvərələr üçün alıb ucuzluğa getdi, toyda-yasda, yol qırağında, çəpər dibində qeybət eləyə-eləyə aləmi qatdılar bir-birinəg Gülgəzin gözünə yuxu getmirdi: ilahi, özün kömək ol, yox yerdən yetir. Kimə ağız açaq, kimdən borc istəyək - qohumlardan da varlısı, imkanlısı yox...

Gecə deyə-gülə yatmışdılar. Səhər sübh tezdən nə fikirləşirdisə, Həşim uşaqlar eşitməsin deyə pıçıltıyla soruşdu:

- Ay qız, bu cehiz nə təhər şeydi, nə almalıyıqg Bəlkə qoyunları satdım, hə?

Binəva Həşimi bixəbərlikdə qınağa çəkmək də düzgün olmaz. Neynəsin yazıq, evlənməyi elə bil dünən idi: ata-anasını vaxtsız itirmişdi, əmisinin himayəsində qalmışdı. Qoyun-quzu otara-otara, bir qarın ac, bir qarın tox gün keçirə-keçirə uşaqlığını arxada qoymuşdu. Gülgəzlə bir-birlərinə mehr salanda, qız bilirdi ki, mərifətli, qanacaqlı oğlandı Həşim. Nə olsun ki, ev-eşiyi yoxdu onun. Təmiz qəlbi, düz ilqarı var ki... Bir-birlərinə qoşulub gəldilər kəndin ucqarına, Gülgəzin xalasıgilə, sonra əl-ələ verərək yüngülvari yosmaca düzəltdilər, sonra ikiotaqlı ev... İndi o, hardan bilsin hansılardı cehiz şeyləri. Gülgəz barmaqlarını qatlaya-qatlaya başladı saymağa:

- 2 dəst yorğan-döşək, 2 mütəkkə, 4 balış, farmaş, xurcun, 1 xalça, 1 kilim, 1 palaz, sandıq, qapı-pəncərə pərdəsi, səhəng, çaynik-qəhvədan...

- Bəsdi, bəsdi sən Allah, gör papirosum hardadı? - Dərindən ah çəkdi Həşim. Gülgəz dayanmaq bilmirdi:

- Hələ gərək bəy oğlana təzə paltar da alaq.

Həşim eşitmirdi daha. Çox xərc istəyir, 5-6 qoyunla düzələn deyil. Kimin qapısına gedim, yoox, lap versələr pul, onu nəylə, haçana qaytara bilərik

O gün axşam qoyun-quzunu örüşdən gətirən Həşimin kefi ala buluddaydı, şad xəbər verdi Gülgəzə:

- Muştuluğumu ver, qız, cehiz üçün pul yeri tapmışam.

Gülgəzin gözlərində günəş güldü:

- Sən Allah, düz sözündü Həşim?

- Hə, hə, nə bilmisən, qız. Çöldə dərdləşirdik Cəfərlə. Ağıllı adamdı, yol-yolaq bilən kişidi. Cehiz söhbətini bilən kimi dedi:

- Ölüvay olma, ədə, sən də başqaları kimi get təzə kanalda yer götür. İşləyin, pul alın. Özün cavan, arvadın cavan, işləyin gecə-gündüz. Odey, kanalın yuxarılarına kim gedir, yer götürüb qazır, pul alıb, gəlir mal-heyvanı artırır. Gözün tutulub nədi...

Gülgəzə qanad lazım idi uçmağa:

- Allah Cəfərin atasına rəhmət eləsin, yaxşı məsləhətli söz deyib sənə. Vallah o bizdən əvvəlkilər nahaq deməyib: vur demək vurmaqdan irəlidi.

Cavan ata-ananın sevincinə nişanlı qız da qoşuldu, anasına astaca xısıldadı:

- Qoyun, mən də o uzaq yerdəki qazıntıya gedim, işləyim. Gülgəz qoymadı.

- Yox ay bala, atanla mən gedərəm... Sən evdə qal, həyət-baca, qoyun-quzu... Uşaqlardan muğayat ol. Hər şey yaxşı olacaq, qızım, darıxma, yoxdan var eləyən o göydəki kişidi...

...Hə, budu, beş gündür nəfəs dərmədən, həvəslə işləyirlər. Ər-arvadın arzusu, diləyi bircə nöqtədə cəmləşib: tezliklə, qızıl onluğu alan kimi Salyan bazarına gedib, qızın cehizini alacaqlarg İki göz istəyir Gülgəzin çöhrəsindəki işığı görə, nişanlı balası üçün yanğısını hiss eləyə.

- Deyirəm, ay Həşim, baxma bu istilərə, gözünü açıb yumdun, bir də görəcəksən, hə, budu, dumanlı, yağışlı payız kəsdirib qapının ağzını. Deyirəm bəlkə gecəni qalaq, axşam hava sərinləyir, adamın qolunun qüvvəsi artır... Hə, nə deyirsən, Həşim, qalaq, ya gedək kəndə?

Eşitmirdi Həşim, fikri uzaqlara getmişdi.. Günəşli payız havası, həyat-baca doludu qız-gəlinlə, uşaqlarla. Aşıq çalır, cavanlar, elə qocalar da qol götürüb oynayırg Sonra at-arabaya cehiz yığılır. Atlas balışlar, qanovüz üzlü yorğan-döşək, daha nələr, nələrg Sonra "Vağzalı" çalınır, titrək addımlarla ağ duvaqlı Gülbəs. Necə də gözəlmiş, yaraşıqlı imiş balası...

Ayrıldı şirin xəyaldan:

- Nə dedin, qız?

- Ay Həşim, bəlkə gecəni qalıb işləyək, hə? Sərin havada, sakitlikdə... Fikrin nədi?

Gülgəzin ev üçün, ailə üçün məsləhtlərindən xeyir görmüşdü Həşim, indi nə deyə bilərdi... Həqiqətən gündüzlər günəş ağzından od tökür, yandırıb külli-aləmi, axşamlar sərin meh əsir, əsil cənnət havası olur, insanın işləməyə həvəsini artırır...

Qalırlar. Gülgəz doldurur qabları, Həşim də nəfəs dərmədən daşıyır. Qoy işləsinlər. Balalarının cehizi üçün pul-para qazansınlar. Hə, siz burda azacıq nəfəs dərin və mən də tarixi məxəzlərə, yaşlı nəslin yaddaşına güvənib illəri tərsinə "vərəqləyim".

Nədi bu kanal çəkmə istəyi? Ötən əsrin 20-ci illərinə kimi su üzünə həsrət qalan, torpağı çadar-çadar olan Muğanı göz önünə gətirin. Bu yerlərdə mənbəyini Savalan dağından götürən Bolqarçay 150 min hektarlıq ərazinin ancaq 10-12 min hektarını əhatə edirdi. Çay Mahmudçalaya, oradan da Xəzər dənizinə doğru uzanırdı. May-iyun aylarında Savalanda qar əriyəndə sel suları çayın məcrasına sığmır, bəzən daşqınlar yaxınlıqdakı evləri uçururdu... Bolqarçayın sağ və sol sahilində də 1825-ci ildən Peterburqdan ucqarlara sürgün edilən ruslar məskunlaşmışdı. Və əsl muğanlılar (qədim Muğam tayfaları) köçəri həyatı yaşayırdı. Yazda, yayda Talış dağlarına qalxan camaat qışda yenidən doğma yurda üz tuturdu. Əslən buralı olan əhalini köçəri həyat bezdirmişdi. Rus görən kimi tökülürdülər üstünə, yalvarıb-yaxarıb, dərdlərini söyləyir, başuva dönüm ay xaxol qağa, dilmançlıq elə, dərdimizi yaz çara. Bəlkəm İsa peyğəmbərim onun qəlbinə rəhm sala. Və rəhim saldı İsa peyğəmbər çarın qəlbinə. 1916-cı ildə fərman verdi: Araz çayından bizim bu Muğana kanal çəkilsin. Sonralar bolşeviklər sinələrinə döydülər, ağızları köpüklənə-köpüklənə dedilər ki, bəs şura hökuməti Əzizbəyov adına kanal çəkməklə Muğana həyat bəxş edib. Ağ yalandı! Fərmanda elə beləcə yazılıbmış. İmişlinin Bəhrəmtəpəsindən başlayan təzə kanal ta Astarxanbazarın (indiki Cəlilabad) Pakrovka kəndinə kimi qazılsın, 5 metrəyə 5-lik, 10 metrəyə 10-luq qızıl verilsin. Sual verə bilər mənə əzələlərini oynadıb iş axtaran indiki cavanlar: Görəsən çar xəsislik edib, yoxsa xəzinəsinin varını havaya sovurub? Hə, burda çarı dar ağacından asan zalımlara nifrət edək. Çünki, 100 ilə yaxındır ki, biz Arazın suyundan bəhrələnən Muğanın daimi sakinləriyik. Və təkcə məişətimiz yox, əkin-biçin işlərimiz, dolanışığımız boz-bulanlıq olsa da Əzizbəyov adına kanalın suyunun hesabınadır. Sonrakı dövrlərdə elə bərəkətli münbit torpağa və Araz suyuna görə də Yardımlı, Lerik, Cəlilabad rayonlarının İranla sərhəddə yerləşən kəndlərinin əhalisi Biləsuvarı daimi yaşayış məskəni seçmişlər. Qaldı ki, çarın səxavətinə, hə, bunu təqdir eləyərkən belə deyək: Sağ ol, çar, İsa Məsih sənə kömək olsun, sənin əməlin uzaq bir eli - bizim Muğanı Gülüstana döndərib. Lakin başqa xırda nüans da var: çar sərvətinin qədir-qiyəmtini bilən padşah olub. Ona buranın landşaftı, qeyri-adiliyi haqqında məlumat çatdırmışlar: işin həcmini yada salanda adamın canına üşütmə düşür: indiki texnika yox idi və ancaq bel və külünklə arx çəkmək iynə ilə gor eşməyə bərabərdi. Xəritəyə görə arxın eni 12 metr, dərinliyi 4-5, bəzi yerlərdə 6 metr olmalı idi. Torpaq azı 4 metr kənara daşınmalıydı. Hər gün keçisaqqal xaxol - adına incinuz deyirdilər - gəlib gəzir, əlindəki kağıza baxıb ölçüb-biçir, tez-tez hirslənirdi "atkozu vur", "bura pis, ora yakşı", "nemnoqo po dalşi" deyərək torpağı uzağa daşırtdırırdı. Bir sözlə, o beşlik-onluq qızılı almaq üçün burnundan qan açılırdı.

Kifayətdi kanal barədə məlumatım. Qayıdıram nişanlı qızlarına cehiz pulu qazanmaq istəyən Gülgəzlə Həşimin yanına. Hərdan bir səhəngdən su içən ər-arvad dil-qəfəsə qoymadan, bir hovur da almadan söhbətləşə-söhbətləşə işləyirlər. Nə Gülgəz dayanır, nə Həşim Uzaqlarda, kənd tərəfdə xoruzun ilk banı eşidilir: Səhərə az qalıb, Həşimin heyi-hərəkəti tükənməyib, amma gözləri yumulur tay...

- Sən Allah, dayan Gülgəz. Yuxu öldürür məni, qoy bir balaca gözümün acısını alım. Həşim arxın küncündə soyuq torpağın üstünə uzanır və çox tez də huş aparır onu. Bir az dincəldikdən sonra Gülgəz çağırır onu:

- Həşim, ay Həşim, səhər açılır, əlli ol, əlli ol. Az qalmışıq ha!... səs gəlmir Həşimdən. Hara getdi? Ola bilməz, yoox...

Yoxdu Həşim, uzandığı yerdə adam şəkilli qeyri-adi təpəcik vardı. Bu nədi ilahi, kişi ağ təpəyə dönübdü? Möcüzədir, bu?. Möcüzə nə gəzirdi, sübh yuxusuna getmiş Həşimi ilan çalmışdı, elə yatdığı yerdə qalmışdı. Heç cınqırını da çıxara bilməmişdi. Gülgəzin vay-şüvəni səhər-səhər Bəydilidən işləməyə tez çatdı. Gəldilər, baxdılar, məəttəl qaldılar. Həşimin olduğu yerdə yalan olmasın 20-30 sm enində ölmüş ağlı-qırmızlı hədsiz dərəcədə iyli həşaratlar vardı. Gözləri görünmürdü Həşimin, yəqin o can üsdəykən əlləri ilə gözünü örtmüşdü. Burda çarə yoxdur. 20-25 m uzaqdan uçan kəpənəklər, porsuq, yarasa, goreşən nə qədər... Torpaq gənəsi, boz əqrəb, may böcəyi, çəyirtkə, iynəşəkilli gənələr, qara qurd hörümçəyig gecə həşəratlarından fəalı böy...

Hay-həşir, Gülgəzin şivəninə səs verən qadınların ah-naləsi...

Köməkləşib Həşimin nəşini at arabasına qoydular ki, kəndə gətirib dəfn eləsinlər. Bu vaxt arx çəkənlərə baş çəkməyə gələn əli balaca çamodanlı "doktor" da gəlib çıxdı, bu da taleyin qismətidi. Əvvəl onu qovmaq istədilər: "kafəri cəsədə yaxın qoymayın, murdardır". Kimsə lap açıq şəkildə onu günahlandırdı da: murdar köpəkuşağı, iş tapdılar bizə. Başqa birisi kükrədi: meyidə toxunmasın əclaf. Eşitsə-bilsə Molla Qaraj qəzəblənər.

Həşimin əmisi oğlu Abdulla özünü qabağa verdi:

- Sakit olun, ay camaat. Murdardı, təmizdi, hər kimdirsə bu adam doktordu, axı, qoyun baxsın da... Nə var burda...

Hamı arxaya çəkildi və beş-on kəlmə rusca qırıldadan Cahangir bu mənzərəni seyr edən, əli qoynunda kənarda dayanmış doktoru gətirdi Həşimin çəsədinin üstünə. O, əli ilə işarə elədi: Həşimin nəşinə qalaqlanan zir-zibili asta-asta, tələsmədən təmizlədilər... Sonra həkim yerə çömbəlib qulağını söykədi Həşimin sinəsinə... və birdən qışqırdı: "dışıt-dışıt", "on jiv, on jiv"...

Hə, hə, ürəyi döyünürdü Həşimin "Özün rəhm elə İlahi, canı canla dəyiş" - əlini qaldırıb, yaradanından imdad diləyən Gülgəzin sözləri qəhərləndirdi qadınları.

Əsil vəziyyəti həkim düzgün çatdırdı bura yığışanlara: qurd, quş, o ölən həşəratlar tökülüşüblər Həşimin üstünə, o ilanın zəhərini sor ki, sorasan, qırıldılar və bu yolla ürəyin zəhər yükünü çox tez azaldıblar. Bədənin hüceyrələrinə o qədər bör-böcək daraşıb və zəhəri məhv edib ki, inanmaq çətindir. Hansı qüvvə onları sürətlə həşimin bədəninə daraşdırıb? Möcüzədir...

Həşimə iynə vurdu doktor, sonra kənddən gətirilən ağartılardan ovduq düzəldilib, dalbadal tökdü yenicə özünə gələn Həşimin boğazına...

Köməkləşən qohum-əqrəba, qohum-qonşu Həşimgilin torpaq işini 3-4 günün içərisində qurtardılar.

Toy-büsat var kənddə... Günəşli payız havası. Həyətdə yarpağı tökülən tut ağacına söykənib Həşim. Sevimli balasının gəlin köçməsinə tamaşa eləyir. Necə gözəldi, boy-buxunludu Gülbəs. Önündə ayna, lampa tutulan ağ donlu, ağ duvaqlı Gülbəs gözlərini dolandırıb atasını gördü. Üç ay başına gələn müsibətə görə özünün günahkar olduğunu sanki indi hiss elədi: dərindən ah çəkdi, yanağı aşağı yuvarlanan göz yaşlarını əlinin arxası ilə sildi. Həşim gözlərini süzdürüb Gülbəsə "xoşbəxt ol, qızım" - dedi.

  

  

Əlibala Rəhimov

 

Ədalət.- 2011.- 12 yanvar.- S. 6.