BU GÜNÜN BİLƏSUVARI
Hələ neçə il qabaq -
1993-cü ildə- Biləsuvardan keçib Astaraya gedəndə
əlikramçılar möhkəm qorxutmuşdular bizi. Biləsuvarın
girişindəki hərbi postdan birtəhər keçib cənuba
tələssək də əhvalımız pozulmuşdu. Elə rayon mərkəzindəki köhnə evlər,
dağılmış küçələr, səliqəsiz
ticarət mağazaları, yolların kənarındakı
zibil qalaqları əhvalımızı bir az da
korlamışdı. Ayaqüstü çay içdiyimiz
kiçik çayxanadakı insanların da əhvalları təəssüratla
həmahəng idi. İndi neçə il sonra bu rayon
haqqında danışanda o mənzərə xeyli misgin
görünür.
Biləsuvar indi
simasını tamam dəyişib, heç inanmaq olmur ki, bir
vaxtlar bu rahat və işıqlı yolların, səkilərin,
bağ-bağatların, yaşıllıqların yerində
toz-torpaq, zibilliklər olub. Rayon mərkəzində inşa
edilmiş müasir görkəmli yüzlərlə
yaraşıqlı evlər göz oxşayır. Maliyyə
İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun rayon
şöbəsinin, Əmək və Əhalinin Sosial
Müdafiə Mərkəzinin, Gömrük İdarəsinin,
Sərhəd Keçid Məntəqəsinin müasir tələblərə
cavab verən inzibati binaları son illərin yadigarıdır.
Olimpiya İdman Kompleksinin, Mərkəzi Bankın Biləsuvar
regional idarəsinin, "Texnika-Bank" ASC-nin Biləsuvar
filialının, Peşə liseyinin yerləşdiyi məkan
isə bir az paytaxtın mərkəzini xatırladır. Bir qədər
aralıda 5 hektar ərazini əhatə edən Heydər
Parkı, onun iki addımlığında olan böyük mərkəzi
stadion rayon sakinlərinin hər gün üz tutduğu məkandır.
Sadalaya bilmədiyimiz digər inzibati binalar da bu gün Biləsuvara
doğrudan bir yaraşıqdır. Rahat və
işıqlı küçələrin gecə gəzintisi
isə xeyli romantikdir. Bəli, bu, müasir Biləsuvardır.
Tarixə kiçik ekskurs
Böyük geosiyasi əhəmiyyətə
malik Biləsuvarın xeyli qədim və möhtəşəm
tarixi var. Dəfələrlə yadelli
işğalçıların hücumuna məruz qalan Biləsuvar
1221-ci ildə Monqollar tərəfindən tamamilə
dağıdılıb. 1828-ci ildə bağlanan məşhur
Türkmənçay sülh müqaviləsi bu rayonu iki yerə
bölüb. "İpək yolu" üzərində yerləşən
Biləsuvar inzibati ərazi vahidi kimi ilk dəfə 8 avqust
1930-cu ildə rəsmiləşib. 1938-ci ildə isə
böyük rus şairi A.S.Puşkinin şərəfinə
"Puşkin "adlandırılıb. Yeri gəlmişkən
qeyd edək ki, ölkəmizin digər bölgələrində
olduğu kimi Biləsuvarda da XX əsrin əvvəllərində
ruslaşma siyasəti geniş vüsət almışdı. Rayondakı
26 kənddən cəmi 6-da azərbaycanlılar
yaşayır. 1992-ci il 7 fevral tarixində isə Milli Məclisin
qərarı ilə Biləsuvar öz tarixi adını bərpa
etmişdir. Qonşu İran İslam Respublikası ilə xeyli
ərazidə həmsərhəd olan Biləsuvarın 1397
kvadrat kilometr ərazisi, 89 min əhalisi var. Məşhur
pambıq ustası, 44 il kolxoz sədri işləmiş, Sosialist
Əməyi Qəhrəmanı Qızqayıt xanım Həsənova
rayonun Xırmandalı kəndində yaşayır.
"Mən adətimi poza bilmərəm"
Qışı
çıxmaq şərti ilə demək olar ki, ilin
bütün fəsillərində, hətta istirahət
günlərində belə hamıdan qabaq iş yerində
olan Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət
Babayevlə otağında rahat söhbət etmək elə də
asan deyil. Böyük bir kollektiv, üstəgəl 13500 nəfərə
yaxın torpaq sahibləri olan mülkiyyətçi az deyil
axı. Hər gün iş rejimini qurmaq və ona üz tutan
mülkiyyətçiyə yardımçı olmaq xeyli vaxt
və dözüm tələb edir.
- Mən adətimi poza
bilmərəm, bu, əslində mənim iş üslubumdur. Hər
səhər iş bölgüsü, təminat məsələsi,
nəzarət mexanizmi qurulmalıdır. Şübhəsiz
idarənin rəhbərinə söz demək, yardım almaq
fikrində olanları da gərək razı salasan. İdarəmiz
38,9 min hektar ərazinin suvarılmasına cavabdehdir. Əgər
bol kənd təsərrüfatı məsulu götürmək
istəyiriksə gərək ən əvvəl düzgün
suvarma aparaq. Suvarmanın hansı mərhələlərdən
keçdiyini, hansı çətinliklərlə
rastlaşdığını desəm xeyli vaxtımız keçər.
"Azərsun-Holdinq"in Biləsuvar rayon ərazisindəki
3.4 min hektar ərazisinin də su təminatı bizim idarənin
üzərinə düşür. Yeri gəlmişkən
deyim ki, 29 aprel 2010-cu ildə ölkə
başçısı cənab İlham Əliyevin
açılışını etdiyi "Azərsun-Holdinq"in
tərkibində fəaliyyət göstərən "Natural
Green Land" MMC dünyanın ən qabaqcıl kənd təsərrüfatı
texnologiyaları ilə təchiz edilmişdir. Bu qurum və Biləsuvar
Konserv Zavodu tomat pastası, tərəvəz və konserv məhsullarının
istehsalı üçün kompleks istehsal şəraiti
yaratmışdır. 2010-cu ildə 1000 kilometr uzunluqda suvarma
kanalını lildən təmizləmişik. Rayonumuz aqrar
sektora aid olduğundan hidrotexniki qurğuların saz
saxlanılması, nasos stansiyalarında təmir işlərinin
keyfiyyətlə aparılması çox vacibdir. Mən
öz sahəmdən danışdım, Biləsuvar son illər
doğrudan xeyli iqtisadi inkişaf yolu keçib. Adil Məmmədovun
bu inkişafda xususü rolu var - Biləsuvar Rayon İcra
Hakimiyyətinin başçısını deyirəm. Qaldı
mənim iş rejimimə, mənə elə gəlir adi bir
şeydir və hamı belə işləməlidir.
Biləsuvarın, həm də ölkənin qürur
yeri
Muğanda yerləşən
və bu gün ən müxtəlif qayğılarla, həm də
böyük ümüdlərlə yaşayan Biləsuvar
haqqında danışanda Mübariz barədə yazmamaq
günah olardı. Yağı düşmənə çox
böyük itki verərək qəhrəmanlıqla həlak
olan Mübariz Ağakərim oğlu İbrahimovu indi təkcə
Azərbaycanda yox, bir çox qonşu dövlətlərdə
yaxşı tanıyırlar. Və bu azəri balasının
göstərdiyi rəşadət heç şübhəsiz
ki, təkcə özü haqqında deyil, həm də
soydaşları haqqında möhtəşəm əfsanə
yaratdı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları
22 iyul 2010-cu il tarixli sərəncamla Mübariz Ağakərim
oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı"
adı verməklə onun xatirəsini əbədiləşdirmək
üçün rayonun orta məktəblərinin birinə, həm
də küçələrdən birinə onun adının
verilməsini tövsiyə etdi. Əliabad kəndində
doğulub bütün Azərbaycan adlı məmləkətin
qəlbində özünə əbədi abidə
ucaltmış Mübariz İbrahimov həm də Biləsuvarı
dünyaya tanıtdı. Belə xoşbəxt ömür isə
hər kəsə qismət olmur. Görünür, Mübariz
Ağakərim oğlu Allahın sevdiyi bəndələrindən
idi. Azərbaycanlı igidin dəfn mərasimi də ölkənin
öz övladına göstərdiyi qayğısının,
diqqətinin bariz nümunəsidir.
... Ancaq anası
Şamama xanım heç şübhəsiz ki,
ömrünün sonuna kimi bir oğul nisgili yaşayacaq.
Yaxşı yaşamağın yolu
Biləsuvarın
iqtisadi-sosial həyatına, tarixinə, mədəniyyətinə
yaxşı bələd olan dəyərli ziyalı Əlibala
Rəhimov doğma rayonu haqqında kifayət qədər məlumatlıdır:
- Camaatımız zəhmətkeş
insanlardır. Nəyədə nail olmuşuq son illərdə
olmuşuq. Elə bu vaxtlarda da 30-dan artıq sənaye, təhsil,
səhiyyə və digər sosial obyektlər tikilmişdir. Buna
görə də son 5 ildə 15 min iş yeri əldə
etmişik ki, bundan da 10 mini daimidir. Özüm təhsil
şöbəsində işlədiyim üçün demirəm,
həqiqətən bu istiqamətdə uğurlarımız
çox olub. Tədrisin keyfiyyətindən tutmuş yeni
tikililərə qədər hamısında təzə nəfəs
var. 4 yeni məktəb binası tikilib istifadəyə verilib. Təhsil
naziri Misir Mərdanov İsmətli kənd orta məktəbinin
yeni binasının açılışında oldu. 2
saylı şəhər orta məktəbi ilə bərabər
daha 9 kənd məktəbi əsaslı təmir edilib. Özgə
səni nə maraqlandırır? Hə, deməli
rayonumuzdakı "Biləsuvar-Pambıq" ASC-nin nəznində
müasir texnologiya ilə hazırlanmış mahlıc indi
müxtəlif ölkələrə ixrac edilir. 2003-cü ildə
Əsgərabad kəndində tikilmiş "AVA" mebel
fabrikindəki 5 növ müxtəlif mebel dəstləri xarici
ölkələrə satılır. Uzunluğu 20 kilometrə
çatan Biləsuvar-İran sərhəd beynəlxalq
avtomobil yolunu indi 7-8 dəqiqəyə qət etmək olur. 2004-cü
ildə tikilib istifadəyə verilmiş Asfalt-beton zavodu bir saat
ərzində 100 ton məhsul verə bilir. 1000 nömrə
tutumlu elektron ATS Rayon Telekommunikasiya İdarəsinin sakinlərə
hədiyyəsidir. Əsgərabad və Zəhmədabad kəndlərindəki
un dəyirmanları, rayon mərkəzindəki 9 mini
çörək bişirmə sexi və digər xidmət
sahələri biləsuvarlılar üçündür. Bir
sözlə, Biləsuvar rayonu əsl iqtisadi inkişaf
yolundadır. Əgər belə olmasaydı şadlıq
sarayları kəndlərə belə ayaq açmazdı. Rayonun
Xırmandalı kəndində 400, Nəsimi kəndində 200
yerlik şadlıq sarayları buna əyani sübutdur. Belə
olmasaydı son illərdə Biləsuvarda ümumi məhsul
buraxılışının həcmi 25 dəfə artaraq 101
milyon 200 min manata çatmazdı. Bu sənin suallarının
cavabı. Mənim də sənə bir sualım var: Son vaxtlar
mənim yazılarım qəzetinizdə çap olunmur, səbəbi
nədir? Bundan sonra çap olunarsa xidmətimin müqabili kimi
qəbul etməyəcəyəm. Mən ancaq rayonumuzun
sosial-iqtisadi inkişafı ilə bağlı bildiklərimi
dedim. Bir biləsuvarlı kimi bu mənim borcumdur.
Rayon son bir ildə
Əvvəldə qeyd
etdiyimiz kimi Biləsuvar aqrar rayonudur. 2011-ci ildə də əvvəlki
uğurlar təkrar edilmişdir. Əkilmiş 27226 hektar
taxıl sahəsindən ötən il 41312 ton məhsul
götürülmüşdür. Biləsuvarın pambıq
sahələrindən isə 2010-cu ildə 5677 ton məhsul əldə
edilmişdir. Şübhəsiz ki, daha çox diqqət və
qayğı sevən pambıqçılıq bu il də
inkişaf etdiriləcək. Çünki çoxlu pambıq
çox da pul deməkdir.
Biləsuvarda həm də
heyvandarlıq lap əvvəldən sakinlərin əsas məşğuliyyət
sahələrindən biridir. Arxada qalan ildə biləsuvarlıların
qaramalının sayı 38911 başa, qoyun-quzunun sayı isə
133426 başa çatmışdır.
Cənuba üz tutan
müsafirlər indi rayon mərkəzinə daxil olmadan dolama
yol ilə mənzil başına daha rahat gedə bilirlər. 12
kilometr uzunluğu olan bu dolama yol da biləsuvarlı yol
işçilərinin zəhmətidir. Yol işçiləri
rayonun Xırmandalı, Bəydili, Əliabad, Bağbanlar, Dərvişli
kəndlərində də xeyli təmir-tikinti işləri
aparmışlar.
Biləsuvarın elektrik
təsərrüfatında təmir-bərpa işləri
genişləndirilmiş, 70 ədəd elektrik dayağı,
daha 72 ədəd dəmir konstruksiyalı dayaq
quraşdırılmışdır. Əhalinin təbii qazla
daha intensiv təmin edilməsi də yaddan
çıxmamışdır. Qaz xətlərinin çəkilişi
davam etdirilmiş, Yuxarı Cürəli, Təzəkənd,
Ovçudərə kəndlərində
daşıyıcı və paylayıcı qaz xətlərinin
təmir-bərpa işləri başa
çatdırılmışdır. Sakinlərin telefon-rabitə
xidmətləri də xeyli
yaxşılaşdırılmışdır. Rayonun 8 kəndində
müasir telefon qurğuları
quraşdırılmışdır.
... İndi qışın oğlan
çağıdır, çöl-bayırda bir qədər
sakitlikdir. Bir azdan yaz tarla işləri başlanacaq. İndi
kimsəsiz görünən əkin sahələri insanların
nəfəsindən isinəcək. Biləsuvarlılar
torpaqdan çıxardıqları ruzilərini daha bol əldə
etmək üçün günəş doğmamış
sahələrə tələsəcəklər. Beləcə
həyat davam edəcək.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 13 yanvar.- S. 7.