Ordu quruculuğu insan amili

 

Analitik xarakter daşıyan, ancaq heç bir elmi və praktik mahiyyəti olmayan ötəri şərhlər cəmiyyətdə Silahlı Qüvvələrimiz haqqında qeyri-obyektiv münasibət formalaşdırır. Halbuki son illər ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahat və dəyişikliklər əldə olunan uğurların dinamikasını xeyli artırmış, Azərbaycan Silahlı Qüvvələrinin simasını kökündən dəyişmişdir. Bir vaxtlar ayrı-ayrı adamların şəxsi maraqlarına, siyasi ambisiyalarına xidmət edən başıpozuq, nizamsız silahlı dəstələrdən bu gün əsər-əlamət belə qalmayıb. Bu dəstələrin qısa zaman kəsiyində vahid bir mərkəzdə birləşdirilməsi, insanlarımızın əqli və fiziki imkanlarının ümumi mənafeyimizdən irəli gələn məsələlərə yönəldilməsi, heç şübhəsiz, ümummilli liderimiz Heydər Əliyevin parlaq zəkasının, siyasi uzaqgörənliyinin təntənəsi və təbii nəticəsi idi.

 

Bununla belə, elm və texnikanın inkişafı, müasir informasiya texnologiyalarının tətbiqi həyatımızın bir sıra mühüm sahələrinə, xüsusilə insan faktoruna yeni yanaşma tərzinin formalaşdırılmasını zəruriləşdirib. İctimai həyatın ayrı-ayrı sahələrində cəmiyyətin obyektiv inkişaf qanunlarına müvafiq olaraq müxtəlif praktik məsələlərin ortaya çıxması, əlbəttə, ciddi elmi araşdırmalar tələb edir. Ancaq elmi araşdırmaların aparılması vaxt baxımından səmərəsiz olduğundan, cəmiyyətin maddi və mənəvi həyatının hər hansı bir cəhətini daha da təkmilləşdirmək üçün tətbiqi psixoloji tədqiqatların aparılması daha münasib və məqsədəuyğundur.

İnsan amilinin gücləndirilməsi istiqamətində psixologiya elminin müstəsna əhəmiyyəti haqqında uzun-uzadı danışmağa dəyməz. Unutmaq olmaz ki, insan amili dedikdə ilk növbədə insana xas sosial-psixoloji, psixoloji və psixofizioloji xassələrin geniş dairəsi nəzərdə tutulur. Bu xassələr insanların konkret fəaliyyətində müxtəlif dərəcədə təzahür edir, onun səmərə və keyfiyyətinə təsir göstərir. Burada insanın təlabat və maraqları, davranış motivləri, qabiliyyəti, yaradıcılıq imkanları, intellekt və emosiyaları, iradəsi və xarakteri, sosial yönümü və s. mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Silahlı Qüvvələrimizi xarakterlərin ensiklopediyası adlandırmış və müvafiq yöndə meydana çıxan bir sıra problemləri bu ensiklopediyanın rəngarəngliyi və zənginliyilə əlaqələndirmişdik. Məsələ burasındadır ki, şəxsiyyətin formalaşmasında ən üstün mövqeyi həyatda qazanılan keyfiyyətlər təşkil edir. Ali insani keyfiyyətlərin təşəkkülü isə ilk növbədə tərbiyə və özünütərbiyədən başlayır. Nəzərə alsaq ki, hər bir çağırışçının xidmət dövründə özünü necə aparması onun xidmətəqədərki həyatında aldığı tərbiyədən çox asılıdır, burada mülki həyatda qazanılmış və bərkimiş cəhətlərə sonrakı təsirlər heç də həmişə istənilən effekti vermir.

Təəssüf ki, bugünkü həyatımızda yeni yetişən gənc nəslin təlim-tərbiyəsi işində sonradan müxtəlif fasadlara gətirib çıxaran kifayət qədər boşluqlar var və bu boşluqların acı nəticələrini biz həyatımızın bütün sahələrində, o cümlədən ordu quruculuğu işində görürük. Bazar iqtisadiyyatı dövründə xüsusilə hərbi vətənpərvərlik tərbiyəsinin ikinci plana keçməsi müstəqil həyata qədəm qoyan gənclərin cəmiyyətə, Vətənə və dövlətə yararlı bir insan kimi formalaşması kimi mühüm bir sahədə ciddi problemlər yaradır. Bu problemlərin əsas bazası, bir qayda olaraq, uşaqlıq və yeniyetməlik dövründə formalaşır və sonradan ümumi həyatın gedişini və ritmini pozur. Belə adamlar üçün yaxın keçmişin effekti sonrakı dövrlərdə qazanılmış tərbiyənin effektindən daha güclü olur. Ümumiyyətlə, psixika reflektor xarakter daşıyır. Yəni, obyektiv aləmin subyektiv inikası kimi xarakterizə olunur; başqa sözlə desək, psixika beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gəlir. Burada fərdin daxili rahatlığı, dünyagörüşü və ümumi həyati təsəvvür və bilikləri az qala hər addımda öz sözünü deyir. Təsadüfi deyil ki, Nəsirəddin Tusi insan kamilliyi üçün fikir, əql, şüur və iradənin ahəngdarlığını zəruri sayır və insan xarakterinin iradi və ixtiyari aşılama, yəni tərbiyəvi təsirlər yolu ilə dəyişildiyini iddia edirdi.

Doğrudan da, fərdi şüurun formalaşmasında ictimai münasibətlər müəyyənedici rol oynayır. Bu mənada bizi əhatə edən mühit də cəmiyyət üçün yararlı insanların yetişməsində, xüsusilə tələb və təklif arasında tarazlığın yaradılmasında müəyyən məsuliyyət daşıyır. Ən azı ona görə ki, milli əməllər, milli iradə yalnız bir şəxsin düşüncəsindən deyil, bütün millət fərdlərinin arzu və əməllərinin məcmusundan ibarətdir. Tədqiqatçı alimlərin fikrincə, millətin öz gələcəyinə ümid və inamı onun təbii sərvətləri, yaratdığı maddi-texniki baza, qazandığı mədəni-əxlaqi səviyyə qədər zəruridir. Bu mənada elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, mətbuat və idman kimi ictimai məna kəsb edən sahələri bazar münasibətləri iqtisadi sisteminin sərt meyarlarından qorumaq, real imkanları ilk növbədə insan kapitalının formalaşmasına yönəltmək son dərəcə aktual məsələlərdəndir. Ölkənin təbii sərvətləri, iqtisadi resursları, ümumi daxili məhsulun həcmi və artım templəri nə qədər vacib və əhəmiyyətli olsa da, nisbətən daha aşağı makroiqtisadi göstəricilər bazasında insan amilinə qayğı, bəşəri əxlaqi mənəviyyat, milli mənəvi dəyərlərə həqiqi hörmət və ehtiram formalaşdırmaqla daha ciddi sosial-iqtisadi uğurlar qazanmaq olar.

Təəssüf ki, müasir insanın psixoloji hazırlığının kifayət qədər olmaması onun qarşısında dayanan ən ciddi problemlərdəndir. Ümumiyyətlə, mütəxəssislərin fikrincə, insan problemi təkcə XX yüzilliyin deyil, XXI əsrin də ən qlobal problemi olaraq qalır. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, insan münasibətləri yalnız peşə bacarığı ilə məhdudlaşmır. Burada onun özünə, xidməti işinə və ətrafdakılara münasibəti də vacib amillərdən sayılır. Psixoloqlar hər bir insanın həyatdakı rolunu obrazlı şəkildə Arximed linginə bənzədirlər. Bu linglə ictimai praktikanın hər bir sahəsində insan psixologiyası ilə bağlı olan bütün mürəkkəb mexanizmləri hərəkətə gətirmək mümkündür.

Müasir dövrdə psixologiya elminin statusu ictimai praktikanın hər sahəsində özünü təsdiq edir. Yeni yetişən gənc nəslin ümumi bilikləri ilə yanaşı, psixoloji hazırlığına da kompleks şəkildə yanaşılmalıdır. Ən azı ona görə ki, xalq yazıçısı İsa Hüseynovun təbirincə desək, savadsızlıq qaranlıq yaradır; qaranlıqdan qorxu törəyir; qorxu isə insanı qula çevirir. Müharibə şəraitində yaşayan Azərbaycan üçün aktuallığını nəzərə alaraq daha bir müdrik kəlamı da xatırlamaq yerinə düşər: "İnsanın kifayət qədər ağlı olmalıdır ki, öz düşmənlərinə nifrət edə bilsin". Ümumiyyətlə, psixoloji proseslərin gedişində və insan davranışlarında biliklər həlledici rol oynayır. Unutmaq olmaz ki, hər bir fərdin davranışı onun hərəkətlərinin ən yaxşı tərcüməçisidir. Yəni, insanın öz dilinə, tarixinə, milli adət-ənənələrinə dərindən bələd olması son dərəcə vacibdir. Hegel alman xalqını arxivarus xalq adlandırır və bu haqda həmişə xüsusi bir qürur hissilə danışırdı: "Milli tarixinə bələd olan xalq özünü yaxşı dərk edir, özünü və öz mövqeyini düzgün qiymətləndirir. Yuxarıda sadalanan cəhətlər, həm də insanın fərdi azadlığını şərtləndirən amillərdəndir. Özünü azad hiss etməyən insandan yaxşı vətəndaş, intizamlı əsgər, nümunəvi ailə başçısı ola bilməz". Təsadüfi deyil ki, Sokrat öz qeydlərindən birində yazırdı: "Tabe olmaq üçün özünü azad hiss etməlisən". Ancaq bununla yanaşı, azadlığa həmişə malik olmaq üçün ona bir hədd də qoyulmalıdır. İnsan öz istək və arzularını yalnız qəbul olunmuş etik və hüquqi normalar çərçivəsində reallaşdıra bilər. Burada hər şeyin onun ürəyincə olması, təbii ki, qeyri-mümkündür. Buna görə də şagirdləri hələ məktəb partası arxasında əyləşərkən müstəqil həyata ciddi hazırlamaq lazımdır. O bilməlidir ki, gələcəkdə qarşısına çıxacaq çətinlikləri yalnız şəxsi ləyaqəti, savadı və iradəsi hesabına dəf etməlidir. Təəssüf ki, bu mühüm və əhəmiyyətli məsələ orta təhsil müəssisələrində unudulmuş bir sahəyə çevrilməkdədir.

Doğrudan da, didaktogenik hallarda, yəni düzgün pedaqoji yanaşma olmadıqda şagirdlərdə əmələ gələn neqativ təzahürlər - əsəbilik, qorxu, frustrasiya- həyəcan sonda özünəinamsızlıq kimi hisslər yaradır. Nəticədə fleqmatik xarakterli insanlar formalaşır. Bu tip adamlar üçün zəif psixi aktivlik, sifət cizgilərinin ifadəsizliyi, etinasızlıq xarakterikdir. Belələri bir mühitdən digərinə düşərkən xeyli əziyyət çəkir, yerlərdəki qayda-qanunlara öyrəşə bilmir, ətalətdə olur, müxtəlif tip fobiyalara, yəni qoxu simptomlarına tutulurlar.

Belə hallar 18 yaşına çatmış gənclərdə, xüsusilə həqiqi hərbi xidmətə çağırış zamanı, sərt nizamnamə qaydalarının hökm sürdüyü ordu həyatının ilkin mərhələsində daha tez üzə çıxır. Bu, təqribən gücdən düşmüş bir bədəni xatırladır. İmmun sistemi zəiflədikcə, bədənin də müqaviməti azalır və nəticədə nisbətən zədəli orqanlardakı xəstəliklər dərhal baş qaldırmağa, obrazlı desək, özünü göstərməyə, meydan sulamağa başlayır. Doğrusu, belə hallarda yerlərdəki komandirlərin işi xeyli ağırlaşır. Ən azı ona görə ki, bu, sırf psixologiya ilə bağlı bir məsələdir. Burada hər bir komandirdən öz peşəsinin ən incə sirlərinə yiyələnmiş peşəkar hərbçidən çox, bacarıqlı psixoloq rolunu oynamaq tələb olunur. Hansı ki, müvafiq sahədə qazanılmış ən yeni elmi araşdırmalara yiyələnməkdən ötrü, əlbəttə, kifayət qədər vaxt lazımdır.

Beləliklə, dərin sarsıntı içində çırpınan və çox asanlıqla depressiyaya məruz qalan insanın psixikası mövcud şəraitdə, bir növ, idarəolunmaz vəziyyətə düşür. Mərkəzi sinir sisteminin fəaliyyəti pozulur. Tənhalıq, ətraf mühiti hiss etməmək, yan-yörəsindəki adamların ən adi hərəkətini kəskin reaksiyalarla qarşılamaq, hər şeydən hürkmək və xoflanmaq, ən bəsit həyat epizodunu çıxılmaz vəziyyət kimi qiymətləndirmək və s. və i. Bütün bunlar daxildən sanki həlli mümkünsüz bir problem təsiri bağışlayır və qısa zaman kəsiyində asanlıqla adi həyat normasına çevrilir.

Katarsis - əzablı hisslərdən azad olma meyilləri də məhz bu zaman yaranır və əksər məqamlarda ağır faciələrlə nəticələnir. Etiraf etməliyik ki, Silahlı Qüvvələrdə indiyədək qeydə alınan, ağır fəsadlara gətirib çıxarmış neqativ hadisələrin böyük əksəriyyəti məhz bu kimi meyillərdən qaynaqlanır. Belədə, obrazlı desək, gizlənmiş həqiqət müqavimətə rast gəlmədən ustalıqla yalana çevrilir. Yəni bütün günah ordu mənsublarının üzərinə atılır. Əslində isə baş vermiş hadisənin əsl günahkarlarını ordu sıralarında deyil, tamamilə başqa düşərgələrdə - ailədə, məktəbdə, bir sözlə, orduyaqədərki mühitdə axtarmaq və tapmaq lazımdır.

Bizi əhatə edən ətraf mühit fərdin psixoloji təlabatlarına normal cavab verməyəndə, şəxsin xarakterində anomal təzahürlər meydana çıxır. Yəni sağlam qidalanma insanın normal inkişafı üçün nə qədər zəruridirsə, sağlam psixoloji ab-havanın mövcudluğu da bir o qədər vacibdir. Çünki psixikanın ən yüksək səviyyəsini şüur təşkil edir. O fərdin həyat yolunu, tərbiyəsinin xüsusiyyətlərini, nəhayət, ona olan müxtəlif ideoloji və siyasi təsirləri ifadə edir. Unutmaq olmaz ki, fərdi şüur makro və mikro mühitin - ailənin, dostların, tanışların və şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana çıxır. Buna elmdə güzəran psixologiyası deyilir. İnsanlarda öz həyat təcrübəsində, adamlarla ünsiyyət şəraitində əmələ gələn psixoloji biliklər öz mənbəyini ictimai və şəxsi təcrübədən götürür. Bu biliklər fərdin gündəlik həyatında özünəməxsus rol oynayır. Bu səbəbdən də Silahlı Qüvvələrimizdə baş verən hər hansı bir xoşagəlməz hadisəyə görə ordu rəhbərliyini qınayanlar qərar çıxarmağa, ittiham etməyə tələsməməlidirlər.

Məsələ burasındadır ki, hərbi xidmətə çağırılan 18 yaşlı gənc Silahlı Qüvvələrimizin sıralarına daxil olarkən artıq müəyyən qədər bərkimiş bir sıra xarakterik cəhətlərə yiyələnmiş olur və söhbət də elə məhz bu cəhətlərin mahiyyətindən gedir. Unutmaq olmaz ki, insan problemi, həm ideoloji mübarizə problemidir. Yəni digər sahələrdə olduğu kimi, ordu quruculuğu işində psixoloji biliklərin mənimsənilməsinin strateji əhəmiyyəti vardır. Ən azı ona görə ki, müəllim kimi komandir istənilən nəticəni əldə etmək üçün əvvəlcə tabeliyindəkilərin xüsusiyyətlərini öyrənməli onları daim nəzarət altında saxlamalıdır. Axı psixi hadisələr cərəyan etdikləri konkret şəraitdən asılı olaraq müxtəlif formalarda təzahür edir. Onu da nəzərə almaq lazımdır ki, psixoloji biliklər insan xarakteri qədər zəngin rəngarəngdir. "Psixologiya fizikadan da çətin elm imiş". Bu sözləri Albert Eynşteyn Raijenin uşaqlarda idrak proseslərinin təşəkkülünü əks etdirən məşhur əsərlərinin əlyazmasını oxuduqdan sonra demişdi. Doğrudan da, insanı öyrənmək çox çətindir. Fizikanın Nyutonu olsa da, psixologiya elminin Nyutonu yoxdur.

Bununla belə, müasir dövrdə psixologiya elmi ilə bağlı kifayət qədər uğurlu nəticələr əldə edilib. Bu nəticələrlə ümumi tanışlıq üçün cəmiyyətdə, xüsusilə də, gənclər arasında maariflənmə işini yeni metod və üsullardan bəhrələnməklə gücləndirmək vacibdir. Təəssüf ki, bu sahəyə kifayət qədər diqqət göstərilmir. Əslində isə psixologiya elminin ikinci plana keçməsi həyatımızın bütün mərhələlərində bizə və ətrafımızdakılara öz mənfi təsirini göstərir. Adicə bir fakta diqqət yetirək: təkcə paytaxt məktəblərində hər 100-150 nəfərə bir psixoloq mütəxəssisin düşməli olduğu halda, indi bu ümumtəhsil ocaqlarında hər 1000-1500 şagirdə bir psixoloq belə tapmaq çətindir. Psixoloq ştatlarının bir qismi ya vakantdır, ya da bu vəzifələrə qeyri-ixtisas sahibləri təyin olunublar. Halbuki yeniyetmə və gənclər məhz bu yaş dövrlərində, xarakterlərinin hələ tam formalaşmadığı və çox asanlıqla bir şəkildən digərinə düşdüyü bir vaxtda kənar psixi təsirlərdən daha çox əziyyət çəkir, daha tez hissə qapılır və depressiyaya düşürlər. Onu da nəzərə almaq lazımdır ki, bu gənclərin tam böyuk əksəriyyəti (söhbət, əlbəttə, oğlan uşaqlarından gedir) orta məktəbi bitirdikdən, demək olar ki, dərhal sonra həqiqi hərbi xidmətə çağırılırlar. Bu da sonda zəncirvari reaksiyaların təbii nəticəsi kimi, artıq konkret qayda-qanunların, nizamnamə tələblərinin tətbiq olunduğu, hüquq və azadlıqların qanunda nəzərdə tutulmuş çərçivədə məhdudlaşdırıldığı bir məkanda, yəni ordu sıralarında konkret problemlərin meydana çıxmasına rəvac verir və törədilmiş, yaxud baş vermiş hər hansı cinayət əməlinə görə bütün məsuliyyət hadisələrin əsl mahiyyətinə varılmadan ordu mənsublarının üzərinə atılır.

Resselin fikrincə, hər bir insanın davranış fəaliyyətində "şəxsi tənlik" mövcuddur. Psixoloqlar bunu şəxsiyyətin xarakterində qəfildən özünü göstərən bəzi qeyri-müəyyənliklərlə əlaqələndirirlər. Bu "tənliyin" həllini tapmaq, hələ ki, psixologiya elminə müyəssər olmayıb. Bununla belə, müvafiq yöndə kifayət qədər istiqamətverici mötəbər mənbələr mövcuddur. Bu mənbələri axtarıb tapmaq və gündəlik həyatımızda tətbiq etmək günümüzün ən aktual məsələlərindəndir. Çünki insan psixologiyası haqqında elmi biliklər mənimsəmədən nə cəmiyyət, nə də Silahlı Qüvvələrimiz inkişaf edə bilməz.

Ziqmund Freyd yazırdı: "İnsan öz mühiti ilə daim müharibə şəraitində olur. İntellekt bu meyilləri başqalarından gizlətmək üçün bir aparatdır". Təsadüfi deyil ki, cinayət və cəza bir budaqda boy atır. Məhz buna görə də ətrafdakıların ən böyük vəzifəsi insanın üsyankar ruhunu və bu ruhda gizlənmiş enerjini cəmiyyətin, dövlətin və xalqın rifahı naminə həyata keçirilən ümummilli dəyərlərin təntənəsinə yönəltməkdir. Bundan ötrü geniş maariflənmə işlərinin aparılması vəziyyətdən yeganə çıxış yolunu şərtləndirən ən mühüm məsələdir. Bu məsələdə hamımız bir ideoloji mərkəzdə sıx birləşməli, bütün intellektual imkanlarımızı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ən etibarlı qarantı olan Silahlı Qüvvələrimizin bundan sonrakı inkişafına yönəltməliyik.

 

 

İbrahim RÜSTƏMOV

 

Ədalət.- 2011.- 14 yanvar.- S. 5.