Mirzə Babayev: "Mən yaşayacağam"

 

"Mən yaşayacağam. Niyə? Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən nənəm kimi 130 il yaşayacağam". Bu sözləri xalq artisti Mirzə Babayev deyirdi. Amma təəssüf ki, özünün istədiyi kimi yox, Allahın yazdığı ömrü 90 ili yaşadı. Səhnəmizin Mirzə dayısı kimi sevilən, xalqın qəlbində şən, məlahətli səsi ilə yadda qalan Mirzə Babayevin ölümündən 8 il keçir. 2003-cü ilin qışında dünyaya "əlvida" deyən Mirzə dayının mahnıları daim qəlblərdə, ürəklərdə yaşayır.

Ömrünün sonuna qədər daim səhnələrdə, tamaşaçıları arasında olan Mirzə Babayevi indi onun nəğmələri, ifa etdiyi neçə-neçə obrazları yaşadır. Artıq 8 ildir Mirzə dayının zarafatla, gülüşlə dolu söz-söhbətini, ifalarını yalnız lent yazılarından izləyə bilirik. Azərbaycan bəstəkarlarının 500-dən artıq mahnısı onun ifasında əbədi dinləyici məhəbbəti qazanıb. "Liman", "Saçlarına gül düzüm", "Sən uzaq yaşıl ada", "Kəpənək" və s. kimi oxuduğu nəğmələr hər zaman dinləyicilərinə nikbin ruh, gənclik həvəsi bəxş edir. Bəlkə də ondandır ki, bu gün onun yoxluğuna inanmaq çətindir.

Mirzə dayının istedadı incəsənətin bir çox sahələrini özündə birləşdirir. Müğənni, aktyor, rəssam və memar Mirzə Babayev. O, neçə-neçə milli filmlərimizdə səsi və ifası ilə kino tariximizin qızıl səhifələrini yazıb. "Onu bağışlamaq olarmı?" filmində Tərlanın, "O olmasın, bu olsun"da Məşədi İbadın bütün mahnılarının ifaçısı Mirzə Babayevdir. İfası ilə bərabər, elə yaratdığı obrazların da özünəməxsus gözəlliyi var. "Dərviş Məstəli Şah", "Dəli kür", "Qorxma mən səninləyəm", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" kimi filmlər də daxil olmaqla 20-ə qədər ekran əsərində rol alıb. Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti, iki dəfə "Humay" mükafatı laureatı olub. 2003-ci il yanvarın 13-də vəfat edib.

 

 

Ədalət.- 2011.- 14 yanvar.- S. 8.