Əldən çıxan Konqres

 

O, indi ermənilərə həqiqi yerini göstərməlidir

 

ABŞ Konqresinin Nümayəndələr Palatası yenidən formalaşmaqla həm də ermənipəst spiker Nensi Pelossidən xilas olub. Respublikaçılar Partiyasının rəhbərliyində fəaliyyətə başlaması ilə Palatanın mühüm addımlar atmaqda maraqlı göründüyü hiss olunmaqdadır. Belə ki, "The New York Post"un verdiyi məlumata görə ABŞ-ın tanınmış politoloqu, Avrasiya məsələləri üzrə ekspert Cim Nikol Birləşmiş Ştatların Konqresinin yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması məsələsinin müzakirəsinə başlayacağını deyib.

 

ABŞ Konqresinin Tədqiqatlar Xidmətinin məruzəsində bu fikir vurğulanır. Konqresmenlər və Konqresin müxtəlif komitə üzvləri üçün hazırlanmış sənəddə bildirilir ki, ABŞ Konqresinin 112-ci çağırışının ilk iclasında Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması yolları, Azərbaycanın enerji sektorunun inkişafı və s. məsələlər müzakirəyə çıxarılacaq.

Amma bu məsələ erməniləri dərhal narahat etməyə başlayıb və onlar mümkün müzakirələr faktından əndişələndiklərini büruzə verməyə gecikməyiblər.

"ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini müqayisə etsə belə yalnız Birləşmiş Ştatların dövlət büdcəsi və Qarabağa maliyyə yardımları ilə birlikdə nəzərdən keçirəcək". Bunu "Regnum"a açıqlamasında Erməni İnqilabi Federasiyası-Daşnaksütyunun Yerevan bürosunun rəhbəri, "Hay Dat" ("Erməni məsələsi") təşkilatının Ermənistan ofisinin sədri Kiro Manoyan deyib. Onun dediyinə görə, ABŞ Konqresinin 112-ci çağırışının ilk iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yollarının gündəmə gətirilməsi ehtimalı çox deyil: "Əgər Cim Nikol bunu bəyan edibsə, həmin açıqlama məsələnin Konqresin gündəliyində durduğuna dəlalət etmir".

Manoyan hesab edir ki, Konqresdə Dağlıq Qarabağa yardım məsələsi müzakirə olunanda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması problematikasının da gündəmə gətirilməsi şərt deyil.

Qeyd edək ki, ermənilərdən fərqli olaraq ABŞ konqresmenlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirəyə çıxaracaqları ilə bağlı məlumatı müsbət qarşılayırlar. Şübhəsiz, bu məsələ ətrafında təhlillər aparan siyasətçilər, ekspertlər və müşahidəçilərin fikirlərinin tamamilə üst-üstə düşməsini iddia etmək də mümkün deyil.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu hesab edir ki, ABŞ Konqresinin 112-ci çağırışının ilk iclasında Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması məsələsinin gündəmə gətirilməsi və müzakirəsi ehtimalı heç də az deyil: "Dağlıq Qarabağ münaqişəsi və Azərabycan ərazilərinin bir hissəsinin erməni işğalında olması problematikası Birləşmiş Ştatların Cənubi Qafqaz regionu ilə bağlı geosiyasi planlarının həyata keçirilməsində real maneə rolunu oynayır. Buna görə də Konqresin həmin problemlərin həllini sürətləndirməyə çalışacağı şübhə doğurmur. Ermənilərin iddialarına gəldikdə isə, onların son vaxtlarda yenidən fəallaşması anlaşılandır. Qondarma "erməni soyqırımı"nın ABŞ tərəfindən rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinin Konqresin müzakirəsinə çıxarılmaması və rəsmi Vaşinqtonun son açıqlamaları erməniləri xeyli narahat və pərişan edib". Onun sözlərinə görə ABŞ Konqresinin atdığı addımlar Ağ Evin Cənubi Qafqazla bağlı siyasətinin hansısa qüvvələr və ya lobbilər vasitəsilə müəyyənləşdirilməsi ilə bağlı yanlış iddiaların da nə qədər puç olduğunu göstərdi: "Konqresdə Dağlıq Qarabağla bağlı müzakirələr olarsa, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimə yönəlik sərt məqamların yer alacağı qətnamə, yaxud da bəyanat ola bilər. ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımları məsələsi də erməniləri sevindirməsin, çünki ən yaxşı halda amerikalı konqresmenlər qarabağlı ermənilərə yardımları əvvəlki səviyyədə saxlayasıdır".

Rusiya Siyasi Elmlər Akademiyasının şöbə müdiri, Cənubi Qafqazdakı münaqişələr üzrə ekspert Sergey Rıbolovlev isə deyib ki, Amerika Konqresində Dağlıq Qarabağ münaqişəsinin müzakirələri ehtimalı ermənilərə yaxşı heç nə vəd etmir: "Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı ermənilər anlayırlar ki, amerikalıların səbri tükənməkdədir. Bu, ABŞ-ın Azərbaycana olan xüsusi münasibətləri yox, münaqişənin Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarına zərər vurması ilə bağlıdır. Amerikalılar stabil və sakit Cənubi Qafqazda maraqlı olmaqla yanaşı, təbii ki, öz mənafelərini təmin etməyə çalışırlar". Ona görə də də siyasi təhlilçi erməniləri əvvəlki illərdən fərqli şəraitin gözlədiyini istisna etmir: "Bütün bunları təhlildən keçirdikdən sonra erməniləri yeni, bu dəfə çox çətin sınaq dövrünün gözlədiyini düşünürəm", - S.Rıbolovlev söylədi.

  

 

Gültəkin

 

Ədalət.- 2011.- 13 yanvar.- S. 5.