PROBLEM MÜZAKİRƏ
MÖVZUSUDU
Ancaq həlli yolları hələ də konkretləşməyib
Azərbaycan cəmiyyəti müstəqillik əldə
etdikdən sonra özünün siyasi və psixoloji durumuna
görə həmişə diqqət mərkəzində
olub. İlk öncə ona görə ki, bu cəmiyyət
azadlığı, müstəqilliyi həzm eləmək
üçün təbii olaraq müəyyən prosedurlardan
keçməyə məhkumdur. Deməli, bu da öz növbəsində
ardıcıllıq baxımından müəyyən suallar
doğurur və müəyyən problemləri də ortaya
çıxarır. Təkcə Dağlıq Qarabağ
problemi ilə bağlı cəmiyyətin üzləşdiyi
suallar özü-özlüyündə saysız-hesabsız
münasibətlər, rəylər, baxışlar ortaya qoyur.
Deməli sonda bu da cavabı bəlli olan və olmayan növbəti
suallara zəmin yaradıbdı. Təəssüf ki, cəmiyyətimiz
ən böyük problemi və sualı olan Dağlıq
Qarabağ məsələsindən başqa həm özü
özü üçün, həm də ətraf onun
özü üçün davamlı suallar yaradaraq birmənalı
olaraq bu cəmiyyətin yolundan sapdırmağa, müxtəlif
səmtlərə yönəltməyə
çalışıbdı.
Bu gün Azərbaycan cəmiyyətinin
bir nömrəli problemi olan Dağlıq Qarabağın
taleyi, onun sabaha açılan qapısı və ən vacibi
isə məsələnin çözümü təkcə
ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə
çoxlu sayda suallar yaradır. Bu sualların hər biri də
istər-istəməz müxtəlif prizmalardan səslənən
cavabları təbii ki, ya həzm edir, ya da ona alternativ suallar
ortaya qoyur.
Hamımız
yaxşı bilirik ki, Dağlıq Qarabağ problemi yaranan
gündən onun həlli və çözümünün
harda gerçəkləşəcəyi
barədə konkret fikirlər səslənir. Siyasi
düşüncəsindən və bütövlükdə məsələyə
baxışından asılı olmayaraq, əksər insanlar
Dağlıq Qarabağın açarının Moskvada
olduğunu dəfələrlə vurğulayıblar. Təəssüf
ki, Moskva hələlik bu açarı nə bizə, nə
ümumiyyətlə problemi çözmək istəyən
heç kimə vermir. Doğrudur, son günlər mətbuatda
belə bir informasiya daha geniş yayılıb və həmin
informasiyaya görə işğal olunmuş 5 rayonun geri
qaytarılması üçün Azərbaycan tərəfinin
qısamüddətli və uğurlu hərbi əməliyyatlarına
Moskva razılıq verib. Bu məntiq mənim üçün
anlaşılmaz olsa da, amma Qarabağın
açarının Kremildə olması ilə bağlı
fikrə istinad edərək mən də hardasa
razılaşmağa məcburam. Ancaq bir halda ki, deyilənlər
reallığı əks elətdirmiş olsun.
Politoloqlar iddia edirlər
ki, 5 rayonun qaytarılmasından sonra Azərbaycana Rusiya
sülhməramlıları gələcəkdir. Sərhəd
bölgələrində yerləşdiriləcək bu
sülhməramlılar guya regionda sabitliyi qoruyacaqlar. Bu məsələyə
müxtəlif münasibətlər var, amma indiki halda mənim
üçün daha diqqəti çəkən Amerikada
baş verənlərdi. Belə ki, son günlərin
informasiyalarına görə ABŞ Konqresi özünün
növbəti iclaslarının birində Qarabağ problemini
müzakirə etməyi düşünür. Məsələyə
münasibət bildirən millət vəkili, partiya sədri
Asim Mollazadə mətbuata bildirir ki, "Azərbaycan ABŞ üçün önəmli
ölkədir. ABŞ-ın ölkəmizə böyük
maraqları var. İnanıram ki, ABŞ öz
maraqlarını erməni lobbisinin maraqlarından üstün
tutacaq. Konqresdə Qarabağla bağlı dinləmələr
keçiriləcəyini və ədalətli qətnamənin,
sənədin qəbuluna inanıram".
Bunun ardınca məsələni
şərh edən Asim bəy onu da vurğulayıb ki : "Ermənistan həmişə
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı aparılan müzakirələrin əleyhinə
olub. Hər zaman bu tip məsələlərdən
qaçmağa üstünlük verib. Çünki Ermənistan
yaxşı anlayır ki, bu dövlət
işğalçıdı və Qarabağ
danışıqlarından qeyri-konstruktiv mövqe sərgiləmək
münaqişənin sülh yolu ilə həllinə
maraqlı olmadığını göstərməklə
işğalçılıq siyasətini davam etdirir".
Deməli, bütün bunlar onu göstərir ki, gerçəkliyə,
demokratiyaya üstünlük verən ABŞ yəni
demokratiyanın beşiyi Qarabağ məsələsini konqresdə
çözməyə nail olacaq.
Oxucuların və
ictimayyətin ekspert kimi yaxşı tanıdığı Ərəstun
Oruclu isə bu məsələ ilə bağlı bildirir ki, "Dağlıq Qarabağ
münaqişəsi və Azərbaycan ərazisinin erməni
işğalında olması Birləşmiş
Ştatların regionda həyata keçirtdiyi geosiyasi
planların real maniyəsidir. ABŞ bu maniyələrdən
qurtulmaq üçün həmin problemin həllinə
çalışır və onun həllinin sürətlənməsində
israrlıdır".
Bütün bunlar onu
göstərir ki, bu gün Dağlıq Qarabağ problemini,
bütövlükdə Cənubi Qafqazdakı məsələlər
gündəmdədir. Ancaq ikinci bir məsələ də var
ki, gündəmdə olan bu məsələlər hələ
də ancaq müzakirə, diskusiya mövzusudur. Onun həlli isə
növbə gözləyir, amma nə vaxta qədər? Bax
bunun cavabını tapmaq özü də bir qoçaqlıqdır.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 14 yanvar.- S. 4.