Nizami Cəfərov: "Soyad sonluqları haqqında qanun qəbul oluna ya ölkə prezidenti bu barədə sərəncam verə bilər"

 

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki adlar və soyadlarla bağlı xüsusi komissiyanın soyad sonluqları haqqında qərarı hələlik tövsiyə xarakteri daşıyır, bir növ akademik qərardır. Ədliyyə Nazirliyində, Prezident Administrasiyasında və Milli Məclisdə məsələnin hüquqi həlli üzərində mütəxəssislər işləyəcək". Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. Komitə sədri bildirib ki, Adlar və soyadlarla bağlı xüsusi komissiya soyad sonluqları məsələsi üzərində bir ildən çox işləyib. N.Cəfərovun sözlərinə görə, soyad sonluqları haqqında qanun qəbul edilərsə, yeni soyadlardan istifadə məcburi olacaq: "Hazırda bu soyadları daşıyan şəxslər üçün yeni soyadlar məcburi deyil, yeni doğulmuşlar üçün isə bu proses məcburi olacaq".

Komitə sədri AMEA-nın qərarında əks olunan soyad sonluqları ilə əsasən razı olduğunu bildirib: "Məsələnin hüquqi tərəfi müəyyənləşəndə yəqin ki, mübahisəli məqamlara bir də baxılacaq. Ən mübahisəli məqam -zadə sonluğu ilə bağlı idi. Lakin indi bu sonluğu da qərara daxil ediblər. Azərbaycanda Şıxlinski, Naxçıvanski, Bakıxanov kimi elə soyadlar var ki, onların varisləri bu soyadları saxlamaq istəyəcəklər. Mənə elə gəlir ki, bu soyadları saxlamaq imkanı olacaq. Mən -qızı sonluğunun əleyhinəyəm. Çünki uşağa verilən -oğlu soyad sonluğu oğul, qız mənasını vermir, sadəcə, soyad sonluğudur. Sabah bu soyadı daşıyan insanın oğlan övladına bu soyad necə ötürüləcək? Amma qız uşaqlarının -oğlu soyadını daşıması ənənəsi Azərbaycanda var".

 

 

Ədalət.- 2011.- 14 yanvar.- S. 1.