Əməliyyat müşavirəsi
Ramil Usubov: "Azərbaycan 2010-cu ildə də
asayişin təmininə, cinayətkarlıqla mübarizənin
nəticələrinə görə MDB, eləcə də
Şərqi Avropa məkanında öncül mövqe
tutub"
Azərbaycan Daxili
İşlər Nazirliyinin Çevik Polis Alayında ötən
il ərzində görülmüş işlərin
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş əməliyyat müşavirəsi
keçirilib. APA-nın məlumatına görə, tədbirdə
daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak
edib.
Müşavirədə
çıxış edən R.Usubov bildirib ki, respublikanın
daxili işlər orqanları cinayətkarlıqla mübarizə
və ictimai təhlükəsizliyin təmini sahəsində
ötən ili də yüksək göstəricilərlə
başa vurub: "Ümumilikdə, cinayətlərin, xüsusən
onun ağır növlərinin azalması tendensiyası
hesabat dövründə davam edib. Əvvəlki illərdə
olduğu kimi, 2010-cu ildə də Azərbaycan asayişin təmininə,
cinayətkarlıqla mübarizənin nəticələrinə
görə MDB, eləcə də Şərqi Avropa məkanında
öncül mövqe tutub, əhalinin hər yüz min nəfərinə
düşən cinayətlərin sayının
azlığına görə ölkəmiz ənənəvi
olaraq, üstün mövqelərini qoruyub".
Tədbirdə, həmçinin
qeyd edilib ki, ötən il mütəşəkkil cinayətkarlığa,
onun transmilli növlərinə qarşı aparılan
mübarizə işi də sistemli xarakter daşıyıb. Belə
ki, 2010-cu ildə ümumi cinayətlərin açılma
göstəriciləri yüksək olub, qəsdən adam
öldürmə və adam oğurluqlarının
açılması yaxşılaşıb. Əməliyyat
planlarının vaxtında tətbiqi nəticəsində və
"102" xidməti vasitəsilə, eləcə də
prokurorluq orqanları ilə qarşılıqlı əlaqədə
həyata keçirilən istintaq-əməliyyat tədbirləri
nəticəsində keçmiş illərdən
bağlı qalmış yüzlərlə cinayətin
üstü açılıb. Həmçinin "Təhlükəsiz
şəhər" Xidmətİ tərəfindən video
müşahidə vasitələrinin tətbiqi ilə bir
çox cinayətlərin açılması təmin edilib,
yol hərəkəti qaydaları əleyhinə olan minlərlə
inzibati xəta aşkarlanıb, yol-nəqliyyat qəzaları
müəyyən edilib.
Hesabat dövründə
görülmüş işlər və əldə
olunmuş nəticələr barədə Çevik Polis
Alayının komandiri, polis polkovniki Səhlab Bağırov məruzə
ilə çıxış edib. O qeyd edib ki, 2010-cu ildə
cinayətlərin və digər hüquqpozmaların
qarşısının alınması, ictimai asayişin təmini,
insan hüquq və azadlıqlarının qorunması ilə
bağlı vəzifələrin icrası məqsədyönlü
şəkildə davam etdirilib. Ötən il ÇPA-nın
şəxsi heyəti müxtəlif cinayət törətmiş
1251 nəfərin, o cümlədən zorlamaya görə 4, qəsdən
adam öldürməyə görə 8, quldurluğa görə
17, sağlamlığa ağır zərər vurmaya görə
31, dələduzluğa görə 32, soyğunçuluğa
görə 34, xuliqanlığa görə 253, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə görə 276, oğurluğa
görə 289, habelə axtarışda olan 287 şəxsin
tutulmasında iştirak edib. Eyni zamanda, müxtəlif inzibati
xətalara görə ümumilikdə 14 min 554 nəfər
barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət
tədbirlərinin görülməsi təmin olunub. Patrul
bölükləri tərəfindən 1 avtomat silah, 3
tapança, 3 ov tüfəngi, 5 qumbara, 456 ədəd
döyüş gülləsi aşkar edilərək aidiyyəti
üzrə təhvil verilib.
Müşavirəyə
yekun vuran daxili işlər naziri Ramil Usubov cinayətkarlığa
qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin
təmin edilməsi sahəsində, xüsusən kütləvi
tədbirlər zamanı asayişin mühafizəsində
Çevik Polis Alayının mühüm funksiyaları yerinə
yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli
fəaliyyəti sayəsində cinayətkarlığın
azaldığını, ölkədə sabitliyin, etibarlı
qorunduğunu, belə təhlükəsiz şəraitdən,
əmin-amanlıqdan hər bir kəsin çox
yararlandığını vurğulayıb.
Ədalət.- 2011.- 14 yanvar.- S. 3.