Maliyyə qaynaqları
"Nabucco"ya imkan verəcəkmi?
Avropa
Komissiyasının rəhbəri Joze Manuel Barrozu və enerji məsələləri
üzrə komissar Günter Ettinger artıq Azərbaycanda səfərdədir.
Avropalı qonaqların səfər çərçivəsində
"Nabucco" qaz kəməri ilə bağlı müzakirələr
aparmaları da istisna deyil. Elə bu ərəfədə
İran mətbuatı Rusiyanın baş naziri Vladimir Putinin
"Nabucco"nun reallığa çevrilməsinin
qeyri-mümkün olacağı və buna əsas tranzit
ölkə olaraq Azərbaycanın təbii
ehtiyyatlarının imkan verməyəcəyi ilə bağlı
fikirlərinə böyük yer ayırmaqdadır.
"Azərbaycan qazını da biz alırıq"
İran mediasının
Putinin "Azərbaycan qazını da biz alırıq"
fikrini bir daha gündəmə gətirməsini təsadüfi
saymayan ekspertlər hesab edirlər ki, həm Moskva, həm də
Tehran Azərbaycanı şantaj siyasətindən əl
çəkmək niyyətində deyillər. Digər tərəfdən
də "Nabucco" kəmərinin reallaşmasında
maraqlı olduğunu hər zaman bəyan edən rəsmi
Bakının Rusiya ilə qaz razılaşmasına getməsini
birmənalı qarşılamırlar. Onlara görə,
bununla da Azərbaycan Rusiyanın şantaj siyasətinə yol
açmış olub. Bu fikirləri bölüşməyən
bəzi analitiklərin qənaətincə, rəsmi
Bakının belə bir addım atması şantaj siyasətindən
sığortalanma cəhdidir. Bəs konkret olaraq bu məsələdə
Azərbaycan hakimiyyətinin mövqeyi necədir, bəlkə
iqtidar birdəfəlik bu məsələdə Rusiya ilə
anlaşma əldə edib?
"Biz Avropanın müxtəlif bazarlarına öz
qazımızı ixrac etməyə hazırıq"
Xarici İşlər
Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyir ki, bu məsələdə
hökumətin mövqeyi gizlin deyil. Onun sözlərinə
görə, rəsmi Bakı dəfələrlə layihənin
reallaşmasında hər şeyə hazır olduğunu bəyan
edib: "Dəfələrlə bildirilib ki, biz Avropanın
müxtəlif bazarlarına öz qazımızı ixrac etməyə
hazırıq. O cümlədən də "Nabucco" layihəsi
ilə mavi yanacağın nəqlinə hazır olduğumuz
bildirilib". O ki, qaldı bu layihələrlə nəql
olunacaq Azərbaycan qazının həcminin kifayət edib-etməməsinə
nazirlik rəsmisi deyir ki, bu məsələ də
çatışmazlıq yoxdur: "Azərbaycanın təsdiq
olunmuş qaz ehtiyatlarının kifayət qədərdir. Azərbaycanın
təbii qaz ehtiyatlarının kəmərin
reallaşmasına imkan vermədiyi fikri həqiqəti əks
etdirmir".
Bütün bunları
İranın gündəmə gətirdiyini və Azərbaycanı
şantaj etmək niyyətinin güdüldüyünü
bildirən siyasi təhlilçi Ərəstun Oruclu bu layihənin
Rusiya üçün qeyri-məqbul olduğunu deyir:
"Çünki Rusiya qaz bazarının böyük bir hissəsini
əlində saxlamaqla Avropanı özündən
asılı vəziyyətdə saxlamış olur. Kreml
başa düşür ki, "Nabucco" Avropanı
Rusiyanın qaz monopoliyasından qurtaracaq. Bu baxımdan da Rusiya
hər vasitə ilə onun reallığa çevrilməsinə
mane olmağa çalışır. Türkiyə ilə qaz
sahəsində əməkdaşlığı gücləndirir,
Cənub, Şimal axını kimi layihələr həyata
keçirməyə çalışır. Bununla da Avropa
Birliyi ölkələrinin ayrı-ayrılıqda
maraqlarını qabardarır, həmin maraqları təmin etməklə
onları əməkdaşlığa çəkməyi
planlaşdırır. O cümlədən də layihənin
realığa çevriləcəyini şübhə
altına almaqla, Azəbaycanın qaz ehtiyatlarının kifayət
qədər olmadığını deməklə öz
mövqeyini əsaslandırmağa çalışır, həm
də Azərbaycanı şantaj edir. Putin o dərəcədə
səriştəsiz siyasətçi deyil ki,
"Nabucco"nun təkcə Azərbaycan qazını almaq
üçün nəzərdə tutulmadığını
anlamasın. Bu kəmər həm də Mərkəzi Asiya
ölkələrinin - Qazaxıstan, Türkmənistan və
Özbəkistanın qazının alınmasını nəzərdə
tutur. Üstəlik də gələcəkdə İranın
bu kəmərə qoşulması mümkündür".
"Siz bu işə qol qoymayın, geri çəkilin"
Nəzərə alsaq
ki, Azərbaycan bu məsələdə iştirakçı
dövlət olmaqla yanaşı, həm də tranzit ölkədir
onda Rusiyanın şantaj siyasətinin pərdəarxası məqamlarının
müəyyənləşdirmək çətin deyil. Mərkəzi
Asiya dövlətlərinin deyil, yalnız Azərbaycanın
adının hallandırılması da tamamilə fərqli məqamların
varlığının təsdiqidir. Bunun bir şantaj siyasəti
olmasına diqqət yönəldən Ə.Oruclu deyir ki, əslində
Rusiya bununla Azərbaycana "siz bu işə qol qoymayın,
geri çəkilin" mesajını verir.
Ə.Oruclunun fikrincə,
Azərbaycan hakimiyyətinin "Nabucco" ilə
bağlı mövqeyni müəyyənləşdirmək
üçün Qərblə münasibətlərə diqqət
yetirmək kifayətdir: "Hazırda Azərbaycanla Qərb
dövlətləri, xüsusilə də ABŞ arasında
kifayət qədər gərkinlik yaşanır. Əslində
bu gərginliyin səbəbləri sonacan bəlli deyil.
Baxmayaraq ki, müxtəlif versiyalar irəli sürülür,
fikirlər səsləndirilir, amma əsl səbəblər hələ
üzdə deyil. Ona görə də bu gün hansısa fikir
səsləndirmək çətindir. Ona görə də Azərbaycan
hakimiyyətinin "Nabucco" ilə bağlı
mövqeyinin nədən ibarət olduğunu müəyyənləşdirmək
də asan deyil. Hakimiyyətin buna gedib-getməyəcəyi
bilinmir. Hesab edirəm ki, burada hər şey Türkiyənin
mövqeyindən asılıdır. Rəsmi Ankara bu layihəyə
qol qoyacaqsa, Azərbaycan hakimiyyəti də çox
böyük ehtimalla həm Türkiyə, həm də Qərb
tərəfindən Rusiyanın şantajından qorunacaq. Belə
olan halda hakimiyyətin də layihənin
reallaşdırılmasında iştirak etməmək
üçün heç bir əsası qalmır".
Mavi yanacaq
ehtiyatlarımızın şübhə altına
alınmasına və "Nabucco"nun baş
tutmayağı haqda bəyanatlarda Azərbaycanın
adının hallandırılmasına gəlincə, politoloq
deyir ki, Azərbaycan bu zəncirdə ən zəif həlqədir.
Ona görə də əsas diqqət Azərbaycan üzərinə yönəlib.
"Nabucco"da
iştirakda həvəsli görünən İran mətbuatında
Rusiyanın baş naziri Vladimir Putinin layihə ilə
bağlı səsləndirdiyi fikirlərə geniş yer
ayırması da təsadüfi sayıla bilməz. Siyasi şərhçi
deyir ki, Rusiyanın mövqeyinin İran mətbuatında yer
alması da Qərbə mesaj kimi qiymətləndirilə bilər:
"Tehran bu mesajı ilə "Nabucco" məsələsində
İranla da danışıqların aparılmasının zəruriliyini
çatdırır. Bununla İran qaz məsələsində
həm gündəmi dəyişmək istəyir, həm də
Rusiyanın maraqlarına ziyan vurmaq niyyəti güdür. Əvvəla,
İran üçün Avropanın qaz tərəfdaşı
olmaq son dərəcə önəmlidir. Çünki bu amil
qalan ziddiyyətli məsələləri gündəmdən
çıxarır. İkincisi, İran sanksiya məsələsində
Rusiyanın Qərbi dəstəkləməsi faktını
unutmayıb və Tehran bu məsələdə həm
Moskvanın marağına zidd, həm də öz
marağının xeyrinə addımlar atmağa
hazırdır. Sadəcə olaraq bunu açıq şəkildə
deyil, mesaj olaraq verməyi daha üstün tutur. Gözləyir
ki, bu təklif Qərbdən, Avropadan gəlsin".
"Bu, şantajın nəticəsidir"
Qeyd edək ki, rəsmi
Bakının "Nabucco" ilə bağlı müvafiq sənədi
imzalamasından az sonra layihəni şübhə altına
alan Rusiya ilə qaz satışı məsələsində
razılığa gəlməsi birmənalı
qarşılanmır. Bu məqama aydınlıq gətirən
siyasi ekspert qeyd edir ki, Rusiya ilə bu sahədə müqavilə
imzalansa da, razılıq əsasında nəzərdə
tutulan qaz axını hələlik həllini tapmayıb:
"Müqaviləyə əsasən veriləcək qazın
böyük hissəsini Rusiya hələ idxal etməyib. Azərbaycan
qazının alınması isə sadəcə olaraq
"Nabucco"ya maneə törətməkdir. Rusiya bununla Azərbaycan
qazını öz nəzarəti altına keçirməyə
çalışır. Bu məsələni həll etməklə
həmin qazın sahibi kimi Avropa ilə
danışıqları Rusiya özü aparmaq istəyir. Amma
Rusiyaya Azərbaycanın qaz satması da təsadüfi deyil. Mənə
elə gəlir ki, bu, Azərbaycanı şantajın nəticəsidir".
"Avropa ölkəsi İrandan qaz almaqda maraqlı
deyil"
Yeri gəlmişkən
qeyd edək ki, siyasi müşahidəçilər layihənin
reallaşmasında daha çox siyasi faktorları
qabartdıqları kimi, iqtisadi ekspertlər də maliyyə
qaynaqlarının tapılmamasının önəm
daşıdığını vurğulayırlar. Rusiyanın
hansı mövqedə dayanmasından asılı olmayaraq da əsas
məqam olaraq buna diqqəti yönəldirlər. Həmçinin
də Rusiya ilə yanaşı İranın da bu məsələdə
əngəlləyici rolunu istisna etməməklə siyasi amillərin
maliyyə problemi ilə paralellik təşkil etdiyini təsdiqləyirlər.
Maraqlıdır, bəs bu məsələdə maliyyə
probleminin rolu nə dərəcədə üstünlük təşkil
edir? Neft Araşdırmaları Mərkəzinin rəhbəri
İlham Şaban deyir ki, İran da Rusiya kimi bu layihənin
reallaşmasının əleyhinədir: "Hələ
2008-ci ildə İran öz qazının "Nabucco" ilə
ixracı üçün hər şeyə hazır idi. Amma
İrana qarşı sanksiyalar göstərdi ki, heç bir
Avropa ölkəsi ondan qaz almaqda maraqlı deyil. Belə olan
halda İran da özünəməxsus kampaniyalarla layihənin
əleyhinə çıxır".
Real vəziyyətə
gəlincə, ekspertin sözlərinə görə, hələlik
kommersiya baxımından layihənin reallaşması
üçün situasiya yetişməyib: "Bunun birinci
şərti o olmalıdır ki, minimum 20 il müddətində
kəmər vasitəsi ilə qaz alacaq ölkələrə
mavi axını paylayıcı şirkətlər ortaya
çıxsın. Çünki onlar həmin qazı
sözügedən kəmərlə alıcılara aparıb
çıxaracaq. Digər tərəfdən də hələ
qazın alıcısı olacaq ölkələr müəyyənləşməlidir
ki, kəməri tikənlər də bu axından pul qazana
bilsin. Ondan sonra bu kəmərə qaz vuracaq ölkələrin
kimliyi məsələsi ortaya çıxacaq. Bu məsələlər
yekunlaşdıqdan sonra qazını həmin kəmərlə
idxal etməkdə maraqlı olan dövlətlərlə
danışıqlara başlayacaq kommersiya şirkətləri
qrupu müəyyənləşməlidir. Bundan sonra layihənin
texniki-iqtisadi göstəriciləri, maliyyə sistemi, kəmərin
reallaşması üçün keçəcəyi
topaqların alqı-satqı prosesləri, tenderlər, tikinti,
istismarı reallaşdıran şirkətlərin fəaliyyətə
başlaması işləri gəlir. Göründüyü
kimi, bu zəncirdə kifayət qədər həlqələr
var".
Gültəkin
Ədalət.- 2011.- 14 yanvar.- S. 2.