20 YANVAR ÜMUMXALQ MATƏM
GÜNÜDÜR!
Azərbaycan Universitetində tariximizin qanlı və
şanlı səhifəsi hesab olunan hadisəyə həsr
olunmuş tədbir keçirildi
"Bir millətin öz varlığını davam
etdirməsi ancaq və ancaq Vətəninə layiq olmaqla
mümkündür. Bir yurdun Vətən olması onu sevməklə,
20 Yanvarda olduğu kimi uğrunda canından keçməklə
mümkündür" Yanvarın 18-də Azərbaycan
Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir
bu sözlərlə başladı. Amma daha öncə Azərbaycan
Respublikasının dövlət himni səsləndirildi.
Ardından şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi, ruhlarına rəhmət oxundu.
Sonra tədbirin düzənləndiyi
akt zalında qurulmuş müasir proyektor vasitəsilə
ekranda 20 Yanvar şəhidlərinin portretləri, qanlı
olaydan səhifələr görüntüləndi, faciəyə
gətirib çıxaran, bir-biri ilə zəncirvari surətdə
bağlı olan hadisələr xronoloji ardıcıllıqla
sadalandı.
"20 Yanvar Ümumxalq
Matəm Günüdür!" - sərlövhəsi ilə
keçirilən bu tədbirin diqqəti çəkən əsas
cəhəti ondan ibarət idi ki, təşkilatçılar
elə tələbələr özləriydilər. Bu məqam
açılış nitqi söyləmək
üçün ilk söz verilən tarix elmləri namizədi,
professor Xaləddin İbrahimov tərəfindən söhbətin
əvvəlindəcə vurğulandı. Xaləddin müəllim
Azərbaycan tarixinin qanla yazılmış şanlı səhifəsi
olan 20 Yanvar faciəsini xalqın özünü
tanımasında, millətin xarakterinin güclənməsində
böyük əhəmiyyət
daşıdığını qeyd etdi. O Nikolay Berdyayevin belə
bir fikrini xatırlatdı ki: "bəzən müharibələr
zorakı da olsa, yüzlərlə akademiyanın, universitetlərin
görə bilmədiyi maarifləndirmə işini görə
bilir".
Natiq vurğuladı ki,
nə qədər üzdəniraq olsa da faciə yaşayan,
müharibə görən millətlər böyüyür,
qabağa gedir, özlərinin zəif cəhətlərini tez
müəyyənləşdirə bilirlər.
Xatırlatdı ki, həmin ərəfələrdə
oxşar hadisələr Riqada, Tiflisdə və başqa yerlərdə
də baş vermişdi. Lakin həmin hadisələrin
Bakıda törədilən qırğınla müqayisədə
xeyli kiçik miqyaslı olduğunun altını cızan
tarixçi alim bildirdi ki, Kreml Bakını daha sərt cəzalandırmaqla
SSRİ-nin dağılmasının qarşısını
almağa uğursuz cəhd etmişdi.
Universitetin ictimai elmlər
kafedrasının nümayəndəsi, professor Salman
İbişov öz çıxışında 1990-cı ilin
20 Yanvar hadisələrindən əvvəlki durumu
xalqımızın tarixində daha əvvəl baş
vermiş - 1905-1906-cı illərdə, 1918-ci ilin martında
törədilmiş soyqırımlar ərəfəsindəki
vəziyyətlə müqayisə etdi, paralellik apardı.
Xatırlatdı ki, 1918-ci ilin mart ayına qədər Azərbaycanın
milli-demokratik qüvvələri yalnız demokratikləşmiş
Rusiyanın tərkibində Azərbaycanın milli-mədəni
muxtariyyətini tələb edirdilər: "Ancaq mart
soyqırımının baş verməsi ilə milli dövlətçilik
ideoloqlarının təfəkküründə yeniləşmə
başladı, onların məqsəd və vəzifəsi dəyişdi.
1990-cı ildə 20 Yanvar qırğını törənəndə
də xalqın psixologiyası faciənin bunca böyük
miqyasını qəbul edə bilmirdi"
20 Yanvar hadisəsinin bəşər
tarixinin ən qanlı faciələrindən olduğunu deyən
Salman müəllim tarixdən ibrət dərsi götürməyin,
nəticə çıxarmağın vacibliyini xüsusi qeyd
etdi.
Rəhimova Ülviyyə
müəllimə də özündən əvvəl
çıxış edən natiqlər kimi belə bir məqamın
altını cızdı ki, nə qədər arzuolunmaz olsa
da, xalqımızın başına gətirilən müsibətlər,
o cümlədən, 20 Yanvar faciəsi xalqa mənəvi
şok yaşatmaqla, yüksəlişə, ucalığa
aparmışdır. Ülviyyə müəllimə 20 Yanvar
faciəsi haqqında doğru-dürüst məlumatların,
informasiyaların bu günümüzə
daşınmasında tarixçilərlə, jurnalistlərlə
yanaşı, xalqın şair və
yazıçılarının - mərhum Xəlil Rzanın,
Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin xidmətlərinin
əhəmiyyətini minnətdarlıqla qeyd etdi. Bu həqiqət
sonrakı çıxışlarda bir daha təsdiqləndi.
Sabir Əhmədlinin 20
Yanvar hadisələrinə həsr olunmuş hekayələrinin
ABŞ-da dərc olunmasının (professor Zeydulla Ağayevin tərcüməsi
ilə) əhəmiyyəti vurğulandı, 21 yaşında
ikən şəhid olmuş, xatirələrdə həmişəlik
gənc qalmış şair Ülvi Bünyadzadənin vətənpərvərlik
motivli, azadlıq atəşli şeirlərindən bəndlər
oxundu.
Universitetin tələbələri
də öz çıxışlarında Azərbaycan
tarixinin şanlı səhifəsi olan 20 Yanvar hadisəsi barədə
həqiqətlərin beynəlxalq ictimaiyyətə doğru-dürüst
çatdırılmasının vacibliyindən
danışdılar, 20 Yanvar faciəsinə qardaş
Türkiyə və dünya KİV-ində işıq
tutulmasına aid misallar çəkdilər.
"Azadlıq" radiosunun, Türkiyənin "Səhər"
və "Zaman" qəzetlərinin bu yöndə
gördükləri işin əhəmiyyətini qeyd etdilər.
Xatırladaq ki, 20 Yanvar
qırğını haqqında düşmənlərimizin əli
ilə dünya xalqlarına yalnız həqiqətdən uzaq,
məkrli məlumat çatdırılmış, faciənin
səbəbləri, nəticələri təhrif
edilmişdir. Azərbaycan xalqına qarşı törədilən
bu ağır cinayətin bütün tamlığı ilə
obyektiv açıqlanması, ondan ibrət dərsi
götürülməsi, xalqımızın dostlarını
və düşmənlərini tanıması, gözlənilən
təhlükələrin vaxtında duyulması, onların az
itkilərlə dəf edilməsi naminə tədqiqatların,
araşdırmaların, ümumiləşdirmələrin
davam etdirilməsinə ehtiyac qalmaqdadır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Ceyhun RÜSTƏMOV
Ədalət.- 2011.- 20 yanvar.- S. 4.