İnam Evində 20 Yanvara həsr olunmuş tədbir keçirilib

 

Azərbaycan tarixində ən dəhşətli faciələrdən sayılan 20 Yanvara Mütləqə İnam Ocağının özünəməxsus baxışı var.

 

Bugünlərdə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının İnam Evində adıçəkilən faciə ilə bağlı keçirilən tədbirdə Ocağın Ruhani Başçısı Safruh, Ocaq Yükümlüsü İşıqlı Atalı, Yolruh Atalı, Uluruh Atalı, İnamyurd Atalı ilə yanaşı, bu hadisələrdə İctimai Dəfn Komissiyasının sədri olmuş, dəyərli aydınımız, professor Qüdrət Əbdülsəlimzadə, həmin hadisələrdən sonra fəaliyyətə başlayan "20 Yanvar" qəzetində baş redaktorun 1-ci müavini işləmiş şair, publisist Qəşəm İlqar Ruhdaş və dəyərli aydınımız Baba Əhmədli iştirak edib. Beləliklə, söhbəti təqdim edirik.

 

İşıqlı Atalı:

 

- Ürəyinizdə Ata günəşi olsun, Ocağımızın dostları, amaldaşlarım. Bu gün Azərbaycanın tarixi faciələrindən biri olan 20 Yanvar mövzusunda söhbətə yığışmışıq. Adətən olub keçənləri tarixin öhdəsinə buraxırlar. Məncə, yaşanmışların dəyərini, təhlilini uzağa saxlamamaq gərəkdir. Bununla bağlı Ocağın öz gələnəyi var. Hələ faciənin ilk günlərində İnam Ata 20 Yanvar hadisələrinə öz münasibətini bildirmişdi. Burada iştirak edənlər həmin tarixi hadisələri canlı yaşayanlardır. Bu toplantıda Mütləqə İnam Dünyabaxışının məntiqinə dayanaraq 20 Yanvar faciəsinə münasibətimizi bildirəcəyik. Öncə istərdim ki, İnam Atanın "20 Yanvar" adlı içsəsini oxuyum.

 

***

 

İNAM ATA

 

20 Yanvar

 

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.

Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.

Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.

Balalarımıza güllə atılmalıydı.

Qorbaçovşina inciyənlərlə barışmalıydı.

Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.

Mərkəz də onun dişini qırıb qarnına tökdü.

Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.

Neftçalalılara atıldı.

Cəlilabadlılara atıldı.

Naxçıvanlılara atıldı.

Lənkəranlılara atıldı.

Tətilçilərə atıldı.

Gəncə adına atıldı.

Xətayi adına atıldı.

Balalarımızı ordunun üstünə göndərənlər Balalarımızla bir yerdə ölməliydilər - onda günahlarını yuya bilərdilər.

Hökumət camaata bildirməliydi ki, müstəqildir - bu səbəbdən də Kirovabadı Gəncə adlandırdı.

Hökumət Mərkəzə bildirməliydi ki, qeyri-müstəqildir - bu səbəbdən də ordunu köməyə çağırdı.

Azərbaycan hökuməti və bəzi qeyri-formallar özlərini və xalqı tələyə saldı, bir-birinin ardınca fəalcasına kal tədbirlər gördü və Mərkəzə müdaxilə imkanı yaratdılar - Şərə xeyir verdilər.

Balalarımıza gülləni Rus imperiyası atdı.

Erməni daşnakları atdı.

Azərbaycan hökuməti atdı.

Qeyri-formallar atdı.

Azərbaaycan hökuməti, qeyri-formallar Yağının tələsinə düşdülər, Yağıya qırğın imkanı yaratdılar. Yağı istəyinə xidmət elədilər, balalarımızı ölümün ağzına atdılar.

Dünya bizə ağlamır, çünki bizim Vətəndən başqa Dünyamız yoxdur.

Bakıdan qaçanlara ağlayır Dünya - Bakıda qırılanlara ağlamır.

Dünyanın Balalarımıza ağlamaq ləyaqəti çatmadı.

Hökumət əvvəl Mərkəzə hayqırdı, sonra rus əhalisinə yalvardı, öz hayqırtısından diksindi.

Əvvəl ayrılmağa dartındı, sonra qardaşlıq ailəsindən beşəlli yapışdı.

Azərbaycana Beynəlmiləlçilik gülləsi dəydi.

Balalarımızın qırılması Azərbaycan hökumətini qorxutmadı - Rusların qaçması qorxutdu.

Ölənlər Qalanların əcdadı oldular.

Qalanlar Ölənlərin varisi olmalıdırlar.

Göylər Balalarımıza ağladılar - Muğam yaşıyla.

Balalarımızı əvvəl rus gülləsi qırdı, sonra şaxsey-vaxsey.

Tənha ağlayarlar - Birgə gülərlər.

 

***

 

Safruh:

 

- Asif Atanın adına bağlı olan Ocaq yalnız həqiqət deməlidir. Qüdrət müəllimin "20 yaşlı 20 Yanvar" kitabının ön sözündə belə bir fikir var ki, mərkəz Azərbaycanda islam fundamentalizminin iyini hiss elədiyindən bu hadisələri törətdi: düşündü ki, burada islam respublikası yaranar, bu da başqalarına bir örnək olar. Ancaq mən başqa cür düşünürəm. İttifaq gördü ki, belə hadisələr onu dağıda bilər və qarşısını aldı. Belə şeyləri istənilən dövlət özünü yaşatmaq üçün edir. Bu, başadüşüləndir. Bəs, qırğın nə üçün idi? Dövlətin başında oturanlar qırğının məna və mahiyyətini başa düşsəydilər, onlar buna getməzdilər. Çünki qırğın edəcəksən, üzərində qırğın apardığın xalq deyəcək ki, mən bir yanlış elədim, bu mənə on cəza verdi. Belədə inam sarsılar. Onu gərək eləməyəydilər, məntiqə görə.

Bu qırğın islama görə deyildi. Başlıca nədən türklükdür. Mənim belə bir fikrim var ki, 20 Yanvarda atılan güllələrin hamısı türkə dəyib. Düzdür, Qüdrət müəllimin kitabında da yazılır ki, orda ayrı-ayrı millətlərin də nümayəndələri olub. Amma gülləni atdıran türkə atdırıb. 20 Yanvarın amansızlğına görə mənim qənaətim budur. Sonra deyirlər 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir. Ola bilər, qəhrəmanlıq ünsürləri olub. Amma xalq zahiri maraq əsasında tökülmüşdü küçələrə. Belədə yaranan axın öz qanunauyğunluğunu qoyur ortaya: marağa görə gəlsən də, indi artıq iştirakçısan. Yoxsa o, qətiyyən mütəşəkkil bir hadisə deyildi, mənim ağlımca. Yad-yabançı düşmən əhvallı ordu camaatın üstünə yeriyib. Özü də heç kim düşünməzdi ki, qırğın olacaq. Mərkəz xalis, müharibə hazırlığı görmüşdü.

 

Qüdrət Əbdülsəlimzadə:

 

- 20 Yanvarla bağlı ayrıca kitab yazmışam. Orada hər şey var. Ancaq Asif Atanın "20 Yanvar" yazısı diqqətimi daha çox çəkdi. Orada hadisəyə tamam fərqli yanaşma var. Ona görə düşüncələrimi başlıca olaraq bu yazı üstündə deyəcəyəm. Yazıda Ata deyir ki, "balalarımıza güllə atılmalıydı". Bu, çox düz qənaətdir. Məsələnin alt qatlarını bilməyənlər söyləyirlər ki, xalq özünü səbrli aparsaydı, dözümlü davransaydı, bu hadisələr olmazdı. Oradan ikinci bir nəticə çıxarılır ki, demək, bizim azadlıq uğrunda mübarizəmiz elə-belə, qansız da başa gələrdi: Sovet İttifaqı dağılacaqdı, hamıya düşəndən bizə də pay düşəcəkdi. Məncə, Asif Atanın bu düşüncəsi bütün o fikirlərin hamısını alt-üst edir: güllə atılmalıydı! O ki qaldı, niyə atılmalıydı, siz də bilirsiniz ki, onun bir neçə səbəbi var idi. Tarixi "belə eləsəydik, elə olmazdı" meyarlarıyla dəyərləndirmək düzgün deyil. Tarixdə hər hansı hadisə bir dəfə olur. Ümumiyyətlə, faciənin özündə də işıqlı cəhətlər var.

İkincisi, Asif Ata deyir ki, dünya bizə ağlamadı. Bu da böyük sözdür. Yəqin Sovet İttifaqı dağılmağa başlayanda belə bir razılıq olub ki, Pribaltika tərəf Qərbin təsirində olacaq. Qafqazın isə beynəlxalq səviyyədə gərginlik yaratmayan məsələləri Rusiya istəyən kimi həll ediləcək. Doğrudan da belədir! Bugünə qədər Qarabağ məsələsi həll olunmur. Çünki Rusiya bu işə tam razılığını vermir.

 

Qəşəm İlqar Ruhdaş:

- 20 Yanvar hadisəsindən sonra eyniadlı cəmiyyət, fond və qəzet yaradıldı. Onda mən "20 Yanvar" qəzetində baş redaktorun birinci müavini vəzifəsində çalışırdım. Mən də Asif Atanın o sözüylə razıyam ki, güllə gec-tez atılmalıydı. Çünki 20 Yanvara aparan hadisələr vardı. 1982-ci ildə Zori Balayanın "Ocaq" kitabı çapdan çıxmışdı. Həmin o kitaba bir neçə adamın sərt münasibətli yazısı vardı. O cümlədən Eldar Baxış da bir şeir yazmışdı. Onun şeirini "Ədəbiyyat və İncəsənət" qəzetində düz 1986-cı iləcən saxladılar. Sonra öyrəndik ki, o şeirin getməməsi ilə bağlı Mərkəzi Komitədən tapşırıblarmış.

Safruh qardaşım bayaq yerli hökumətin, rəhbərlərin xalqa yadlığından danışdı. Doğrudan da, yuxarıdakıların xalqa bu yadlığı olmasaydı, belə faciələrimiz yaranmazdı. O vaxt yuxarıda oturanların qeyrətsizliyindən yarandı bu faciə. Hadisənin baş verməsinin səbəbləri çoxdur. Başlıca səbəblərdən biri Azərbaycan türkünü dərindən sarsıtmaq idi.

 

Baba Əhmədli:

- Hadisələrin mahiyyəti çox gözəl açıqlandı. Biz ki Asif Atanın yolu ilə gedirik, ona görə Atanın 20 Yanvarla bağlı dediklərinə nəyisə artırmaq yersiz olar. O, məsələnin mahiyyətinə düzgün vara bilib, faciənin başvermə səbəblərinin bütünlüklə açıb-göstərib.

Mənə elə gəlir ki, mərkəzi hakimiyyət SSRİ-nin dağılmasını öncədən bilirdi. Mən də düşünürəm ki, o güllə atılmalıydı, bu hadisələr baş verməliydi.

Məsələyə ən doğru münasibət Atanın yanaşmasıdır. Əgər xalqımız Ocağın dediyi yolla gedərsə, özünün yiyəsi olarsa, həmişə ayıq olarsa, onda belə, bu sayaq faciələrlə qarşılaşmaz.

İşıqlı Atalı:

- Burada vurğulanan məqamlardan bu sonuc çıxdı ki, SSRİ imperiyasının çöküşü zamanı konkret olaraq xalqımızın başına gələn faciələr gözlənilən idi. Əgər xalq gözlənilməz məqamlara hazır ola bilirsə, az itki verir. Yox, hazır olmursa, 20 Yanvar kimi böyük faciələr yaranır. Deməli, biz gözlənilən faciəvi məqamlardan mümkün qədər az itki ilə mənəvi sarsıntısız çıxa bilərdik.

Bir dəfə Ata ilə görüşlərin birində Babəkin məğlubiyyətinin əsas səbəbinin nədən ibarət olması ilə bağlı ona sual verildi. Atanın cavabı konkret oldu: "Ruhaniyyatına bərabər siyasətinin olmaması!" Ata demək istəyirdi ki, dünyanın siyasi gedişatı var.

 

Safruh:

- Bütün bu faciələrdən çıxış yolu var: türkün Mütləqə İnamı Dünyabaxışı əsasında. Bir Azərbaycan müəyyənliyi olmalıdır. Ərazi, etnik müəyyənlik, ziyalıyla, ruhaniylə hərbçinin birliyi olmalıdır. Bayaq dediyim kimi, ermənilərdə, gürcülərdə kilsələr xalqın müəyyənliyini yüzillər boyu qoruyub. İndi Azərbaycan o yolu gedə bilməz. Çünki o sayaq getmək Azərbaycanın türklükdən ayrılıb nəsə yeni bir yol tutmasına gətirib çıxarar. Azərbaycanın gələcəyi türk mahiyyəti əsasında yarana, yaradıla bilər. Həmin gələcəyin yaranması ciddi mübarizələrdən keçir: dövlət, ordu, inam səviyyəsində mübarizələrdən. Çoxlu imtinalardan keçir. Fərdlərin imtinasından başqa Azərbaycan toplumu nədənsə imtina etməlidir. Ata "20 Yanvar" yazısında deyir ki, cavanlarımızı öncə yağı gülləsi qırdı, sonra şaxsey-vaxsey. Şaxsey-vaxsey bir rəmzdir. O rəmzin içərisində elə dəyərlər var ki, insanlarımız onları sevirlər. Necə eləyək ki, ümumbəşəri, lap dindən gələn yaxşı dəyərlər dışlanmadan biz o şaxsey-vaxseydən imtina edək? Doğruçu xilas istəyirsənsə, doğruçu söz deməlisən. Ona görə hesab edirəm, hamının ürəyindəndir ki, türkün öz inamı olmalıdır. Onun öz müqəddəs kitabı, öz soyundan müqəddəs insanları olmalıdır. Onun oğlanlarının üç-beşinin canı çıxmalıdır ki, Azərbaycan coğrafiyasından türk kimliyi üçün həqiqəti təmsil etsin, onun ətrafında inanc ola bilsin. Azərbaycan cəmiyyəti nəhayət, uşaqlanmamalı və gələcəyə yön almalıdır. Ata niyə şaxsey-vaxseyə qarşı çıxır? Orada ölüləri ağlamaq, hiddətlənmək əvəzinə şaxsey-vaxsey dedilər. İndi də o şaxsey-vaxsey deyənlər imkan vermir ki, sən öz dövlətini əməlli-başlı idarə edəsən. Ondan gərək arınasan. Onlar gərək sənin Atanın sözünü desinlər. Onda dünya səndən çəkinər. Çəkinmir dünya. Gərək dövlətin möhkəmlənsin.

 

İşıqlı Atalı:

- Xalqı kim yaratmalıdır? Faciəvilikdən üstün olan kəs. Fərd zamandan, gerçəklikdən üstün olmalıdır ki, xalqı yaratmaq qüdrətinə çatsın, faciəni aşa bilsin. O zaman biz dünyanın indiki qarışıq əhvalını aşıb özümüzü təsdiq edə bilərik. Fərdin faciəsi özünə yetə bilməməsindən, özünü tapmamasından başlayır. Fərd özünü yaratmasa, xalq da yaranmayacaq. Fərd inamsızdırsa, xalq da inamsız olacaq.

Sosializmdən kapitalizmə qayıtdıq. Adamların varlanma ehtirası, rəqabətçilik artdı, milli əhvallara, vətənçilik duyğusuna zərbə dəydi. Bu, o deməkdir ki, 20 Yanvar faciəsi zamanı yaşanan romantik əhvallar bundan sonra çətin görünə. Faciə maddi itkidən çox, mənəvi itki yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə. Millət gerçəklikdən üstün ola bilmirsə, bu mənəvi uçurumun dərinliyindən yaranır. Faciə güclü millətə gəlsə də, içində otura bilmir. Zəif millətisə içəridən dağıdır.

Həmişə düşünmüşəm: bu boyda faciələrdən sonra niyə yox olmadıq? Çünki möhtəşəm fitrətimiz, ruhumuz bizi ölməyə qoymadı. İnam Atanın istədiyi səviyyədə xalq yaranmalıdır. Fərdlər bu yolda özündən keçməlidirlər. Xilas Mütləqə İnamdadır.

 

Atamız var olsun!

 

9 Qar ayı 32-ci il

 

(9 yanvar 2011-ci il)

 

 

Ədalət.- 2011.- 20 yanvar.- S. 6.