ŞƏHİDLİK - QƏHRƏMANLIQ
Şəhid insan...
Şəhid şəhər...
Şəhidlər qəbristanlığı...
Şəhid ruhlar...
Bu sözlərin, ifadələrin
doğurduğu kədərli ovqat bizə yaxşı
tanışdır. Son iyirmi bir ildə belə işlək
sözlər, ifadələr təsəvvürə gətirmək
çətindir. "Şəhid ailəsi", "şəhid
anası", "şəhid atası", "şəhid
məzarı"-yurdun hər guşəsindən bəzən
hıçqırıqla, bəzən də qürurla
söylənilən bu sözlər indi bizim hər birimizin
dilində səslənir. Şəhidlərin adına
küçələr, məktəblər var. Şəhid
ailələrinə hörmətsizliyi heç kəs
bağışlamır. Azərbaycanda şəhidlik hörmət
və ehtiramın ən ali məqamı səviyyəsinə
ucalıb.
Qarabağ şəhidləri.
20 Yanvar qurbanları. Xocalıda həlak olanlar. Bunlar Azərbaycan
tarixinin ən faciəvi məqamlarıdır. Bir evdən, bir
ocaqdan, bir ailədən qopan oğullar, qızlar, təkcə
bir evin, bir ocağın, bir ailənin yox, bir yurdun, məmləkətin
şəhid oğullarına döndülər.
Azərbaycan ədəbiyyatında
şəhidlik mövzusunun tarixi çox qədim əsrlərə
gedib çıxır. Ancaq bu mövzunu ədəbiyyatda ilk dəfə
abidə səviyyəsinə qaldıran və şəhidliyi
bədii-metaforik rəmzə çevirən dahi Məhəmməd
Füzuli olubdur.. "Hədiqətüs-süəda" əsərində
o, əski çağlardan çox yayılan Kərbəla
vaqiəsini qələmə almış, bu dini hadisəni təkcə
din yolunda gedən mübarizə kimi yox, tədqiqatçıların
çox doğru qeyd etdiyi kimi, insanın mənəvi və
cismani köləliyə qarşı üsyanı, məslək
və etiqad uğrunda mübarizəsi kimi təsvir
etmişdir. Ümumiyyətlə, türk dünyasında,
müsəlman aləmində şəhidlik missiyası dini-ideoloji
kontekstdən sıyrılmasa da, sonralar Vətən, xalq və
millət uğrunda gedən savaşlar, istiqlal mübarizələri
ilə sıx bağlı olmuşdur. Xüsusilə qardaş
türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif, Yəhya
Kamal kimi şairlər şəhidlikdən qəhrəmanlığa
ucalan yolu və zirvəni doğru müəyyənləşdiriblər.
Yəni onların poetik tərənnümündə şəhidlik
anlayışı qəhrəmanlıq kimi dərk olunur.
Qəhrəmanlıq nə yalnız
bir yüksəliş deməkdir.
Nə də yıldızlar kibi
parlayıb sönməməkdir.
Sızlarsa da könüllər
Şəhidlərin yasından,
Qoşar adım getməli
onların arxasından.
Qəhrəmanlıq-içərək
acı ölüm tasından,
irəliyə atılmaq və
sonra dönməməkdir!
(Nihal Atsız)
Azərbaycanın
müstəqilliyi təkcə 80-90-cı illərin hadisəsi
olmayıb, kökü milli şüurumuzun və azadlıq
düşüncələrimizin dərin qatlarına gedib
çıxır. Odur ki, poeziyada müstəqilliyimizə qədər
gələn arzuların real ifadəsi kimi bir sıra obrazlar
diqqəti cəlb edir. Xüsusilə Babəkin qəhrəmanlığı,
Nəsiminin şəhidliyi haqqında poeziyamızda onlarca
nümunələr yaranmışdır.
Rəsul Rzanın
"Babək" şeiri (1977) şəhid olan qəhrəmana
möhtəşəm poetik abidə kimi əvəzsizdir.
Şair Babəkin ölüm səhnəsini təsvir edir. Babək
qan dolu teştdə bir soluna, bir sağına baxır, bir ovuc
qan götürür ki, saralan rəngi görünməsin.
Sağ qolunu da kəsirlər. Ona elə gəlir ki, qolu deyil,
qılıncı yerə düşür. Amma:
Babək nə uf dedi,
nə aman istədi.
Sanki uzaq-uzaqlardan,
qara kəhər atının
kişnərini eşitdi.
Qan qurumuş dodağından
iki kəlmə qopdu:
Gəlmələr! İtlər!
Bu nifrəti təkrarladı
qolu bağlı babəkçilər.
Əli Kərimin
"Şəhidliyin zirvəsi" şeiri isə Nəsimiyə
həsr edilib. Bu şeirdə də şəhidlik ölüm
aktı kimi yox, qəhrəmanlıq, dönməzlik faktı
kimi poeziya həqiqətinə çevrilir. Yenə də
çoxlu belə nümunələr gətirmək olar. Mən
burada Xalq şairi Sabir Rüstəmxanlının
"Sönmüş ocağın ağısı"
poemasında rus imperiyasına qarşı kiçik bir dəstə
ilə vuruşan Cavad xanın qəhrəmanlığı və
şəhidliyindən söz açılır.
Fəlakət Cavad
xanı oyatmışdı. Mənliyi, qüruru, vicdanı,
ürəyi oyanmışdı. Ölümünə bircə
gün qalsa da oyanmışdı. Təkəbbürlülüyünü,
hansı xanlasa ədavətini unutmuşdu. Ya Gəncə
darvazalarının qapısını açıb təslim
olmaq, ya da tikə-tikə, rizə-rizə doğranmaq! Cavad xan
ikinci yolu seçdi. Bu yol Beyrəyin qanlı köynəyindən,
Nəsiminin edam edildiyi dar ağacından, Koroğlunun
hayqırtısından keçirdi. İndi Cavad xan
üçün yaşanılmamış ömür yoxdur!
Qeyrət var, ölümünü duyub bu ölümü mərdanə
qarşılamaq var. Və bir də acı bir təəssüf
hissi:
Özümüz balta çaldıq kökümüzə
o ki var,
Qolumuzu budayıb ocaq qaladıq yada.
Qardaşı olmayanlar özgəni qardaş tutar,
Qardaşı ola-ola yetim qaldıq dünyada.
Cavad xan şəhid
oldu, amma öz qanı ilə tarixləri qızartdı. Biz 1918-ci ilin
Mart qırğınlarını da unuda bilmərik!
Yazıçı Ənvər
Məmmədxanlının çox sevdiyi bir ifadə
vardı- "azadlıq yanğısı". O, azadlıq
yanğısı idi yüz minlərlə insanı Azadlıq
meydanına çəkib aparan. Bu azadlıq yanğısından
Müstəqil Azərbaycan doğuldu. Demokratik Azərbaycan
Respublikasının süqutundan sonra 71 il 5 ay ərzində
xalqın ruhunda yaşayan o azadlıq yanğısını
söndürmək üçün Azərbaycan
torpağında Qarabağ müharibəsi əkildi, 20 Yanvar,
Xocalı qırğınları törədildi, Bakıya rus
tankları yeridildi, şəhərlərimiz, kəndlərimiz
işğal olundu. Bu azmış kimi, Azərbaycanda Vətəndaş
müharibəsi təhlükəsi
yarandı. İlk istiqlal şairlərimizdən Əhməd
Cavadın Ortaq türk dilinin yaradıcısı
İsmayıl bəy Qaspralıya yazdığı şeirdən
bu misraları xatırlayırsan:
Milli sazlar çalır matəm...müsibət,
Başdan-başa qan ağlayır
bir millət!
Dağlarına çökmüş matəm
havası,
Baxdım, ağlar türkün
bağı-bağçası.
Oxunur alnında
dərin bir tasa,
Qoca türk, sən nədən batdın bu yasa?
Ancaq nə qədər
oxşar olsa da, milli sazlar indi də hərdən qəmli-qəmli
ötsə də, Azərbaycan öz müstəqilliyini,
öz bayrağını və varlığını qorudu.
Ulu öndərimiz Heydər Əliyevin böyük əzmi sayəsində!
XX yüzilliyin ən dəhşətli,
ən faciəli 20 Yanvar və Xocalı hadisələri
poeziyamızın yaddaşına əbədi
köçdü.Həmin mövzuda ilk şeirlər Mirvarid
Dilbazinin, Qabilin, Fikrət Qocanın, Məmməd Aslanın, Zəlimxan
Yaqubun, Ələkbər Salahzadənin qələmindən
çıxdı.
Qərənfil-şəhid qanı;
Ağla, qərənfil ağla!
Ağla, inlət dünyanı;
Ağla, qərənfil, ağla!
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu allahsız qurğuya
Ağla, qərənfil, ağla!
(Məmməd Aslan)
Xalq şairi Qabilin həmin
günlərdə yazdığı "Mərsiyə"
şeiri də dillər əzbəri oldu. Bu şeirin dini mərsiyələrdən
fərqi orasında idi ki, o mərsiyələrdə
hansısa bir imamın və ya imam övladlarının
müsibətinə yas tutulurdu, Qabilin mərsiyəsində isə
bütöv bir xalqın faciəsi əks olunmuşdur.
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu
səhər,
Gəmilər nalə çəkir, ərşə
çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər.
Məlum məsələdir
ki, əgər bir mövzu yalnız bir dövrü əhatə
etməyib sonrakı illərdə də davam etdirilirsə, bu
zaman həmin mövzu ya təqlidçiliyə yol
açır, ya da yeni çalarları, ifadə vasitələri
ilə diqqəti cəlb edir. Xalq şairi Bəxtiyar Vahabzadənin
"Şəhidlər" poeması bu mənada 20 Yanvar faciəsinin
fəlsəfi-poetik dərki kimi poeziyamızda xüsusi yer
tutur. Bu poemadan əvvəl B.Vahabzadə "Şənbə
gecəsinə gedən yol" publisistik əsərini
yazmış, 20 Yanvar faciəsinin səbəbləri haqda
geniş söz açmış, günahkarları
danılmaz faktlarla suçlandırmışdı.
"Şəhidlər"
poeması proloq, son söz və on yeddi fəsildən ibarətdir.
Fəsillərin hər biri bu və ya digər dərəcədə
mövzu ilə bağlıdır, həmin mövzuya bilavasitə
dəxli olan müəyyən bir hadisədən söz
açır. Bilirik ki, 20 Yanvar faciəsi adi qırğın
deyildi, İmperiyanın "dərs vermək", cəzalandırmaq
praktikasının sübutu idi. Ancaq bu faciə Azərbaycanı
Müstəqilliyə doğru gedən yoldan çəkindirə
bilmədi. Şəhidlik həm də qəhrəmanlıq
kimi dərk edildi, çünki xalq bu müsibətdən,
faciədən ayıldı, özünü dərk etdi.
Gəldi ürəkdəki arzular dilə,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə,
Ölüm aşağıdır Vətən
eşqindən.
Adımız dolaşdı bütün dünyanı,
Çox da ki, ağımız qara yozuldu.
Azadlıq yolunda ölümlərə də
Hazır olduğunu göstərdi xalqım.
Bu poema bir neçə
aspektdən poeziyamızın uğuru sayıla bilər.
Birincisi, əsər baş verən faciəli hadisənin səbəbləri
üzərində dayanır və vətəndaş bir
şair kimi belə bir sualı aydınlaşdırır ki,
20 Yanvar qırğınına yol hardan başlayıb, bunun
kökü hardan gəlir. İkincisi, poemada konkret hadisələr
və vaqiələr təsvir olunur, konkret adlar çəkilir,
günahkarların kimlər olduğu aydınlaşdırılır.
Poemada bir ümumi ŞƏHİD obrazı var, bu obraz
şairin bütün şəhid qəhrəmanlarının
səciyyəvi xüsusiyyətlərini özündə əks
etdirir. Poemanın lirik-publisistik ritmi və axarı da bu aspektdə
qurulub. Üçüncüsü, poemanın adı
"Şəhidlər" olsa da, burada şəhidlik məfhumu
öncə qeyd etdiyimiz kimi, qəhrəmanlıq anlamında dərk
olunur.
Bəli, poeziyamızda,
nəsrimizdə 20 Yanvar qırğını elə 20 Yanvar
günündən başladı. Ürəyi sözlə dolu
cavan bir şair-Ülvi Bünyadzadə bu haqsızlığa
dözmədi. Az sonra Ülvinin əlyazmaları içində
başdan-başa etiraz və üsyanla dolu şeirlər,
publisistik yazılar üzə çıxdı.
Əlbəttə,
bütöv bir xalqa qarşı törədilən bu vəhşilik
ziyalıları, söz adamlarını ayağa qaldırmaya
bilməzdi. Çox çəkməz, istiqlal şairi
B.Vahabzadə yazacaqdı: "Mən bir daha inandım ki, bu
xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq
olmaz".
Şeirimizdə bir
neçə il matəm ruhu dolaşdı. Mövzunun
özü bunu tələb edirdi. Elə bir şair olmadı
ki, həmin müsibəti öz şeirlərində əks
etdirməsin. Amma çox çəkmədi ki, 20 Yanvar, onun ardınca
Xocalı faciələri qloballıq kəsb etdi, dərin kədər
hisslərini qəzəb, nifrət əvəz etdi, şəhidlik
fəlsəfi düşüncələrə, geniş
publisistik şərhlərə yol açdı, yeni əsərlər
meydana gəldi. Məmməd Arazın, Xəlil Rza
Ulutürkün, Zəlimxan Yaqubun "Dur ayağa, Azərbaycan!"
nidaları eşidildi.
Ayağa dur, Azərbaycan!
Səninləyəm.
Səndən qeyri biz hər şeyi
Bölə billik
Səndən qeyri biz hamımız
Ölə billik.
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran
Baban deyir.
(Məmməd Araz)
Nifrətini silah elə, gəl silahı gözləmə,
Sarıl bu gün inamına, gəl, sabahı gözləmə.
Haqqa güvən, nə gədanı, nə də
şahı gözləmə,
Ona-buna göz tikənə yoxdu mənim rəğbətim,
Dur ayağa, məmləkətim, qalx ayağa millətim!
(Zəlimxan Yaqub)
20 Yanvardan sonra
xalqımız çox-çox müsibətlərlə
üzləşdi, Qarabağ torpağında igidlərimizin
qanı bir şəhid kimi dolandı bu məmləkəti.
Ancaq 20 Yanvara biz təkcə qara gün kimi
boylanmamalıyıq, bu gün Azadlığa, Müstəqilliyə
doğru gedən yolun təməlini qoydu. Ən
başlıcası isə, xalqın özünü dərk
etməsinə, öz düşmənini tanımasına
stimul oldu.
Beləcə 20 Yanvar
-qanlı şənbə bizimlə yol gedir... Ruhumuzda, mənəvi
dünyamızda, şeirmizdə... Düşmənimizi
tanımaq, özümüzü dərk etmək, müstəqilliyimizi
qorumaq üçün. Şəhidliyimizi Qəhrəmanlıq
kimi anlamaq üçün.
Zillət ilə ləzzəti olmaz həyatın,
dustilər,
Nəğdi-can sərf eyləyib dünyadan kam almaq gərək.
Əcz ilə dönmək ədudən səhlidir,
himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!
(M.Füzuli)
VAQİF YUSİFLİ
Ədalət.- 2011.- 20 yanvar.- S. 7.