STRATEJİ MÖVQE...
Qış mövsümü başlayandan
bəri Avropa sərt qışla qarşı-qarşıyadı. Böyük Britaniyanın,
Almaniyanın, Avstriyanın,
bir sözlə əksər ölkələrinin
bir sıra vilayətləri, bölgələri
qar örtüyü altındadır və həmin yerlərdə əsl təbii fəlakət yaşanır.
Təbiətin bu şıltaqlığında qeyri-adi
bir şey olmasa da yazıya
bu faktlarla başlamağım heç
də təsadüfü
deyil. Heç şübhəsiz ki, bu cür
hava şəraiti ərköyün avropalıları,
özlərinin dediyi kimi, təhlükəsiz enerji təminatı haqqında düşünməyə
bir daha sövq etdi. Əlbəttə, bu zərurət nə qədər təbii şərtlərlə bağlı
olsa da ora
mütləq siyasi, geostrateji amilləri də əlavə etmək vacibdir.
Qəribədir, hələ
çar Rusiyası dövründən Rusiyaya etibarlı
qonşu, etibarlı dövlət kimi baxmayan Avropa bu gün də
həmin mövqeyində qalmaqdadır. Və Qərb bilir ki,
hazırda Rusiyadan aldığı təbii qaz Rusiya ilə
iqtisadi ilişgi, həm də Kremlin bir sıra məsələlərdə
onlara qarşı siyasi təzyiq rolunu da oynayır.
Çünki bu mütəmadi olaraq özünü ciddi
şəkildə göstərməkdədir. Məhz bu
üzdən də Avropa özünün təhlükəsiz
enerji təminatını yaratmaq üçün
"Nabucco" layihəsini irəli sürdü. Bu layihənin
detalları, mahiyyəti haqqında çox
danışıldığından o barədə təfərrüata
varmağı lazım bilmirəm. Məqsədim hazırki
situasiyanın bəzi məqamlarına diqqət yönəltməkdədir.
Ötən il
"Nabucco"ya təbii qaz verəcək dövlət kimi Azərbaycanla
da danışıqlar
aparıldı. Məlum olduğu kimi rəsmi Bakı da
özünün strateji maraqlarını əsas götürərək
verilən təkliflərə münasibətini bildirdi.
Sonradan məlum oldu ki, böyük maliyyə qurumları bu layihənin
maliyyələşməsinə tərəddüdlə
yanaşır, hətta bəzi məqamlarda Azərbaycanın
üzərinə əlavə öhdəliklər qoymaq istəyir.
Təbii ki, bərabərhüquqlu iqtisadi tərəfdaşlığa
önəm verən Bakı öz maraqlarına uyğun və
Avropanın əvəzedilməz olmadığını onlara
xatırladacaq addımını atdı. Rusiyaya qaz
satılması üçün saziş imzaladı. Hərçənd
Moskva Qərb qarşısında bu sahədə mövcud olan
hegomonluğunu saxlamaq üçün Azərbaycan qazına
müştəri olduğunu dəfələrlə bəyan
etmişdi. Onu da qeyd edək ki, dünya iqtisadiyyatında
başlanan böhran xeyli müddət ümumiyyətlə, nəhəng
layihələri, eləcə də "Nabucco"nu da bir qədər
arxa plana keçirmişdi. Amma...
Amma Avropa bu gün yenə
həmin ehtiyacı hiss etməkdədir. Rusiyanın həm
Ukrayna, həm də Belorusla olan sərin münasibəti qərblilər
üçün enerji təminatı sahəsində
sözün əsl mənasında təhlükə mənbəyi
olaraq qalır. Yəqin ki, Belorus ərazisindən keçən
qaz xəttini bağlamasını çoxları yaxşı
xatırlayır. Məhz bu üzdən də Avropa ötən
illər başladığı danışıqları yenidən
canlandırmaq, gündəmə gətirmək, layihəni
reallaşdırmaq üçün ciddi hərəkətə
keçib. Avropa Komissiyasının rəhbəri Joze Manuel
Barrozu Azərbaycana səfərə hazırlaşır. Verilən
məlumatlardan aydın olur ki, o, bu məsələ ilə
bağlı Türkmənistanı da ziyarət edəcək.
Amma burada çox
maraqlı bir məqama da diqqət etmək lazımdı. Belə
ki, Barrozo səfəröncəsi açıqlamalarda bir
sıra maraqlı mətləbləri bəyan edib. Məlum
olub ki, səfər çərçivəsində "Cənub"
dəhlizinin yaradılması barədə və
"Müasirləşmə naminə Avropa Birliyi-Azərbaycan
tərəfdaşlığı" adlı birgə bəyannamələr
imzalanacaq. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən
verilən məlumata görə, "Müasirləşmə
naminə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığı"
bəyannaməsində Azərbaycandakı siyasi və iqtisadi
islahatlara dəstək ifadə olunacaq. (anspress). Joze Manuel
Barrozu Azərbaycan və Türkmənistanın "Şərq
tərəfdaşlığı" və Mərkəzi
Asiya strategiyası çərçivəsində Avropa
Birliyinin əsas tərəfdaşları olduğunu bildirib:
"Biz bu ölkələrlə münasibətlərimizi dərinləşdirmək
istəyirik. Biz enerji ehtiyatlarının ixracının
diversifikasiyası və uzunmüddətli təhlükəsizliyində
ciddi şəkildə maraqlıyıq. Bunun üçün
Xəzər regionundan təbii qazı Avropadakı
istehlakçılara çatdıracaq Cənub qaz dəhlizi
layihəsi həyata keçirilməlidir. Mən əminəm
ki, biz birlikdə bu strateji təşəbbüsün həyata
keçirilməsi üçün lazımi şərait
yarada biləcəyik".
Qurumun rəhbəri
dünən keçirdiyi brifinqdə bildirib ki, yanvarın 13-də
Bakıya səfəri zamanı prezident İlham Əliyevlə
"Cənub dəhlizi" layihəsinə dair birgə bəyannamə
imzalayacaq. Bundan başqa, tərəflər siyasi və iqtisadi
islahatları nəzərdə tutan Avropa Birliyi - Azərbaycan
birgə əməkdaşlıq bəyannaməsi də
imzalayacaqlar. Onu da bildirək ki, Barrozu baş nazir Artur Rasizadə
ilə görüşəcək, sonra Azərbaycandan
Türkmənistana yola düşəcək. Diqqət etmək
lazımdı: söhbət Avropa Birliyi-Azərbaycan əməkdaşlığından,
strateji tərəfdaşlıqdan gedir. Yəni bu yalnız
iqtisadi layihə yox, həm də siyasi məsələdir. Bu
da onu göstərir ki, Qərb istəsə də - istəməsə
də Azərbaycanın maraqlarını diqqətə almaq
zorundadır.
Bu günlərdə
Rusiyanın baş naziri Vladimir Putinin "Nabucco" layihəsi
ilə bağlı açıqlamaları, bu layihənin
uğur qazana bilməyəcəyi ilə bağlı söylədikləri
onu sübut edir ki, Bakının bu məsələdə indiyədək
apardığı balanslı siyasət öz bəhrəsini
verməkdədir. Belə ki, Moskva indi Bakını
inandırmağa çalışır ki, Rusiya ilə
bağlanmış qaz sazişinin həcmi maksimum həddə
böyüməlidir. Onlar ehtiyat edir ki, Türkmənistanın
da "Nabucco"ya qoşulacağı təqdirdə Avropa
Rusiya qazının boyunduruğundan
qurtulacaq. Bundan başqa, yaxın günlərdə Azərbaycanda
kəşf olunmuş daha bir nəhəng təbii qaz
yatağı dünyanı bir daha inandırdı ki, Azərbaycan
hələ uzun illər bu məsələdə vacib partnyor
olaraq qalacaq.
Dünən
İranın neft sənayesi naziri, OPEC-in
başçısı Səid Maqsud Mirkaziminin də Azərbaycana
səfəri başlayıb. Bu barədə Trend-ə
İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi
Abbas İskəndəri bildirib. Onun sözlərinə görə,
nazirin Bakıda keçirəcəyi danışıqlar
zamanı enerji sahəsində ikitərəfli münasibətlərin
və birgə layihələrin müzakirəsi
planlaşdırılıb. Məlum olduğu kimi Azərbaycan
və İran qaz sahəsində, elektrik enerjisinin mübadiləsi
üzrə əməkdaşlıq edir. Azərbaycan və
İranı ümumi uzunluğu 1474,5 kilometr olan Qazıməmməd
- Astara - Bind-Biand qaz kəməri əlaqələndirir.
(Marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran
boru kəmərinin qoludur). Hətta İran tərəfi bir
neçə dəfə bildirib ki, ildə beş milyard kubmetrə
qədər Azərbaycan qazını ala bilər.
Göründüyü
kimi, Azərbaycan hazırda Qərblə ən vacib, ən
strateji körpü rolunu oynamaqdadır. Ölkə prezidentinin
çıxışlarının birində ifadə etdiyi
kimi desək, Azərbaycanın iştirakı,
razılığı olmadan regionda heç bir beynəlxalq
layihə öz həllini tapa bilməz. Və hazırda bu
reallığa çevrilib. Və Bakının
yaranmış situasiyadan maksimum yararlanması vacibdir. Ən
ağrılı, ən vacib olan problemlərimizin həllinə
nail olmalıyıq. Bunu həyat bizim qarşımıza
çıxarıb.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 13 yanvar.- S. 4.