İlham Əliyev: "Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik indi hiss edirik"

 

"Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik". APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Jose Manuel Barrozu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Prezident bildirib ki, Avropa Komissiyası sədrinin Azərbaycana səfəri tərəfdaşlığın bugünkü səviyyəsinin göstəricisidir və təbii ki, bu səfər Azərbaycan-Aİ münasibətlərinin gələcək inkişafına yönəlib. "Biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Biz uzun illər ərzində müxtəlif formatlarda ümumi nəticələri əldə etmək üçün birgə çalışırıq. Hazırda Azərbaycanın da üzvü olduğu "Şərq tərəfdaşlığı" proqramı var. Bu da bizim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunub", - deyə prezident deyib.

Səfər zamanı aparılan müzakirələrdən danışan prezident qeyd edib ki, ikitərəfli əlaqələrin hər bir aspekti nəzərdən keçirilib: "Biz iqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Bir sözlə, biz gördük ki, hər iki tərəfin ümumi bir istəyi, arzusu vardır ki, bu münasibətlər inkişaf etdirilsin və gələcək illərdə, onilliklərdə tərəfdaşlıq daha da güclənsin".

İ.Əliyev bildirib ki, keçirilən söhbətlərin əsas mövzuları arasında enerji sahəsində əməkdaşlıq məsələsi dayanıb. "Biz elə indicə Cənub qaz dəhlizi haqqında Birgə bəyannaməyə imza atdıq. Bu da çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycanın neft əməliyyatlarının uzun tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil edilib, o cümlədən sənaye üsulu ilə dənizdə neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda baş verib. Müstəqil ölkə olaraq biz öz enerji siyasətimizi 1990-cı illərin ortalarından bu günə qədər aparırıq və bu baxımdan Azərbaycanın siyasəti çox açıq, səmimi, şəffaf olub. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə bildik və bu gün artıq bizim müxtəlif marşrutlarımız var. Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz nəticəsində mümkün olub. Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir", - deyə dövlət başçısı vurğulayıb.

Prezidentin fikrincə, maraqların kombinasiyası, səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması ölkənin planlarının uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir: "Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək verib. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olublər. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir".

Dövlət başçısı bildirib ki, imzalanan Birgə bəyannamənin yaxşı gələcəyi var. "Əminəm ki, gələn aylar ərzində biz bir çox mühüm hadisələrin şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı, Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan bu əməkdaşlıq uğurla davam edəcək. Bu gün biz Azərbaycanda siyasi və iqtisadi islahatlara aid vəziyyəti də müzakirə etdik və bu, çox açıq, səmimi və dostluq şəraitində keçdi. Bu söhbət dostlar arasında idi və biz bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik. Biz, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Fakt ondan ibarətdir ki, artıq uzun illərdir, Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdi. Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və ATƏT-in qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytaracaq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcək", - deyə prezident vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan - Aİ ikitərəfli gündəliyi çox genişdir: "Belə tərəfdaşlıq ruhu bizim ikitərəfli münasibətlərimizdə həmişə əsas yer tutacaq və gələn aylar ərzində daha çox müsbət nəticələrimiz olacaq".

 

 

Ədalət.- 2011.- 15 yanvar.- S. 2.