Deyəsən haqq yerini tapır

 

Gec də olsa verilən bəyanatlar Ermənistan mahiyyətinin etirafını ortaya qoyur

 

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalması artıq yavaş-yavaş dünyanın super güclərində nüfuzlu şəxslərin dili ilə etiraf olunmaqdadır. Belə ki, son zamanlar biz daha çox ədalətin səsinə səs verənlərin üzə çıxdığını görürük. Pensilvaniyadakı ABŞ Ordusu Müharibə Kollecində Strateji Araşdırmalar İnstitutunun professoru Stephen Blank "National review"da çap edilən "Azərbaycan, Ermənistan və Amerika" məqaləsində yazır": Noyabrda NATO özünün Lissabon sammitində formal olaraq Azərbaycanın tərəfini tutdu, Azərbaycanın "ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini" tanıdı. Bundan 11 gün sonra ATƏT sammitində Azərbaycan və Ermənistan arasında yeni fəaliyyət planını razılaşdırmaq mümkün olmadı. Ermənistan prezidenti Sarkisyan Azərbaycanı Dağlıq Qarabağı dövlət kimi tanıya biləcəyi ilə hədələdi. Əgər bu baş verərsə, iki ölkə arasında müharibəyə də olmasa, əbədi düşmənçiliyə səbəb ola bilər"

Onun fikrincə, Amerika hazırkı vəziyyətə biganəlik göstərir. Amma bu mövqeyi dəyişmək lazımdır. Belə ki, Ermənistanın bu iddialarına münasibət bildirilməməsi ATƏT-in bir vasitəçi kimi öz rolunu lazımınca yerinə yetirə bilməməsini göstərməklə yanaşı həm də ondan xəbər verir ki, ötən il də Azərbaycan diplomatiyası üçün uğurlu olub - ölkənin Qərb, o cümlədən Amerika üçün strateji əhəmiyyəti artır. Azərbaycan öz enerji müstəqilliyini qorumaqla yanaşı həm BP ilə qaz müqaviləsi bağlayır, "Nabukko " layihəsinin mühümlüyünü nümayiş etdirir, həm də qaz ixracını ikiqat artırmaqla Rusiya ilə münasibətlərini yaxşılaşdırır. Bakı Türkmənistanla da əlaqələrini yaxşılaşdırıb. Artıq Türkmənistan öz qazını Avropaya nəql etməyə hazır görünür. Azərbaycanın Türkiyə ilə də münasibətləri normallaşıb.

Daha sonra qeyd edilir ki, Ermənistan isə Rusiyadan asılı dövlət olaraq qalır. Türkiyə ilə münasibətləri normal deyil. Həmçinin də gözü dünyanın inkişaf etmiş dövlətlərinin, ələlxüsus da Ermənistanın Qərbin maraqlarına zidd olaraq İrana silah satdığının məlum olduğu vurğulanır. Ermənistanın yürütdüyü siyasətin dalana dirəndiyi görünür, Azərbaycan isə hərbi büdcəsini artırıb və indi bu, Ermənistan və Dağlıq Qarabağın ümumilikdə büdcəsindən artıqdır. Müəllifə görə, sülh danışıqlarında nəzərəçarpacaq irəliləyişin olmaması, eləcə də Azərbaycanın hərbi gücünün artması narahatlıq doğuran bir ehtimala yol açır. Bakıda kimlərsə münaqişəni hərb yolu ilə həll etməyə çalışa, İrəvanda isə kimlərsə bunu önləmək üçün Azərbaycana preventiv zərbə vurmaq haqda plan hazırlaya bilər.

Yeni müharibə bölgədə humanitar fəlakət yarada bilər. Belə ki, münaqişəyə Rusiyanın müdaxiləsi istisna deyil. Necə ki, 1992-93-cü illərdə Azərbaycan ordusunun qələbəsinin qarşısını almaq üçün Ermənistana 1 milyard dollarlıq silah verilmişdi. İndi Türkiyə və Rusiya arasında münasibətlər çox yaxşıdır. Amma Türkiyə həm də Azərbaycanla müttəfiqdir. Əgər Türkiyə yenidən baş qaldıran münaqişəyə müdaxilə etməsə, onda Qafqazdakı hörmətini itirər. Rusiya maraqların toqquşması səbəbinə görə, hazırda sülh danışıqlarında ədalətli vasitəçilik edə bilmir.

Vurğulanır ki, əgər NATO Lissabon sammitindəki bəyanatına sadiqdirsə, Rusiya ilə münasibətlərinin yenidən normallaşmasını da nəzərə alıb münaqişənin həlli üçün daha çox səy göstərməli, xüsusən Amerika və Fransa vasitəçi kimi fəallığını artırmalı, bu işdə aparıcı rol oynamalıdır. Gürcüstanla Rusiya arasında konflikt göstərdi ki, belə donmuş münaqişələrin həlli nə dərəcədə vacibdir və beynəlxalq münasibətlərə necə böyük təsir edə bilər.

Müəllifin rəyinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanın Rusiyadan asılılığını daha da möhkəmləndirir. Azərbaycan isə Qərb, xüsusən də Amerika üçün çox vacib ölkədir. NATO-nun təyyarələri Əfqanıstana Azərbaycanın hava məkanından keçməklə uçur. Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib halqadır.

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 15 yanvar.- S. 3.