Avropalılar layihənin reallaşması intizarında

 

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo Azərbaycandan sonra Türkmənistanda səfərdədirlər. Aydındır ki, səfər çərçivəsində aparılan danışıqlarda enerji məsələləri prioritet təşkil edəcək. Əsasən söhbət "Nabucco"dan gedir ki, bu layihə ilə bağlı məsələ nəinki maraqlı ölkələrdə, əlehdarı olan dövlətlərdə də müzakirə olunmaqdadır. Səfər ərəfəsi medianın suallarını cavablandıran Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız "Nabucco" layihəsi ilə bağlı dövlət və şirkətlərlə fəal iş aparıldığını və bu işlərdə geriyə addım atılmayacağını bildirib. Layihə üzrə Türkiyənin tranzit ölkələrdən qabaqcıl bir mövqedə olduğunu qeyd edən nazir bu istiqamətdə hökumətlərarası razılaşmanın Türkiyə Böyük Millət Məclisi tərəfindən 2010-cu il martın 4-də təsdiqləndiyini və anlaşmanın avqustun 1-dən qüvvəyə mindiyini deyib.

Həmçinin mühəndislik işlərinin aparılması üzrə beynəlxalq təcrübəyə malik şirkətin yaradıldığı da qeyd edilib. Eyni zamanda Taner Yıldız "Nabucco" layihəsi ilə bağlı hüquqi təcrübə detallarının dəqiqləşdiriləcəyini, eləcə də Türkiyənin sənədi digər tranzit ölkələrlə eyni zamanda imzalamağa hazır olduğunu diqqətə çatdırıb.

 

"İtaliyanın qaz nəhəngi "Eni" də bu addımı dəstəkləyir"

 

Yeri gəlmişkən, "Nabucco" kəməri və onunla rəqabətdə olan "Cənub axını" layihəsinin birləşdirilə biləcəyi məsələsi ortaya çıxıb. Qeyd edilib ki, bu, uzun illər boyu davam edən boru kəməri "müharibəsi"nin qarşısını ala bilər. Bu fikri ABŞ-ın İtaliyadakı səfiri Devid Torn "United Press International" qəzetində dərc edilən məqaləsində göstərib. O bildirib ki, "Cənub axını" üzrə Rusiyanın əsas tərəfdaşı olan İtaliyanın qaz nəhəngi "Eni" də bu addımı dəstəkləyir. Onun sözlərinə görə, "Eni" kompaniyası əvvəlki mövqeyini dəyişərək "Cənub axını" ilə "Nabucco" layihəsinin birləşdirilməsi ideyasını dəstəkləyib. "Bunu "Eni" kompaniyasının rəhbəri Paolo Skaroninin Roma və Vaşinqtonda keçirdiyi çoxsaylı görüşlər təsdiq edir. Mən deyərdim ki, biz konstruktiv dialoq mərhələsindəyik" - deyə o əlavə edib. Bəlli olduğu kimi, "Eni" Kremlin başlatdığı "Cənub axını" layihəsinin əsas tərəfdarları sırasındadır. Bu kompaniya Ukraynadan yan keçməklə qazın Avropaya nəqlinə tərəfdardır. Ekspertlər hesab edir ki, "Cənub axını"nın ikinci vəzifəsi Brüsselin ortaya atdığı və Avropanı Rusiya qazından asılılığını azad edəcək "Nabucco" layihəsini qabaqlamaqdır.

Qeyd edək ki, Rusiyanın baş naziri Vladimir Putin ənənəsinə sadiq qalaraq "Nabucco"nu yenə də şübhəaltına alıb. Avropalı rəsmilərin səfəriöncəsi "Nabucco"nun iqtisadi cəhətdən özünü doğruldacağını şübhə altına alan bəyanatını yeniləyib. Layihəyə yaxın mənbələrin verdiyi məlumata görə, Rusiya Mərkəzi Asiyada "Nabucco"nu qazla təmin edəcək ölkələrə təzyiq göstərərək, onları "Cənub axını"nı müdafiə etməyə çağırır. Avropalılar isə aktiv şəkildə "Nabucco" layihəsini həyata keçirməyə çalışır. Məhz bu səbəbdən də Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Avropa Birliyinin enerji məsələləri üzrə komissarı bu həftə Türkmənistan və Azərbaycana səfər edəcəklər.

 

Azərbaycan bu layihə ilə bağlı öz mövqeyini yeniləməlidir

 

Barrozonun səfərinə böyük önəm verən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov jurnalistlərə bildirib ki, Bakıda aparılacaq danışıqlar zamanı Azərbaycanın "Nabucco" qaz kəmərinə verəcəyi qazın həcmlərinə dair dəqiq rəqəmlərin açıqlayacağını gözləmək olar. "Düşünürəm ki, Azərbaycan bu layihə ilə bağlı öz mövqeyini yeniləməlidir. Avropa Komissiyası rəhbərinin Azərbaycana səfəri təbii ki, böyük hadisədir. Nəzərə alsaq ki, Barrozo burada təkcə "Nabucco" qaz kəməri ilə bağlı deyil, həmçinin "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı da danışıqlar aparacaq, Azərbaycan rəhbərliyinin bu səfərə çox ciddi yanaşdığını yəqin etmək olar. Bu iki istiqamətdə Azərbaycanın öz mövqeyini təzələyəcəyini gözləmək olar. Çünki hazırda deyək ki, birinci istiqamət üzrə ("Nabucco" layihəsi) Azərbaycan son yarım ildə bir neçə addım atıb ki, bunlar da Avropa İttifaqını narahat etməyə bilməz. Mən bunu deyərkən, Azərbaycan təbii qazının mayeləşdirilərək Rumıniya istiqamətində ixrac edilməsini, Azərbaycanın Suriyaya 2 mlrd. kubmetr qaz satması ilə bağlı müəyyən planlarını açıqlaması və bu hadisələrdən öncə Rusiyaya qaz satışının artırılmasına dair verilən vədləri nəzərdə tuturam" - deyə Sabit Bağırov qeyd edib. Onun sözlərinə görə, bütün bunlar gələcəkdə "Nabucco"ya verilə biləcək qazın həcmini azalda bilər və bu, Avropa İttifaqını narahat etməyə bilməzdi. Sabit Bağırov güman edir ki, Bakıda bu məsələlər müzakirə olunacaq.

 

"Bəzi vədlərin veriləcəyini gözləmək olar"

 

Ekspert hesab edir ki, Barrozo Azərbaycandan yəqin ki, gələcəkdə hansı imkanlarının olacağı, Azərbaycanın "Nabucco"ya qazın verilməsi ilə əlaqədar nə düşündüyü və planlaşdırdığına dair öz mövqeyini daha aydın bildirməyi xahiş edəcək. "Ola bilsin ki, bu görüşün nəticəsi olaraq Azərbaycan Suriya və Rusiyaya veriləcək qaz həcmlərinə dair rəqəmlərin açıqlanması kimi, "Nabucco" layihəsi ilə bağlı hansısa daha konkret rəqəmləri açıqlasın. Yəni bəzi vədlərin veriləcəyini gözləmək olar" - deyə ekspert bildirib. Onun sözlərinə görə, ikinci istiqamət isə "Şərq tərəfdaşlığı" proqramına dair məsələdir. Ekspert bildirib ki, burada Azərbaycanın mövqeyi daha aydın və daha konkret şəkildə ifadə olunmalıdır. "Yəqin ki, bu məsələlər üzrə də müəyyən aydınlıqların ortaya çıxacağını gözləmək olar", - deyə Sabit Bağırov vurğulayıb.

Rusiyanın baş naziri Vladimir Putinin ötən həftə "Nabukko" ilə bağlı səsləndirdiyi pessimist fikirlərə də münasibət bildirən ekspert bu çıxışdan təəssüfləndiyini bildirib: "Rusiya kimi böyük bir ölkənin baş naziri Vladimir Putinin "Nabucco" kimi layihələrə müdaxilə etməsi təəssüf doğurur. Bunu mən müdaxilə etməyə cəhd kimi qiymətləndirirəm. Bu, Rusiyanın "Cənub axını" layihəsinə ciddi rəqib olan "Nabucco"ya maneçilik törətmək və Avropa İttifaqına daxil olan ölkələri ruhdan salmaq və s. bu kimi məsələlərə yönəlib. Bu, eyni zamanda, Azərbaycan, Türkmənistan və Qazaxıstan rəhbərliyinə müəyyən təzyiq etmək kimi də qiymətləndirilə bilər".

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 15 yanvar.- S. 4.