"BİZ NİYƏ SEVMƏYƏK
BİR-BİRİMİZİ"
Həftənin ilk
günü üzümə uğurla açıldı.
Qayğılardan başımı itirdiyim bir məqamda,
ustadımın yeni ildə işıq üzü görən
kitabı ilə görüşdüm. Görüşmək
sözü bəlkə də daha çox canlılara -
insanlara aiddir. Amma mən hər bir yazıyla da, kitabla da, hətta
misrayla da görüşə bilirəm. Çünki mən
onları canlıdan-canlı, qanlıdan-qanlı, yaşayandan
daha çılpaq, daha oynaq, daha işıqlı, daha
qol-qanadlı görürəm və gördüklərim də
mənə təkcə göz yaddaşı yox, həm də
qan, can, ruh yaddaşı kimi təsir edir. Bax, onda mən
oxuduqlarımı, vərəqlədiklərimi ən
yaxşı həmsöhbət görürəm, ən
yaxşı həmsöhbət hesab edirəm.
Kimlərsə məni
qınaya bilər. Olsun. Heç kimdən incimirəm də,
küsmürəm də. Çünki o qınayanlar bəzən
məni bütün kitablara, bütün yaxınlara diqqətlə,
sevgi ilə yanaşdığıma görə, tənqid
ünvanı edirlər. Amma bir olan Allah şahiddir ki, mən
bütün yazıları, bütün kitabları
işıq kimi görürəm, işıq kimi qəbul edirəm.
Ola bilməz ki, yüz səhifəlik bir kitabda iynə ucu
boyda bir işıq olmasın. Bu mümkün deyil. Qələmlə
kağız təmas qurubsa və bu təmas öz mürəkkəbini
ürəkdən alıbsa, deməli, nəticədə iynə
ucu boyda bir işıq dünyaya gəlib. Sadəcə onu
görmək lazımdır. Amma əgər söhbət ustad
kitabından, ustad qələmindən gedirsə, deməli,
burda bir dünya işıqdan, bir aləm sevgidən, bir cahan
tutumu olan nurdan, xeyirdən, arzudan, sevgidən söhbət
gedir. O elə bir söhbətdir ki, onu qırx gün, qırx
gecə danışmaqla, qırx gün, qırx gecə
yazmaqla, qırx gün, qırx gecə dinləməklə
başa çıxmaq mümkün deyil. Bilirsiniz niyə? Ona
görə ki, o sözlər, o pıçıltılar, o
işartılar, o naxışlar, o ilmələr, o
çalarlar, o dünyalar ayrı-ayrılıqda hər biri
qırx gecəlik, qırx günlük söhbətdi,
yazıdı, hikmətdi.
Zəlimxan Yaqub Azərbaycan
ədəbiyyatında möhürünü vurmuş, yerini təsdiqləmiş,
kürsüsünü müəyyənləşdirmiş,
imzasını seçdirmiş, nəfəsini
tanıtmış, ruhunu sevdirmiş, varlığını qəbul
etdirmiş xalqın şairidi. Bu elə bir mənəvi
güc, bu elə bir mənəvi işıqdır ki, onu
görməmək, onu qəbul etməmək, onun yanından
keçmək, ona biganəlik göstərmək qeyri-mümkündür.
Çünki o, səndən xəbərsiz sənin
içində, sənin varlığında oturub yazır,
danışır, ilmə hörür, naxış vurur, hikmət
pıçıldayır. İndi hünərin var bunu
görmə, bunu qəbul etmə.
Mənə elə gəlir
ki, sağlığında qələminin
işığı ilə, ruhunun şəfqəti ilə,
sözünün hikməti ilə, dünyasının
böyüklüyü ilə Azərbaycan oxucusunun
qapısını döyən üç-dörd barmaq
sayı göstərilən, nişan verilən şairlərdən
biri də Zəlimxan Yaqubdu. O xalqla tərcüməsiz, təqdimatsız
birbaşa danışır və xalq da onu tərcüməsiz,
təqdimatsız qəbul edir. Bax, elə bu ilin ilk günlərində
işıq üzü görən kitabı da ustadın
xalqla, oxucu ilə təqdimatsız, tərcüməsiz daha
bir görüşü, daha bir söhbətidi. Zəlimxan
müəllim yazır:
Yaşıldı, aldı, bilmərəm,
Tirmədi, şaldı, bilmərəm,
Kimə nə qaldı bilmərəm,
Mənə sevdiklərim qaldı.
Ustad elə bil ki, ov
ovlayıb, quş quşlayan, göydə durnanı, yerdə
kəkliyi, sözdə gözəli, nəğmədə
gözəlliyi əyləndirmək üçün
nişangahda dayanıb və o nişangah oxucu qəlbinə
taybatay qapı açıb. O qapıdan təkcə sözlə,
qələmlə, ruhla keçmək olar. O qələmin də,
o sözün də o ruhun da sahibi ancaq ustad ola bilər. O ustad
ki, onun adı Zəlimxan Yaqubdu. O Zəlimxan Yaqub ki,
hamımıza üz tutub deyir:
Doğulan günündən şair ürəyi,
Doğma ocağındır, evindir, Allah,
Bir qəlbi, bir könlü, bir ürəyi yox,
Bütün ürəkləri sevindir, Allah!
Zənnimcə, bundan
böyük dua, bundan böyük alqış, bundan
böyük istək ola bilməz. Yalnız xalqın şairi
xalqına, bütün insanlığa və ən birinci isə
ürəyi, duyğusu olan hər kəsə sevinməyi arzu
edə bilər, diləyə bilər, istəyə bilər.
Bax, Zəlimxan Yaqubun xalqın şairi olmağı da burdan
qaynaqlanır, burdan qol-qanad açıb Azərbaycana və
türk dünyasına üz tutur.
Eşqimin sərdarı, sultanı mənəm
Dillərin ən şirin dastanı mənəm
Töksələr qanımı,
qurbanı mənəm
Canım yar yolunda sadağa gəldi.
və yaxud:
Çoxdur bu aşığın doğması,
yadı,
Çalış el içində enməsin adı.
Onsuz da vüsalın şirindi dadı
Həsrətə dözməyi bacarmalısan.
Bu misraların
arxasında ürək dayanır, duyğu dayanır, yanan,
alışan, alovlanan, məşələ çevrilən
sevgi dayanır. O elə bir sevgidi ki, onun işığı
bir evi, bir eli deyil, bir məmləkəti, bir dünyanı
işıqlandıra bilir. Onun içərisində Füzuli
də var, Aşıq Ələsgər də var, Səməd
Vurğun da var, Aşıq Kamandar da var, Hüseyn Arif də
var, Məmməd Araz da var, Zəlimxan Yaqub da. Bu adda-budda
sadaladığım böyük isimlərin sırasında
dayanan daha neçə-neçə işıqlı
ünvanlar da var.
Mən bir nəfəsə
oxudum "Biz niyə sevmirik bir-birimizi" Oxudum və sonra
başladım götür-qoy eləməyə.
Götür-qoy etməyimin də səbəbi var idi. Mənim
üçün ilk və bəlkə də ən birinci səbəb
kitabın tərtibatı idi. Son vaxtlar bir neçə kitab məni
özümdən çıxarıb, yerimdən tərpədib.
Onlardan ən sonuncusu böyük şairimiz Məmməd
Arazın qara cilddə çap olunan kitabı idi. İndi də
ustad Zəlimxan Yaqubun cildindən, tərtibatından sanbal,
ağırlıq, böyük yük, böyük tutum,
böyük dəyər, saytallıq, əzəmət və
bir az da durub düşünmək yükü tökülən
kitabı məni düşünməyə məcbur etdi.
Çünki Zəlimxan müəllimin son kitabının tərtibatı
və üz qabığı istər-istəməz adamı
bir az ağır oturub, batman gəlməyə məcbur edir.
İlk baxışdan elə bilirsən ki, bu kitab sənlə
çox ağır, çox zəhmli, bir az da
cansıxıcı söhbət edəcək. Amma vərəqlər
çevrildikcə sən o ağırlığın içərisindən
müdrikliyə, ağsaqqallığa, təmkinə,
düşüncəyə, işığa, sevgiyə,
duyğulara doğru yol gedirsən. Görürsən ki, səni
qapı ağzında qarşılayan, üz-gözündən
ağır bir sükut tökülən görkəm əslində
əlindən tutub səni işıqlı yollara doğru
aparır. Gedə-gedə Kərəmin necə
yandığını, Sənanın necə od tutub sevgi dilinə
keçdiyini, Məcnunun necə göyləri yerə gətirdiyini
və ən vacibi Zəlimxan Yaqubun bu sevdalar və
ağrılar dolu dünyanı necə çiynində
daşıdığını görürsən, duyursan,
yaşayırsan. Həmin vaxt özündən asılı
olmadan pıçıldayırsan:
Səni nurdan töküb Allahın əli,
Yağdırıb üstünə
daş-qaşı, ləli.
Heyrətdən donuram ay el gözəli,
Sən məni qınama lala dönəndə.
Və yaxud da:
Sevginin çalısı, çəpəri yoxdur,
Yorğunam, canımın təpəri yoxdur.
Vallah, əzrayılın xəbəri yoxdur,
Mənə nə oldusa gözəldən oldu.
Əgər içində
iynə ucu boyda sevgi işığı, insanlıq
duyğusu, həyat şövqü, ən vacibi isə
düşünmək qabiliyyəti olan insan ayaq üstə
yeriyə bilirsə, yaşadığını dərk edirsə,
onda mütləq bu misralardan təpər tapmalıdır. Yox,
əgər tapa bilməsə, onun ayaq üstə
olmağı da, yaşamağı da şübhəlidir, hətta
inandırıcı deyil.
Mən ustadın
kitabını səhifə-səhifə, misra-misra, bənd-bənd,
düşünə-düşünə, duya-duya,
yaşaya-yaşaya oxudum. Özü də təkcə
oxumadım, canıma, qanıma ruhuma oxutdurdum. Çünki mən
axtardıqlarımı, görmək istədiklərimi, demək
istədiklərimi o misralarda gördüm. Mənə elə
gəldi ki, ustad qələmə könül verib ağ vərəqləri
işığa qərq edəndə təkcə
özünü yox, həm də onu oxuyanları kağıza
köçürməyə, oxucuya təqdim etməyə
üstünlük verib. Ona görə də misralar hər kəs
üçün özünüifadəyə çevrilib. Əks
halda, bu kitab oxucunu öz qoynuna bu boyda sevgi ilə ala bilməzdi.
Dünya heçdi, saf dünyası olmasa,
Gözəllərin safı, xası olmasa.
Zəlimxanın haqq sevdası olmasa,
Dövran keçər, çağ öldürər
şairi.
Mən
tanıdığım, inandığım, sevdiyim və
özüm üçün ustad saydığım bir
şairin zamana güc gələcəyini gün
işığı kimi qəbul edirəm. Bilirəm ki, onun
sözü, onun nəfəsi, onun ruhu hər bir oxucudan
keçir, təsdiqlənir və həyat vəsiqəsi,
yaşam haqqı qazanır. Bu mənada mən də
özüm-özümə sual verirəm:
- Bu boyda sevgidən
sonra, bu boyda məhəbbətdən sonra, bu boyda etirafdan
sonra, bu boyda dözümdən sonra, bu boyda əzabdan sonra və
ən vacibi bu boyda vurğunluqdan, bu boyda Zəlimxanlıqdan
sonra biz niyə sevməyək bir-birimizi?!..
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 15 yanvar.- S. 5.