Amerikanın Qafqaz siyasəti

 

Amerikanın Cənubi Qafqaz siyasətini arxa plana keçirməsi müqabilində Rusiyadan umduğu güzəştləri əldə etmiş kimi görünür. Hər halda Kreml bölgədə üstünlüyünü təmin edə bilib. Bütün bunlara rəğmən, hələ də Amerikanın bölgədəki status-kvonu öz xeyrinə dəyişməsinin mümkünlüyü istisna olunmur. Bu fikirlərdə müəyyən qədər həqiqət olduğunu deyən siyasi şərhçi Qabil Hüseynlinin sözlərinə görə, Barak Obama Amerikanın dövlət başçısı seçildikdən sonra bir sıra məqamlarla bağlı fərqli siyasət xətti götürüb:

 

"Məsləhətləşmələrin baş tutması prinsipial əhəmiyyətə malikdir"

 

"Bəllidir ki, Barak Obama hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətləri yaxşılaşdırmaq xatirinə, həm də Əfqanıstan və İraq məsələləri ilə bağlı problemlərin çoxluğu səbəbindən Cənubi Qafqaza müəyyən qədər zəif diqqət ayırdı. Amma son vaxtlar həm Amerikanın, həm də Avropa Birliyinin Cənubi Qafqaza diqqətinin artmasının şahidi olmaqdayıq. Bu həm hərbi strateji məsələlərlə bağlıdır, həm də nəzərdə tutulan iri iqtisadi layihələrlə. İlk növbədə də "Nabucco" qaz kəməri layihəsi ilə əlaqədardır. İstər-istəməz Amerika həm Avropa Birliyinə dəstək vermək, həm də Əfqanıstan və İraqdakı proseslər naminə Cənubi Qafqazla bağlı siyasətinə yenidən baxmaq məcburiyyətində qalacaq". Artıq bunun ilk işartılarının da görünməkdə olduğunu bildirən politoloq qeyd edir ki, Avropa Birliyi komissiyasının sədri Barrozonun səfəri bunu təsdiqləyir: "Yəni Avropa Birliyi komissiyasının sədri, faktiki olaraq qurumun baş naziri Barrozonun səfəri təsadüfi deyil. Çox güman ki, gündəmdə duran əsas məsələlərdən biri də "Nabucco" qaz kəməri layihəsi ilə bağlı olacaq. Eləcə də fevralın əvvəllərində Amerika-Azərbaycan təhlükəsizliyinə dair ikitərəfli danışıqlar başlayacaq. Doğrudur, bu danışıqlar ənənəvi xarakter daşıyır və demək olar hər il keçirilir. Amma təhlükəsizlik məsələləri ilə bağlı ikili məsləhətləşmələrin baş tutması prinsipial əhəmiyyətə malikdir".

Q.Hüseynlinin sözlərinə görə, əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə daha ciddi məsələlərin müzakirə olunacağı istisna deyil: "Əgər bu məsələlərin üzərinə Amerikanın artıq səfirini təyin etməsini, həmçinin də Ermənistana müəyyən təzyiqlərin də özünü göstərdiyini əlavə etsək, onda rəsmi Vaşinqtonun siyasətində yenilikləri görmək mümkün olacaq. Cənubi Qafqazın daha bir ölkəsi olan Gürcüstanla münasibətlər normal qaydada inkişaf edir və burada ABŞ-ın müəyyən hərbi kontingenti yerləşdirilib. Hərbi kontingentin sayı da tədricən artırılmaqdadır. Bütün bunları götür-qoy etdikdən sonra demək olar ki, sürətlə olmasa da, tədricən ABŞ-ın Cənubi Qafqaz maraqları Avropa ilə birlikdə yenidən gündəmə gəlməkdədir".

 

Rusiyada demokratik dəyişikliklərin əsas simasını prezident Dmitri Medvedev müəyyənləşdirir

 

Barak Obama hakimiyyətinin ilk dönəmlərində arxa plana keçirdiyi Cənubi Qafqaz maraqları müqabilində umduqlarını əldə edə bildimi? Yenidən Cənubi Qafqaz məsələsinin gündəmə gətirilməsinin nə kimi fəsadları ola bilər? Siyasi ekspert Barak Obamanın Rusiya ilə münasibətlərin normallaşdırılması siyasətini davam etdiyini bildirdi: "Hazırda da Rusiya ilə münasibətlərin normallaşdırılması prosesi davam etməkdədir. Strateji hücum silahlarının ixtisarına dair ABŞ-Rusiya müqaviləsinin imzalanması və hətta ABŞ Konqresində ratifikasiyadan keçməsi hər iki ölkənin kütləvi qırğın silahlarına yiyələnmənin dayandırılması istiqamətində ciddi addım atdıqlarını göstərir. Bundan əlavə həm ABŞ, həm də Avropa Rusiyada demokratik dəyişikliklərə ciddi dəstək verirlər. Bu gün Rusiyada demokratik dəyişikliklərin əsas simasını prezident Dmitri Medvedev müəyyənləşdirir. Bu mənada Qərb də onunla münasibətləri yüksək səviyyədə saxlamağa çalışır". Hazırkı Rusiya prezidentinin yenidən seçiləcəyinə şübhə etməyən politoloqun qənaətincə, belə olacağı təqdirdə həm Cənubi Qafqaza, həm də Rusiyaya münasibətdə tamamilə yeni bir eranın başlanacağını təxmin etmək mümkündür.

Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu da etiraf edir ki, ötən əsrin 90-cı illərində postsovet məkanı ölkələri müstəqilliklərinə qovuşanda ABŞ-ın Cənubi Qafqaz regionunda siyasəti olduqca fəal idi. Bütün dövrlərdə bu bölgənin hegemonu olan Rusiya isə Cənubi Qafqazda bildiyini həyata keçirməyi bacarmırdı: "Enerji resursları tapılmışdı və Rusiya bu resurslardan təkbaşına istifadə etməyə çalışırdı. Amma biz gördük ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan məhz Qərb şirkətləri ilə əməkdaşlığa üstünlük verdi. Bu isə Rusiyanın xeyli dərəcədə qıcıqlanmasına gətirib çıxarırdı. Daha sonra isə enerji resurslarının dünya dövlətlərinə çatdırılması məsələsi gündəmə gəldi. Həmin ərəfədə də Rusiya boru xəttinin onun ərazisindən keçməsi üçün Azərbaycana təzyiqlər göstərdi. Lakin ABŞ və bəzi Avropa dövlətlərinin dəstəyi ilə Azərbaycan alternativ marşurutları seçə bildi".

 

Bu ABŞ üçün çox böyük mənfi nəticələrə gətirib çıxarar"

 

Digər tərəfdən, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə də Amerikanın zaman-zaman fəallıq göstərdiyini və müəyyən görüşlərin təşəbbüskarı olduğunu vurğulayan politoloq deyir ki, həmsədrlik institutu yaradıldıqdan sonra da Vaşinqton prosesdə digər vasitəçi dövlətlərlə bərabər səviyyədə iştirak etməyə çalışıb: "Bu siyasət 2001-02-ci illərin əvvəllərinə kimi davam etdi. Amma çox təəssüflər ki, Barak Obama ABŞ prezidenti seçildikdən sonra Rusiya ilə münasibətlərin nizamlanması xatirinə bəzi məsələlərdə geri çəkilib. Həmin məsələlərdən biri də Cənubi Qafqazdır və Ağ Evin bu regionda əvvəlki fəallığı hiss olunmur. Sanki Rusiya ilə bir sıra məsələlərdə sövdələşdiyinə görə Cənubi Qafqazı Kremlin ixtiyarına verib. Rusiya da bu bölgədə faktiki olaraq istədiyini edir. Ermənistanla hərbi anlaşma imzalayır, onu müasir silahlarla təmin edir. Gürcüstanın ərazi bütövlüyünə xələl gətirərək Abxaziya və Cənubi Osetiyanı işğal edərək özünün hərbi qüvvələrini orada yerləşdirir. Yaxud da Dağlıq Qarabağ problemini yaratmaqla vəziyyəti idarə etməyə çalışır və faktiki olaraq il yarımdır ki, prosesi təkbaşına nəzarətdə saxlayır. Bu vasitəçilik sayəsində Rusiyada 6-7 görüş keçirib, amma nə Amerikadan, nə də Fransadan xəbər var. Bu siyasətin davamı ona gətirib çıxara bilər ki, Rusiya burada birmənalı olaraq dominant rol oynayar. Bu ABŞ üçün çox böyük mənfi nəticələrə gətirib çıxarar".

Uzun müddətdən sonra ABŞ-ın səfir təyinatını reallaşdırdığını qeyd edən E.Şahinoğlunun fikrincə, səfir təyinatı o demək deyil ki, bu, bütün məsələləri həll edəcək və ABŞ-Azərbaycan münasibətlərini istənilən səviyyəyə gətirib çıxaracaq: "Brayza müəyyən qədər uğurlar əldə etsə də adi bir diplomatdır. Amerikanın Azərbaycan siyasətini dəyişməsi üçün burada fəallaşması lazımdır. Digər tərəfdən Azərbaycanın özünün də beynəlxalq aləmdə aktivləşməsi və Qərb dövlətləri ilə münasibətlərini genişləndirməsi üçün Rusiya ilə münasibətlərinə bir qədər diqqət yetirməsi zəruridir. Bəziləri Rusiyanı strateji partnyor adlandırır, amma Azərbaycan dövlətinin torpaqlarını işğal edən ölkənin bizim strateji partnyorumuz olması sual doğurur. Ona görə də Qərblə Azərbaycan arasında əməkdaşlıq hərtərəfli və qarşılıqlı maraqlar əsasında olmalıdır. Bu mənada ABŞ-ın hazırkı siyasət kursunun dəyişməməsi bölgə üçün yaxşı heç nə vəd etmir. Bütövlükdə Qərbin, Amerikanın regionda siyasəti aktivləşməli və Rusiyanın bu bölgədə təkbaşına fəallığına son qoyulmalıdır. Çünki biz təkcə regionda mövcud olan Dağlıq Qarabağ məsələsini götürsək, onda Rusiyanın ilyarımlıq cəhdinin heç bir nəticəsi olmadığını görərik. Bu danışıqların kulminasiyası sayılan ATƏT-in Astana Sammitində də Rusiya prezidenti bir kəlmə də olsun Dağlıq Qarabağ problemindən danışmadı. Ona görə ki, Rusiya Dağlıq Qarabağ probleminin ədalətli həllində deyil, Ermənistanla hərbi strateji müttəfiqliyin davamında maraqlıdır. Azərbaycanla isə iqtisadi münasibətlərin genişlənməsi və enerji resursları ilə bağlı əməkdaşlıq etmək istəyir".

 

"Obama hakimiyyətə gəldikdən sonra bu ideyadan vaz keçdi"

 

Politoloq onu da deyir ki, Cənubi Qafqaz məsələsində Barak Obamaya bəslədiyi böyük ümidlər özünü doğrultmayıb. Rusiyaya olunan güzəştlərin müqabilində Amerikanın istədiyini əldə edə bilməsinə gəlincə, E.Şahinoğlu hesab edir ki, Vaşinqton buna nail olub: "Barak Obamadan əvvəl prezident olan Corc Buşun Polşa və Çexiyada raketdən müdafiə qurğularının yerləşdirilməsi ilə bağlı qərarı vardı. Kreml bundan çox narahat olmuşdu. Obama hakimiyyətə gəldikdən sonra bu ideyadan vaz keçdi və bundan sonra Rusiya-ABŞ münasibətləri bir qədər istiləşdi. Bunun müqabilində də Rusiya çoxillik siyasətindən əl çəkərək İranın nüvə çalışmaları məsələsində Amerikanın yanında yer aldı. Hansı ki, Ağ Ev bunu çoxdan arzulayırdı. Cənubi Qafqazı güzəştə getmək əvəzində hardasa Amerika öz istədiyini əldə edə bildi. Amma məsələ burasındadır ki, istədiyini əldə etməsi məsələsi hələ bir qədər problemlidir.

Çünki hələ bilmək olmaz ki, Rusiyanın İranla bağlı siyasəti dəyişəcək, yoxsa yox. Rusiyanın nüvə məsələsində İrana qarşı yönələn sanksiyalara qoşulub-qoşulmayacağı bəlli deyil. Digər tərəfdən də Cənubi Qafqazı götürsək, ABŞ rəsmiləri hər zaman bölgənin, o cümlədən də Azərbaycanın açar dövlət olduğunu vurğulayırlar. Əgər Rusiya "Nabucco" məsələsində Azərbaycana təzyiq göstərsə və məqsədinə nail olsa, bu, Avropa Birliyi dövlətlərinin Rusiyadan asılılığının artması deməkdir. Bu isə Amerikanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Odur ki, Amerikanın Cənubi Qafqaz siyasətini arxa plana keçirməsi son nəticədə elə onun özünə zərbə vura bilər".

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 15 yanvar.- S. 9.