ÖLÜLƏR
(Mirzə Cəlilin eyni adlı pyesi əsasında)
Dörd məclis və beş pərdəli komediya
(Əvvəli ötən şənbə
saylarımızda)
MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim
üçün günəşdi, havadı, sudu, torpaqdı.
Mənə elə gəlir ki, onlarsız yaşamaq
mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz
də yaşaya bilməzdim və bilmərəm. Və Mirzə
Cəlil elə bir yazıçıdır ki, yüz dəfə
oxuyursan, təzədi. Elə bil birinci dəfədi oxuyursan. Hər
dəfə oxuyanda sənin üçün ayrı bir
dünya açılır. Mirzə Cəlilin vaxtında
bilmirəm neçə Qurbanəli bəy olub, neçə Novruzəli,
neçə Xudayar bəy, neçə Şeyx Nəsrullah...
amma bunlar indi o qədər çoxdular ki?!
Çoxdandı məni
ağrıdan bir dərd içimdə yaraya dönüb. Nə
qədər eləyirdim o dərdi içimdən
çıxara bilmirdim, yaza bilmirdim. Gücüm
çatmırdı. Bilmirəm neçənci dəfədi
yenidən "Ölülər"i oxuyurdum. Və Mirzə Cəlil
əlini əbədi dünyadan atdı mənim qəlbimdəki
o dərdi dartıb qopartdı. Görən Mirzə Cəlil məni
bağışlayarmı ki, mən onun "Ölülər"
əsərini belə yazmaq qərarına gəldim?!
Söz hörmətli
oxucunundu.
ÜÇÜNCÜ HİSSƏ
(Çadır şəhərində Yardım Qərargahı.
Cəmiyyət yığılıb. Hamı ayaqüstə Təsyeni
alqışlayır. Hamının görə biləcəyi
bir yerdə dayanıb. Əli bəy-müəllim, Həsənqulu
və digər ağsaqqallar, Qaçqınkomun işçiləri)...
TƏSYE: (Əlində xeyli sənədlər) Ey mənim əziz
və mehriban qaçqın və məcburi
köçkün qardaşlarım. Siz elə bilməyin
Avropa, dünya sizi unudub? Əsla! Sizlər olmasa bizlər neyləyərik.
Biz müsəlmanları çox sevirik, elə bizim
Fransanın yarısı müsəlmandı. Biz avropalılar
xaç gəzdirsək də əslində çoxdan
İslamın buyurduqlarına əməl edirik. Sadəcə
bir fərqimiz odur ki, bizlər şərab içirik, sizlər
yox. Bizlər sizin üçün, siz müsəlmanların
xoşbəxtliyi üçün
çalışırıq. Baxın, əlimdə Birləşmiş
Millətlər Çayxanasının,
bağışlayın Təşkilatının Təhlükəsizlik
Şurasının çıxartdığı dörd qətnamə
var. Bu qətnamələrdə qeyd edilib ki, Ermənistan
Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan
torpaqlarını dərhal azad etməlidirlər.
Yerdən replika: Cənab Təsye, bu qətnamələrdən
on yeddi il keçir, hələ ortada bir şey yoxdu.
HƏSƏNQULU: Kəs səsini küçük! Böyük
danışanda balaca qələt eləyib qulaq asar.
Yerdən replika: Belə eləyirsiz deyin
Qarabağı ala bilmirik də!
(Yerdən replika atanı dərhal ordan
uzaqlaşdırırlar)
TƏSYE: Belə araqarışdıranlara əhəmiyyət
verməyin. Bəli, əziz qaçqın və məcburi
köçkün qardaşlar, elə ATƏT-in Minsk qrupunu məhz
ona görə yaratdılar ki, bu məsələni
çözsün. Neçə illərdir bu yollarda əziyyət
çəkirik, əlimizdən gələni edirik ki, sizlər
doğma torpaqlarınıza, evinizə-eşiyinizə, əzizlərinizin
yatdığı qəbiristanlıqlara dönəsiz. ATƏT-in
Kəraməti böyükdür. Bizlər olmasa ruslar Tiflisi
çoxdan işğal etmişdilər. Rusiya məhz bizdən
qorxduğu üçün geri çəkildi. İndi də
gücümüzü Ermənistana göstərəcəyik.
Baxın artıq İtqapanı qaytarırlar. Kimdir deyən
ki, ermənilər daha Qarabağı qaytarmayacaqlar.
HƏSƏNQULU: ATƏT-ə qanımız fəda. ATƏT-in hökmünə,
kəramətinə inanmayan kafirdir!
Hamı: (Bir ağızdan) Kafirdir!
TƏSYE: Məgər eşitməmisiz ki, ATƏT olan yerdə
sülh var, əmin-amanlıq var, demokratiya var. Bax, İraqda, Əfqanıstanda
demokratiyanı, əmin-amanlığı bizlər
yaratdıq. ATƏT olan yerdə kimsə kimsənin toyuğuna
nəinki daş ata bilməz, heç kiş də deyə
bilməz! Avropanın istəyi nədir?
Hamı: (Bir ağızdan) Nədir?
TƏSYE: Avropanın istəyi odur ki, siz qansız-qadasız
yaşayasız, xoşbəxt yaşayasız. Avropalılar kimi
yaşayasız!
BİR CAVAN: Cənab Təsye, bu düzdürmü ki, Avropada
kişi kişi ilə evlənə bilər, mavilər
böyük vəzifələrə təyin edilə bilər.
ƏLİ BƏY-MÜƏLLİM: Ə, tərbiyəsiz-tərbiyəsiz
danışma. Kişi Parisdə ev-eşiyini,
arvad-uşağını buraxıb bizdən ötrü
düşüb çöllərə. Sən də
ağzına gələni danışırsan, təhqir edirsən.
BİR CAVAN: Vallah təhqir eləmirəm. O gün qəzetdə oxudum ki, Parisin
yeni meri mavidir. Televizorda eşitdim, özü də
öz dilindən.
HƏSƏNQULU: Ə, rədd ol burdan! Cənab Təsye, fikir verməyin
siz Allah! Bizim ümidimiz sizlərdir, ATƏT-dir.
Yaşasın ATƏT.
Hamı: Yaşasın
ATƏT! Urra! Təsye! Təsye! Təsye!
MİRBAĞIR AĞA: Ay camaat, sakit, sakit! Qoyun kişi sözünü desin! Buyurun, cənab Təsye!
TƏSYE: Əziz qaçqın və məcburi
köçkün qardaşlarım! Məsələ belədir
ki, Ermənistan Qarabağı birdən-birə deyil, mərhələ-mərhələ
boşaltmağa razılıq verir. Mənim sizlərlə
görüşümün məqsədi də odur ki, sizinlə
bir ümumi razılığa gələk. Görək nə
deyirsiz. Hansı şəhərdən, hansı kənddən
başlayaq.
BİR QOCA: Ya cənab Təsye! Sənə mənim bu qurumuş
canım qurban. Mən öz kəndimizi səndən istəyirəm.
Bax, bu dar gün üçün saxladığım
qızılları da sənə bağışlayıram.
Halal xoşun olsun!
TƏSYE: Siz nə edirsiz? Mən sizin üçün Rəfaelli
deyiləm ki, rüşvət alım.
BİR QOCA:
Səni and verirəm Roma Papasına, əlimi geri qaytarma!
HƏSƏNQULU: Cənab Təsye! Bu rüşvət deyil, hədiyyədir.
Evimizə gələn qonağa hədiyyə verməsək
özümüzü çox narahat hiss edərik. Bu bizim milli
mentalitetimizdir.
Özü də Roma Papasının canına and verdi! Götürməsən
Papanın xətrinə dəyər. (Qocaya
işarə edir ki, sakitcə qoy cibinə. Qoca sakitcə qızıl torbasını qoyur Təsyenin
cibinə. Təsye də özünü elə
aparır ki, guya bilmədi)
TƏSYE: Hər bir millətin milli mentalitetinə hörmət
eləmək biz Avropalıların şərəf işidir.
Siz bizim məcburi köçkün və qaçqın qardaşlarımızsız.
Heç bir hədiyyənizə ehtiyacımız yoxdur. Biz sadəcə
insanlıq borcumuzu yerinə yetiririk. Əli bəy-müəllim,
kağız qələmi götür, hər kəsin istədiklərini
bir-bir yaz.
(Adamlar hərəkətə gəlirlər. Hamı Əli
bəy-müəllimə tərəf axışır)
TƏSYE:
Basabasa salmayın. Növbə ilə, bir-bir.
(Hamı geri çəkilir.)
ƏLİ BƏY-MÜƏLLİM: Ə, bir-bir, ədəb ilə.
Ayıbdı, bizi biabır eləməyin.
Özünüzü görməmiş kimi
aparmayın. Hamıya növbə
çatacaq. İndi bir-bir deyin yazım.
TƏSYE: Cənab Həsənqulu, birinci sən buyur. Cənab Brat
sizin kəndinizin birinci azad olunmasını məndən məxsusi
xahiş edib.
HƏSƏNQULU: (Gəlir qabağa, başı ilə minnətdarlığını
bildirir). Əli bəy-müəllim, yaz. Birinci Fatmanisəgilin
kəndini yaz. Qamışlı.
ƏLİ BƏY-MÜƏLLİM: (Yazır)
Qa-mış-lı.
HƏSƏNQULU: Sonra yaz, Narınclar.
ƏLİ BƏY-MÜƏLLİM: Narınclar niyə? Narınclar
sizin kənd deyil ki?
HƏSƏNQULU: Atamgilin kəndidir. Sonra yaz... (Yer-yerdən səslər
gəlir)
MƏŞƏDİ KAZIM: Həsənqulu, bəlkə
cijingilin də kəndini deyəsən? Bəs burdakılar
adam deyil?
TƏSYE: Tələsməyin, hamıya vaxt çatacaq.
MƏŞƏDİ KAZIM: Həsənqulu düz adamdı,
qoy birinci biz yetim-yesirin kəndlərini desin də.
HƏSƏNQULU: Sənə borc deyil, mən kimi birinci deyirəm, kimi
ikinci.
MƏŞƏDİ KAZIM: Yox, borcuma qalıb. O Bratdı-nədi sənin
dostundu. Cənab Təsye sənin evinə düşüb
deyin, birinci sənin qohum-əqrəbalarıyın kəndləri
azad olunmalıdı?(irəli yeriyib stolun
üstə bir dəsmal qoyur) Yaz, Əli bəy-müəllim,
yaz! Bizim kəndi yaz! Camışlı. (Əli bəy-müəllim Təsyeyə baxır,
Təsye də dəsmala, başı ilə işarə edir
ki, yaz).
ƏLİ BƏY-MÜƏLLİM: (Yazır)
Ca-mış-lı.
BAXŞƏLİ: Məşədi Kazım, nə
boş-boş danışırsan. Niyə əzizimiz ATƏT-in
işini zora soxursan? Bizim kəndimizi azad eləməmiş
sizin kəndi necə azad edə bilərlər. Kəndinizin yolu bizdən keçmirmi?
HƏSƏNQULU: Baxşəli düz deyir. Cənab Təsye! Siz Camışlını necə azad edə bilərsiz
Baxşəligilin kəndini azad etmədən?
TƏSYE: Cənab Həsənqulu, necə yəni ATƏT bunu
bacarmaz. Səndəmi ATƏT-in qüdrətinə şəkk
edirsən?
HƏSƏNQULU: Əstəğfürullah! Sadəcə vəziyyəti
deyirəm.
MƏŞƏDİ KAZIM: Yox, birinci bizim kənd azad olunacaq.
KƏRBƏLAYİ VƏLİ: Çəkilin
görüm. (o da bir dəsmalı sanballayıb qoyur Əli bəy-müəllimin
cibinə). Birinci bizim kənd azad olunmalıdır.
MİR BAĞIR AĞA: Niyə birinci sizin kəndləriniz
azad olunmalıdır, siz göydən düşmüsüz?!
Bəlkə biz göbələyik, yerdən
çıxmışıq?! Vallah, bir mərəkə
qopararam ATƏT nədi, BMT-də yer yerindən oynayar.
(yaxınlaşır Təsyeyə, qucaqlayıb öpür,
öpəndə də cibinə nə isə basır). Cənab
Təsye, siz bunlara fikir verməyin. Birinci bizim kəndi
qaytarın. Sən öl, həyətdə bir çəllək
tut arağı basdırmışam ki, Napoleon konyakı onun
yanında qələt eləyir. Sənə orda bir qonaqlıq
verəcəm ki, yüz il dadı damağından getməyəcək.
TƏSYE: Əli bəy-müəllim yaz.
ƏLİ BƏY-MÜƏLLİM: Ə, kəndinizin
adı nədi?
MİR BAĞIR AĞA: Tuğ!
BAXŞƏLİ: Cənab Təsye, atam-anam sənə
qurban. Düz iyirmi il əziyyət çəkib güc-bəla
ilə bir ev tikmişdim. İndi gəlib düşmüşəm
bu ilanmələməz çöl-biyabanda on baş ailə
bir çadırda qırılırıq. Ağcaqanadlar
yardım paylayanlar kimi qanımızı necə sorursa
damarlarımızda qan da qalmayıb. Birinci bizim kəndi azad elə.
(yavaşca Təsyenin qulağına
pıçıldayır) Bayaqkı azdırsa, bir az
artırım.
MİR BAĞIR AĞA: (Baxşəlinin qolundan tutub bir kənara
fırıldadır). Ə, pulun çoxdu? Sənin canın
candı, bizimki camış gönü?! Dedim ki, birinci bizim kənd
azad edilməlidi, vəssalam!
KƏRBƏLAYİ VƏLİ: (Cumur Mir Bağır
ağaya). Ə, qoluzorlu çıxmısan?! Atan yaşda
kişiyə əl qaldırırsan?! Sən öl, baxmaram
Qaçqınkomda işləyirsən, səni
deşik-deşik edərəm.
ƏLİ BƏY-MÜƏLLİM: (Araya girir). Ə, bizi
ATƏT-in gözü qabağında biabır eləməyin.
Belə eləyirsiz deyin Qarabağı ala bilmirik ey!
(Baxşəli də cumur Mir Bağır ağaya, Heydər
müəllim də Baxşəliyə qahmar
çıxır).
HEYDƏR MÜƏLLİM: Ə, namərdlər, mənim kəndçimi
tək görmüsüz. Siz ölün, bu dəqiqə
baxmaram ATƏT-ə-MATƏT-ə,
bağırsaqlarınızı yerə tökərəm.
(Bu dəfə Həsənqulu girir araya).
HƏSƏNQULU: Boynunuzu yerə soxum. Bizi bu boyda kişinin yanında
biabır elədiniz, Allah sizi biabır eləsin.
TƏSYE: (əsəbləşir). Camaat! Ay camaat! Əl
saxlayın. Mən qan kəsməyə gəlmişəm,
qan tökməyə yox. Əgər bu dəqiqə
davanı kəsməsəniz çıxıb gedəcəm
Pağiyə. O ermənilər, o da siz! Gedin
özünüz öz kəndinizi azad edin.
(Hamı dayanır və qorxa-qorxa geri çəkilir)
HƏSƏNQULU: Cənab Təsye, bizi çevir balalarıyın
başına, keç günahımızdan. İcazə ver
gedək bir az fikirləşək.
TƏSYE: Yaxşı, get fikirləş.
HEYDƏR MÜƏLLİM: Cənab Təsye, bizi yetim qoyma. Nə
səhvimiz var düzəldərik. İcazə verin öz
aramızda sakitcə məsələni yoluna qoyaq.
TƏSYE: Yaxşı, get sən də fikirləş.
BAXŞƏLİ: Cənab Təsye! Səni and verirəm
Pan Ki Munun o əziz canına, bizi bağışla. Bir
işdi oldu, bir də olmaz. Vaxt ver gedək bir fikirləşək,
bir götür-qoy edək.
KƏRBƏLAYİ VƏLİ: Cənab Təsye, neyləyək,
Allah hamımızın hövsələsini əlindən
alıb. Bir qələtdi elədim. İcazə verin gedim mən
də bir az fikirləşim.
TƏSYE: Yaxşı, gedin hamınız fikirləşin,
görək birinci haranı azad edək. (Kərbəlayi Vəli
və Mir Bağır ağa qəzəblə bir-birinə
baxa-baxa gedirlər. Camaat başlayır azalmağa)
HƏSƏNQULU: Mən də gedim kişiyə axşam tədarükü
görüm.
TƏSYE: Əli bəy-müəllim, sən də cənab Həsənqulu
ilə get, gör axşam məni kim masaj edəcək. Mən
də bir az tək qalım, yorulmuşam.
(Hamı gedir, İsgəndər gəlir)
İSGƏNDƏR: Hamı getdi fikirləşməyə
bu meydan pəhlivan meydanıdır. Hünər istər ki,
İsgəndər kimi bir igid gəlib dursun bu meydanda və
desin (ucadan) Cənab Təsye, hər nə qədər ki, bu
ölmüş dirilər durur. Sizlər kef
partladacaqsınız. Xa, xa, xa! Hamı getdi fikirləşməyə.
(əlini uzadır Təsyeyə) Cənab Təsye, mən
ölüm, əl ver! Lotusan ə, əl ver!
TƏSYE: (ucadan) Mən sənə əl vermərəm, sərxoşsan...
İSGƏNDƏR: Cənab Təsye, siz gərək
şükür edəsiniz ki, mən içirəm. Əgər
mən şərab içməsəm, ağlım
başımda olar, birdən gözümü açıb
görərəm ki, həftədə bir, ayda bir bizim bu şəhərciyimizə
Avropadan bir lotu gəlir, bu millətin başının
altına yastıq qoyur. Gələndə
cındırlarından cin hürkür, gedəndə
pyerkardenləri göz çıxarır. Bir xanım
vardı, ağbirçəklik eləyirdi, gələndə
İstanbul çarşısından aldığı paltarla
gəlmişdi, gedəndə brilyantın içində
alışıb yanırdı. Mən ölüm lotusan, əl ver dost
olaq! Xa, xa, xa!
TƏSYE: Cəhənnəm ol! Bu dəqiqə bir telefon
açaram, gəlib səni götürüb atarlar ermənilər
tərəfə, illərlə Qırmızı Xaç da
ala bilməz.
(Təsye gedir, İsgəndər onun ardınca
baxır və sonra hər iki yumruğunu yuxarı
qaldırıb ucadan deyir)
İSGƏNDƏR: Kaş mənim bu qollarımda
Rüstəm pəhlivan kimi bir qüvvət olaydı.
Yapışaydım sizin ayaqlarınızdan və ataydım
göyün üzünə, başıaşağı gəlib
kal qarpız kimi paqq eləyib dağılaydınız (və
özü paqq eləyib atılır göyə). Ya da
ayaqlarınızdan tutub ataydım belimə,
ağızlarınız hara düşə-düşə.
Tfu şarlatanlar (kefli kimi ufuldayır) Buuy! Ədə, vallah mən
elə pəhlivanam ki, bu zapa-zupa dözürəm. Xa, xa, xa!
(Bir siqaret yandırır, yavaş-yavaş gəlib durur Təsyenin
dayandığı yerdə) Bunlar yoxdu, barı cəhənnəm,
heç olmazsa bu Təsye kimi mənim elə bir qüdrətim
olaydı, ölmüş dirilərlə danışa biləydim.
Ax! Əgər olsa idi, üzümü tutardım bu
ölmüş dirilərə çığırardım.
Ey binəvalar! Soruşardılar, nə deyirsən ey İsgəndər?
Onda mən bu ölmüş dirilərə deyərdim, gəlin
bu Kefli İsgəndərə qulaq asın. Bir
yaxşı-yaxşı düşünün və nəsihətimi
qəbul edin. Və əgər məndən soruşsanız
ki, niyə? Mən sizə cavab verməyə hazıram.
İnanın mənə. Allah Mirzə Cəlilə min rəhmət
eləsin! Bu Təsyelər, bu Bəsyelər, Petkalar var ey!
Bunlar Şeyx Nəsrullahdan da betərdilər. Bunlardan
Qarabağı dirildən olmaz! Bunlar Qarabağı ona görə
öldürməyiblər, sizi çöllərə ona
görə salmayıblar ki, sonra dirildələr
qayıdıb gedəsiniz evinizə-eşiyinizə. Bunlar
Qarabağı ona görə öldürüb sizi
çöllərə salıblar ki, özləri kef eləsinlər.
Gəlsinlər, sorsunlar aparsınlar. Ağsaqqallıq eləsinlər.
Ayda bir gəlsinlər, sizləri başlarına
yığıb məzələnsinlər,
başınızı qatsınlar, ruhunuzu işğal eləsinlər.
Yoxsa birdən ayılıb görərik ki, bunlar Şeyx Nəsrullahlardı.
Özümüz də başımıza çarə
qılarıq. Qalxarıq ayağa, qabağımıza
keçənləri tapdalayıb çıxıb gedərik
evimizə-eşiyimizə. Gəlin bu Kefli İsgəndərə
qulaq asın! Bu Bemtedi, ATƏTdi, Matətdi-nədi, bunlardan bizə
imdad yoxdu. Bəsdi bunların quşun götürdük! Ey
binəva ölmüş dirilər! Gəlin bu Kefli İsgəndərin
sözlərinə qulaq asın! Çıxın gedin evinizə-eşiyinizə!
(PƏRDƏ)
MƏŞƏDİ ORUC: (Əlində "Ədalət"
qəzeti ləhləyə-ləhləyə girir içəri
və ucadan soruşur) Hanı Həsənqulu əmi? (onun
dalınca Baxşəli, Hacı Kazım, Mir Bağır
ağa, Heydər müəllim və başqaları girirlər
içəri, otağa sığışmadıqlarından
açıq qapının arxasında qalırlar. Həsənqulu
girir içəri, təəccüblə camaata baxır və
üzünü onlara tutub soruşur)
HƏSƏNQULU: Nədir ə? Nə vay-noysə salmısız? Nə
xəbərdi? Ermənilər yenə əsgərimizi vurublar?
MƏŞƏDİ ORUC: Əşi onsuz da hər gün
bir-iki əsgərimizi vururlar, belə olsaydı dərd
yarıydı.
HƏSƏNQULU: Yoxsa müharibəni yenidən başladılar?
MƏŞƏDİ ORUC: Müharibəni
başlasaydılar nə dərdimiz vardı, basıb gözlərini
çıxarıb İrəvanadək qovardıq.
HƏSƏNQULU: Ə, bəs nə olub?
MƏŞƏDİ ORUC: (kövrələ-kövrələ)
Həsənqulu əmi, İtqapanın qaytarılması
söhbəti yalandı. (İsgəndər şaqqanaq çəkib
gülür və adamların içində gizlənir)...
HƏSƏNQULU: (Məşədi Oruca) Nə sarsaqlayırsan?! Necə
yəni yalandı?!
ADAMLAR:
Bəli, bəli yalandı.
HƏSƏNQULU: Ay camaat, Allah xətrinə elə söz
danışmayın. Bu boyda yalan olmaz! Ola da bilməz!
MƏŞƏDİ ORUC: Həsənqulu əmi, vallah belədi.
Ala də, al oxu. Mənə inanmırsan inanma, bəs bu boyda qəzetə
də inanmırsan?
HƏSƏNQULU: Ə, boş-boş danışma. Nə vaxt qəzetlərdə
düz söz oxumusan? Yalanın ən yekəsini elə qəzetlər
yazır də!
MƏŞƏDİ ORUC: Əşi, al oxu də! Öz
qardaşın Aqil Abbas yazıb. Ona da inanmırsan?
BAXŞƏLİ: (kənara və öz-özünə)
Ə, bu nə təhər adamdı, ə?! Həm Brat ilə
qardaşlıq edir, həm də Aqil Abbasla.
HƏSƏNQULU: Ə, o
boyda kişi mənə o boyda məktub yazıb. Bu boyda
kişi durub gəlib qəsəbəmizə, yanında da o
boyda dövlət adamı. Axı ağlım kəsmir ki,
gözümüzlə gördüyümüz işlərin
hamısı yalan çıxsın. Allaha şükür
uşaq deyilik, dəli deyilik. O gün bütün televizorlar
hamısı demirdi ki, Türkiyə ilə Ermənistan
danışıblar, razılaşıblar, nə bilim protokol
imzalayıblar ki, ermənilər bir-bir rayonları
boşaltsınlar?! Ermənilərin ağızları nədi
Türkiyəyə yalan danışsınlar.
Qardaşlarımız onların ağızlarını
(duruxur, sonra davam edir) Qardaşlarımız onların
ağızların cırıb qoyar qulaqlarının dibində.
MƏŞƏDİ ORUC: Əşi, al oxu də! Demirəm
özüyün qardaşın yazıb.
HƏSƏNQULU: Ə, siz hamınız yaxşı bilirsiz ki, Aqil
Abbasın ATƏT-lə arası yoxdu, onlar haqqında
ağzına gələni yazır. Bir də axı, o gün
elə özü qəzetdə məni
muştuluqlamışdı ki, Həsənqulu, gözün
aydın Təsye gəlir.
BAXŞƏLİ: A kişilər,
özümüzü niyə dağa-daşa salırıq ey,
gedək Cənab Təsyenin özündən soruşaq.
HAMI BİRDƏN: Bəli, bəli. Cənab Təsyenin
özündən soruşmaq lazımdı.
BAXŞƏLİ: Heydər müəllim, sən
yaxşısan, necə də olsa dövlət adamısan. Sən
gir, soruş.
HEYDƏR MÜƏLLİM: Qardaşlar, mənlik deyil.
Neçə ildi zorla bir iş tapmışam, deyirsiz o da əlimdən
çıxsın. Girin özünüz soruşun də.
BAXŞƏLİ: Xeyr, xeyr, mən o qələti eliyə
bilmərəm. Qoy Məşədi Oruc soruşsun.
MƏŞƏDİ ORUC: Mən niyə soruşuram? Qonaq sənindi,
get özün də soruş də.
MİR BAĞIR AĞA: (qabağa yeriyir) Ay camaat, mən
bilmirəm burda nə çətin iş var?! Cənab Təsye
qurbağa yeyəndi, adam yeyən deyil ha! Mən girib
soruşaram.
HAMI: Çox
yaxşı, çox yaxşı! Allah atana rəhmət eləsin.
HƏSƏNQULU: Mir Bağır ağa, amma sən
Allah ehtiyatlı ol. Birdən Cənab Təsyenin xətrinə
dəyər, bizdən inciyər.
(Mir Bağır ağa qulaq asmayıb qapını bərk
döyür. Cavab verən olmur. Bu vaxt İsgəndər
adamların içindən çıxıb qapını təpik
ilə vurub açır, hamı kənara çəkilir. Cənab
Təsyenin otağının tamaşaçılar tərəf
pərdəsi açılır. İsgəndər girir
içəri. Otaqda Təsyeni masaj edən Bığıburma
cavan var)
İSGƏNDƏR: Ə, gədə oğlu gədə,
hanı Təsye? Hanı Əli bəy-müəllim?
BIĞIBURMA CAVAN: Gecəynən yığışıb getdilər
ki, Bakıdan telefon açıb çağırıblar.
(Adamlar qarışır bir-birinə)
ADAMLAR:
Bu nə təhər oldu, ə?
BAXŞƏLİ: Allah təpəmə daş
salsın, evdə-eşikdə, əlimdə-ovcumda nə
vardı hamısını gətirib verdim bu lotulara.
MƏŞƏDİ KAZIM: Məni demirsən?! Ermənilərdən
bir təhər qoruyub saxladıqlarımı da bunlar
apardı.
MƏŞƏDİ ORUC: Arvad məni öldürəcək.
İSGƏNDƏR: (Təsyenin otağının
ortasında dayanıb gülür) Xa, xa, xa!.. ATƏT-in
lotuları! Xa, xa, xa!
(Adamlar yığışır İsgəndərin
başına)
İSGƏNDƏR: Gəlin, gəlin içəri! Sən
də gəl Hacı Kazım. Baxşəli gəl, gəl,
utanma. Əvvəl kimin kəndini azad edəcəkdilər? Məşədi
Oruc, indi arvada nə cavab verəcəksən? Gəlin! Dədəm
hanı? (başını bulaya-bulaya bir-bir hamını
süzür). Hə, ATƏT-in baş lotusu yenə sizə
atdı?! İndi növbə mənimdi. İndi mənə
qulaq asın! Adamı bir il aldadarlar, üç il aldadarlar,
beş il aldadarlar. Görün bu ATƏT-in, Avropanın
lotuları sizi neçə ildi aldadırlar. Bu sizin tarix
kitabınızda qan ilə yazılmış bir səhifədir.
Sizdən sonra gələnlər bu kitabı vərəqləyib
bu səhifəni görəndə sizi yada salıb deyəcəklər
(ucadan), tfu sizin üzünüzə (tüpürür
adamlara tərəf, hamı başını aşağı
salır). Bağışlayın də Kefli İsgəndər
tərbiyəsizlik edir. Amma indi növbə mənimdi. Siz
bunların ayağının altında qurbanlar kəsməklə,
ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in lotuları
Qarabağı ermənilərdən alıb verəcəklər
sizə?! Ə, ermənilər heç Beemteni it yerinə
qoymurlar, ondakı ATƏT ola! Ə, bu ATƏTin, MATƏTin
boş-boş sözlərinə nə vaxta qədər
inanacaqsınız?! Hərəniz əlinizə bir çomaq
götürüb ermənilərin üstünə getsəniz,
erməni İrəvanacan qaçar! Tfu sizin üzünüzə.
(bərkdən tüpürür, yenə hamı
başını aşağı salır) Bu sözləri sizə
deməklə elə xəyal eləməyin ki, mən sizi pisləyib,
özümü tərif etmək istəyirəm?! Yox! Yox! Bunu
bilirəm ki, mən də heç bir şeyəm. Mən bu
çöllərin otuyam, kolların kosuyam, ağacların
qurduyam. Mən bu dünyada heç bir şeyəm. Əgər
mən bir şey olsaydım, cibimdən bir bomba
çıxarıb (əlini cibinə atıb bir araq
şüşəsi çıxarır) buraları havaya
uçurardım. Amma mənim əlimdən elə şeylər
gəlməz. Bu araq şüşəsidir. ATƏT-in
lotuları hər dəfə gəlib boş-boş
qırıldadanda, mən bu şüşədən araq
içirdim ki, dəli olmayım! Yox! Yox! O mənim işim
deyil. O igid işidir. Sizintək camaatın igidi də mənimtək
olar! Hələ mən heç! İndi görək siz
kimsiniz?! Mənim adım Kefli İsgəndərdi, bəs sizin
adınızı nə qoyaq? Mən dağları,
daşları, quşları, fələkləri, ulduzları
şahid çəkib soruşuram, bu camaata nə ad qoymaq olar?
O vədə hamısı bir səslə cavab verər:
"Ölülər!" Və bizdən sonra gələn nəsillər
illər uzunu sizi yada salıb bir səslə deyəcəklər:
"Ölülər!"
(İsgəndər sonra Təsyeni masaj edən
cavanın qolundan tutur və camaatdan soruşur)
İSGƏNDƏR: Bu kimin gədəsidir, ə?
(Camaat başını salıb aşağı. İsgəndər
araq şüşəsini çəkir başına və
boş şüşəni vurur yerə. Yavaş-yavaş pərdə
enir və musiqi kəsilir)
Bu da son!
29 may 2010. Bakı.
MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim
üçün günəşdi, havadı, sudu, torpaqdı.
Mənə elə gəlir ki, onlarsız yaşamaq
mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz
də yaşaya bilməzdim və bilmərəm. Və Mirzə
Cəlil elə bir yazıçıdır ki, yüz dəfə
oxuyursan, təzədi. Elə bil birinci dəfədi oxuyursan. Hər
dəfə oxuyanda sənin üçün ayrı bir
dünya açılır. Mirzə Cəlilin vaxtında
bilmirəm neçə Qurbanəli bəy olub, neçə
Novruzəli, neçə Xudayar bəy, neçə Şeyx Nəsrullah...
amma bunlar indi o qədər çoxdular ki?!
Çoxdandı məni
ağrıdan bir dərd içimdə yaraya dönüb. Nə
qədər eləyirdim o dərdi içimdən
çıxara bilmirdim, yaza bilmirdim. Gücüm
çatmırdı. Bilmirəm neçənci dəfədi
yenidən "Ölülər"i oxuyurdum. Və Mirzə Cəlil
əlini əbədi dünyadan atdı mənim qəlbimdəki
o dərdi dartıb qopartdı. Görən Mirzə Cəlil məni
bağışlayarmı ki, mən onun "Ölülər"
əsərini belə yazmaq qərarına gəldim?!
Söz hörmətli
oxucunundu.
Aqil ABBAS
Ədalət.- 2011.- 15 yanvar.- S. 12-13.