ONLAR VƏ MƏMLƏKƏTİMİZ
FİRUDİN ANDAC - 2
Çox hörmətli baş redaktorumuz İradə
xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində
maarifçilik deyilən ab-havanın üstün bir cəhət
olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas
istiqamətində açıq-aydın görünməkdədi.
Və indiki məqamda təbii ki, maarifçilik
bir az bir-təhər səslənsə də, təbliğatın
bir çox sahələrində bunu təkrar-təkrar
eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı
bizləri son dərəcə narahat etməkdədir. Kimsə
kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin
bir üstünlüyü var ki, onlar adətən elə
insanlarla görüşürlər ki, sıradan insanların
o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan
mənim yeni başladığım yazı dizisində,
seriasında bir vaxtlar Türkiyədə
yaşadığım illərdə görüşdüyüm
insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ
barədə fikirləri maraq doğurmaya bilməz. Təbii
ki, bu yazılara arada bir ara versəm də, yeni ildən həmin
yazıların sırasını davam etdirmək niyyətindəyəm.
Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə
fikirləşirlər və nə düşünürlər.
Və ya nə
düşünüblər? Tarix üçün çox
maraqlı bir məqam olan bu Tanışlıq və
Tanışlar yeni nəsil üçün daha çox maraq
doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin
dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ
sizlərə təqdim olunur.
- Siz bir yazıçı kimi öz taleyinizdən
razısınızmı?
Firudin Andac: - Yox,
qardaşım, bu var da, Türkiyədə
təkcə yazıçılıqla dolanmaq çox çətindi.
Çox az adamlar bunu bacara bilirlər. Beş barmaq qədər
olmaz. Bir Əziz Nesin, bir Yaşar Kamal...
üçüncüsünü saymaq çətin. Mənim
on illik üzərində işlədiyim bir kitabım var. Bu
türk ədəbiyyatı tarixi üzərində bir toplu
olacaq. Artıq neçə ildi yazıram və hələ
bundan sonra da yazacağam, demək bir on il də olacaq və bu
iyirmi il üçün mən zəhmət haqqı olaraq Siz
deyən elə bir dəyər almayacağam. Ona görə də
yazarlar bizdə çox nankor bir nəsildir. Buna görə də
Türkiyədə bir iş, iki iş və hətta
üç iş sahibləri də var.
- Firudin, qardaşım, bir neçə günlük
tanışlıqdan sonra, belə bir qənaətə gəlmək
olar və sizin özünüz də etiraf edirsiniz ki, sizlər,
bizim ədəbiyyata, xüsusilə müasir ədəbiyyata
və onun ən yaradıcı adamlarına çox az bələdsiniz.
Bunu bir tənqidçi və türk ziyalısı kimi nəylə
izah edirsiz?
Firudin Andac: - Burda belə
bir iş var, qapalı bir politika bunun ən özəl
günahkarıdır. Və mənim fikrim belədi ki, sovetlər
ən öncə öz mədəniyyətlərini və
öz yazıçılarını tanıtmaqla, başqa
xalqların mədəniyyətinə və
yazıçılarına bir ögey gözlə
baxmışlar. Buradan da çox böyük bir tarazlıq
pozulmuşdur. Ancaq belə bir iş də var, ONLAR TORPAĞIN
BAŞQA BİR YANINDAN FIŞQIRAN ÖNƏMLƏRİ
SAXLAMAQ ZORUNDA OLA BİLMƏMİŞLƏR. Məsələn,
bir Oljas Süleymenov çıxmış, bir Çingiz
Aytmatov çıxmış...
- Firudin, qardaşım, mən böyük anlamda
bütün türkləri nəzərdə tutmuram. Mən təkcə
Azərbaycan türklərinin, belə deyək, ədəbiyyatını
və onun yaradıcılarını nəzərdə
tuturam...
Firudin Andac: - İndi, hə,
ona gələcəm... İndi təbii genəşmələr
olmuş, getgi-gəlgi olmuş, ancaq Siz öz ədəbiyyatınızı
dünyaya aça bilməmisiz. Bir qazaxlar daha çox, bir
qırğızlar daha çox işlər görmüşlər.
Nə bilim, Çingiz Aytmatov çıxıb getmiş, siz
bir Rəsul Rzanı tanıda bilməmisiz. Yəni burada bir az
sizin də suçunuz var. Rəsul Rza səksən doqquzdan
tanınıb. Bir də Nazimin şeirlərində bəhs
edildiyi üçün tanınmışdır. Bizdə heç
Azərbaycan tarixi adlı bir şey yoxdur. Siz qapalı bir yerdəsiz,
buna baxmayaraq, bizim buraya gələn yazarlarımız da
Türkiyəyə qayıdandan sonra heç gəlib deməmiş
ki, böylə bir yazarlar var, belə bir əsərlər var.
GƏLMİŞLƏR, GÖRMÜŞLƏR, GETMİŞLƏR!
Vəssalam.
- Firudin, qardaşım, bu suala bir qədər diqqət
elə, de görüm, sizin ağlınızda, sizin həyatınızda
Azərbaycan sözü, Azərbaycan kəlməsi və
anlamı nə vaxtdan olmuş?
Firudin Andac: - Azərbaycan
sözünü mən cocuqluğumda anladım. Həyatı
bildim, biləli bu söz anlamımda oldu. Bizim düyünlərimizdə,
toylarımızda bir azəri oyunları vardı, azəri
mahnıları, oxumaları oxunardı. Heç unutmam, bir
Laçın havası vardı (Firudin Andac bu mahnını
oxudu və heyrətamiz gözəl oxudu - T.A.), sonralar buna bir
orkestro öynəmi də oldu, yəni orkestrləşdirildi,
mən böylə bir balaydım, bizim düyünlərdə
eşitmişdim. Ayrı bir şey deyildi, bizim
yaşamımızın, həyatımızın bir
parçasıydı bu oxuma. Doğrudur, bizdə başqa
türkülər də var, Egey türküləri var, Qara dəniz
türküləri var, bunlar da bizim türkülərdir və
bu Laçın kimi oxumaları da biz elə türkülərimiz
sayırdıq, ayrı bir yerin olması ağlımıza da
gəlmirdi. Təbii qaynaşmış bir kültürün,
mədəniyyətin insanlarıyıq. Bəxt bizi
ayırmış olsa da, türkülərimizi ayıra bilməmiş,
bizim burada dayımız var, əmimiz var, yaxınımız
var. Sizin orada dayınız var, əminiz var, babanız var. Təbii
savaşlar olmuş, sürgünlər olmuş,
ayrılıqlar olmuş, deyilmiş ki, sən bu tərəfə
get, sən o tərəfə get və bütün bunlar bizə
mane olmamış və lap cocuqluqdan yaxınlığım
var Azərbaycanla.
- Belə bir şey soruşum, sizdə bu türk
kinolarının yayım vəziyyəti, əlbəttə, mən
burada göstərilən türk kinolarını nəzərdə
tutmuram, ümumiyyətlə, türk kinosunun bugünkü vəziyyəti
necədi, hansı anlamdadı? Siz dünənki söhbətimizdə
çox gözəl türk rejissorlarının
adlarını çəkdiz və onların sənətini
dünyanın ən öncül sənətkarları olan
Antonioni, Fellini, Berqman, Bertoluççi kimi şəxsiyyətlərlə
yanaşı qoyduz, bu doğrudanmı belədi, yoxsa...
Firudin Andac: - Bizdə
kino sənəti gerçəkdən Yılmaz Güneyin
şəxsində çox uğurlar qazandı və
dirçəldi. Və hətta Yılmaz Güneyi yetişdirən
sənətçilərimiz var, məsələn, Atif
Yılmaz. Kinomuza bir YENİ DALĞA deyilən dəstə gəldi,
bununla bərabər bir neçə sənətçimiz var
ki, onlar daha önəmli filmlər çəkirlər. Atif
Yılmaz çox önəmli sənətçidir və hər
yeni filmində özünü ötüb keçir.
Başqalarını deyim: bir Əli Özgəntürk var,
bir Ərdən Kral var, Şərif Görən var, saysam
iyirmiyəcən dəyərli yönətməniz var, bunlar Qərb
sənətini təqlid etmirlər və ondan yaradıcı
surətdə öyrənirlər. Bunlar yeri gələndə
İsveç kinosundan öyrəniblər, İtaliya
kinosundan, Fransa kinosundan, daha nə bilim, kimlərdən
qidalanıb, önəmli sənət əsərləri
çəkirlər. Bir şeyi deyim ki, sizin burda izlədiyiniz
filmlər artıq Türkiyədə arabeski filmlərdir ki,
onlar sadəcə gəlir üçün çəkilir. Və
türk xalqı belə əsərlərə meyl etmir, daha dəyərli
kino əsərlərinə can atırlar. Bir müddət
Amerika kinosu Türkiyəni öz qanadları altına aldı
və kinomuzda bir tədirginlik yarandı, kino-teatr
üzünü tutdu amerikan kinosuna. Bu çox çəkmədi.
Ancaq qorxulu o idi ki, yaxşı çəkilən türk
filmləri gizlin qaldı və onları göstərmək
işi çətinləşdi, yer tapılmadı. Ən son
film, deyim ki, Atif Yılmaz bizim gənc bir
romançının əsərindən bir film çəkdi,
ancaq çox təəssüf ki, o göstərilmək
üçün heç kəsin diqqətini çəkmədi.
Şirkət başçılarını nəzərdə
tuturam. Bir həftə göstərildi, sonra yenə də
amerikan filmlərinə gediş çoxaldı. Bu ondan irəli
gəlmiş ki, heç bir kinoçunun özünün elə
bir kino evi yoxdu ki, aparıb orada göstərsin və buna
görə də şirkət sahibləri öz işlərini
istədikləri kimi qururlar. Əvvəllər Türkiyədə
daha çox film çəkildiyi halda indi iyirmi, otuz film
çəkilir. Bizim kinomuz üçün ən
böyük təhlükə də budu. Türkiyədə
müxtəlif festivallar var, bunlar İstanbul festivalı,
İzmir festivalı, Ankara festivalı... bəli, bəli,
Avropa səviyyəsində festivallardı, bunlar türk
kinosunun Qərbə açılmasında böyük işlərdi.
- Başqa yerlərdən gələnlər
çoxmu?
Firudin Andac: - Çox,
ancaq nə yazıq ki, biz gürcü kinosunu tanıdıq,
ancaq Azərbaycan kinosunu tanıya bilmədik. Dünyanın ən
önəmli sənətkarları bu festivala gəlir.
- Bayaq siz dediniz ki, çəkilən filmlərinizin əksəriyyətinin
ssenarisini bədii əsərlər təşkil eləyir. Bu
eynilə bizdəki kimidir. İndi bizim televiziyada vaxtilə
oxuduğumuz "Çalıquşu" romanı əsasında
çəkilmiş film tez-tez nümayiş etdirilir.
Firudin Andac: - Əvət,
ancaq indi Türkiyədə "Çalıquşu"
baxılmaz. Artıq onun vaxtı keçmiş hesab olunur. Mənim
fikrimcə, bütün bunları, yəni Sizin dediyiniz kimi, bəzi
şeylərin buraya gec gəlib çıxmaması
üçün, ortaq bir dərgi, toplu çap olunsa, belə
xətalardan tez yaxa qurtarmaq olar. Yəni hər təzə əsər
elə vaxtında gəlib çıxar və yaxud heç
olmasa onun haqqında bəzi başqa tərəflər barədə
bilginiz daha yaxşı, daha tez olar.
Açığını deyək ki, bu cür şeylərlə
elə sizdə də, bizdə də çox vaxt ancaq
yazıçılar, şairlər, sənət adamları
maraqlanır və hətta deyim ki, bu ortaq topluların
sayından çox olması da bir o qədər vacib deyil.
(Davam edəcək)
Tofiq Abdin
Ədalət.- 2011.- 15 yanvar.- S. 15.