Şəhidlik həyatın davamıdır

 

Azərbaycan xalqı həmişə çətin sınaqlardan alnıaçıq, üzüağ çıxıb. Yadelli işğalçılara qarşı döyüşən oğullarımız nə qədər işgəncəyə məruz qalsalar da düşmən qarşısında əyilməyiblər. Bu gün yaşadığımız müstəqil respublikamız və başımızın üstündə dalğalanan üçrəngli bayrağımız da tökülən qanlar hesabına qazanılıb. Minlərlə igid, cəsur övladlarımız vətən torpağının toxunulmazlığı uğrunda canlarından keçiblər. Həmin oğullardan biri də Ağdam rayon Başgüney kənd sakini Novruzov Əvəz Əli oğludur. O, 1940-cı il oktyabrın 18-də Ağdərə, indiki Ağdam rayonunun Başgüney kəndində dünyaya göz açmışdı.

 

Hamı kimi orta məktəbdə oxumuş, Orduda xidmət keçmiş, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub oranı fərqlənmə diplomu ilə bitirmişdi. Uzun illər təsərrüfatda çalışan Əvəz dəfələrlə rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdi. Əməksevərliyi ilə fərqlənən Əvəz işdə qazandığı müvəffəqiyyətlərə görə dəfələrlə fəxri fərman və medalla təltif olunmuşdu.

O, həm də idmanın sərbəst güləş növü ilə məşğul olurdu. Məhz bu sevgi onu dəfələrlə SSRİ çempionatlarında qalib kürsüyə yüksəltmişdi.

Qarabağ müharibəsi başlayanda Əvəz özünümüdafiə dəstəsinə yazıldı. Əvəzin özünümüdafiə dəstəsi 1990-1992-ci illərdə çoxlu mühüm əhəmiyyətli əməliyyatları uğurla yerinə yetirdi. Bu əməliyyatlar sırasına Ağdərə-Xankəndi yolunda yerləşən üç körpünün partladılması, Umudlu kəndinin mühasirədən çıxarılması, Qazançı kəndinin erməni quldurlarından azad olunması zamanı ermənilərin Xankəndi istiqamətindən hücuma keçən hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsi və onlarla təxribat xarakterli əməliyyatları daxil etmək olar.

Əvəzin döyüş yolu ilə daha yaxından tanış olmaq üçün onunla birlikdə dəfələrlə ölümlə qarşılaşmış döyüş yoldaşları ilə görüşdüm.

Müsahibim, Qarabağ müharibəsi veteranı və əlili, "Azərbaycan Bayrağı" Ordenli İmanov Nağı Novruz oğlu dedi: "Əvəz haqqında danışmaq mənim üçün şərəfli olduğu qədər də çox çətindir. İnana bilmirəm ki, o, bu gün aramızda yoxdur. O, təkcə cəsur döyüşçü, ağıllı və tədbirli komandir yox, həmçinin, müdrik ağsaqqal idi. O, heç vaxt "erməni xalqı" ifadəsini işlətməzdi. Deyərdi ki, ermənilər xalqa, millətə xas olan mənəvi, əxlaqi və s. keyfiyyətlərə malik deyillər.

1991-ci ilin avqust ayı idi. Erməni quldurlarının qəfil hücumu zamanı atam qardaşım həlak olmuşdu. Bu zaman Əvəz əmi hamıdan əvvəl əlində ov tüfəngi ilə köməyə gəlmişdi. Məni qucaqlayaraq təskinlik verdi dedi ki, qisas yerdə qalmayacaq.

1992-ci il fevral ayının əvvəli idi. Ermənilər növbəti dəfə Sırxavənd kəndinə hücuma keçmişdi. Bu dəfə də Əvəz əmi bizi köməksiz qoymadı. Onun dəstəsi Sırxavəndi mühasirəyə alan erməni quldurlarının arxasına keçərək ermənilərin bir iri çaplı pulemyotunu, bir dənə artilleriya qurğusu gəzdirən hərbi maşınını və on yeddi nəfər erməni quldurunu məhv etdi. Bundan sonra ermənilər geri çəkildi və qaçmağa məcbur oldular. Mən çox təəssüf edirəm ki, Əvəz kimi bir insan, özünü, oğlunu, qardaşını bu torpaq uğrunda qurban vermiş bir insan indiyə qədər layiq olduğu fəxri adla təltif olunmayıb. Mən bir döyüşçü kimi ölkə başçısından xahiş edirəm ki, Əvəzin layiq olduğu fəxri adla təltif olunmasını təmin etsin".

Digər müsahibim isə Əvəzin özünümüdafiə dəstəsinin ən azyaşlı üzvlərindən biri olmuş Kərimov Azər Şahmar oğludur. Azər qəhrəman komandirini belə xatırlayır: "Bizim könüllü dəstəmizdə Əvəz dayıdan yaşca böyük olanlar, ondan çox kiçik olanlar da var idi. Lakin o, hamıyla dil tapmağı bacarırdı, heç kim ondan incik olmazdı. Məndən başqa Göyüşov Alim, Həsənov Sərvər, Mustafayev Ayaz Əvəz dayının oğlu Novruzov Ziya da var idi ki, bizim hələ 18 yaşımız tamam olmamışdı. O, həmişə oğlu Ziyaya deyirdi: "Hamıdan tez gəl, hamıdan gec get".

Əvəz dayı ilə birlikdə bir çox əməliyyatlarda iştirak etmişəm. 1992-ci il fevral ayının 5-də Qazançı kəndi erməni quldurlarından azad edilməli idi. N saylı özünümüdafiə alayının komandiri, Milli Qəhrəman Şirin Mirzəyev Əvəz dayını Ağdama qərargaha çağırmışdı. S.Mirzəyev Əvəz dayıya çox inanır güvənirdi. Ona görə Qazançı kəndində olan erməni quldurlarına Xankəndi istiqamətində gələcək qüvvənin qarşısının alınmasını Əvəz dayıya tapşırmışdı".

Həmin gün sabaha kimi qarın içində gözlədik. Əvəz dayı dedi ki, ilk gülləni mən atacam. Biz erməniləri çox yaxına buraxmışdıq. Bu, komandirin əmri idi. Döyüşdən sonra başa düşdük ki, komandir düzgün taktika seçib. Erməniləri elə bir yerdə qarşıladıq ki, onların mövqe tutması və müdafiə olunması baş tutmadı. Bu döyüşdə iri çaplı pulemyotçu Ziya və Alim xüsusi rəşadət göstərdi. Düşmənin 30-a yaxın canlı qüvvəsini və iki BMP-2 texnikasını məhv etdik. Əvəz dayı ilə son döyüşümüz 1992-ci il martın 12-də oldu. Hələ bundan əvvəl 1 fevral 1992-ci il tarixində ermənilərin Mannik kəndinə hücumu zamanı komandirlə birlikdə mən də Manik kəndinə köməyə getmişdim.

Bu döyüşdə mən qolumdan yaralandım. 1992-ci il martın 12-də hələ tam sağalmamış mən də hamı kimi döyüşə atılmışdım. Həmin vaxt erməni hərbi birləşmələri Başgüney kəndinə qəti hücuma keçmişdilər. Saatlarla davam edən qeyri-bərabər döyüşdə ermənilərin bir neçə hücumunu dəf etdik. Hər dəfə onlarla cəsəd buraxaraq geri çəkilirdilər. Lakin ətraf kəndlər boşaldığı üçün biz tam mühasirəyə düşmüşdük. Komandir dedi ki, mühasirəni yarıb qocaları və uşaqları çıxarmalıyıq. Mühasirənin yarılması çox uzun çəkdi. Bu döyüşdə Ələddin, Həmzə, Əsəddin, Nizami, Möhü, Qurban, Qəzənfər, Qoşun, İsa, Nərgiz kimi döyüşçülər misilsiz qəhrəmanlıqlar göstərərək şəhid oldular. Topxananın yerləşdiyi strateji əhəmiyyətli mövqenin müdafiəsini qardaşı ilə öz öhdəsinə götürən komandir yaralıları və dinc əhaliyə çıxmağı əmr etdi. Özü isə düşmən əlinə keçməsin deyə iki ədəd döyüş topunu partladıb məhv etdi. Bu son döyüşdə igid komandir öz həyatına da son qoydu. O, həmişə deyirdi: "Düşmən bu torpağa ancaq mənim oğlumun meyidi üzərindən keçə bilər". Elə dediyi kimi oldu. Əvəz dayı oğlu Ziya şəhid olaraq doğma yurdlarında əbədiyyətə qovuşdular. Onların cəsədlərini çıxarmaq mümkün olmadı".

Qarabağ müharibəsinə həsr edilmiş bir neçə kitabda - X.Rzaquliyevin "Ağdərədə nələr oldu", R.Quluzadənin "Qan çilənən torpaq", Ş.Səlimbəylinin "Şaxta vurmuş çiçəklər", Q.Bəndalıoğlunun "Ağdərədən gələn var" kitablarda və bir çox qəzetlərdə Əvəz Novruzovun döyüş yolundan və qəhrəmanlığından bəhs edilib.

Əlbəttə, Əvəz Novruzov kimi vətənpərvər oğullar öz ölümləri ilə ölümsüzlük və əbədilik qazanırlar. Məşhur Qazax maarifçisi, şair Cambul Cabayev bu məşhur fikrini sanki Əvəz üçün deyib: "Vətən uğrunda ölüm həyatın davamıdır".

 

İnanırıq ki, davam edən bu həyatda cəsur komandir Əvəz Novruzov öz layiqli adını alacaqdır.

Qəhrəman atanın oğlu, Qarabağ Müharibəsi veteranı, bir çox döyüşlərdə atası kimi qəhrəmanlıqlar göstərən Novruzov Hikmət Əvəz oğlu ilə də görüşduk. O, bunları dedi: "Bu barədə onun döyüş dostları danışsa daha münasibdir. Atamın qəhrəmanlığı və yaxud necə döyüşçü olmağını hər kəs yaxşı bilir. Bircə onu xahiş edərdim ki, aidiyyatı orqanlar və təşkilatlar atama öz adına layiq ən yüksək fəxri adın verilməsinə kömək edələr. Mən buna inanıram".

 

 

ŞAMXAL ŞƏBİYEV

 

Ədalət.- 2011.- 15 yanvar.- S. 16.