Ağalar Bayramov: "Güldən, bülbüldən
söz demək zamanı deyil"
"Sözdən güclü silah yoxdu"
Ötən ilin son
günlərindən biri idi. "Xalq" Bankın mərkəzi
ofisinin 16-cı mərtəbəsinə toplaşanları əməkdar
artist Ağalar Bayramov öz ecazkar səsi ilə göyün
yeddinci qatına qaldırmışdı. Tanınmış bədii
qiraətçinin ifasına qulaq asanlar aşağı
düşməyə tələsmirdilər. Xalq şairi Məmməd
Arazın "Xalq Əmanəti" layihəsi çərçivəsində
işıq üzü görən "Seçilmiş əsərləri"nin
təqdimatına gələn ölkənin say-seçmə
ziyalılarına Ağalar Bayramovun öz hədiyyəsi var
idi.
Təqdimat mərasimindən
sonra belə qərara gəldik ki, Ağalar bəylə qəzetimiz
üçün müsahibə hazırlayaq. Qaldı bircə
söhbətləşəcəyimiz günün
vaxtını, vədəsini dəqiqləşdirmək. Mobil
telefonuna zəng vuranda...
"Zəngimsell"də
telefonun sahibi bizi şair Əjdər Olun Kim nə deyir, qoy
desin, Səni sevib - seçmişəm" misraları ilə
salamladı.
Bədii qiraət ustası ilə növbəti məşqdən öncə
görüşə bildik.
- Adətən müğənnilərdən
soruşurlar ki, hansı albom üzərində çalışırsız?
10-dan çox albom təqdim etdiyinizi nəzərə alsaq, elə bu sualı
sizə də ünvanlamaq olar...
- Sırf
vətənpərvərlik mövzusunda yazılan şeirlərdən ibarət
albom hazırlayıram.
Həmin alboma Məhəmməd Hadinin, Məhəmmədhüseyn Şəhriyarın,
Mehmet Akif Ərsoyun, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Adil Babayevin, Əjdər Olun, Rüstəm Behrudinin, Əlisəmid Kürün
şeirlərini daxil etmişəm. Böyük şairimiz Məmməd
Arazın yaradıcılığı
yeni albomda "Azərbaycan - dünyam mənim", "Ayağa
dur, Azərbaycan!"
"Əsgər oğul", "Yol ayrıcında söhbət",
"Məndən ötdü",
"Vətən desin"
əsərləri ilə
təmsil olunacaq.
İndi elə bir zamandı
ki, yalnız güldən-bülbüldən şeir demək mümkün deyil. Gərək həm
də ordumuz, gücümüz, silahımız
var deyək. Əli silah tutan övladlarımızı
ruhlandırmaq lazımdı.
Qələbə ruhuna köklənmədən
döyüşə getməyin
heç bir mənası yoxdu.
- Necə düşünürsüz,
indiki zamanda söz silahı əvəz edə bilir?
- Rəhmətlik Xəlil Rza Ulutürkün yaxşı bir sözü var.
Böyükdür sözün gücü,
Əgər sözdə yaşarsa
Düzün, düzlüyün
gücü.
Böyükdür sözün gücü.
Şairin sözü olmasın, sözün gücü həqiqətən də böyükdü. Amma burda bir məsələ
var. Baxır həmin sözü kim
yazır, kim deyir. Özünü öymək olmasın,
mən heç vaxt elə-belə söz demirəm. Vətənə sevgi, qələbəyə
inam mənim təkcə dilimdə yox, həm də
ürəyimdədi. Neçə ildir ki, vaxtımın
çoxunu ön cəbhədə keçirirəm.
Məmməd Araz, Xəlil Rza Ulutürk kimi nəhəng şairlərimizin
hər misrası topa-tüfəngə bərabər
şeirlərini səngərdə
düşmənlə üz-üzə,
göz-gözə duran
qəhrəman əsgərlərimiz
qarşısında söyləyirəm.
Onları qələbəyə ruhlandırıram. Səngərdəki günlərimin nə televiziyalarda göstərilməsinə,
nə də qəzetlərdə yazılmasına
çalışıram. Bunu reklam etməzlər.
Bir dəfə rəhmətlik
Məmməd Arazla cəbhə bölgəsinə
getmişdik. Döyüşçülər
qarşısında çıxış
bitən kimi korpus komandiri dedi ki, Ağalar
müəllim, əsgərlərin
gözlərinə baxın,
bu sözləri eşidəndən sonra gözləri qisas arzusu ilə alışıb-yanır. Hamının əli tətikdədi.
Bu dəqiqə İrəvana qədər
gedə bilərlər.
Ona görə deyirəm ki, sözün gücü böyükdü. Ürəkdən gələn, ölkənin,
xalqın bütövlüyünə
xidmət edən sözdə həmişə
qüdrət olub.
Yarınmaq üçün deyilən sözdən isə heç nə gözləmə.
Sözümüzü balla kəsənlər
Professor Tofiq
Hacıyev: "Böyük
rus şairi Puşkinin müasiri, məşhur qiraətçi
Karatagin səs tembri, ifadə zənginliyi ilə o zaman böyük auditoriyaların, yüksək
salonların hörmətini
qazanıbmış. Bu ərəfədə gənc
bir satirik yazıçı populyarlaşmağa
başlayır. Dostları Karataginə
zarafatla deyirlər ki, belə getsə
gənc yazıçı
sənin çörəyini
əlindən alacaq.
İstedadlı qiraətçi halını
pozmadan "Narahat olmağa dəyməz, çörək getsə
də, duzu özümdə qalacaq"
- deyə cavab verir.
Təbii ki, xəmiri, çörəyi dada gətirən
duzdu. Dilin də, danışığın
da ürəyə yatması, zövqü oxşaması ifaçının,
söz sahibinin bəlağətindəki duzdan
asılıdı. Bu gün
yazıçı, şair,
artist, müğənni bolluğunda
usta qiraətçi azlığı aşkar görünür. Bu az olan sənətkarların
içərisində əməkdar
artist Ağalar Bayramov
öz ifasının duzu ilə seçilir.
Onun səs tembri bir ilahi vergidi.
İfasının bütün dadı-duzu
onun içindədi.
Ağaların nəfəsi
ilə bədii söz insanların duyğularında bir can kimi yaşayır. Ağalar qiraət sənətimizi tarixə yazanlardandı".
- Bədii qiraət
ustası hər zaman xarici ölkələrə
dəvət almaq şansı qazanmır. Mətbuatdan oxuduğuma görə bu günlərdə İngiltərədə çıxış
etmisiz. Sözümüzü dinləyən oldu?
- Dinləyən
olmasaydı mən heç ora getməzdim. Dünya Azərbaycanlılarının Konqresində iştirak etmək üçün Londona dəvət olunmuşdum. Araz Elsəslə
birgə çıxışım
oldu. Tədbirin keçirildiyi konsert
salonunun səhnəsindən
Məmməd Arazın
"Ayağa dur, Azərbaycan!" şeirini
və Fikrət Qocanın "Cənnətdən
qovulmuşlar" poemasından
hissələri söyləyəndə
necə qarşılandığımı
gərək öz gözlərinizlə görəydin.
- Bəs deyillər
dünya bizi başa düşmür...
- Düzdü,
salonda dünyanın müxtəlif ölkələrindən
gələn soydaşlarımız
toplaşmışdı. Amma qonaq
qismində bir neçə ingilis də dəvətli idi. Tədbirdən sonra yaxınlaşıb
tərcüməçi vasitəsi
ilə fikirlərini bildirdilər. Dedilər ki,
sözləri başa
düşməsək də,
səsinizin ruhu, ahəngi bizi vəcdə gətirdi.
Bir daha əmin oldum ki, təkcə
Avropada yox, elə dünyanın istənilən yerində bizi başa düşə bilərlər. Məgər onların
ruhu yoxdu? Dünya ünsiyyət üzərində
qurulub. Doğma qardaşlar da
bir-birini axtarmayanda, gec-gec görüşəndə
yadlaşırlar.
Sözümüzü balla kəsənlər
Xalq şairi
Fikrət Qoca: "Ağalar Bayramov bu sənətin doğma övladıdı.
O, böyük sənətkarların
layiqli davamçısıdı.
Ağalar ürəyəyatımlı səsindən ustalıqla
istifadə edir. Dinləyicisini, tamaşaçısını
tez tanıyır, ona münasib şeir seçir. Dinləyicini
ələ alır, özünə tabe edir.
Ağalar Bayramovun çıxışına
qulaq asmağa öz gündəlik məişət qayğıları
ilə gələn tamaşaçı görüşdən
dövlət, millət
qayğıları ilə
ayrılır".
- Bu gün bədii
qiraət ustalarına
verilən meydan sizi qane edir?
- Təbii
ki, yox. Meydanı şoular, ulduz yarışmaları, evlənmək
yarışları zəbt
edib. Ciddi yaradıcılıq təkliflərini yaxına
buraxmaq istəmirlər.
Mən qapıdan qovulanda pəncərədən daxil
olanlardan deyiləm.
Həmişə şəxsiyyətimi qorumağa çalışmışam.
Təkbaşına qol çırmayıb
bu durumla mübarizə aparmaq çətindi. Maraqlı layihələrim,
fikirlərim var. Onu reallaşdırmaq üçün
maddi tərəfi isə həll edə bilmərəm.
Mədəniyyət və İncəsənət
Universitetinin dosentinin buna gücü çatmaz.
- Təkbaşına niyə
ki? Digər bədii qiraət
ustalarını da bu işə cəlb etmək olmaz?
- Mən
təkbaşına deyəndə
yalnız özümü
nəzərdə tutmuram.
Axı
biz çox azıq.
Xalq artisti İlham Əsgərov, əməkdar artist Azad Şükürov, Nadir Hüseynov...
Bizi saymaq üçün bir əlin barmaqları
bəs edir. Mərhum sənətkarlarımız Mikayıl
Mirzə və Həsən Əbluc Söz Teatrı yaratmaq istəyirdilər.
İndi mən də bayaq adlarını sadaladığım həmkarlarımı,
sənət dostlarımı
bir yerə toplayıb bu ideyanı həyata keçirmək istəyirəm.
Amma buna maddi dəstək
verən yoxdu. Amma şoulara pul xərcləmək istəyənlər az qala növbəyə
düzülüblər.
Sözümüzü balla kəsənlər
Şair Musa Yaqub: "Ağalar şeir deyəndə könlümüz ehtirasa gəlir, onun dilində, onun ifasında elə bil sözümüz də təzədən doğulur. Ağalar şair duyğularının
sədasına təzə
bir sim qoşur.
Sözə təzə bədii
rəng vurur. Belə bir sənətçini saxlamaq, qorumaq, qiymətləndirmək bizim
mənəvi borcumuzdu".
- Söz Teatrı
bədii qiraəti şadlıq evlərindən
daha böyük səhnəyə daşıya
bilər...
- Bu gün
şadlıq evlərində,
restoranlarda təşkil
olunan toylarımız
başqa bir söhbətin mövzusudu.
10-15 il əvvəl
belə deyildi. Dəvət edib deyirdilər ki, təki övladımın
toyunda Ağaların səsi gəlsin. Amma indiki toylarda nə hoqqalardan çıxırlar. Sözə,
musiqiyə, adət - ənənələrimizə toy tuturlar...
Söz vaxtına
çəkər, sabah Ağalar Bayramovun ad günüdü.
Biz də onu
sözlə təbrik
edirik. Ağalar bəy, ömrünüz söz qədər uzun olsun!
Etibar Cəbrayıloğlu
Ədalət.- 2011.- 15 yanvar.- S. 18.