SEVGİ ETİRAFLARI

 

ƏDƏBİ HƏYAT

 

Azərbaycan poeziyasında eşqin, məhəbbətin ən böyük tərənnümçüsü M.Füzuli olmuşdur. Eşq Füzuli poeziyasında özünün fəlsəfi, hissi-idraki çalarlar, rənglər dünyasına qovuşdu. Füzulidən sonrakı şairlər bu yolu davam etdirdilər bu yolu davam etdirərkən eşqi Füzuli kimi anlamaq, dərk etmək cəhdi başlıca prinsipə çevrildi. Əgər təbir caizsə, Füzuli motivlərinin müxtəlif çalarları sanki Füzulinin demədikləri Azərbaycan məhəbbət lirikasının canında, ruhunda dolaşdı.

İndi XXI əsrdir. Daha Leyli-Məcnun dövrü olmasa da, sevginin mahiyyəti dəyişməyib. Sevmək yenə də ali hissdir, müqəddəsdir. Real həyatda nə qədər yeni olaylar, hadisələr baş versə də, əsl sevgi öz saflığını, müqəddəsliyini qoruyur. Doğrudur, indi Məcnun kimi səhraya düşənlər, eşq havasına yarın qapısı ağzında yatmayıb yuxusuz qalanlar tapılmaz. Əsrin, zamanın dəyişkən havası sevgi münasibətlərində də özünü hiss etdirir. Bir də görürsən ki, bayağı sevgilər həyatdan, gerçəklikdən kitab səhifələrinə də dolur, misralara hopur, incə və zərif hisslər seksual təşnəliklə əvəz olunur. Bəli, bunu da inkar eləmək olmaz. Amma yenə qayıdıram qətiyyətlə dediyim sözün üstünə: SEVGİ VAR. Çünki bu sevgi yolunda çəkilən əzablar, zərif duyğular, çiçək ətirli hisslər yaşayır ürəkdə. Sevgi zahirən müasirləşə bilər, amma mahiyyətini qoruyub, saxlayıb.

Bu sevgi hisslərini qoruyub saxlayan şairlərdən biri də Şəfəq Sahiblidir. Bir yazımda mübahisəli də olsa, qeyd etmişdim ki, qadınlar sevgi şeirlərində kişilərlə müqayisədə bədii yalana o qədər də ehtiyac duymurlar. Qadınlar sevgi məsələlərində kişilərə əzab da verərlər, naz-qəmzənin sayı-hesabı olmaz, onların ürəyini ələ almaq o qədər də asan deyil...amma onların sevgi şeirlərindəki hissləri çox təmizdir. Bunu Şəfəqin şeirləri haqqında da söyləmək olar.

 

Səni sevdim,

odda yandım.

Olanları

nağıl sandım.

Bu xətamı

çox gec qandım.

Sevgi yalan,

Sənmi yalan?!

 

Görkəmli şairimiz Musa Yaqub Şəfəqin sevgi şeirləri barədə yazır: "Ən yaxşı cəhət budur ki, bu şairə könlünün susuz səhrasında çiçək bitirə bilir. Bu çiçəklər, bu güllər ancaq onundur, həsrətdən solğun düşsə də, vüsal susuzluğundan yanıb həşəm olsa da, bu şeirlərin hiss və duyğuları səni dalınca çəkib aparır, qəlbi riqqətə gətirir".

Yazdığı şeirlərin böyük qismi sevgidəndir. Və təbii ki, hər bir şeirdə müəyyən bir duyğu izhar olunur. Musa müəllim bu hiss və duyğuları aldanmış sevgi hesab edir. Amma mən o fikirdə deyiləm. Çünki o hisslər, duyğular yaşanılıbsa, onları aldanmış hesab etmərəm. Giley var, iztirab var və bütün bunlar sevgi aləminə xas olan bəlirtilərdir. İndi gəlin, bu sevginin tarixçəsini, yığcam da olsa, əvvəlindən sonuna qədər izləyək.

 

Sənə tərəf illərlə qaçdım

Günüm çatmadı.

İstədim unudum

Gücüm çatmadı.

 

Məncə, o sevginin tarixçəsi bu misralardan başlayır. Burada sevginin intəhasızlığı, zamana məkana sığmadığı təsdiq edilir. Sevgi onu yaşatmaq üçün səbr, illərlə, sənələrlə dözüm gərəkdir. bu illər, sənələr arasında şübhələr, gümanlar, qınaqlar yol alır ürəyə.

 

Mənə səbr ver, Tanrım!

Bu eşq

məni yaşatmayacaq.

 

Bütün sevib əzab çəkənlər üçün tənhalıq ölüm sindromu var. Lap klassikaya müraciət etsək, Leyli tənha idi. O, dərdini insanlarla deyil, çıraqla, pərvanə ilə, Ay ilə, Səba ilə, buludla bölüşürdü. Leyli "didəsi bağlı, bağrı dağlı, başı qaralı, ayağı bağlı" çırağa deyirdi ki, "mən həm sənə bənzərəm vəfada, Sən gecə həmin yanarsan, ey zar! Mən gecəvü gündüzəm giriftar". Leyli "rəhi-eşq içində sadiq" pərvanəyə sözü bu idi ki, sən bir şöləyə canını qurban verirsən, amma "mən can ilə istərəm çəkəm qəm". Leyli Aya müraciət edib deyirdi ki, sən Günəşin aşiqisən, eşq möhnətindən xəbərdarsan, mənə ixhar et görüm, dərdimin dəvası nədir, hardadır mənim pənahım? Müasir Leyli isə dəniz sahilində dayanıb öz tənhalığını küləklə, yağışla, qağayılarla bölüşmək istəyir:

 

Qağayılar

qırçın-qırçın dalğalar kimi

səpələnir dənizə.

Bir qız dayanıb sahildə

qayalarla göz-gözə.

Bir gəmi ayrılır

uzaq limandan.

Bir ürək qopmaq istəyir

küləkdən, yağışdan, tufandan.

Bu mənəm, sahildə tək.

Gələcək o gəmi,

o yağış, o külək.

 

Bu şeiri oxuyanda Əli Kərimin tənhalıqla bağlı çox gözəl bir şeirini xatırladım: Tənhalıq boşluq deyil - Səni gözləyən varsa; Gözləyənin yoxdursa, - Tənhalığın da yoxdur. Harda dünya başlayır, hamısını sən bilmirsən. Harda dünyayla birləşirsən, onu da bilmirsən. Sevənlər üçün tənhalıq qorxulu deyil. Təki kimisə gözləyirsən kimsə səni gözləyir... Fikrimcə, Şəfəq Sahiblinin sevgi şeirlərində Tənhalıq ümidsizlik ifadə eləmir. Yoxsa, bu misralar yaranmazdı: Sevdim yaşamaq üçün Sevmədim ölmək üçün.

Sevənlər üçün ÖLÜM adi anlayışdır. Bir sevgi boyu min dəfə ölüb-dirilmək olur.

 

İçimdə

neçə kərə boğulmuşam.

Sonra yenə bu dünyaya

təzədən doğulmuşam.

Bax beləcə

 günlərim keçir

min rəngdə, min biçimdə.

Ölüm özünü asıb içimdə.

 

Şəfəq Sahiblinin lirik qəhrəmanının sevgi tərcümeyi-halı beləcə bitib-tükənmir. Çünki bu sevgi yaşamağa, həyatı bu sevgi işığında dərk eləməyə sərf olunur, amma qurtarmır.

Əlbəttə, təqdim olunan sevgi şeirlərini öz intonasiyasına görə bir neçə qrupa da ayırmaq olar. Deyə bilərik "bax, bunlar pıçıltılı şeirlərdir, ucadan oxumaq olmaz", yaxud: "bunlar çox həzin, kövrək şeirlərdir, astadan oxu", ya da "səsini ucalt, qoy səni eşitsin səni sevən o bəndə". Amma intonasiyasından asılı olmayaraq, bunlar sevən ürəkdən qopur. Səmimi, təbii hisslərdir. Bəzən bu hisslərin poetik ifadəsində xırda-xırda qüsurlar, əngəlliklər üzə çıxır. Məsələn, Göz bəbəyim kimi qoruduğum ürəyimi atdım vicdanının qoluna. "Vicdanının qolu" - anlaşılmazdır. Yaxud: Sən məhəbbətin ən çətin (?), ən geniş (?) dar qapısıydın. Şəfəqin lirik qəhrəmanının sonsuz iztirabları, sevgi yolunda çırpıntıları ilə tanış olduq onu alqışladıq. Ancaq bu lirik qəhrəmanın tərəf-müqabili olan Aşiqin xarakteri, insani səciyyəsi, sevgi obrazı kifayət qədər rəsm olunmur. Az qala durub deyirsən ki, o Aşiq belə bir sevgiyə layiq deyil.

 

Bir vaxt mənim üçün

ölən o gözlər

gör kimi arxasınca

süzülür indi?

Arzusunu muncuq tək

boynuna düzən

gör kimin boynuna

taxılır indi.

Bir vaxt mənim üçün

yanan o ürək

gör kimin oduna

yaxılır indi.

Mənim üçün ayağa duran

gör kimin ayağına

yıxılır indi.

 

Şəfəq Sahiblinin sevgi şeirləri haqqında söhbətimizi uzada da bilərdik. Amma öncə dedim ki, bu sevgi "dastanı" hələ bitməyib. Hələ bu "dastanın" yazılmamış səhifələri çoxdu. güman ki, yazılacaq. Ancaq Şəfəqin eyni həzinlik kövrəklik üzərində köklənən digər şeirləri var. Çox arzu edərdim ki, potensial şairlik səviyyəsinə görə diqqəti cəlb edən bu xanım "Məzarlar, çiçəklər", "Payız", "Yanan məzarlar", "Vətən həsrətli bayatılar", "Şəhid anası", "Xarı bülbüldü" kimi gözəl şeirlərin müəllifi olduğunu unutmasın. Özü gizlədim, adını çəkdiyim bu şeirlər Şəfəqin çox-çox sevgi şeirindən poetik sanbalca daha iddialıdır. Budur, çox qəmli həm düşündürücü bir şeir:

 

Bir dəstə gül verdi rəfiqəm mənə,

Məndən soruşmayın o gül güldü.

Sanki dünənimə qayıtdım yenə,

O güllər şahıydı, xarı bülbüldü.

 

Elə bil təzədən gördüm Şuşanı,

Təzədən qayıtdım Cıdır düzünə.

Xəyalən seyr etdim bu tamaşanı,

Elə bil qaranlıq çökdü gözümə.

 

Sən demə arandan üzülüb bu gül,

O da mənim kimi bir "köçkün" imiş.

Sinəmə dağ çəkən o xarı bülbül,

Sən demə, Şuşanı heç görməyibmiş.

 

Yenə qayıdıram Musa Yaqubun "Sevgi yaşantıları" adlı ön sözünə. Sonda hörmətli şairimiz arzu edir ki, Şəfəq Sahibli qələminə, sözünə daha ciddi yanaşsın, daha gözəl şeirlər yazıb öz oxucularını sevindirsin. Bu arzuya mən qoşuluram. Əlavəm budur ki, Şəfəq bir mövzuya, bir pretietə qapılıb qalmasın. Amma nədən yazır-yazsın, təki ortada ŞEİR olsun. Sözümü, mənim fikrimcə onun ən gözəl şeiri olan "Payız"la bitirmək istəyirəm:

 

Payızı şəhidə

bənzədirəm.

Ağaclar saçını yolan

Vətəndir.

Küləklər

savaşın amansızlığı

dolan buludlar ananın

göz yaşları

Çaxan şimşək bir atanın

qəzəbi.

Qarabağ məzarımdı,

Qibləm Azərbaycanım.

  

  

VAQİF YUSİFLİ

 

Ədalət.- 2011.- 15 yanvar.- S. 19.