ÖMÜR-GÜN
Ömür keçdi -
gün keçdi.
Keçdi-getdi,
işə bax.
Keçdi-getdi
üstümdən,
Bu da oldu yaşamaq...
Doğuldum döş
verdilər,
Ömrün-günün
altında.
Böyüdüm iş
verdilər
Ömrün-günün
altında.
Ömrün-günün
altında.
Vəl sürdüm
xırman vaxtı,
Girib dəryada
çimdim,
Sonra gördüm ki,
arxdı...
Bu arxın
qırağından
Alaca bir quş tutdum.
Quşun
üzünə baxıb
Bu dünyanı unutdum.
Gördüm
göydə günəş var,
Göydə nur var,
işıq var,
Yerdə Firəngiz
nənəm,
Yerdə Sarı
Aşıq var...
Göydə
günəşə, aya,
Göydə nura,
işığa,
Yerdə yazıq
nənəmə,
Yerdə Sarı
Aşığa
Quşum qondu, neynəyim...
RƏSUL RZANIN ÖLÜMÜ
1.
Kürə
şəklində dərdimiz
Dünya kürə
şəklindədir,
kürə
şəklindədir günəş.
ay kürə
şəklindədir
kürə
şəklindədir ürəyimiz,
sevincimiz kürə
şəklindədir –
sənin
ölümündən sonra
yığıldı,
büküldü,
kürə
şəklinə düşdü dərdimiz də.
2.
Ölümün
səndən
qabaq gəldi
Mərdəkana
Ölümün
səndən qabaq çıxdı evdən,
Ölümün
səndən qabaq mindi maşına,
Ölümün
səndən qabaq yola düşdü,
Ölümün
səndən qabaq gəldi Mərdəkana.
Olacağın
binanın yerini,
Qalacağın
otağın nömrəsini,
Baxacağın pəncərənin
səmtini
ölümün səndən
qabaq bilirdi.
ölümün
səndən qabaq bilirdi.
hansı
cığırı seçəcəksən,
hansı ağacın
altından keçəcəksən.
Sən bilmirdin,
ölümün bunların
hamısını bilirdi,
hansı sözü
yazacaqsan - bilirdi,
hansı sözü
pozacaqsan - bilirdi.
Ölümün
səndən qabaq gəldi Mərdəkana,
ölümündən sonra sən gəldin,
səndən sonra
ölümün
gəldi yenə...
3.
Ürək sən
deyəni eşitmədi
Durma dedin,
İşlə dedin,
hara getmək olar
bu gedişlə dedin,
ürək sən deyəni
eşitmədi.
Ürək sən
deyəni eşitmədi
elə bildi yaxşı
elədi, -
ürək sən deyəni eşitmədi,
əl ürək
deyəni eşitmədi,
barmaq əl deyəni
eşitmədi,
təkcə
kağız dinmədi.
Əl
bağıra-bağıra qaldı,
barmaq
bağıra-bağıra,
qələm
bağıra-bağıra qaldı,
kağızın
gözləri ağara qaldı.
4.
Son söz
Gedirəm dostlar,
gedirəm, Anar,
gedirəm,
gözümün işığı,
evimin böyüyü,
evimin uşağı.
Balığı yaradan
suyu da yaradıb –
balığı suya
bağışlayın.
Arını yaradan
çiçəyi
də yaradıb –
arını
çiçəyə bağışlayın.
İnsanı yaradan
torpağı da
yaradıb –
insanı torpağa
bağışlayın,
sonrası ilə
işiniz olmasın...
MƏHƏMMƏD HADİYƏ
1.
Qərib nar əkər,
nar əkər,
Narı nar olmaz, nar
olmaz.
Qərib deyər:
qərib qzdan
Mənə yar olmaz - yar olmaz:
Sünbülü
qıçada qalar,
Buğdası
puçada qalar,
Alması taxçada
qalar,
qalar, saralmaz-saralmaz.
Kim qəribə arxa
çıxar,
Qərib birdən yoxa
çıxar,
Dərd əlindən
dağa çıxar
dağda qar olmaz - qar
olmaz
2.
Tək dedilər -
təklədilər,
qanına
yeriklədilər.
sonra da dərdini
alıb
dağa-daşa
yüklədilər,
çəkə
bilmədi-bilmədi.
Əsim-əsimcə
əsdilər,
öldürməyə
tələsdilər,
günün günorta
çağında
ağacı elə
kəsdilər, -
kölgə
bilmədi-bilmədi.
Xallandı gül - butasında.
nər qarnında
-qartasında.
bir şairi
öldürdülər
bir ölkənin
ortasında, -
ölkə
bilmədi-bilmədi
QARAVƏLLİ
1. Səs
Toydan çıxandan
sonra
Ağdamın cahılları
qabağını kəsdilər
Qədirin,
ciblərini gəzdilər
Qədirin.
Ağzını
açıb,
ağzına da
baxdılar:
gördülər
yazığın
səsdən savayı
heç nəyi yoxdu.
2. Çörək ağacı
Mirzə Babayev
Abşeronda bir ağac
gördü,
elə bildi səs
ağacıdı,
çıxdı
ağacın başına,
gördü yox,
səs ağacı
deyil.
çörək
ağacıdı.
3. Quzu başı
Quzu başı
kəsməyin!
hər-harda quzu
başı kəssəniz
qanı gəlib
töküləcək
Habilin dizinin
üstə.
4. Güllə
Güllə atmayın
durna qatarına,
siz durna qatarına
güllə atırsız,
güllə də gəlib dəyir
Ədalətin sazına.
5. Rəhmət
Allah Bülbülə
rəhmət eləsin,
öləndə
səsini iki yerə böldü,
yarısını Polada
verdi,
Yarısını Rauf
Adıgözəlova;
Polad
atasının səsini
götürüb
getdi Moskvaya,
Rauf qaldı Bakıda...
Allah Bülbülə
rəhmət eləsin.
Eldar BAXIŞ
Ədalət.- 2011.- 15 yanvar.- S. 20.