DÜŞMƏN VAXTI UZATMAQ İSTƏYİR

 

Bu, davamlı ola bilməz

 

Bu günlərdə ölkə prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrinə həsr olunmuş iclas keçirilmişdi. Mətbuatın verdiyi bilgilərə görə, ölkə prezidentinin sədrlik etdiyi bu iclasda arxada qalan ilin uğurları, eləcə də ölkə həyatının ən vacib problemləri müzakirə olunmuş, ayrı-ayrı sahələr üzrə cavabdeh vəzifə sahibləri ölkə rəhbərinə hesabat vermişlər.

 

Təbii ki, artıq ənənə halını almış bu cür geniş iclaslar ictimaiyyət tərəfindən həmişə maraqla izlənilir. Çünki burada səslənən fikirlər, qarşıya qoyulan məqsədlər, xüsusilə ölkə prezidentinin konkret sahələr üzrə verdiyi məsləhətlər, eləcə də xüsusi tələbkarlıqla yanaşdığı məsələlər əhalinin gündəlik həyatının, yaşam tərzinin təkcə ümumi mənzərəsini əks etdirmir, həm də onun sabaha olan ümidlərini artırır.

Təsadüfi deyil ki, sonuncu iclasda da xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ və bütövlükdə işğal olunmuş torpaqlarımızın taleyi ilə bağlı real durum, hazırkı mövqe prezident tərəfindən ayrıca bir sahə kimi daha geniş və daha ətraflı şərh edilməklə həm iclas iştirakçılarına, həm də Azərbaycan əhalisinə bilgilər verilmişdir. İclasda giriş çıxışı edən ölkə prezidenti vurğulamışdı ki, "Əfsuslar olsun ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində irəliləyişə nail ola bilməmişik. Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, vaxtı uzatmaq istəyir".

Silahlı Qüvvələrin Ali Baş Komandanın məsələnin bu cür davam etməsinin mümkün olmayacağını, qarşı tərəfin məsələnin həlli ilə bağlı vaxtı uzatmaq yolu tutmasını qeyri-konstruktiv saymaqla yanaşı, bunu Ermənistanın artıq çıxılmaz bir duruma düşməsi ilə əlaqədar olduğunu da vurğulamışdı. O bildirmişdi ki, "bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir. Çalışır nə qədər mümkündürsə o torpaqları işğal altında saxlasınlar. Beləliklə də bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtlər əldə etsinlər. Bu isə mümkün deyildir".

Ölkə rəhbəri ərazi bütövlüyümüzün toxunulmazlığını, problemin də yalnız Azərbaycanın sərhədləri çərçivəsində həllinin yeganə variant olduğunu vurğulayaraq açıq şəkildə bildirmişdi ki, Azərbaycan öz torpaqlarından bir qarış da olsa belə güzəştə getməyəcəkdir. Prezident cənab İlham Əliyev söyləmişdi ki, "ötən il Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qərar qəbul etmişdir. Həmçinin NATO-nun Zirvə görüşündə bu məsələ ilə bağlı da çox dəyərli, ədalətli qətnamə qəbul olundu. Dünən Avropa Komissiyasının sədri cənab Barrozo ilə birgə mətbuat konfransında bu məsələ ilə bağlı Avropa Komissiyasının və Avropa İttifaqının mövqeyi ifadə edilmişdi. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Bəli, Azərbaycan dövləti və onun iqtidarı problemin çözümü ilə bağlı bütün beynəlxalq müstəvilərdə son illərdə daha böyük işlər görmüş və daha qətiyyətli şəkildə öz ədalətli mövqeyini qəbul etdirə bilmişdi. Elə bunun nəticəsidir ki, əksər beynəlxalq təşkilatlar indi ikili standartlardan nisbətən də olsa xilas olmağa, məsələyə daha obyektiv mövqedən yanaşmağa, real vəziyyəti görüb qiymətləndirməyə üstünlük verməyə başlayır. Təkcə Azərbaycan hakimiyyətinin tələbi ilə regiona faktaraşdırıcı missiyanın səfər etməsi, eləcə də Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərlərinin müxtəlif səviyyəli görüşlərdə problemlə bağlı daha ardıcıl fikirlər səsləndirməsi dediklərimizi sübut edir. Yəni bu gün böyük dünya istəsə də, istəməsə də gerçəkliklə üz-üzə qalıb, onunla barışmağa məcburdu. Elə Azərbaycan prezidenti də özünün həmin iclasda söylədiyi giriş nitqində də xarici siyasətimizdə əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışarkən bu gerçəkliyi diqqətə çəkmişdi.

 

İndi hər kəsin diqqətlə izləyib və ətraflı tanış olduğu həmin iclasdakı nitqlər göstərir ki, ölkə prezidenti qarşıya qoyulan bütün məsələlərin hər birinə ayrıca diqqət yetirməklə yanaşı, ölkənin əsas probleminin, yəni torpaqlarımızın işğaldan azad edilməsinin bütün yollarının xüsusi nəzarət altında işlənildiyinə bizdə inam yaratmışdı. Artıq birmənalı olaraq görür və inanırıq ki, gec-tez torpaqlarımız istənilən yolla, istənilən variantla işğaldan azad ediləcəkdir. Bunu üçün ölkəmizin siyasi, iqtisadi qüdrəti, Ali Baş Komandanın qətiyyətli iradəsi yetərincədir. Sadəcə, hələlik danışıqların nəticəsi gözlənilir. Son qərar, son söz həmin nəticələrdən asılı olacaq.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 18 yanvar.- S. 3.