Qonşu İran da Azərbaycandan qaz idxal edəcək

 

Özünün təbii resursları olsa belə

 

Ötən həftə Azərbaycana səfər edən xarici qonaqlar rəsmlərlə görüşlərində əsasən mavi yanacaq məsələsini müzakirə ediblər. Avropa Birliyinin Komissarı Joze Manuel Barrozonun müzakirələrində "Nabucco" qaz kəməri layihəsinin reallaşdırılması məsələsi prioritet təşkil edib. Avropalı qonaqlar eyni gündə Bakıya təşrif buyuran qonşu İranın neft naziri, Neft İxracatçıları Ölkələri Təşkilatı - OPEC-in sədri Seyyid Məsud Mirkaziminin Azərbaycan səfərinin mayasında da mavi yanacağın nəqli məsələsi dayanıb. Prezident İlham Əliyevin qəbulunda olan S.M.Mirkaziminin başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələrdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycanın dövlət başçısı enerji sektorunda əlaqələrin böyük tarixinin olduğunu, əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinin önəmini qeyd edərək, hazırkı mərhələdə enerji sahəsində də əməkdaşlığın yeni imkanlarını araşdırmağın zəruriliyini söyləyib və bunun üçün yaxşı potensialın olduğunu bildirib. Prezident enerji sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı artıq yüksək səviyyədə fikir mübadiləsinin aparıldığını və razılaşdırılmış məsələlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

S.M.Mirkazimi İran Prezidenti Mahmud Əhmədinejadın səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. İkitərəfli münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ötən il dövlət başçılarının imzaladığı sənədin əhəmiyyətinə toxunan nazir Bakıya səfəri zamanı bu məsələ ilə bağlı müzakirələrin davam etdiriləcəyini deyib. Mirkazimi tarixən iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən enerji sektorunda yaxşı səviyyədə olduğunu vurğuladı və bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

İranlı rəsmilər səfər çərçivəsində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev S.M.Mirkaziminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin verdiyi məlumata görə iki ölkə arasında neft-qaz və energetika sahəsində əməkdaşlıq müzakirə edilib, xüsusilə də neft-qaz yataqlarının birgə işlənilməsi, hasilat, nəql məsələləri, neft və qazın emalı, satışı və yaxud mübadiləsi, neft-kimya kompleksində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və bu kimi məsələlər müzakirə edilib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, görüş zamanı Azərbaycanla İran arasında neft-qaz və energetika sahələrində birgə layihələrin (Azərbaycan, İran və ya üçüncü ölkədə) Enerji Bankının yaradılması təklifi səslənib: "Qərara alınıb ki, bu məsələ nəzərdən keçirilsin. Sözügedən bank, yaradılacağı halda iki ölkə arasında birgə layihələri maliyyələşdirəcək. Ekspertlər tərəfindən bu təklifin detalları öyrəniləcək".

Qeyd edək ki, görüşdə həmçinin alternativ energetika sahəsi ilə bağlı məsələlər, İran və Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) prezidenti Rövnəq Abdullayev də iştirak edib. Səfər çərçivəsində S.M.Mirkazimi həmçinin Rövnəq Abdullayevlə iki ölkə arasında təbii qazın alqı-satqısına dair sazişin əsas şərtləri haqqında müqavilə imzalayıblar. Müqaviləyə əsasən Azərbaycan artıq fevralın 1-dən İrana qaz ixracına başlayır. R.Abdullayev bildirib ki, müqavilə Azərbaycandan İrana 5 il ərzində qaz nəqlini nəzərdə tutur: "Bu müqaviləyə görə, biz gələcək illərdə artırılması imkanı ilə, hələlik bu il İrana 1 milyard kubmetr qaz nəql edəcəyik".

Onun sözlərinə görə, hər il nəql ediləcək qazın həcmi ayrıca müəyyənləşdiriləcək. Yeri gəlmişkən, nazir S.M.Mirkazimi artıq gələn il İrana nəql edilən qazın həcminin 2 mlrd. kubmetrə çatdırılacağını bildirib.

R.Abdullayev bildirib ki, İran tərəfinə ARDNŞ qazı nəql ediləcək: "İrana qaz nəql etmək üçün Azərbaycan kifayət qədər qaz həcmlərinə malikdir. Bu, bizə imkan verir ki, Rusiya, Gürcüstan və Türkiyə ilə eyni vaxtda artıq İrana da qaz nəqlinə başlayaq".

ARDNŞ prezidenti əlavə edib ki, İrana ixrac olunan qazın qiyməti Azərbaycanın Türkiyəyə və Rusiyaya satdığı qazın qiymətindən aşağı deyil və iqtisadi baxımdan tamamilə sərfəlidir: "Bizim qaz ixracı ilə bağlı siyasətimiz məlumdur, o da qazı yüksək qiymətə satmaqdır və biz bu siyasəti həyata keçiririk".

R.Abdullayev qeyd edib ki, bunun üçün lazım olan bütün texniki məsələlər həll olunub. Qazın İrana nəqli üçün müvafiq infrastruktur yenilənib, o cümlədən Astara qaz kompressor stansiyasının tikintisi başa çatıb: "Astara qaz kompressor stansiyası artıq hazırdır və ona görə, artıq fevralın 1-dən biz ixraca başlayacağıq".

Qeyd edək ki, Azərbaycanla İran arasında qaz sahəsində əməkdaşlığın genişləndirilməsi İran prezidenti Mahmud Əhmədinecatın Bakıya səfəri zamanı iki ölkənin prezidentləri arasında danışıqlarda qərara alınıb.

Xatırladaq ki, indiyədək Azərbaycan və İran arasında qaz mübadiləsi aparılıb. Amma bu əməkdaşlıq Naxçıvan Muxtar Respublikasının qazla təmin olunması üçün aparılan svop əməliyyatları və İrana qış aylarında qısamüddətli ixracla məhdudlaşıb.

Dünən S.M.Mirkazimi Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib. Onun sözlərinə görə, səfərin əsas məqsədi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir: "Danışıqlar çərçivəsində neft və qaz ixracı, yeraltı qaz anbarları, elektrik enerjisi, kadr mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb".

İranlı qonaq qeyd edib ki, iki ölkə arasında yaradılan müştərək komitə 6 aydan bir görüşlər keçirəcək, ayrı-ayrı sahələrdə əməkdaşlıq imkanları araşdırılacaq.

 

O bildirib ki, Azərbaycanla İran arasında Enerji Bankının təsis olunması iki ölkə tərəfindən yaradılan komitə tərəfindən müzakirə olunacaq. Onun sözlərinə görə, hər iki ölkədə neft və qaz sahəsinə yatırmaq üçün investisiya imkanları var: "Bu ölkələrdə fəaliyyət göstərən neft və qaz şirkətləri maraqlı olarsa, Enerji Bankının yaradılması baş tuta bilər. Bu istiqamətdə araşdırmalar aparılacaq. Şirkətlər öz sərmayələrini bu banka etibar edə bilərlər. Bank isə həm Azərbaycanda, həm İranda, həm də üçüncü ölkədə birgə layihələri maliyyələşdirə bilər".

Nazir qeyd edib ki, Enerji Bankının yaradılmasına dair danışıqların növbəti raundu və müzakirələr komitə çərçivəsində Tehranda aparılacaq.

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 18 yanvar.- S. 3.