Azərbaycan Avropa Birliyinə üzv ola bilər

 

Ötən həftə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri və bu səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər hələ bir müddət əsas mövzu olaraq qalacaq. Azərbaycanda olduğu müddətdə Joze Manuel Barrozu və Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Ottinger prezident İlham Əliyevlə görüşüb, ikitərəfli və çoxtərəfli formatda danışıqlar aparıblar. Səfərin nəticəsi olaraq prezident İlham Əliyev və Joze Manuel Barrozo "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar.

 

Sənəddə Azərbaycanın Avropaya uzun müddət iri həcmdə qaz verməsi nəzərdə tutulur. İmzalanan bəyannaməyə görə, Azərbaycanın verəcəyi "kifayət qədər həcmdə" qaz "Cənub dəhlizi"nin yaradılmasını mümkün edir. Bu dəhlizdə Xəzər regionu ölkələrindən Rusiyadan yan keçməklə Avropaya qaz nəql edəcək bir neçə qaz kəmərinin tikilməsi nəzərdə tutulur.

İmzalanmış digər iki sənəd isə "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu"ndan ibarətdir.

Qeyd edək ki Joze Manuel Barrozu Azərbaycan prezidenti ilə müzakirə etdiyi məsələlərin olduqca strateji əhəmiyyət daşıdığını deyib. Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən demokratik islahatlardan söz açan qonaq qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşılması kimi prioritet məsələlərə də toxunub.

Barrozonun səfər proqramında əsas yeri Xəzər regionu qazının Avropaya ixracı məsələsi təşkil etsə də, Bakıda aparılan danışıqların Azərbaycanla Avropa Birliyi arasındakı münasibətləri yeni mərhələyə qaldıracağı güman edilir. Siyasi müşahidəçilərə görə, Barrozonun səfəri Azərbaycanla Avropa Birliyi arasında enerji əməkdaşlığı sahəsində daha bir uğurlu sazişin əldə edilməsi ilə yadda qalıb. Bu səfər bir daha sübut etdi ki, Avropa Birliyi Azərbaycanın enerji sahəsində Avropanın təhlükəsizliyinə verə biləcəyi töhfəni nəzərə alır və buna çox böyük önəm verir. Bu baxımdan, Azərbaycanın enerji resursları uğrunda həm Avropa Birliyi, həm Rusiya və digər regional dövlətlər arasında mübarizənin yeni müstəviyə keçməsi diqqəti cəlb edir. Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığı Azərbaycanın Avropaya inteqrasiyasının sürətləndirilməsinə öz töhfəsini verə bilər. Digər tərəfdən, təbii qaz alqı-satqısı məsələsinə dair əməkdaşlıq perspektivində "Nabucco" layihəsinin də reallaşa biləcəyi haqqında da rəylər söyləməyə əsas verir. Şübhəsiz, bu məsələdə Türkmənistanın da mövqeyi mühüm təsirə malikdir. Türkmənistan öz qazını Rusiya qazı adı altında Avropaya ötürür, amma Avropa Birliyi ölkələri "Nabucco"nun reallaşması üçün daha böyük maliyyə səfiri etsələr, bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun bir qədər də artıra bilər. Üçüncüsü, Azərbaycanın Avropa Birliyi ilə əlaqələri yalnız enerji sahəsində deyil, digər sahələrdə də apara biləcəyi aydın oldu.

Bütün bunları nəzərə alan siyasi təhlilçilər hesab edir ki, ən vacib məqamlardan biri Azərbaycanın Avropanın hüquqi-siyasi məkanına inteqrasiya etməsidir. Avropadakı gerçək siyasi münasibətlərin Azərbaycanın da siyasi sistemində öz əksini tapmasıdır. Ona görə də Azərbaycan və Avropa Birliyi arasında münasibətlər yalnız enerji resurslarının Avropaya ötürülməsinə deyil, Azərbaycanın həqiqətən Avropaya inteqrasiyasına öz töhfəsini verə bilər. Ən nəhayət nəzərə almaq lazımdır ki, Avropa Birliyi çox böyük imkanlara malik bir beynəlxalq qurumdur və gələcəkdə Azərbaycanla qurum arasında viza rejiminin fərqli bir müstəvi üzərinə gətirilməsi, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına, Avropa demokratiyasının Azərbaycana inteqrasiyasının sürətlənməsinə öz töhfəsini verə bilər. Əgər Azərbaycan Avropanın enerji təhlükəsizliyində bu qədər əhəmiyyətli rol oynayırsa, heç şübhəsiz ki, regional təhlükəsizliyi nəzərə almaqla bir müddət sonra Avropa Azərbaycanda Qərbin təhlükəsizlik sisteminin yayılmasında maraqlı olacaq. Söhbət HATO ilə əməkdaşlığın dərinləşməsi və perspektivdə Azərbaycanın HATO-ya üzvlüyündən gedir. Sirr deyil ki, hələlik regional amillər buna imkan vermir. İran və Rusiya amili nəzərdə tutulur və ona görə də Azərbaycanın Avropa Birliyi ilə münasibətləri bu amillərin nə dərəcədə nəzərə alınmasından asılı olacaq.

 

Regional təhlükəsizlik üçün təhlükə təşkil edən dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminə gəlincə, politoloqların qənaətincə, bu məsələlər Avropa Birliyinin diqqətindən yayınmır. Bundan başqa, Avropa Birliyi "Yaxın Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycanda aparılan islahatları izləyir. Əgər Azərbaycanda hüquqi-siyasi islahatlar, məhkəmə sistemindəki islahatlar Avropa Birliyininin tələbləri səviyyəsində həyata keçirilərsə, Azərbaycan yaxın gələcəkdə bu quruma üzv ola bilər.

 

 

Gülgün

 

Ədalət.- 2011.- 18 yanvar.- S. 4.