BİR SƏSİN SEHRİ VƏ
HƏYATI...
(əvvəli 11 yanvar sayımızda)
Mən həmişə düşünmüşəm
ki, səs, musiqi bəşər övladından qabaq
mövcud olub. Və İnsanlar bu ahəngin, bu səslərin
içərisində yaradılıb. Bu fikirlər bir qədər
qəribə səslənsə də heç kim bunları həqiqətdən
uzaq, qeyri-adi, ya da əsası olmayan iddia adlandırmasın.
Yalnız təbiətə, Tanrının yaratdığı
qüsursuz düzənə baxanda belə bunları görməmək
mümkün deyil. İndi hər kəsə bəllidi ki,
insanlıq yaradılmamışdan qabaq bu dünya inşa
edilmişdi. Təbiət vardı, dənizlər vardı, dənizlərdə
ləpələrin ahəngdar xışıltısı,
çayların, bulaqların şırıltısı, bəmbəyaz,
köpüklü şəlalələrin gurultulu səsi,
meşədəki yarpaqların pıçıltısı,
küləklərin sədası vardı. Təbiətin
musiqisi vardı. Məgər müasir musiqidə təbii səslərə
bənzər səslərin yaradılması üçün
çalışmırlarmı? Məgər insan
sadaladığım və sadalamadığım bu ecazkar ahəngi
dinləmək üçün on, yüz kilometrlərlə
yol qət edib təbiətin qoynuna can atmırlarmı? Kim təbiətin
səsini dinləməkdən imtina edər ki?
Bəli, insan var olandan bu təbii musiqinin içərisində
olub və mən deyərdim ki, onun səs, musiqi duyumunun
formalaşmasında, inkişafında təbiətin əvəzsiz
rolu olub. Bəlkə də bəşər ulu əcdadlarının
bu günədək yaşatdığı həmin genetik
kodların hesabınadı ki, təbii səslərə, su
kimi axan, bulaq kimi qaynayan, ruhun qidasına çevrilən musiqəyə,
ifaya heyran olur. Daxilən təzələnir, paklaşır, təbiətin
bir parçası olduğunu hiss edir.
Onun da səsi, xüsusilə də ifası su kimi saf,
su kimi ahəngdar, gözəl, axıcı idi. O,
mahnılarını yalnız ifa etmirdi, onu dinləyən hər
kəsi səsinin sehrinə salıb uzaqlara aparır, hər kəsə
izaholunmaz ovqat verir, ruhuna oxşardı. Onu çoxları
tanıyır, çoxları sevir. Çoxları bu gün də
həmin səsi dinləməkdən doymur... Mən Valentina
Tolkunovanı deyirəm...
"MƏNİMLƏ DANIŞ, ANA"
Valentina Tolkunova onu sevənləri
heyrətləndirməkdə davam edirdi. Qısa fasilələrlə,
amma biri-birinin ardınca efirdə səslənən
mahnıları müğəninin möhtəşəm
ifası ilə inanılmaz populyarlıq qazandı. O vaxt bəlkə
də kimsə inanmazdı ki, gənc bəstəkar
V.Miqulyanın yazdığı "Mənimlə
danış, ana" mahnısı ilə Valentina Tolkunova hər
kəsi büsbütün heyran edəcək. Mahnıya qulaq
asanda adama, şəxsən mənə elə gəlir ki,
sehirli bir səsin əhatəsində sonsuzluğa gedirsən...
Hər kəs anasının doğma hərarətini, isti nəfəsini,
laylasını, ən nəhayət doğma anasını
gözlərinin önündə görür... Bu möhtəşəm
ifa, bu əsrarəngiz səs Valentinadan başqa mahnı
müəllifinə də inanılmaz şöhrət gətirdi.
Çoxları Miqulyanın başqa mahnılarını səbrsizliklə
gözləməyə başladı. Və mən inanmıram
ki, bu mahnı kiminsə ifasında o qədər həzin, o qədər
ecazkar, o qədər doğma... səslənə bilər. Elə
"Dayanacaqda gözləyirəm", "Biz qayıqda gəzdik",
"Köhnə söz"... mahnılarını da...
Ümumiyyətə,
Valentina Tolkunova sənətdə ara vermədən,
bütün ciddiyyəti ilə çalışdı. Üzərinə
götürdüyü hər bir işin məsuliyyətini
his edərək yaşadı. Elə bu tükənməz
enerjinin sayəsində idi ki, onun oxuduğu 300-dən çox
mahnı, romans var. 1987-ci ildə xalq artisti adına layiq
görüldü. Belə demək mümkünsə, Valentina
Tolkunova ölkəsinin bütün mükafatlarını
almış bir müğənnidir. Musiqiçilərin, sənətşünasların
fikrinə görə, nəinki Rusiyanın, eləcə də
bütün dünyanın səs-küylü estrada musiqisində
Valentina Talkunovanın xüsusi yeri, fəxr olunası
mövqeyi vardır. Bütün məsuliyyəti ilə demək
olar ki, o həm səhnə maneraları, həm də zahiri
görünüşü ilə əsl rus qadını
imicini qazanmışdı. Həqiqətən də məhz
Tolkunovaya məxsus dəb, ifa tərzi, səhnə mədəniyyəti
formalaşmışdı. Onun vokalın xalq ifa tərzi ilə
estradanın sintezi xüsusi bir janr yaratmışdı, desək,
səhv etmərik.
ŞƏXSİ HƏYATI...
Onun Yuri Paporovla həyatı
ömrünün sonunadək davam etdi. Baxmayaraq ki, Yuri xeyli
müddət yaradıcılıq işi ilə bağlı
12 il kənarda - Meksikada yaşamalı oldu, lakin bu, onların
evliliyinə təsir etmədi. Ailənin bir oğlu - Nikolay
dünyaya gəldi. Yeri gəlmişkən qeyd edim ki,
anasının məşhurluğunu bilsə də,
özünün gözəl səsi olsa da Kolya heç vaxt
müğənni olmaq istəməyib. O daha sadə yol seçib. Nikolay
musiqili dram teatrında adi işıq üzrə rəssam
işləyir. Tolkunova kimi məşhur, tanınmış,
titullu müğənninin yeganə oğlunun sadə bir
işə düzəlməsini çoxları başa
düşmürdü. Çünki hər kəs bilirdi ki,
anasının oğlu üçün daha sanballı bir
karyera qurması üçün kifayət qədər
imkanları var. Yalnız Valentina Tolkunova kimi sadə, səmimi,
mənəvi keyfiyyətlərə dəyər verən
insanlar övladının bu cür yol seçməsinə
ürəkdən xeyir-dua verə bilərdilər.
Müğənninin
qardaşı Sergey Tolkunov da sənət adamıdı, teatrda
işləyir, yumşaq bariton səsə malikdir. Əsas xalq mahnıları, romanslar ifa edən
Sergey Vasilyeviç də
əməkdar artistidir.
Bəziləri onun
haqqında deyirlər ki, Valentina Vasilyevnanın çətin
xarakteri var. Amma müğənninin özü heç vaxt bu
fikirlə razılaşmayıb. O həmişə deyərmiş:
"Məni yaxşı tanımayanlar belə
düşünə bilərlər. Mən xoşa gəlmək
üçün hər kəsin istədiyi kimi yox,
özüm kimi olmağa üstünlük verirəm".
Valentina Vasilyevna səhnə həyatında ciddiliyini qorusa da
bilirdi ki, onun da haqqında cürbəcür şayiələr
gəzir. Əvvələr bundan narahat olan müğənni
sonralar buna qəribə yumorla yanaşardı. "Nə vaxt
ki, ekranda görünürəm, məsələn, Yuri
Silanteyevlə: deyirlər ki, mən onun arvadıyam. Yaxud Mixail
Tariverdiyevin və ya Kolmanockinin, Lev Leşenkanın. Hətta
Lev Leşenkonun bacısı olduğumu da söyləyirlər.
Niyəsə məni daim "evləndirirdilər", amma heç
vaxt xalq düşünməyib ki, kiminləsə eşq
romanı yaşayıram. Yalnız kiminləsə evləndirirdilər.
Bu mənim xoşuma gəlirdi. Çünki mən əfsanələrə
də romantik yanaşmağı xoşlayıram".
Valentina Tolkunova klassik musiqini çox sevərdi. Motsarta, Raxmaninova, Vivaldiyə, Qendelə qulaq asmaqdan usanmazdı. Bunini, Turgenevi, Leskovu təkrar-təkrar oxuyar, tarixi, fəlsəfi, pravoslavlıqdan
bəhs edən kitabları xoşlardı.
O həmişə xeyriyyə
konsertlərinə xüsusi
diqqət verib. Onun dostları deyirlər ki, Valyanın ən zəif cəhətlərindən biri
onun insanlara olan sevgisi, inamı
idi. Deyirdilər ki, o hiyləgərliyi,
bicliyi heç vaxt bacarmayıb. Özü də həmişə deyərmiş ki, insanlar mütləq daxillərini neqativ şeylərdən təmizləməlidirlər.
Qəribə bir bənzətməsi də
varmış: "İnsan
palçıqlı yerdən
keçərkən geyindiyi
təmiz paltarının,
ayaqqabısının batmaması
üçün möhkəm
cəhd edir. Əgər bir yeri ləkələnirsə,
mütləq təcili
olaraq onu təmizləməyə çalışır.
İnsan
mənəviyyatını da,
daxilini də çirklənməkdən qorumalı,
onun tez-tez təmizlənməsinə çalışmalıdır.
Paltarlarımız mənəviyyatımızdan qiymətli deyil axı".
ƏBƏDİYYƏT
Valentina Tolkunovanın həyatda
hələ bir çox planları olsa da heç birini yerinə
yetirə bilmədi. 2006-cı ildə xəstələndi. Əməliyyat
olundu. Amma sonradan yenidən vəziyyəti pisləşdi. Onu
Moskvadakı Botkin xəstəxanasına yerləşdirdilər
və onda onkoloji xəstəlik üzə
çıxarıldı. Onu tanıyanlar, sənət
dostları, bəstəkarlar, dövlət adamları, bir
sözlə hər kəs onu ziyarətə getmək
üçün növbə gözlədi. (həkimlər xəstəni
çox yormağı qadağan etmişdilər). Sadə
insanlar onun üçün həyəcan keçirirdilər.
Amma tale yazısı, qismət heç nəyə baxmır.
Nə istedada, nə sevilməyə, nə yaşa, nə də
heç nəyə... 2010-cu ilin 22 mart səhərində
Valentina Tolkunova bu həyatla vidalaşdı. 24 martda bu möhtəşəm
sənətkarı xalq Troyekurovski qəbiristanlığında
torpağa tapşırdılar. Və beləliklə
adını insanların yaddaşına, qəlbinə həkk
etmiş daha bir insan əbədiyyətə qovuşdu...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 18 yanvar.- S. 5.