Robert Katler: "Azərbaycan dünyanın
enerji siyasətini müəyyən edən ölkələrdən birinə
çevrilib"
Karlton (Carleton University) Universitetinin Avropa, Rusiya və
Avrasiya Tədqiqatları İnstitutunun baş elmi
işçisi Robert Katlerin (Robert Cutler) APA-nın Vaşinqton
müxbirinə müsahibəsi
- Azərbaycanın Xəzər regionunda mövcud
enerji siyasətini necə qiymətləndirirsiniz?
- Azərbaycan
dünyanın enerji siyasətinin gündəliyini yerinə
yetirənlərdən gündəliyi müəyyən edən
ölkəyə çevrilib. Hətta Azərbaycan beynəlxalq
enerji şirkətlərindən və xarici ölkələri
ilə birgə layihələr həyata keçirsə belə,
həmin şirkətlər və ölkələr də
qarşılıqlı olaraq Azərbaycandan
asılıdır və bu da ölkənin bu şəkildə
onların nüfuzundan azad olmasına şərait yaradır. Azərbaycanın
mühüm coğrafi mövqeyi və enerji resursları onun təkcə
təbii ehtiyatlara sahib ölkə kimi deyil, həm də
tranzit ölkə kimi potensialını və qlobal enerji təhlükəsizliyinə
əvəzsiz töhfəsini təmin edir.
- Avropa Komissiyasının sədri Joze Manuel Barrozo
"Nabucco" qaz kəməri layihəsini və digər
enerji məsələlərini müzakirə etmək
üçün Azərbaycana və Türkmənistana səfər
etdi. Səfərin nəticələrini necə qiymətləndirirsiniz?
- "Nabucco"nun
perspektivləri günü gündən artır. Konsorsium investisiya barədə yekun qərar hazırlayır. Barrozonun Bakıda prezident
Əliyevlə imzaladığı
razılaşma əvvəl
əldə olunan razılaşmalara bir əlavə idi, amma eyni zamanda
da vacib simvolik məna daşıyırdı. Barrozonun Ottingerlə
birlikdə etdiyi səfər də simvolik olaraq çox əhəmiyyətli
idi, çünki bu səfər Avropa İttifaqının
məsələyə böyük
diqqət yetirdiyini göstərir.
- Azərbaycan-İran və Azərbaycan-Rusiya enerji əməkdaşlığı
ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan, əlbəttə
ki, Naxçıvanın qazla təminatı barədə
düşünür və bu da İranla münasibətlərdə
vacib elementlərdən biridir. Amma İranın Konstitusiya ilə
təsbit olunmuş siyasi və hüquqi quruluşu onun iqtisadi
doktrinasında öz əksini tapıb və
qarşılıqlı xeyir gətirən etibarlı, rasional
biznes əlaqələrinin qurulmasına ziddir.
Bu, Qərblə enerji əməkdaşlığına
ziyan vurmamalıdır. Qərb bu səbəbdən Azərbaycanla
enerji əməkdaşlığından imtina edərmi? Reallıq
bu sualın cavabının mənfi olduğunu göstərir.
Ədalət.- 2011.- 18 yanvar.- S. 6.