QƏDİM ƏRƏŞ
YURDUNUN AĞDAŞI, AĞ İNCİSİ
Məntiqi varislik
Tarixi keçmişimiz
uzun illər Sovet ideologiyası çərçivəsində
öyrənildiyinə və
araşdırıldığına görə Azərbaycan ərazisindəki
bir çox yerlər və baş verən hadisələr
düzgün istiqamətini itirməli olmuşdu. Məsələn,
son dövrlərədək qədim Ərəş
sultanlığı və Ərəş şəhəri
haqqında tarixçilərdən başqa məhdud sayda
insanın məlumatı ola bilərdi. Yəni indi müasir
Ağdaş rayonunun orta əsrlərdə Səfəvi
-Osmanlı müharibələri zamanı dağılıb əzəmətini
itirən, sonralar Evliya Çələbi, İsgəndər
Münşi, Antoni Cekinson, Korneli de Bruin və
başqalarının məlumatlarında xatırlanan Ərəş
yurdunun adını yaşatmağa iddialı olması təəccüb
doğurmamalıdır. Tariximiz reallıqlar üzərində
yeni araşdırmalarla təsdiqlənməlidir. Söhbət
konkret olaraq Ağdaş-Ərəş məsələsindən
gedirsə, varislik burada ərazinin, nəsildən-nəsilə
ötürülən ənənələrin və digər
faktların əsasında ciddi məna daşıyır və
özünü doğruldur.
Proses Ağdaşdan başlayıb
Tarixə qısa ekskurs
kifayətdir. Keçid edək Şirvanı öz adı və
ənənələri ilə məşhurlaşdıran
Ağdaş rayonunun bu günlərinə. Hamımız
yaxşı bilirik ki, "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın icrasında
tələb və istiqamətlərdən biri də
abadlıq və müasirləşdirmə tədbirləridir.
Maraqlıdır ki, respublikanın kənd rayonları
arasında bu tədbirlərin genişmiqyaslı həyata
keçirilməsi məhz Ağdaş rayonundan başlanıb
və özü də xeyli əvvəllərdən. Təcrübəli
icra başçısı və ziyalı bir insan olan Rafiq
Niftəliyev Ağdaş rayonuna təyin olunduğu ilk
vaxtlardan bütün vacib məsələlərlə
yanaşı rayonun, xüsusilə Ağdaş şəhərinin
abadlığı və müasirləşməsi, yeni
görkəm və fərqli rəng çalarlarında modernləşməsi
üçün sanki bir ümumrayon
çağırışı elan etdi. İndi şəhərin
girəcəyindəki "Dəvə karvanı" abidə-kompleksi
elə uzaqdan qədim ipək yolunu və Ərəşi
xatırladır. Sonralar bu şəhərdə aparılan
yenidənqurma və müasirləşdirmə tədbirlərinin
miqyasını və əhəmiyyətini çoxları
bilir. Ancaq bir məsələ də var ki, bunu xatırlamamaq
diqqətsizlik olar. O vaxtlar bir çox rayonlardan gəlib
müasirləşmənin Ağdaş təcrübəsini
öyrənirdilər...
Beləcə indi də
keçirik regional inkişafın ikinci mərhələsinin
başlanğıcına, eyni zamanda uğurla başa
çatdırılan ilk dövlət proqramının
davamı ilə bağlı konkret məsələyə.
İnkişafı şərtləndirən amillər
Məlumdur ki, ölkə
iqtisadiyyatı dinamik və hərtərəfli inkişaf edir.
Bütün sahələrdə irəliləyiş göz
qabağındadır. Xüsusən də bölgələrimizdə
həyata keçirilən böyük abadlıq və
quruculuq işləri, müasir infrastrukturun
formalaşdırılması, iri layihələrin
reallaşması sənaye və kənd təsərrüfatı
istehsalının artmasına imkan verib. Dövlətimizin həyata
keçirdiyi kompleks tədbirlər aqrar bölməyə dəstək,
maliyyə yardımı, fermerlərə yanacağın,
gübrənin güzəştli şərtlərlə verilməsi,
subsidiyaların ayrılması, dövlət vəsaiti
hesabına kənd təsərrüfatı texnikasının
alınması və davam etdirilən köklü islahatlar
uğurlarımızı şərtləndirən əsas
amillərdir.
İnkişafı göstərən rəqəmlər
Ağdaş rayonunun
iqtisadiyyatının əsasını təşkil edən kənd
təsərrüfatının inkişafı daim diqqət mərkəzində
saxlanılır. Bu il rayonda əkilmiş 15561 hektar dən
üçün taxıl sahəsinə aqrotexniki qulluq
göstərilmiş, biçinin optimal müddətdə
aparılması təmin edilmiş və 46853 ton taxıl
istehsal olunmuşdur.
Heyvandarlıq məhsulları
istehsalının artırılmasına göstərilən
qayğının nəticəsində, 2009-cu ilin doqquz
ayında rayonda iribuynuzlu mal-qaranın sayı 1742 baş
artaraq 72 min 501 baş, xırdabuynuzlu mal-qaranın sayı isə
1695 baş artaraq 87 min 979 baş olmuşdur.
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə təsdiq
edilmiş plan-qrafikə uyğun olaraq təsərrüfatlararası
kanalların lildən təmizlənməsinə
başlanılmış və Ağdaş Suvarma Sistemləri
idarəsi tərəfindən 315 km uzunluğunda suvarma
kanalında lildən təmizləmə işləri
görülmüşdür. Pirəzə Mexaniki Suvarma idarəsi
rayonun 11 kəndinin əkin sahələrini mexaniki usulla suvarma
suyu ilə təmin etmişdir.
Bu ilin noyabr ayına qədərki
dövr ərzində həyata keçirilmiş tədbirlər
nəticəsində rayonda keçən ilin müvafiq
dövrünə nisbətən ümumi məhsul istehsalı
22,0 faiz və ya 14 milyon 511 min manat artaraq 80 milyon 471 min manat, sənaye
məhsulu istehsalı 87,7 faiz və ya 4 milyon 684 min manat artaraq
10 milyon 26 min manat, pərakəndə əmtəə
dövriyyəsi 20,3 faiz və ya 10 milyon 818 min manat artaraq 64
milyon 59 min manat təşkil etmişdir.
Regional inkişaf
proqramının ikinci mərhələsində nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində
2009-cu ilin ötən dövrü ərzində rayonda
infrastruktur təyinatının və sosial xidmətlərin
yaxşılaşdırılması sahəsində də
ardıcıl tədbirlər həyata keçirilmişdir.
Böyüməkdə
olan gənc nəslin dünyavi təhsillə əhatə
olunması, elmi biliklərə yiyələnməsi ilə
yanaşı, onların sağlam böyüməsi də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
daim diqqət mərkəzində olmuşdur. Məhz buna görə
də ölkədə yeni-yeni idman komplekslərinin tikintisi
davam etdirilir. Hazırda Prezidentin tapşırığı əsasında
Ağdaşda tikilən Olimpiya İdman Kompleksinin tikintisində
də son tamamlama işləri görülür.
2009-cu ilin indiki
dövrü ərzində tibbi xidmətin yaxşılaşdırılması
üçün də rayonda müəyyən işlər
görülmüş, rayon mərkəzi xəstəxanasında,
doğum evində və uşaq poliklinikasında təmir və
abadlıq işləri aparılmışdır. Tezliklə
Ağdaş şəhərində müasir tipli 100
çarpayılıq xəstəxana binasının da
tikintisinə başlanılacaq.
Heydər Əliyev Fondunun hədiyyəsi
Bu gün
ağdaşlılar Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın qayğısını daha çox
hiss edirlər. Rayonun Pirkəkə kəndində 200
şagirdlik məktəb binasının tikilib istifadəyə
verilməsinin, hazırda rayonun istedadlı
uşaqlarının təhsil aldığı Maqsud
Şeyxzadə adına texniki, təbiət və hümanitar
təmayüllü gimnaziyanın müasir tələblərə
uyğun əsaslı təmir olunmasının və
inventar-avadanlıqla təchiz edilməsinin Mehriban xanım Əliyevanın
təşəbbüsü və xüsusi nəzarəti
altında həyata keçirilməsi hər bir
ağdaşlının yaddaşında həkk olunmuşdur.
Bu il Mehriban Əliyevanın tapşırığı əsasında
Heydər Əliyev Fondunun vəsaiti ilə ağdaşlı
kaman ustası Habil Əliyev adına Ağdaş musiqi məktəbinin
tikilməsi, inventar-avadanlıqlarla təchiz edilməsi rayon əhalisinin
böyük sevincinə səbəb olmuşdur.
Ağdaş rayonunda
sosial-iqtisadi inkişafın bütün istiqamətləri
üzrə tədbirlər davam etməkdədir.
Məzahir Əhmədoğlu
Ədalət.- 2011.- 18 yanvar.- S. 7.