Nazirlər yeni ildə növbəti dəfə bir arada

 

Ötən il kifayət qədər intensiv keçən danışıqlarda Dağlıq Qarabağ probleminin çözümü tapılmasa da verilən bəyanatlar fonunda beynəlxalq qurumların narahatlıq keçirdikləri hiss olundu. Yeni il isə yenicə başlayıb və ilin sonuna kimi hansı mənzərənin şahidi olacağımız barədə bəri başdan qəti fikir səsləndirmək çətindir. Verilən məlumatlara görə artıq bu ayın 24-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri bir araya gələcək. Görüşlə bağlı məlumatı Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov 2010-cu ilin yekunlarına dair ötən həftə keçirilən mətbuat konfransında verib.

Adıçəkilən hər üç ölkənin xarici işlər nazirləri- Elmar Məmmədyarov, Edvard Nalbadyan və Sergey Lavrov ötən ilin noyabr ayında Moskvada görüşmüşdülər. Təbii ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll yolları müzakirə edilmişdi. Mətbuat konfransında Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq bildirib ki, üç həmsədr ölkədən biri olan Rusiya ABŞ və Fransa ilə birlikdə razılaşma əldə edilməsinə səy göstərir: "Üçlükdə" iştirak etməkdən əlavə ilk növbədə prezident Medvedevin şəxsində Rusiya həmsədrlər tərəfindən razılaşdırılmış yanaşmalar məcrasında üç ölkənin - Rusiya, Ermənistan və Azərbaycanın prezidentləri formatında da bu problemin həllini tapmağa çalışmaq üçün özünün İrəvan və Bakı ilə münasibətlərindən də istifadə edir. Prezident Medvedev Bakıdan və İrəvandan olan həmkarları ilə 10-dan çox görüş keçirib. Bu görüşlər arasındakı müddətdə xarici işlər nazirləri də əlaqə saxlayırlar. XİN başçılarının növbəti görüşü yaxın vaxtlarda, elə bu ay keçiriləcək. Biz artıq razılaşdırılmış məsələlərlə müqayisədə sayca az olsa da, daha mürəkkəb olan iki-üç problem barədə ortaq fikrə gəlməyə çalışırıq.

Yəqin ki, indiki mərhələdə ən əsas məsələ bu prosesə mane olmamaqdır, çünki BMT, ATƏT kimi təşkilatların tribunaları bu işə cəlb edilməyə başlayan kimi, məsələ dərhal işgüzar müzakirə məcrasından açıq polemika sahəsinə keçir. Bu isə istənilən mövzunun müzakirəsi zamanı mövqelərin yaxınlaşmasına heç də kömək etmir və yalnız yanaşmaların kəskinləşməsinə, tərəfləri antaqonizmə təhrik edir. İndiyə qədər bu cür sindromları əsasən Rusiya prezidentinin səyləri ilə dəf etmək mümkün olub, mən özüm bunu şəxsən müşahidə etmişəm: Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin elə bir atmosfer yaratmalarına kömək edirdi ki, bu, belə həlləri tapmağa kömək etsin. Biz öz səylərimizi davam etdirmək niyyətindəyik. Bu səylər barədə biz Vaşinqtondan və Parisdən olan tərəfdaşlarımıza mütəmadi məlumat veririk. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin hər görüşündən sonra biz həmsədrlər üçün ətraflı brifinq keçiririk. Onlar bizim səylərimizi dəstəkləyir, biz də həmin dəstəyə arxalanaraq bu il əvvəlkindən bir az irəli getməyə çalışacağıq".

Yeri gəlmişkən qeyd edək ki, Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa tərəflərin son illər apardıqları danışıqlarda bəzi prinsipial razılaşmalar əldə etdiklərini, amma hələlik detalların razılaşdırılmadığını bildirirlər. Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri 2010-cu ildə üç dəfə görüşüblər. Hələlik həmin görüşlərin real nəticəsi yalnız hərbi əsirlər və həlak olanların qaytarılması barədə razılaşmadır. Oktyabrın 27-də Həştərxanda görüşən prezidentlər bu əsir və cəsədlərin dərhal qaytarılmasını nəzərdə tutan birgə bəyannamə imzalayıblar. Bundan sonra Azərbaycan iki Ermənistan vətəndaşının cəsədini qarşı tərəfə verib, Ermənistandan isə bir mülki vətəndaşını və iki əsgərinin meyidini alıb.

Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan digər iki ölkə - ABŞ və Fransa Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşləri müdafiə etdiklərini deyiblər. Amma azərbaycanlı ekspertlər Rusiyanın təşəbbəsünü birmənalı qarşılamırlar. Siyasi təhlilçilər hesab edirlər ki, bu görüşlərdən sadəcə olaraq Kreml özünün regionda maraqlarının möhkəmləndirilməsini təmin etmək üçün istifadə edir. Politoloq Elman Nəsirlinin sözlərinə görə, 2010-cu ildə Qarabağ münaqişəsinin tənzimləməsində Rusiyanın fəallığı göz qabağında oldu: "Yanvarda Soçi, iyulda Sankt-Peterburq görüşü, oktyabrda Həştərxan görüşü rəsmi Moskvanın təşəbbüsü ilə baş tutdu, amma nəticə hasil olmadı. Belə olan təqdirdə belə görüşlərin Rusiyada baş tutması başqa anlama gəlir. Bu prosesdə digər həmsədrlər - ABŞ və Fransa sanki bir qədər geri çəkilmiş mövqedə dayanırdılar. Bundan istifadə edən Moskva daha çox tənzimləmə prosesində monopolist tərəf kimi çıxış edirdi. Mənə elə gəlir ki, Rusiya bu tendensiyanı qoruyub saxlamağa çalışır". Ekspertin fikrincə, Rusiya müharibənin başlanmasını istəməsə də sülhyaratma prosesində fəallığını nümayiş etdirməklə dvident əldə etmək istəyir: "Nəzərə alsaq ki, 2011-ci ildə Rusiyada parlament, 2012-ci ildə isə prezident seçkiləridir, belə olan təqdirdə Rusiya bu addımları atmaqla həm daxildə, həm də xaricdə göstərməyə cəhd edir ki, fəaldır və sülh prosesinin tənzimlənməsinə çalışır. Amma məsələ ondadır ki, Rusiyanın bu fəallığı daha çox kəmiyyət baxımından yadda qalır. Hələ ki, keyfiyyət halına keçməyib. Mənə elə gəlir ki, Rusiyanın nəticəsi olmayan bu fəallığından narazı qalıb kənara çəkilmək düzgün deyil, onu tənqid etmək məntiqsizdir".

Siyasi təhlilçi onu da qeyd edir ki, bu münaqişənin həllində Rusiyanın əsas söz sahibi olduğunu nəzərə almaq lazımdır. Rusiyanın isə yaxın mütəffiqi Ermənistan olduğundan Azərbaycan elə bir addım atmalıdır ki, rəsmi Moskva bu məsələdə daha çox neytral mövqedən çıxış etməyə başlasın: "Bunun özü çox böyük nailiyyət ola bilərdi". Nəticə yoxdursa bu təşəbbüsləri nə vaxta qədər qəbul etməliyik sualımızı cavablandıran politoloq dedi ki, güclənmək siyasətini həyata keçirməklə yanaşı danışıqları da davam etdirməliyik: "Danışıqlardan imtina etmək bizə sərf etməz. Paralel olaraq gözə görünməyən fəaliyyətimizi davam etdirməliyik. Bizi qane edə biləcək nəticə əldə etdikdən sonra danışıqlar prosesini kəsmək olar".

 

 

Gültəkin

 

Ədalət.- 2011.- 19 yanvar.- S. 2.