Əməkdaşlıq müqaviləsi
imzalandı
Bakı Dövlət
Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ankara
Universitetinin rektoru, doktor Camal Taluğun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib. Bu barədə
APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən
məlumat verilib.
C.Taluğ bildirib ki,
Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı
ixtisasları üzrə ikili diplomların verilməsinə tərəfdardır.
Rektorlar ikili diplomların verilməsi üçün Ankara
Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin
isə Ankara Universitetində yay məktəblərində
iştiraklarının detallarını müzakirə ediblər.
A.Məhərrəmov Amerika, Avropa və Asiya universitetləri
arasında elm və təhsilin inkişafı ilə
bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan
və Türkiyə arasında da belə proqramların
olmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra Bakı Dövlət
Universiteti ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri
inkişaf etdirmək məqsədilə elm və təhsil sahəsində
ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin
imzalanma mərasimi keçirilib. Əməkdaşlıq
müqaviləsində tədqiqatçı, doktorant və
magistrlərin mübadiləsi, müəllimlərin
ixtisaslarının artırılmasına
qarşılıqlı yardım, qabaqcıl inkişaf
metodları sahəsində təcrübə mübadiləsi,
ikitərəfli birgə elmi simpozium, seminar və
konfransların təşkili, qarşılıqlı maraq
doğuran layihə və proqramlarda tərəflərin birgə
iştirakı, tamamlanmış bakalavr dərəcəsi,
ikili diplom proqramları öz əksini tapıb.
İmzalanma mərasimindən
sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan tələbələr
həm BDU, həm də Ankara Universitetinin məzunu olacaqlar, bu
da onlara hər iki qardaş dövlətdə işləmək
şansı yaradacaq.
Ədalət.- 2011.- 19 yanvar.- S. 3.