GƏNCƏ İNKİŞAF
YOLUNDADIR
Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər
Kabinetinin birinci yarımilliyin
yekunlarına həsr olunmuş iclasında giriş nitqində
demişdir: "Azərbaycanda regionların inkişafı
proqramı uğurla davam edir və regionlarda gedən quruculuq,
abadlıq işləri artıq reallıqdır. Azərbaycanın
yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə
inkişaf var, hər bir bölgədə sosial-iqtisadi
proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə Azərbaycanın
bölgələri yaradılmış vəziyyətdən
uğurla istifadə edirlər".
Şəhərlər də insanlar kimidir
Bir taleh yaşayırlar. Uğurlu, ya
uğursuz. Bununla belə
hər şey yalnız onların özünə məxsus olur. Zaman keçdikcə isə
bu yaşananlar tarixə çevrilir.
Gəncə dəfələrlə
təbii fəlakətlərə məruz qalmış,
basqınlara sinə gərmiş, talansa da abidələrini
qoruyub-saxlamağa cəhd etmişdir. Bəzən buna nail
olmuş, bəzən də onları kimsəyə verməmək
üçün köksünə sıxıb torpağa əmanət
etmişdir. Bağrından qopub gedən, bir yadellinin həris
nəfsinin qurbanı olanları üçün göz
yaşı töküb, öz dilində nalə çəkib,
dil deyib Gəncə. Ancaq kimsənin qulu olmayıb. Öz
süfrəsində öz çörəyinə əlini
ürəkli uzadıb, onun ətrindən ləzzət duyub.
Göy gölün saf suyunu içib, oxqay deyib Gəncə.
Özünə gəlmək,
varlığını, bütövlüyünü hifz etmək
üçün uzun illərin göz yolçusu olub.
Dözüb və bu dözümü və səbri ilə
Tanrının ona bəxş etdiyi İnsanı, onun dirçəlişini
təmin edəcək insanı gözləyib. Beləcə
enişli-yoxuşlu bir tarix yaşayan Gəncənin müasir
tarixi ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrdən başlayır. Ötən əsrin 70-ci
illərində və 80-ci illərin əvvəllərində
Gəncənin güclü, iqtisadi potensialının təməli
qoyulmuşdu. Gəncə respublikanın ikinci ən
böyük sənaye şəhərinə
çevrilmişdi. Hətta sanballı, iqtisadi mərkəzlər
kimi ittifaq səviyyəsinə çıxmışdı.
SSRİ-nin dağılması, Gəncənin iqtisadiyyatına
böyük zərbə vurdu. Çünki müəyyən
texnoloji proseslərlə bir-birinə bağlı olan sənaye
sahəsi tənəzzülə uğramışdı.
Qırılan iqtisadi münasibətlər bir-birinin ardınca
müəssisələrin bağlanması ilə nəticələndi.
Böhran insanları başqa yerlərə üz tutub
dolanışıq üçün
çalışmalarına, doğma şəhəri tərk
etməyə səbəb olmuşdu.
Gəncənin dirçəlişi
"Gəncə hər bir vətənpərvər azərbaycanlı
üçün doğma və əzizdir" - deyən ulu
öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin tapşırığı ilə şəhərin
dirçəliş proqramı işlənib hazırlandı.
Onun həyata keçirilməsini təmin etmək məqsədi
ilə xüsusi vəsait ayrıldı.
Görülmüş tədbirlər nəticəsində
adamların şəhərdən axınını
dayandırmaq mümkün oldu.
Gəncənin dirçəliş
illərini fəal sürətdə cənab İlham Əliyev
davam etdirdi. Yüksək zövqlü və təbiəti
etibarı ilə əsl qurucu olan İlham Əliyevin Gəncəyə
hər bir səfəri şəhərin sosial-iqtisadi həyatında
böyük iz qoydu.
Gəncə bu gün Qafqaz bölgəsinin ən
gözəl şəhərlərindən birinə
çevrilib
Azərbaycanın
davamlı və sürətli tərəqqisinin canlı
nümunəsi olan Gəncə bu gün Qafqaz bölgəsinin
ən gözəl şəhərlərindən birinə
çevrilib. Qədim abidələrin müasir şöhrəti,
yeni yolları, uca binaları, dünyanın ən yüksək
standartlarına cavab verən beynəlxalq hava limanı, ən
sivil tələblərə uyğun mehmanxanası, səhiyyə
ocaqları onun inkişafının göstəricisidir. Bu tərəqqinin
elə möhkəm təməli qoyulub ki, həmin təməl
üzərində istənilən məsələni həll
etmək mümkündür. Burada yaradılan hər bir tikili,
hər yeni müəssisə yüksək standartlara cavab
verir. Çoxmərtəbəli binaları isə
insanların imkanlarının artdığını, daha
gözəl yaşamaq istədiklərinə şahidlik edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
qayğısı və yaxından köməyi sayəsində
Gəncədə aparılan böyük quruculuq və
abadlıq işləri şəhərin inkişafını
sürətləndirmişdir. Ən yaxşı tibb müəssisələri,
təhsil ocaqları, parklar, xiyabanlar salınır, yeni banalar,
yaşayış binaları tikilir. Bakıdan sonra ilk dəfə
belə binalar Gəncədə tikilir. Bu onu göstərir ki,
burada insanların həmin mənzillərdə yaşamaq
imkanı var.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə
tarixi beşinci səfərində şəhər ictimaiyyəti
qarşısında çıxış edərkən
demişdir: "Bu gün biz görürük ki, Gəncə
gözəlləşir, yeni yollar salınır, binalar tikilir,
abadlıq işləri gedir. Bu, məni çox sevindirir və
bundan sonra da Gəncəni daim dəstəkləyəcək,
Gəncənin inkişafına köməyimi əsirgəməyəcəm.
Bununla yanaşı onu da qeyd etməliyəm ki, mən Gəncə
icra orqanlarının fəaliyyətini də yüksək
qiymətləndirirəm. Burada göstərilən təşəbbüslər,
görülən işlər məni çox sevindirir. Belə
olan halda işlərimiz daha da sürətlə gedir. Biz
düzgün qərarlar qəbul edə, vəsait ayıra
bilirik və bunu edirik də. Ancaq əgər yerlərdə
bizim göstərişlərimiz icra olunmursa, yaxud da rəhbərlik
təşəbbüs göstərmirsə, əlbəttə
ki, işimiz istənilən nəticəni verməz. Gəncənin
timsalında hər iki amili görürük: həm dövlət
qayğısı və əlavə ayrılması, eyni
zamanda yerli icra orqanlarının səmərəli fəaliyyəti.
Bunun nəticəsində Gəncə gözəlləşir,
abadlaşır və ən müasir şəhərə
çevrilir".
Rəqəmlər danışır
Ölkə Prezidenti cənab
İlham Əliyevin bilavasitə yaxından köməkliyi ilə
2010-cu ildə iqtisadiyyatda uğurlar olmuşdur.
Ötən ilin doqquz
ayı ərzində şəhər üzrə ümumdaxili
məhsul istehsalı 262.6 milyon manat təşkil etmiş, həmin
ilin müvafiq dövrü ilə müqayisədə 38.1 faiz
artmışdır. Onun tərkib hissəsi olan tikinti
quraşdırma işləri 65,5 faiz, nəqliyyat xidməti
29.9 faiz, topdan pərakəndə satış 46,6 faiz
artmışdır.
Bu dövrdə istehsal
olunan sənaye məhsulunun ümumi həcmində dövlət
bölməsinin xüsusi çəkisi 73.1 faiz, qeyri-dövlət
bölməsi 26.9 faiz olmuşdur.
2010-cu ilin doqquz
ayında məhsul istehsalının və göstərilən
xidmətlərin həcminin artırılması
üçün ayrı-ayrı müəssisələrdə
istehsal sahələrinin genişləndirilməsi, yeni
avadanlıq və texnologiyaların tətbiqi sahəsində
istehsalçılar tərəfindən mütəmadi işlər
görülür və bu yönümdə müəyyən
irəliləyişə nail olunmuşdur.
Gəncə Avtomobil
zavodunda, "Gəncə Şərab-2" və "Gəncə-Qənnadı"
Səhmdar Cəmiyyətlərində, "Cardin-Royal" və
"Səyyar-Sınaq Tətbiqi" Məhdud Məsuliyyətli
Cəmiyyətlərdə, " Asmet" LTD-də,
"Neon" və "NN" firmalarında və digər
orta kiçik müəssisələr bu istiqamətdə əməli
tədbirlər həyata keçirmiş və bu işlər
davamlı xarakter almışdır.
Köhnə tipli 54 və
55 -li ATS-lər, eləcə də Bağbanlar ərazisindəki
ATS müasir elektron sistemli ATS-lə əvəz edilib.
Hal-hazırda həmin stansiyalarla istehlakçılar
arasında xətt əlaqələndirilməsi işləri
aparılır. Ardıcıl olaraq 4 yeni ATS binası inşa
edilib istismara verilmişdir. Telefon şəbəkəsinin
ümumi tutumu 68848 nömrəyə
çatdırılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
xeyir-duası ilə təməli qoyulmuş 4500-dən
çox yeni iş yerinin açılacağı "Daşkəsən
Filiz Saflaşdırma" ASC-nin Gəncə Polad Kompleksi
"nin və "DETAL. AL" MMC-nin Alüminium zavodunun
tikintisi davam etdirilir.
Dövlət
Proqramına uyğun olaraq şəhərin içməli su
və kanalizasiya sisteminin, Gəncə çayının sahil
boyunun və məcrasının yenidən qurulması kimi iri
həcmli layihələrin həyata keçirilməsi də
davam edəcəkdir. Bu proqram çərçivəsində
nəzərdə tutulmuş yol təsərrüfatının,
xüsusilə məhəllədaxili yolların, yeni avtomobil
körpülərinin inşası, şəhərdə
müasir rabitə şəbəkəsinin yaradılması,
mənzil təsərrüfatı və sosial müdafiə tədbirlərinin
həyata keçirilməsi mərhələ-mərhələ
öz həllini tapır.
Dövlət
Proqramında şəhərin mədəniyyət obyektlərinin,
tarixi abidələrinin yenidən qurulması və bərpası
ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərə
əsasən Mədəniyyət və Turizm Nazirliyinin xətti
ilə şəhərin mərkəzində, Ə.Hüseynzadə
küçəsində yerləşən "Şah Abbas
Karvansarayı" nın bərpası və Gəncə
Dövlət Filarmoniyasının 500 yerlik, təxminən 12
min kv metr sahəsi olan binanın tikilməsi üçün
layihə-smeta sənədləri hazırlanmışdır.
Şəhərin Heydər
Əliyev, Ş.İ.Xətai prospektlərində 9,4 km
uzunluğunda və N.Nərimanov prospekti VII-XII döngələrində
80 min kvadrat metrdən çox yeni asfalt-beton örtük
salınmış, 9 min metr bort daşları yenisi ilə əvəz
edilmiş, səkilərdə 3500 kvadrat metr sahədə
üzlük dekorativ plitələr döşənmişdir.
Mütəfəkkir
şair Məhəmməd Füzulinin adını
daşıyan parkda yenidənqurma, abadlıq-quruculuq işləri
başa çatdırılmış, görkəmli
şairin heykəlinin postamenti təzədən qurularaq qranitlə
üzlənmiş, rənglənmiş,
yaşıllıqların suvarılması üçün
suvarma sistemi qurulmuş, yeni müasir formada fəvvarə
tikilmişdir.
Cari dövrdə sakinlərinin
asudə vaxtlarının və istirahətlərinin səmərəli
təşkili məsələsi şəhər rəhbərliyinin
daim diqqətində olmuşdur. Şəhər İcra
Hakimiyyətinin təşəbbüsü ilə Yeni Gəncə
yaşayış massivində 19, 20, 21 saylı binaların və
T.Arani küçəsi 13, 15 saylı binaların həyətində
nümunəvi məhəllələr
yaradılmışdır.
Yollar abadlaşır
Gəncə-Bakı
avtomobil yolu, D.Qorqud və Nizami küçələrində
işıq dayaqları yeniləri ilə əvəz
olunmuş, Heydər Əliyev, N.Nərimanov prospektləri və
Bakı yolunda işıqlandırıcılar
quraşdırılmışdır. Şəhərin
işıqlandırılması istiqamətində 44 ədəd
dayaq yenisi ilə əvəz olunmuş, 20 ədəd təzə
elektrik şkafları qoyulmuş və 300 ədəd
işıqlandırıcılar
quraşdırılmış, məişət
tullantılarının yığılıb
daşınması üçün 100 ədəd yeni
konteyner alınıb qoyulmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı və yaxından köməyi ilə
"Xan bağı"nın qədimliyi saxlanılmaqla
müasir formada qurulması işləri başa çatmışdır.
Eyni zamanda Respublika Memarlar İttifaqının aparıcı
memarlarının layihələri əsasında Yaşıl
teatrın, fəvvarə kompleksinin və istirahət ərazilərinin
əsaslı təmir işləri də şəhər
sakinlərinin ürəyincədir.
Gəncə şəhərində
orta əsr Azərbaycan memarlığının qiymətli
nümunələrindən biri sayılan, XIV əsrin sonu - XV əsrin
əvvəllərində tikilən "İmamzadə
türbəsi" və onun ətrafında XII-XVIII əsrlərdə
inşa edilən məscid, sərdabə və digər
türbələr bu günədək kompleks şəklində
öz bərpasını tapmamışdır. Həmişə
qayğısını və diqqətini öz üzərlərində
hiss edən gəncəlilər Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2010-cu il 01 mart tarixli Sərəncamını sevinclə
qarşılamışlar. Bu sərəncamla İmamzadə
kompleksinin təmiri, bərpası və ətrafında
abadlaşdırma işlərinin aparılması
üçün vəsait ayrılmışdır.
Hal-hazırda İmamzadə ziyarətgahında əsaslı
şəkildə yenidənqurma və tikinti işləri
aparılır.
Müasir dövrdə
şəhərin ekoloji durumu ilə əlaqədar həlli
vacib, təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi
prioritet xarakter alıb. Bununla əlaqədar şəhər
İcra Hakimiyyəti mərkəzi və yerli icra orqanları
ilə birgə şəhər ərazisində yerləşən
müəssisə, idarə və təşkilatları cəlb
etməklə ekoloji tarazlığın pozulmasının
qarşısını almaq üçün ardıcıl tədbirlər
həyata keçirir. Bu məqsədlə müasir şəhərsalma
tələblərinə uyğun olaraq yeni qazon sahələrinin
ümumi sahəsi 50 ha çatdırılmışdır.
"Ekologiya ili" elan edildiyi aydan bu dövrədək 160
mindən çox ting, kol və çiçək əkilmişdir.
Yaşıllıqların suvarılmasında istifadə edilən
subartezian quyuları və xətləri vaxtaşırı təftiş
olunaraq təmir edilmişdir.
Heydər Əliyev
Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın "Hərəyə
bir ağac əkək" devizi altında Şəhər
İcra Hakimiyyətinin təşəbbüsü ilə
"Yaşıllaşdırma" aylıqları
keçirilmiş, mütəmadi olaraq iməciliklər təşkil
olunmuş, Heydər Əliyev parkında 50,0 mindən artıq
yeni ağac əkilmişdir. Parkda yeddi ədəd subartezian
quyusu işçi vəziyyətinə gətirilmiş, 6 km-dən
artıq suvarma arxı çəkilmişdir.
Təhsil inkişafda
Təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi diqqət mərkəzində
saxlanılmışdır. Ötən il 13 saylı məktəbdə
960 şagirdlik bina tikilib istifadəyə verilmiş, 38
saylı orta məktəbin 480 şagirdlik yeni binası
qapılarını şagirdlərinin üzünə
açmış, məktəblərdə təmir işləri
davam etdirilmiş, payız-qış mövsümündə
istiliklə təmin edilməsi üçün müvafiq tədbirlər
görülmüşdür.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" Respublika müsabiqəsində 39 saylı
orta məktəb qaliblər sırasında olmuşdur.
Şəhər səhiyyə
sistemində aparılan ardıcıl işlər, xüsusən
də onun maddi-texniki bazasının yüksəldilməsi,
kadrların təkmilləşdirilməsi, əhaliyə
göstərilən tibb xidmətini keyfiyyətcə daha
yüksək səviyyəyə qaldırmağa imkan
vermişdir.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü
və köməyi ilə tikilmiş Gəncə Müalicə
Diaqnostika Mərkəzinin açılışında "Gəncə
Müalicə Diaqnostika Mərkəzi həm Gəncə
üçün, həm də ətraf rayonlar
üçün böyük töhfədir. Səhiyyə, təhsil
və humanitar məsələlər uğurla həll olunur və
Gəncə şəhərində yaxşı nəticələr
var" ifadəsi Gəncə səhiyyə işçilərinə
və eləcə də bütün gəncəlililərə
gördükləri işlər üçün verilən
böyük qiymətin təzahürüdür. Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı
Paytaxtları" Proqramı çərçivəsində
"Gəncə Azərbaycanın Əfsanələr
Paytaxtı" elan olunmuşdur. Bu tədbirə start verilməklə
"Azərbaycan xalqının tarixi", "Azərbaycan
nağıl və dastanları", "Qədim Gəncə"
adlı kitab sərgiləri təşkil olunmuşdur.
Gəncə Şəhər
İcra Hakimiyyəti tərəfindən idarəçilikdə
aşkarlıq və şəffaflıq prioritet xarakter
daşıyır.
Vətəndaş
müraciətləri xalqla dövlət arasında birbaşa
ünsiyyət, etimad körpüsü olduğundan İcra
Hakimiyyəti vətəndaşların müəyyən
olunmuş qrafikə uyğun qəbulu ilə yanaşı,
onlarla bilavasitə yerlərdə səyyar qəbula və
işgüzar görüşlərə üstünlük
verir. Məhəllələrdə keçirilən
"Açıq mikrofon" günləri əhalinin problemlərinin
və qayğılarının yaxından öyrənilməsinə,
onların aradan qaldırılmasında operativliyə imkan
yaradır. Mövcud problemlərin köklü surətdə həll
edilməsi üçün tədbirlər görülür,
İcra başçısı tərəfindən konkret
tapşırıqlar verilərək icrası şəxsən
nəzarətə götürülür.
Dünyanın ictimai-siyasi sistemində Azərbaycanın
yeri möhkəmlənir. Onun qədim yaşayış məskənlərindən
biri olan ulu Gəncənin siması gündən-günə
yenilənir, şöhrəti artır. Bu yəqinlik ölkəmizin
iqtidarına, onun yeritdiyi siyasətə ehtimaddan irəli gəlir.
YAŞAR NƏBİYEV
Ədalət.- 2011.- 19 yanvar.- S. 7.