Tarixinə xor baxmaq
İranın keçmişi
unutmaq cəhdi
Dini zəmində zaman-zaman ortaya çıxan bəzi
arzuolunmaz olaylar ötən ilin sonlarından yeni məcraya qədəm
qoyub. Baş verənlərin qonşu dövlətlərin diqtəsi
ilə həyata keçirildiyi sirr olmadığı kimi məsələnin
mahiyyətində də nələrin dayandığı bəllidir.
Hər bir olayın üstündən az keçməmiş
verilən reaksiyalar fonunda da özünü faş etmə
ortaya çıxır. Məhz buna görə də Azərbaycanda
qonşu İranın məkrli planlarını
reallaşdırmaq cəhdində olduğu birmənalı
olaraq bildirilir. Qeyd edək ki, İslam Partiyasının sədri
Mövsüm Səmədovun həbsindən sonra rəsmi
Tehranın Azərbaycana qarşı tutduğu qərəzli
mövqeyi daha da güclənib. Artıq ötən ilin
sonlarında orta məktəblərdə hicaba qadağadan
sonra iranlı ayətullahların Azərbaycanda təxribat
xarakterli fətvalarının ardınca yeni ilin ilk ayında
İran Partiyası rəsmi Bakıya ultimatum göndərməklə
Azərbaycanı hədələdi.
Bütün bunlar onu deməyə
əsas verir ki, İranın davranışları getdikcə
Azərbaycan üçün real təhlükəyə
çevrilməkdədir. Rəsmi Tehranın KİV-ləri də
hərəkətə keçirdiyi, həqiqəti yazan Azərbaycan
mediasına hücuma səfərbər etdiyi faktdır. Hətta
fars ideologiyasını dəstəkləyən yerli islami
saytlardan da hədə-qorxular gəlindiyi hiss olunur. Bu arada
İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar
Rəhim Məşayinin Tehranın Elm və Sənaye
Universitetində çıxış edərək
İranın ilkin dəyərlərinin təcrübədə
uğursuzluqla nəticələndiyini deməsi də
hansısa ssenarinin həyata keçirilməsindən xəbər
verir. Rəhim Məşayi bildirib ki, cəmiyyətdə təbliğ
olunan islam dəyərləri ilə real həyatda və əməldə
müşahidə olunanlar arasında böyük fərq var:
"Şərqdə insana dəyər verilmir və insan məhrumiyyəti,
yoxsulluğu başqasının hegemonluğunu asanlıqla qəbul
edir. Görəsən işimizin harasında nöqsan var?
Hamı mömin və inanclı olduğunu iddia edir. Lakin bu
iddia ilə əməldə baş verənlər arasında
böyük fərq var və iddia ilə əməldə
olanı bir-biri ilə müqayisə etsək, cəmiyyətə
bu baxımından yüksək qiymət vermək olmur. Əgər
burada sərrast danışmasaq bəs harada
danışacağıq?"
Güney Azərbaycan
İstiqlal Partiyasının (Kanada) sözçüsü
Saleh İldırım bu gün İran adlanan ölkədə
siyasi rejimin heç bir sosial dayağının
olmadığını, rejimin dağılmağa və məhv
olmağa doğru sürətlə irəlilədiyini deyib:
"Heç şübhəsiz ki, İran adlanan ölkənin
rəsmiləri Azərbaycana yardım etmək fikrində ola
bilməzlər. Qarabağ məsələsində də belədir.
Onlar deyirlər ki, "Ermənistansız Qarabağı təsəvvür
etmək olmaz, biz elə etməliyik ki, Qarabağ Ermənistanın
tərkib hissəsi olsun, əks-təqdirdə
turançılıq ideyası gerçəkləşəcək".
Deməli, bunlar heç zaman Azərbaycanla həqiqi dost ola
bilməzlər". İranın Quzey Azərbaycan
cümhuriyyətini özünə ciddi rəqib və hətta
təhlükə hesab etdiyini vurğulayan soydaşımız
qeyd edib ki, Quzey Azərbaycanın güclənməsi siyasi,
iqtisadi cəhətdən inkişaf etməsi əhalinin sosial
rifahının yaxşılaşması Güney Azərbaycanda
aparılan baxımsızlıq mücadiləsinə bir
örnək ola bilər və belə bir şəraitdə
Güney Azərbaycanda istiqlal istəyinin kütləviləşməsi
İran adlanan ölkənin dağılması deməkdir.
Qonşu dövlət
olaraq Azərbaycana qarşı İranın tutduğu
mövqenin nədən irəli gəldiyinə aydınlıq
gətirən bu ölkədə ölkəmizi səfir kimi təmsil
etmiş Nəsib Nəsibli deyib ki, rəsmi Tehran Bakıya
düşmən mövqeyində dayandığından həmişə
qərəzli çıxışlar edir.
Azərbaycanda birmənalı
olaraq böyük əksəriyyət hesab edir ki, pozulmuş ərazi
bütövlüyünü bərpa etməyə
hazırlaşdığı bir dövrüdə
İranın Azərbaycana qarşı atdığı
bütün addımlar bilavasitə ermənilərə dəstəkdir.
İkinci bir tərəfdən də İranın hicabla
bağlı narahatlığını Misir, İraq və digər
ərəb ölkələri qarşısında ifadə etməməsi,
irandilli, fasdilli ölkələrdə bu məsələni
qaldırmaması, onu daha çox Azərbaycanda hiss etdirməsi
maraq doğurur. Burada tamamilə ayrı məqsədin
olduğunu istisna etməyənlərin qənaətincə,
Tehran Rusiyanın tapşırığını icra edir və
Azərbaycan əleyhinə də zaman-zaman işlər
görməsi də təsadüfi deyil. Azərbaycan dünyəvi
dövlətdir, İranın buradakı qüvvələri isə
bu dünyəviliyə xələl gətirmək niyyətindədirlər.
Daxilində haqq-ədalət olmayan bir ölkənin başqalarından
haqq-ədalət tələb etməsi isə əcayib
görünür. Neçə əsrlər Azərbaycan
türklərinin idarəçiliyində olan,
işğallardan qorunan İranın başına farsların
keçməsi ilə onu parçalanmadan qoruyanlara
qarşı ədalətsizlik nümayiş etdirməsi etiraz
doğurur. Çox təəssüf ki, İran dövlətini
bu günə kimi də yaşadan Azərbaycan türklərinin,
sərkərdələrinin - Xətainin də, Nadir
Şahın da, Şah Abbasın həqiqi dəyərinin
verilməsi əvəzində farsların bizə minnətdarlığı
xəyanətlə nümayiş olunur. Daim Azərbaycanın
dostu olduğunu iddia edən, amma Azərbaycana qarşı illərdir
düşmən mövqedə dayanmanı anlamaq olmur. O da məlmudur
ki, Azərbaycana daha çox narkotik maddələr qanunsuz yolla
islam ölkəsi sayılan İrandan gətirilir. Həmçinin
də qonşu ölkədən Azərbaycana təxribatçılar,
casuslar ixrac olunur, ölkədə dini təfriqə yaratmaq məqsədilə
satışı qadağan olunan kitablar gətirilir, Azərbaycanda
rəsmi Tehran tərəfindən bəzi qüvvələr ələ
alınır. Azərbaycanda dini dövlət qurmaqda
marağını gizlətməyən İranın əməllərini
iki il öncə "Səidin dəstəsi" adlı bir
qrup terrorçunun ifşa edilməsi və İrana işləmələrinin
təsdiqi də sübut edir. Söylənilənə görə,
"Səidin dəstəsi"nin üzvlərinin Azərbaycanda
həyata keçirməyə cəhd göstərdikləri
dövlət çevrilişi heç bir sensasiyaya səbəb
olmayacaqdır. Çünki dövlət çevrilişi
maddəsi ilə ittiham olunan İslam Partiyasının bəzi
üzvləri hələ də həbsdədirlər. Ekspertlərin
çoxu bu fikirdədirlər ki, İran dövləti hələ
1979-cu ildən islam inqilabını digər dövlətlərə
də ixrac etməyi planlaşdırıb. Bu planda əsasən
Azərbaycanı şəriət qaydaları ilə idarə
etmək öz əksini tapmışdı. Bu kimi planları həyata
keçirmək üçün İslam İnqilabı
Qvardiyası rəsmi Tehranın əlində bir
açardır. Bu qvardiya təkcə regionda Bakı
üçün deyil, eyni zamanda Vaşinqton üçün
də təhlükəlidir.
"The Washington Post" qəzetinin iki il öncə
Ağ Evin rəsmilərinə istinadən yaydığı məlumata
görə, ABŞ bu qvardiyanı terrorçu dəstələr
siyahısına salıb. Qəzet bildirib ki, qvardiyanın bəzi
dairələri İranın ictimai-siyasi və iqtisadi həyatına
güclü təsir göstərir. Qəzet onu da yazıb ki,
adıçəkilən qvardiya 1979-cu ildən sonra
formalaşdırılıb və İran - İraq müharibəsində
aktiv iştirak edib. Sayta görə, İslam İnqilab
Qvardiyası keçmiş MDB-nin müsəlman ölkələrində
sabitliyi pozmaqda maraqlıdır.
Gültəkin
Ədalət.- 2011.- 19 yanvar.- S. 4.