Forpost "ata" nəsihətinə əməl edir?
Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan
bir sıra müqavilələrə qanunla dəyişikliklər
edib. Bu o deməkdir ki, bununla rəsmi İrəvan
tanınmamış qurumları tanımaq imkanı əldə
edir. Hər şeydən əvvəl şübhəsiz,
neçə illərdir Dağlıq Qarabağın
"müstəqilliyi"ni tanıyacağı bəyanatını
reallığa çevirməyə cəhd özünü
göstərir. Belə bir addımın atılması isə
faktiki olaraq Dağlıq Qarabağ məsələsinin
çözümündə aparılan sülh
danışıqlarının dayandırılması deməkdir.
Danışıqların kəsilməsi hərbi əməliyyatların
başlanmasına stimul verir ki, burada da Ermənistan rəhbərliyinin
Azərbaycanı müharibə ilə şantaj niyyəti hiss
olunur. Bəs Azərbaycanda nə düşünülür,
bir neçə aydan sonra havaların isinməsi ilə ərazilərin
hərbi əməliyyatlarla geri qaytarılması cəhdi cəbhədə
də vəziyyəti qızışdıra bilərmi?
Atlaz Araşdırmaları Mərkəzinin
rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlunun
sözlərinə görə Ermənistan rəhbərliyinin
hansısa müqavilədə, hansısa qanunda dəyişiklik
etməsinin Dağlıq Qarabağa heç bir aidiyyatı
yoxdur. Ona görə ki, Azərbaycanın Dağlıq
Qarabağ bölgəsini faktiki olaraq Ermənistan ilhaq edib və
hazırda da həmin bölgəni Ermənistan da idarə
edir: "Buna baxmayaraq bəzən ara-sıra qanunlar gündəmə
gətirirlər. Hələ ötən ilin avqust ayında Dağlıq
Qarabağın tanınması ilə bağlı hansısa
qanunu müzakirəyə çıxaracaqlarını
bildirdilər. Sonra dedilər ki, bu məsələni hələlik
Astana sammitindən sonraya kimi təxirə salırlar. Astana
sammitindən sonra da bu məsələni gündəmə
çıxardılar, amma hakim partiya ona səs vermədi.
Çünki hakim partiya anlayır ki, belə bir addım atsa,
bu beynəlxalq aləmdə Ermənistana daha çox problemlər
yaradacaq. Amma görünür ki, tanınmamış
"respublikalar"ın tanınması ilə bağlı
hansısa başqa bir qanunu gündəmə gətirib
qüvvəyə mindiriblər. Əslində bunların
heç birinin Dağlıq Qarabağ məsələsinə
hansısa formada aidiyyatı yoxdur".
Ermənistanın onsuz da mərhələli
həll planından uzaq olduğunu, daha çox paket həll
variantına üstünlük verdiyini vurğulayan siyasi şərhçi
qeyd edir ki, rəsmi İrəvan işğal olunmuş
torpaqların azad olunması ilə eyni vaxtda Dağlıq
Qarabağın statusunun müəyyənləşdirilməsini
istəyir. Bu isə rəsmi Bakının maraqlarına cavab
vermir: "Çünki həm Ermənistan, həm də
separatçılar Dağlıq Qarabağa "müstəqillik"dən
başqa alternativ ideya irəli sürə bilmirlər. Belə
bir mövqenin seçilməsi isə göründüyü
kimi danışıqlar prosesinin dalana dirəndiyini sübut
edir. Astana sammiti də danışıqların fiaskoya
uğradığını ortaya qoydu. Belə bir şəraitdə
əlbəttə ki, Azərbaycanın siyasi dairələrində,
ictimai fikrində müharibə əhval-ruhiyyəsi artıb və
problemin çözümündə başqa alternativ
qalmayıb. Amma müharibə də Ermənistan
üçün asan deyil və indi ötən əsrin
90-cı illərinin əvvəli də deyil. Artıq bölgədə
vəziyyət dəyişib və Azərbaycan regionun açar
dövlətidir. Neftimiz, qazımız dünya bazarlarına
daşınır, bunun üçün böyük boru xətləri
var. Müharibə başlayarsa, müəyyən qədər
bu enerji layihələri təhlükə altına alına
bilər. Ona görə ki, müharibə təkcə
Dağlıq Qarabağı deyil, bütün Ermənistan-Azərbaycan
sərhədlərini əhatə edəcək. Həmçinin
də Naxçıvanın təhlükəsizliyi və bir
sıra digər amillər nəzərə
alınmalıdır. Ən əsası isə Rusiya İran
amili var ki, bunlar açıq-aşkar Ermənistanı dəstəkləyəcəklər".
Politoloqun qənaətincə,
müharibədən danışılarkən bütün
bunlar nəzərə alınmalı məsələlər
olsa da Azərbaycan uzun-uzadı danışıqlarla da
razılaşa bilməz. İstər Türkiyə ilə
aparılan danışıqlar, istərsə də hərbi
büdcənin artırılması ilə bağlı verilən
qərarlar Azərbaycanın Dağlıq Qarabağ problemini həll
etməyə maraqlı olduğunu göstərir:
"Bütün bunlarla yanaşı, birmənalı olaraq
danışıqların dalana dirəndiyini və bu il
hökmən müharibəyə başlamalıyıq
ehtimalını irəli sürmək də, bu fikri ifadə
etmək də çox çətindir".
Digər ekspert Elşən
Manaflının fikrincə, Ermənistan belə bir addım
atacağı təqdirdə birmənalı şəkildə
aydın olacaq ki, İrəvan beynəlxalq birlik tərəfindən
qəbul olunmuş hüquqi normativ aktlara məhəl qoymur.
Çünki beynəlxalq hüquq normalarına görə
tanınmamış respublikaların tanınması istiqamətində
bu və ya digər müstəqil dövlətin
atdığı addım beynəlxalq birlik tərəfindən
birmənalı qiymətləndirilməyəcək: "Hər
halda Ermənistan Rusiyadan fərqli olaraq fövqəldövlət
deyil və dünyanın müasir geosiyasi mənzərəsinin
formalaşmasında rolu da müqayisəyə gəlməyəcək
dərəcədədir. Rusiya bütün dünyanın
tanımadığı Abxaziya, Cənubi Osetiyanı
tanıdı və bununla da ilk baxışdan onlarla bərabərtərəfli
əlaqələr qurmaq iddiasında olduğu məsələləri
qabartmağa başladı. Ermənistan isə region dövlətlərindən
biridir və onun bölgədə cərəyan edəcək
proseslərə bu səpkidə mövqe nümayişi onun
üçün çox ciddi problemlər yaradacaq. Amma
söhbət ondadır ki, heç şübhəsiz, Ermənistan
tərəfi bu məsələləri Rusiyanın müvafiq
qurumları ilə uzlaşdırıb. Bu isə artıq
Rusiyanın problemin həlli ilə bağlı tutduğu
mövqeni kifayət qədər şübhə və sual
altında qoya bilər". Digər bir tərəfdən də
ekspert hesab edir ki, Ermənistan rəhbərliyinin belə bir
addım atması prosesi fərqli bir müstəviyə
keçirə bilər. Yəni Azərbaycanın atılan
addımlar müqabilində beynəlxalq hüquq normalarına
uyğun olaraq Ermənistana müharibə elan etmək
hüquqi səlahiyyətləri artmış olar: "Azərbaycanın
hərbi xərcləri üçün büdcədən
ayrılmış vəsaitin hər il
artırıldığını, ən güclü hərbi
texnikaların alınması, ordunun gücləndirilməsi
istiqamətində hakimiyyətin gördüyü işləri
nəzərə alsaq problemin həll variantı istisna deyil. Təbii
ki, müvafiq ölkələrlə
razılaşdırıldıqdan sonra bir-iki həftə ərzində
hərbi əməliyyatlarla Ermənistanın silahlı
qüvvələrini ərazidən vurub çıxara bilər.
Sadəcə olaraq Azərbaycan ordusunun gücləndirilməsi
ilə yanaşı, həm də cəmiyyətin
özünü müharibə əhval-ruhiyyəsində
kökləmək lazımdır ki, görüləcək
işlər uğurlu olsun. Amma bütövlükdə Ermənistan
hakimiyyətinin bu addımı bir daha onun təcavüzkar
siyasət yeritdiyini xarakterizə edəcək. Həmçinin
də Azərbaycana bir daha imkan yaradacaq ki, həm beynəlxalq
birlik, həm də beynəlxalq təşkilatlar
qarşısında Ermənistanın təcavüzkar dövlət
olması məsələsini növbəti dəfə
qabartsın. İndiki şəraitdə həm BMT-nin 51-ci maddəsi
və həm də Azərbaycan qanunvericiliyi bütün
hallarda Ermənistana müharibə elan etməyə hüquqi əsas
verir".
Bu ayın sonunda prezidentlərin
Moskvada gözlənilən görüşünə diqqət
çəkən siyasi ekspert Qabil Hüseynli ona müəyyən
ümidlər bağlayır. Amma onun sözlərinə
görə həm Ermənistan, həm də Azərbaycan
problemin həlli ilə bağlı faktiki olaraq diametral əks
fikirlərə malikdirlər: "Məsələ
burasındadır ki, Azərbaycan yenilənmiş "Madrid
prisipləri"ni qəbul edir ki, orada da Azərbaycanın ərazi
bütövlüyünü təsdiqləyən faktlar var.
Ermənistan isə "Madrid prinsipləri"nin köhnə
variantı üzərində israr edir ki, bununla da
Dağlıq Qarabağın müstəqilliyinə can
atır. Azərbaycan isə özünün ərazi
bütövlüyündən bir addım da olsun geri çəkilmək
fikrində deyil və Dağlıq Qarabağa da ən yüksək
statusun yalnız Azərbaycanın ərazi
bütövlüyü daxilində olduğunu vəd edir.
Göründüyü kimi tərəflərin mövqeyi uzun
illərdir belə bir formada qalır. Bu müddətdə Azərbaycanın
həm diplomatik, həm də hərbi, eləcə də beynəlxaq
ictimai fikirdə mövqelərinin kifayət qədər
möhkəmləndiyini nəzərə alsaq, onda vəziyyətin
ermənilərin əleyhinə olduğunu görərik. Yəni
dünya Azərbaycan və Ermənistanın müharibədən
doğan vəziyyətinə və Dağlıq Qarabağ ermənilərinin
Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmamaq
niyyətlərinə əvvəlki kimi baxmamağa
başlayıb. Məsələn, Azərbaycanın ərazi
bütövlüyü məsələsini dəstəkləyən
dövlətlərin sayı getdikcə artır. Elə Minsk
qrupunun özü də "Madrid prinsipləri"nin yeniləşmiş
variantını hazırlamaqla müəyyən güzəştlərə
getməyə hazır olduğunu nümayiş etdirdi".
Hazırda Ermənistanın həqiqətən də
çıxılmaz vəziyyətə
düşdüyünü vurğulayan siyasi təhlilçi
qeyd edir ki, ölkənin həm iqtisadi vəziyyətinin pisləşməsi,
həm də hərbi, ruhi psixoloji durumun qaneedici olmaması rəsmi
İrəvanı yalnız bir seçim qarşısında
qoyur. Bu isə Dağlıq Qarabağın "müstəqilliyi"nin
tanınması ola bilər. Amma bu kifayət qədər riskli
addımdır və bu bölgədə müharibəni
alovlandıra bilər: "Azərbaycan sözsüz ki, statuskovonun
dəyişdirilməsi ilə razılaşmayacaq. Bu da məsələnin
siyasi müstəvidən hərbi müstəviyə
keçməsinə səbəb olacaq. Mənə elə gəlir
ki, istənilən halda həm danışıqlar prosesində
qeyri konstruktiv mövqe, daha sonra isə danışıqlar
prosesinə qarşıdurma ilə xələl gətirən
Dağlıq Qarabağın "müstəqilliyi"nin
tanınmasına cəhd Ermənistanın təcavüzkar
niyyətini yenidən ortaya qoyacaq. Belə olan halda da Azərbaycanın
haqlı olaraq ərazi bütövlüyünü təmin
etməsinə heç kəs mane ola bilməyəcək".
Zərdüşt Əlizadənin sözlərinə
görə Sərkisyanın hansısa qanunda dəyişiklik
etməsinin əhəmiyyəti sıfıra bərabərdir.
Çünki problem sülh müstəvisində həllini
tapacaq. Ona görə də istər müharibə, istərsə
də sülh danışıqları olsun Ermənistanın
atdığı belə addımların heç bir əhəmiyyəti
yoxdur və hansısa tanınmamış qurumları
tanıması da boş, mənasızdır.
Gültəkin
Ədalət.- 2011.- 22 yanvar.- S. 3.