ZİYALI OLMAQ
Ziyalı olmaq, bu adı daşımaq çox çətin,
şərəfli, məsuliyyətli bir işdir. Hamı
ziyalıya bir örnək, şəxsi nümunə, məhək
daşı kimi baxır. Həlli müşkül,
çıxılmaz vəziyyətlərdə ondan məsləhət,
kömək umur. Bəli, ziyalı olmaq çox çətindir,
xüsusən bu ziyalı cəmiyyətin diqqət mərkəzində
fəaliyyət göstərən telejurnalist ola.
Yusif Günaydın hər
şeydən əvvəl çox gözəl insan,
sözün əsl mənasında yüksək mədəniyyətə,
zövqə malik bir Azərbaycan ziyalısıdır. Xalqını,
Vətənini, onun tarixini, mədəniyyətini, adət və
ənənəsini, dilini bütün varlığı ilə
sevən, peşəsinin, işinin-sənətinin vurğunu
olan bir ziyalı - Yusif müəllim yüksək peşəkarlığı
ilə telejurnalistika məkanında xüsusi bir yer tutur. Yusif
Günaydın - Ustaddır. Onunla işləmək adama
zövq verir, böyük ləzzət
bağışlayır. Bu xoşbəxtlik mənə nəsib
olub. Elə ilk tanışlığımızdan bu insan
öz sadəliyi, təvazökarlığı, yüksək
mədəniyyəti, zövqü və qeyri-adi peşəkarlığı
ilə məni heyran qoydu. O böyük bir məktəbdir. Təsəvvür
edin, o hazırladığı verilişlərin bütün məsuliyyətini
öz üzərinə götürməkdən çəkinmir.
O həm müəllifdir, həm aparıcıdır, həm də
gözəl rejissordur. Çəkiliş zamanı ortaya
çıxan hər problemi böyük ustalıqla həll
edir. İşıq məsələsini qaydaya salır,
kadrı qurur. Fikrimcə Azərbaycanın İctimai televiziyasında
efirə gedən "Qərib axşamlar" verilişinin belə
uğur, populyarlıq qazanmasında Yusif müəllimin
böyük zəhməti, rolu vardır!
Yusif müəllim
tariximizə, ədəbiyyatımıza təsviri sənətimizə,
musiqimizə, teatrımıza, elmimizə, maarifimizə bir
sözlə, geniş mənada bütöv mədəniyyətimizə
çox yaxşı bəllidir, yüksək səviyyədə
bilir. İstənilən bir məsələyə, hansısa
bir rəsm əsərinə, ədəbi əsərə,
musiqiyə elə şərh verir ki, düşünürsən
o jurnalist olmasaydı, necə gözəl alim, tənqidçi,
sənətşünas və s. ola bilərdi. Bu təsadüfi
deyil, o çox gözəl rejissordur. Verilişlərində
maraqlı obrazlar tapa, hətta ən sadə şeyləri
obrazlaşdıra bilir. Gözəl
aparıcılığı var. İpək kimi yumşaq, həzn
səsi tamaşaçını dərhal ələ alır.
Onun ekrana çıxması kifayət edir ki, maraqlı bir
veriliş görəcəyimizə ümid yaratsın. Yusif
müəllim nəcib, mərd xüsusiyyətlərə
malik insandır. Heç nəyə laqeyd deyil.
Başqasının
uğuruna səmimiyyətlə sevinən, kiminsə dərdinə
şərik olmağa çalışan xeyirxahdır. Ehtiyacı
olana öz kömək əlini uzatmağa
çalışır. İndi cəmiyyətimizdə belə
alicənab xüsusiyyətlərə malik, yüksək səviyyəli
ziyalılara çox ehtiyacımız var. Yusif Günaydın
qiymətli insandır! Ona böyük hörmətim var! Xətirini
çox istəyirəm!
Heç yadımdan
çıxmaz. Biz birlikdə veriliş-müsahibə
hazırlayırdıq. Mən doğulduğum, boya-başa
çatdığım Laçından danışanda
Laçınla bağlı rəsmlərimi ona göstərəndə
necə təsirləndiyinin, həyəcanlandığının,
kövrəldiyinin şahidi oldum. Mənim yazdığım
"Laçına qar yağır" şeirində həmin
verilişində necə məharətlə, necə
ustalıqla istifadə etmişdisə, bu şeiri necə
emosionallıqla oxumuşdusa, o kadrlara sakit, həyəcansız
baxmaq mümkün deyildi!
Tanrı Yusif Kənana
peyğəmbərlik, yuxuları yozmaq istedadı bəxş
eləyib. Hərdən mənə elə gəlir ki, Yusif
adı daşıyan insanlara Tanrı öz səxavətini əsirgəmir
və böyük istedad bəxş eləyir. Tanrı səni
qorusun əziz dostum, adaşım Yusif!
Yubileyin münasibəti
ilə səni ürəkdən təbrik edir,
cansağlığı, xoşbəxtlik və bol-bol
yaradıcılıq uğurları arzulayıram!
Yusif Mirzə
Ədalət.- 2011.- 22 yanvar.- S. 5.