ONLAR VƏ MƏMLƏKƏTİMİZ
FİRUDİN ANDAC - 3
Çox hörmətli
baş redaktorumuz İradə xanım Tuncayın yazı
manerasında və redaktorluq fəaliyyətində
maarifçilik deyilən ab-havanın üstün bir cəhət
olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas
istiqamətində açıq-aydın görünməkdədi.
Və indiki məqamda təbii ki, maarifçilik bir az birtəhər səslənsə də, təbliğatın
bir çox sahələrində bunu təkrar-təkrar
eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı
bizləri son dərəcə narahat etməkdədir. Kimsə
kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin
bir üstünlüyü var ki, onlar adətən elə
insanlarla görüşürlər ki, sıradan insanların
o adamlarla görüşməyə imkanı olmur və bu
baxımdan mənim yeni başladığım yazı dizisində,
seriyasında bir vaxtlar Türkiyədə
yaşadığım illərdə
görüşdüyüm insanların ÖZLƏRİ və
MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq
doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm
də, yeni ildən həmin yazıların sırasını
davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və
bizim Məmləkətimiz haqqında nə fikirləşirlər
və nə düşünürlər. Və ya nə
düşünüblər? Tarix üçün çox
maraqlı bir məqam olan bu Tanışlıq və
Tanışlar yeni nəsil üçün daha çox maraq
doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin
dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ
sizlərə təqdim olunur.
- Sizin içinizdə elə bir qorxu yoxmu ki, bir
gün bu münasibətlər qırıla bilər. Axı
bir neçə illər bundan öncə yaxşı bilirsiz
ki, buralara gəlmək çox müşkül bir işdi. Mənim
sizinlə beləcə ayrı bir yerdə oturub söhbət
eləməniz, sizinlə mənim evimə qonaq getməniz
çox çətin bir məsələ idi. Yəqin ki,
bunlardan xəbəriniz var?
Firudin Andac: - Qorxu yox.
Ona görə ki, Qorbaçov politikası dünyadakı gəlişmənin
sonuncu gərəkliyidir. Yəni Qorbaçovun istədikləri
xatirinə deyil bu. Yəni Qorbaçov istəmədi ki, Azərbaycan
qapısı Türkiyəyə, Türkiyə qapısı
Azərbaycana açılsın. Bu artıq Sovet blokunda, daha
doğrusu, Varşava blokunda sistemin bir
çürüntülü olduğunu göstərdi. Mən
buna bütöv bir halda baxıram və gördüz ki,
bolqarla türklər arasındakı o münasibətlər
artıq öz yoluna düşdü. Yaxın ilişkilər
başladı. Bu ilişkilərin birdən kəsiləcəyinə
inanmıram. Daha yaxşı, daha sağlam münasibətlər
yarana bilər.
- Allah ağzınızdan eşitsin. Deməli, Firudin,
qardaşım, bizim bir neçə günlük söhbət
və tanışlığımız zamanı dediz ki,
Türkiyədə belə kitab çıxıb: "Nazim
Hikmət Bolqariyada". Və siz artıq biləndən
sonrakı Nazim Hikməti burada daha çox sevirlər və
ümumiyyətlə, Nazim Azərbaycanla daha sıx
bağlıdır və istəyirsiz ki, Türkiyədə də
belə bir kitabın hazırlanması işini öhdənizə
götürəsiz. Bura gəlişinizdə ortaya
çıxan istəklərdən birisi də bu oldu. Eləmi?
Firudin Andac: - Doğru
deyirsiz, mən bu kitabı necə görürəm: əlbəttə,
qarşıdan böyük Nazimin anadan olmasının DOXSAN
ildönümü gəlir. Mən, şübhəsiz, elə
bu məqsədlə yox, ümumiyyətlə, bu kitabın gərəkliliyini
nəzərə alıb deyirəm ki, artıq onu
hazırlamağın vaxtı çatıb. Yəni bu kitabda
Nazim Hikmətlə bağlı bütün nə varsa,
hamısını aşkarlamaq, üzə çıxarmaq və
onu türklərin dünyasında yaymaq, xatirələr, məqalələr,
şeirlər. Siz mənə çox gözəl bir kitab
verdiz: "Bakıya gedirəm". Mən dünən
axşam o kitaba baxdım, orada çoxlu məlumat və bizə
məlum olmayan bilgilər bol-boldur. Mənim üçün
daha maraqlısı odur ki, Nazimi yaxından tanıyanların
sözlərini toplayıb, işləyim... bax, dünən
biz Səməd Vurğunun həyat yoldaşı, cocuqları
ilə söhbət elədik, Vaqif Səmədoğluyla, Aybənizlə.
Onlar mənə çox xatirələr söylədilər.
Bunlar heç biri Türkiyədə tanış deyil. Nazim
şair və insan kimi necə olmuşdur? Bunların
hamısı axtarılmalı və
yığılmalıdır. Bir də Nazim
çağdaş Azərbaycan şeirində nə
olmuşdur? Mən bu kitabı Türkiyəyə
açılan qapıların bir ərməğanı hesab
eləyirəm. Sizlər bizləri Nazim Hikmətdən daha
yaxşı tanıyırsız, bu da kiçik bir iş
deyil. Və ən yaxşısı odu ki, bu ETİRAFDI. Amma
onu deyim ki, Nazimə olan məhəbbət və sevgi sizdəki
qədər bizdə də güclüdür.
- Firudin, qardaşım, axı bilirsiz ki, Türkiyədə
Nazim Hikməti anmaq çox zor bir işdir. Və onun uzun illər
yasaq olması barədə biz yaxşı bilirik və sən
görəcəyin bir işin zor olduğunu, əngəl
olacağını anlayırsanmı?
Firudin Andac: - Yox... yox,
yox... İndi, Nazim Hikmət tək parti dönəmində
tutuldu və onun başındakı hadisələr onunla daha
bağlı oldu. Nazim sizin böyük savaş dediyiniz
dövrdən bir az qabaq otuz səkkizdə tutuldu və həbsdə
qaldı. Məlumdu ki, Nazim bir şair olaraq yox, bir politik
görümcə xoşlanmadı və tutuldu. 27 mayıs
1960-cı ildən sonra artıq yayılmağa
başlandı. Amma bundan öncə Nazimi aradan götürmək
üçün onu əsgərliyə göndərmək istəyirdilər,
bunu da bilirdilər və ona görə də Nazim vətəni
tərk eləmək zorunda qaldı. Altmışıncı
illərdə türk şeirində Nazim YENİ bir məktəb
oldu. Ancaq elə düşünmək olmaz ki, Nazim yasaqlıq
qorxusundan qurtulub. Yox, bu gün də Nazimi dərsliklərdə
oxumaq olmaz. Nazim Hikmət bu gün kitabxanalarda yoxdur. Ancaq
bugünkü politika Nazim Hikmətin bir türk şairi
olduğunu artıq qəbul etmişdir. Yəni bu gün Mehmet
Akif Ərsoy Türkiyənin bir sənətçisidirsə,
Nazim Hikmət də eləcədi. Bu da dövlətin
ağzından çox ölkələrə deyilmişdir. Amma
biz istəyirik ki, NAZİMİN ÜZƏRİNDƏKİ
BÜTÜN YASAQLAR QALXSIN. NAZİMİN MƏZARI
TÜRKİYƏYƏ GƏTİRİLSİN. NAZİMƏ
YURDDAŞLIQ HAQQI GERİ VERİLSİN. Amma bu da bir zaman istəyir.
Bütün bunlara görə Nazim Hikmət üzrə bir
kitab hazırlamaq riskli deyil. İndi onun haqqında hər yerdə
söhbət gedir. Hətta onun bütün əsərləri
toplu halında yayılmaqdadı. Şeirləri
yayınlandı, roman yayınlandı, çevirmələri
yayınlandı, teatro oyunları yayınlandı. Otuz-qırx
cilddə bir toplu olacaq. Bu artıq türk xalqının Nazimə
sahib çıxmasıdır.
- Firudin, qardaşım, artıq bir neçə
gündü, redaksiyalarda oluruq, insanlarla, yazarlarla
görüşdük, yəqin ki, bir şey hazırlamaq məqsədiniz
var?
Firudin Andac: - Doğru.
Yazacağım şeylər çoxdu. Buranın
insanını, buranın yazarını tanımaq gərək.
Tanıyaraq bir-birimizə necə kömək edə biləcəyik,
onu da düşünürəm. Mən bu qənaətə gəldim
ki, bir-birimizi çox yaxşı tanımırıq. Biz-bizi
tanımaq üçün yazıçıların boynunda
çox zor bir borc var. Burada gəlib yeni ilişkilər qurmaq,
yeni dostlar tapmaq yaxşıdı. Amma istəmirəm ki, elə
bu gördüklərim bir müsafir olaraq içimdə
qalsın. Gənc ədəbiyyatınızın
yayınlanması üçün gərək kitab
çıxaraq, söz deyək, yazaq, çalışaq.
Ancaq bir şeyi deyim ki, HƏR KƏS ÖZÜNDƏN
BAŞLAMALIDI. YƏNİ HƏR GƏLİB-GEDƏN TƏKCƏ
ÖZÜNÜ TANITMALIDI. Sanıram ki, yenə Azərbaycana gələcəyəm.
Çağdaş Azərbaycan ədəbiyyatının
işiylə bağlı araşdırmalar yazmaq fikrindəyəm.
Daha bir duyğunu yaşadım, bura mənim yurdumdu.
İstanbuldan Ankaraya necə gedib-gələ bilirəmsə,
buraya da eləcə gedib-gələcəyəm.
- Çağdaş əsrimizin iki böyük sənətkarlarının
- Nizaminin və Yunis Əmrənin bayramları gəlir...
Firudin Andac: - Əvət...
İndi mənim üzərimdə durmaq istədiyim şey bu
aydınların (yazıçıların)
yaxınlaşmada, doğmalaşmada və tanınmadakı
rollarını araşdırmaq və artırmaqdır. Ədəbiyyat
toplumu (hər bir xalqın) özünün aynasıdır.
Bir ölkəni tanımaq yolunun ən gözəli Ədəbiyyatdır.
Yəni Azərbaycanın son on ili, iyirmi il hansı ovqatda,
hansı səmtdə inkişaf eləmiş və necə
olmuşdur? Bu illəri sizin yazarlar necə dilə gətirmiş
və necə yazmışlar? Biz sizləri ancaq beləcə
tanıya bilərik. Romançıların, hekayəçilərin,
şairlərin yazdıqları əsasında (belədisə
- yazıq - T.A.). Hər halda mən bu düşüncədəyəm.
Bəlkə səhv edirəmsə, siz düzəldərsiniz.
Sizin otuz ildən bəri çalışan ən
yaxşı yazarlarınızın əsərləri
türkcəyə çevrilməlidir. Mən burada bir
çox isimlərlə rastlaşdım, yeni tanıdım.
Bütün bunları bizli-sizli gərək tanıdaq.
ƏDƏBİYYATDAN QIRAĞA BİR NEÇƏ KƏLMƏ
DEYİM, BİR MÜSAFİR VƏ BİR YAZIÇI
KİMİ...
Şəhəriniz
gözəldir, ancaq çox baxımsızdır.
Bu içki deyilən
şeyə çox meyl eləyirsiniz. Haraya getdimsə, elə bu içki söhbəti birincidir. Böylə olurmu,
əfəndim.
Bu kitablar ki, sizin
mağazalarınızda qalır...
bunları Türkiyədə
tapmaq çox çətin (rəssamlıq
və incəsənətə
aid kitabları deyirəm). Mən Tahir
Salahovun kitabından beşini aldım. Rəssam dostlarım üçün
hədiyyə verməyə.
Tahir Salahov çox böyük sənətkar.
Sizin bu yazarlar birliyinin rəhbəri Anar bəy neçə dəfə Türkiyədə
olmuş, bəs nə əcəb öz atasının və ən təəccüblüsü, öz
anasının yaxşı
şair olmaları barədə heç nə deməmiş...
Mən sizin şəhərinizi gəzəndə
gördüm ki, sizlər
Otelləriniz yaman gündədir. Niyə bu
barədə yazmırsız?
Belə olurmu, mən bir tük
arkadaşıma necə
deyə bilərəm
ki, sən get Bakıda "Moskva" otelində qal. Gələr,
qayıdar məni danlar...
Son
Tofiq Abdin
Ədalət.- 2011.- 22 yanvar.- S. 15.