"Aşiqlər karvanı"

 

Gəlin etiraf edək ki, son illərdə kitab nəşri sayəsində böyük uğurlar var. Yəni nəşriyyat işi günün tələbləri səviyyəsində qurulduğundan hər gün mətbəələrdən oxucu dünyasına müxtəlif tərtibatlı, müxtəlif ölçülü, yüksək poliqrafiya nümunəsi olan kitablar qədəm qoyur. Təbii ki, bu kitabların hər birində mübaliğəsiz iynə ucu boyda da olsa dəyərli fikir, işıqlı söz oxucunu cəlb edəcək, düşündürəcək məqamlar var.

Doğrudur, indi kitab çap etdirmək daha çox maddi durumdan, sponsordan asılıdır, nəinki kitabın gərəkliyindən, dəyərli olmasından. Artıq bu sahədə maddi imkan çox şeyləri arxada qoyubdu. Elə ona görə də hər gün qapımızı döyən təzə-təzə kitabların böyük əksəriyyətinin müəllifləri ilə az qala elə kitab vasitəsi ilə tanış oluruq. Amma Sovet dönəmində ən istedadlı gənc şairin, yazıçının da heç olmasa dövrü mətbuatda bir neçə dəfə imzasına rast gəlirdik. Və bu rastlaşdırma da bizi onun kitabı ilə üz-üzə qoyanda təəccübləndirmirdi. Təəssüf ki, bu meyarlar indi itib. Burada bir məqamı da xatırladım ki, kitab nəşrindən ki, bu müstəqillik müəyyən qarma-qarışıqlıq yaratsa da, amma bu nəşrlərin içərisində illərlə oxucuya yol tapa bilməyən maraqlı imzalarla da qarşılaşmaq mümkündür.

Bu günlərdə dostlardan biri mənə Cabir Savalanın "Aşiqlər karvanı" kitabını bağışladı. Düzünü deyim ki, kitabın tərtibatı məndə dərhal kitabla bağlı müəyyən bir fikir oyatdı. Hiss etdim ki, bu kitabda toplanan şeirlərin mayası müqəddəs ünvanlarla, böyük Yaradanla bağlıdır. Kitabı oxuyanda da yanılmadığıma bir daha əmin oldum. Şair Cabir Savalan yazır:

 

Ay Cabir, ölüm haqdır

Haqqa bel bağlamaqdır

Aşiqlik ağlamaqdır

Güləndən aşiq olmaz.

 

Bu misralar böyük bir inancın, inamın sahibi olan qələm adamının düşüncələri, duyğularıdı. Müəllif birmənalı şəkildə vurğulayır ki, bu dünyada aşiqliyin ağlamaq olduğu sirr olmadığı kimi, gülənin də aşiq ola biləcəyi şübhə doğurur. Həmçinin müəllif yazır ki:

 

Bir qaydadır ərənlərdə

Aşiq olan düşər dərdə

Bu sirləri pərdə-pərdə

Açan gəlsin, açan gəlsin.

 

Bəli, böyük sözə könül vermiş bir neçə kitab müəllifi olan Cabir Savalan özünün inamı və inancı ilə böyük ədəbi nəsilə bağlılığını klassiklərdən, folklordan öyrənməyə üstünlük verdiyini özünün şeirlərində də dilə gətirir. O yazır ki:

 

Dözümüm yox daha Cabir,

Bu qüssəyə, aha, Cabir.

Yalvar bir Allaha, Cabir

Mövlan, yol göstər, yol göstər.

 

Ümumiyyətlə Cabir Savalanın kitabında dinimizə, Tanrımıza bağlılıq daha qabarıq əks olunur. Bu da şairin müqəddəs ünvanlara etdiyi ziyarətlərlə, din tariximizə bələd olmasından qaynaqlanır. Elə şeirlərinin ruhu da inanca, inama söykənir. yazır:

 

Dibi oyulmuş gəmiyəm

Suyu sovrulmuş kimiyəm

Cabirəm, ölmüş kimiyəm

Yaş mənlə işin olmasın

 

Düşünürəm ki, şairin oxuculara ərmağan etdiyi "Aşiqlər karvanı" öz müəllifinin sarvanlığı ilə uzun bir yolun yolçusu olacaqdı. Sonda onu da xatırladaq ki, kitabı oxuculara "Şəms" nəşriyyatı təqdim edib.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 22 yanvar.- S. 17.