Ömrün 40 ili
O kəslər xoşbəxtdir ki, erkən
yaşlarından qəlblərinin dərinliklərində yuva
qurmuş ən böyük arzusu çin olur, həmin arzuya
yetmək üçün üzləşdikləri
bütün maneələrə sinə gərir, son nəticədə
istəyinə yetirlər. Elə ömrünün 60 illik
yubileyi ilə əlaqədar həyat kitabını vərəqləmək
istədiyim istedadlı jurnalist Malik Novruzov kimi. O Malik Novruzov
ki 18 yaşında müqəddəs arzusuna yetişir,
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani
şöbəsinə qəbul olunur.
Respublikanın
tanınmış jurnalisti kimi özünü çoxdan təsdiqləyən
Malik Novruzov 60 il əvvəl, 1951-ci il fevralın 1-də
Masallı rayonunun Qəriblər kəndində
doğulmuşdur. 1967-ci ildə Masallı şəhəri 2
nömrəli orta məktəbi bitirmişdir. Hələ
uşaq yaşlarından məhz jurnalist olmaq, bu çətin
və məsul peşədə çalışmaq, müxtəlif
sahələrdə fəaliyyət göstərən insanlarla
təmasda olub, onların uğurları barədə qəzet
səhifələrində maraqlı yazılar vermək
arzusunda olub. Ona görə də kamal attestatı alan orta məktəb
məzunu Bakıya gələrək, tərəddüd etmədən
sənədlərini BDU-nun jurnalistika fakültəsinə təqdim
edir. Qəbul imtahanlarına səylə hazırlaşır və
imtahanlar başlayır. Amma nəticəsi Malik
üçün uğurla başa çatmır - kifayət qədər
bal toplaya bilmədiyi üçün müsabiqədən
keçə bilmir, lakin ruhdan düşmür, ümidini
itirmir. Odur ki, doğma rayonuna qayıdır və Masallıda
çıxan "Çağırış" qəzetində
2 il mürəttib işləyir. Malik hələ X sinifdə
oxuyarkən həmin qəzetdə "Jurnalist olacağam"
adlı yazısı ilə çıxış etmişdi. Ona
görə də istəyindən dönməyən gənc 2
ildən sonra - 1969-cu ildə arzusuna yetişir. BDU-nun tələbələri
sırasına daxil olur. 5 il acılı-şirinli, təqaüd
ehtiyaclı, bir az haylı-küylü, bir az romantik tələbəlik
illəri Malikin həyatında silinməz izlər buraxır. Hörmətli müəllimlərdən - özü bir universitet olan görkəmli alim, böyük yazıçı,
xeyirxah insan Mir Cəlal Paşayev, Azərbaycan jurnalistikasının patriarxı
Nəsir İmanquliyev,
gənclərin yaxın
dostu, yazıçı-publisist
Nurəddin Babayev, pedaqoq və jurnalist Nəriman Zeynalov, şair-publisist, Qarabağın qeyrətli
oğlu Famil Mehdi, mülayim təbiətli, incə ruhlu, təvazökar müəllim
Tofiq Rüstəmov və yorulmaz tədqiqatçı alim,
prinsipial şəxsiyyət
Şirməmməd Hüseynovdan
nəinki jurnalistikanın
nəzəri məsələlərini
öyrənir, eyni zamanda onlardan həyat dərsi, mübarizlik, vətənpərvərlik
dərsi alır,
özünü həyata
hazırlayır.
O, 1974-cü ildə Azərbaycan
KP MK-nın göndərişi ilə "Azərbaycan müəllimi"
qəzetinin sərəncamına göndərilir. Böyük
bir redaksiyaya, yaradıcı ab-havanın hökm
sürdüyü bir kollektivə düşən gənc
jurnalist ilk günlər özünü narahat hiss edir. İlk
əvvəl ona elə gəlir ki, yeni kollektivə uyuşa
bilməyəcək. Amma gənc jurnalistin tərəddüdləri
qəzetin baş redaktoru, filoloq alim Şahin Səfərovun nəzərindən
yayınmır. Bu qayğıkeş insan Maliklə səmimi
söhbət edir, gözəl bir kollektivə
düşdüyünü söyləyir, dəyərli məsləhətlərini
verir.
Şahin müəllimin
qayğısı, məsləhət və tövsiyələri
bəhrəsini verir. Şahin müəllim barədə
söhbət zamanı " - Malik müəllim, "Azərbaycan
müəllimi" qəzetində
çalışdığınız uzun illər ərzində
qəzetə çox baş redaktor rəhbərlik edib. Onlardan
hansını ayrıca qeyd edərdiniz" sualını
müsahibim belə cavablandırdı:
- Bəli, qəzetdə
işlədiyim o illər ərzində çox baş redaktor
görmüşəm. Amma Şahin müəllimin mənim
üzərimdə əməyini ayrıca qeyd etməliyəm.
Açıq etiraf edim ki, mətbuatda nəyə nail
olmuşamsa, bunun üçün o böyük insana minnətdaram
və onun müqəddəs ruhu qarşısında baş əyirəm!
Gənc jurnalist əvvəlcə
məktublar şöbəsində işləyir, sonra
xüsusi müxbir, ardınca şöbə redaktoru və nəhayət
məsul katib vəzifəsinə qədər yüksəlir. Düz
18 il "Azərbaycan müəllimi" qəzetində məsul
katib vəzifəsini icra edən Malik müəllim bu mətbu
orqanın texniki və bədii cəhətdən yüksək
zövqlə tərtibatına daim diqqət yetirib. Çünki
o yaxşı bilirdi ki, materialların mövzularına görə
hansı səhifədə və necə yerləşdirilməsi
ilkin olaraq qəzeti əlinə alan oxucunun diqqətini cəlb
edir. Ümumilikdə isə ömrünün 37 ilini eyni
ünvanda "Azərbaycan müəllimi" qəzetinə
həsr edən M.Novruzov qısa zaman kəsiyində qəzetin
səhifələrində maraqlı yazıları, öz dəst-xətti
ilə tanınır.
Zəngin müşahidə
qabiliyyətinin bəhrəsidir ki, müəllimlərə həsr
etdiyi hər hansı material öz orijinallığı,
yazı tərzi ilə fərqlənir, marağa səbəb
olur. Jurnalistikanın müxtəlif janrlarına (oçerk,
zarisovka, müsahibə, hesabat, xəbər və s.) müraciət
edən Malik müəllim faktlara istinad edir. Dəqiqlik və əyanilik
onun yazılarının əsasını təşkil edir. O
da qeyd olunmalıdır ki, Malik Novruzov
çalışdığı uzun illər ərzində
apardığı zəngin müşahidələri nəticəsində
mətbuatda çıxan yazılarını sonradan necə
deyərlər, saf-çürük edərək bir yerə
toplamış və kitab şəklində oxuculara təqdim
etmişdir. "Ürəkdə yanan işıq" adlı
ilk kitabı belə meydana gəlmişdir. Onun ardunca
"Müəllim əməyinin izi" kitabı ilə
oxucuların görüşünə gəlib. Üçüncü
kitabı "Təhsilimizin uca insanları" (2001-ci il)
adlanır. Onu da vurğulamağa dəyər ki, Malik müəllim
oxucuların mühakiməsinə verdiyi kitablar
üçün münasib orijinal və cəlbedici adlar
seçməyi bacarır. "Ürəkdə yanan
işıq" ifadəsi dedikdə dərhal belə qənaətə
gəlirsən ki, bu kitabda söhbət ürəyində
işıq gəzdirən və bu işığı,
ziyanı, nuru dərs dediyi uşaqlara ötürən, şərəfli
ömür yaşayan müəllimdən gedir. "Təhsilimizin
uca insanları" kitabında müəllif orta ümumtəhsil
məktəblərində fəaliyyət göstərən və
öz qabaqcıl təcrübələri ilə təhsilimizi
də ucaldan müəllimlərin nümunəvi işindən,
uzun illər bu və ya digər təhsil sahəsinə rəhbərlik
edən pedaqoqların şərəfli əməyindən bəhs
olunur. Ümumilikdə götürdükdə o, çap
etdirdiyi bütün kitablarında öz peşəsinə
ürəkdən bağlanan, tədris etdiyi fənni
uşaqlara sevdirmək üçün zəngin təcrübəsindən
istifadə edən, bu işdən zövq alan, özü də
mənən zənginləşən əziz müəllimlərin
obrazını yaratmışdır. Malik Novruzovun sonrakı
kitablarında - "Maarif fədailəri", "Günəş
məktəbdən doğur", "Müəllim ziyası
- gələcəyin aynası", "Məktəbə
bağlı ömürlər" əsərlərinin mərkəzində
də müqəddəs müəllim obrazı dayanır.
"Qızıl qələm",
Təhsil Nazirliyinin "Qabaqcıl təhsil
işçisi" döş nişanı, "Kamil sənətkar"
ali jurnalist mükafatı, çoxlu sayda fəxri fərmanlar
və qiymətli hədiyyələr Malik Novruzovun uzun illər
mətbuatda çalışdığı əməyinə
verilən qiymətdir.
Jurnalist
yaradıcılığı üçün xarakterik cəhət
onun yazı dilinin rəvan və sadə, aydın və səlis
olmasıdır. Qələmindən çıxan yazılarda
dolaşıq, yerinə düşməyən fikir və ifadələrə
rast gəlməzsən. Bir misalla fikrimə aydınlıq gətirim:
"Çoxları ona müəllimlərin etalonu deyirdi. O həm
də doğru-düzgünlüyün, halallığın
etalonu idi. Nurəddin anadan sanki elə müəllim
doğulmuşdur. Peşəsini doğma övladı kimi
sevirdi. Uşaqlara təlqin edirdi ki, peşə insanın
övladıdır. Övlada isə xəyanət etmək
olmaz"
Bu misralar Malik müəllimin
"Təhsilimizin uca insanları" kitabındakı
"Onun həyat amalı düzlük və halallıq
idi" oçerkindəndir. Oçerkdəki səlistlik, rəvanlıq
onun bütün əsərlərindəki yazılar
üçün xarakterikdir.
Keçən ilin mart
ayında Malik Novruzovun həyatında, fəaliyyətində
mühüm bir hadisə baş verir. Azərbaycan
Respublikası Təhsil nazirinin əmri ilə o Təhsil
Nazirliyinin orqanı olan "Təhsil" jurnalının
baş redaktoru təyin olunur. Uzun illər mətbuat sahəsində
qazandığı zəngin təcrübə və səriştənin
bir növ davamı olan "Təhsil" jurnalı bu gün
təhsil işçilərinin stolüstü dərgisinə
çevrilmişdir. 100 səhifə həcmində ayda bir dəfə
işıq üzü görən rəngli
illüstrasiyalı "Təhsil" jurnalı təhsil sahəsində
çalışan mütəxəssislərin də maraq dairəsindədir.
Bu cəhətdən professor, əməkdar müəllim Əjdər
Ağayevin Yeni il münasibətilə jurnala
ünvanladığı təbrik məktubu dediklərimi təsdiqləyir:
"Çox hörmətli Malik müəllim!
Azərbaycan pedaqoji mətbuat
aləminə "Təhsil" jurnalının daxil
olmasını məmnunluqla qarşılayır, onun təhsilimizin
və pedaqogika elminin inkişafında inamlı rol
oynayacağına inanıram. Ömrünün məhsuldar fəaliyyət
illərini pedaqoji mətbuata sərf edən təcrübəli
jurnalist kimi bu jurnalda baş redaktorluq missiyasını
uğurla yerinə yetirəcəyiniz şübhəsizdir. Jurnal
işıq üzü gördüyü ilk sayında
oxucuların diqqətini cəlb etmiş, maraqla
qarşılanmışdır.
Doğuluşu müstəqil
Azərbaycanın tarixində yer tutan və onun azadlıq və
suverenliyindən bəhrələnən "Təhsil"
jurnalı heç şübhəsiz milli təhsilimizin və
pedaqogika elminin problemlərinin həllində,
uğurlarının tətbiqində avanqard mövqeyi ilə
seçiləcəkdir".
Bəli, ömrünün müdrik
çağında da məhsuldar fəaliyyətini davam etdirən
M.Novruzov sübut etmək istəyir ki, hələ ürəyində
kifayət qədər deyilməmiş sözü vardır. 60
illik ömrünün 40 ildən çoxunu mətbuata həsr
edən Malik Novruzov həm də gözəl ailə
başçısıdır. 2 gözəl-göyçək,
gül balaya mehriban babadır. 2 yaşlı Mələksu, 5
aylıq Raul babanın qoşa qolu, qanadıdır. Hər
gün işdən arğın-yorğun qayıdanda, nəvələrini
qucağına alan kimi, Malik baba bütün yorğunluğunu
unudur, nəvələrin isti nəfəsi qəlbinə hərarət
gətirir. Onları ən böyük varı-dövləti
hesab edir. Atalar "Dövlətdə dəvə, övladda nəvə"
misalını əbəs yerə söyləməyib. O da
sübut olunub ki, nəvə ilə oynamaq, əylənmək
ömrü uzadır. Yüz yaşa, Malik müəllim! Sizə
qoşa nəvənin toyunu görməyi arzulayan:
İdris Hacızadə
Ədalət.- 2011.- 22 yanvar.- S. 17