Lerik onsuz da gözəldir...
Baxmayaraq ki, son vaxtlar burdakı tikinti-abadlıq işləri
kifayət qədərdir
Təbiətin
yaratdıqları hər şey gözəldir. Zamanın təqvim
sıralarında illərlə ölçülən
vaxtın ömrü elə də çox deyil - indi
dağlarda ilin ən gözəl fəsili olan payızdır.
Bədii nümunələrdə zaman-zaman bahar daha çox
öyünülsə də payız çoxluq, dünyagirlər
tərəfindən həmişə sevilib. Ona görə ki,
payızı insan ömrünə bənzədirlər.
İnsan ömrünün müdriklik vaxtı olduğu kimi,
payız da fəsillərin müdriklik - ahıllıq çağıdır.
Bir-birinin əlindən
tutub zirvələrə sıralanan Lerik dağları
başdan ayağa yaşıllığa qərq olsa da
payızın xəfif nəfəsi hiss edilməkdədir. Küknar,
qovaq ağaclarına artıq xal düşüb -
yarpaqları saraldığından meşələrin dərinliyində
aydınca seçilir. Günəş mavi qübbənin
ortasında alışıb yansa da daha əvvəlki hərarəti,
istisi yoxdur. Havada qəribə
bir sərinliklə bərabər bir soyuqluq da var...
- Müəllim,
aşağılardan gəlirsən, deyirlər
Masallını, Lənkəranı sel basıb? Yazıq
camaata xeyli ziyan da dəyib. Yaxşı ki, biz dağlarda
yaşayırıq. Dağlarda heç vaxt sel olmur, sel
dağlardan başlayar,
düzdə dayanar. O camaat da bizimdir, ancaq
neyləmək olar...
Tükənməyən, bitməyən işlər,
qayğılar...
Təbiətin müxtəlif
şıltaqlıqlarından danışa-danışa rayon mərkəzinə
nə vaxt çatdığımızdan xəbərimiz
olmadı. Qəsəbənin girişində, yolun solunda
torpaqlarımızın bütövlüyü uğrunda
canlarından keçən igidlərimiz üçün
salınan şəhidlər xiyabanı payız
mürgüsü vuran dağlar kimi tərtəmiz, əzəmətli,
həm də kövrəkdir. Elə ondan bir qədər aralıda
tamamlanmaqda olan kiçik Nəriman Nərimanov parkı da səliqə-səhmanı,
rahatlığı ilə bir azdan insanların ixtiyarında
olacaq. Bir xeyli içəridə isə milli ornamentlərlə
işlənmiş mərkəzi meydandır.
Açılışı lap yaxınlarda olacaq Ulu Öndər
Heydər Əliyevin əzəmətli heykəli mərkəzi
meydanın baş tərəfindən sanki son tamamlama işlərinə
nəzarət edir. Elə bu tarixi şəxsiyyətin şərəfinə
inşa edilmiş möhtəşəm muzey də mərkəzi
meydanın bəzəyi olmaqla memarlıq abidələrinin
incilərindəndir. Lerik rayon İcra Hakimiyyətinin yeni
inzibati binası bu meydana xüsusi bir gözəllik verəcək.
İnşası artıq başa çatmış rayon
prokurorluğunun inzibati binası da müasir tələblərə
cavab verməklə göz oxşayandır. Rəngli
şüşələrlə Avropa üslubunda tikilmiş
"Röyal Bank"-ın hündür və
yaraşıqlı binası mərkəzi meydanın ərazisindədir.
Lerik rayon məhkəməsinin,
Sosial Müdafiə Fondunun və digər inzibati qurumların
son vaxtlar inşa edilmiş binaları bir qədər uzaqda
yerləşsə də qəsəbəyə xüsusi bir
yaraşıqdır. Dağ sularının daim yuduğu yerlərə
belə salınmış asflat yolların kənarındakı
rahat və səliqəli səkilərlə rayon mərkəzini
bir payız günündə gəzib-dolaşmaq doğurdan
xoşdur. Üzü axşama doğru isə bu yollardan əl-ayaq
tamam çəkilir, hər yan sakitliyə qərq olur.
Qarşıdan bələdiyyə seçkiləri gəlir
Lerik rayonunun kifayət qədər
geniş ərazisi var. Dağlar qoynunda yerləşən kəndlərin
də rayon mərkəzindən xeyli uzaqda yerləşməsi
təbiidir. Hazırda rayonda 99 bələdiyyə fəaliyyət
göstərir. Lakin maliyyə çətinliyindən
rayondakı bələdiyyələr üzərilərinə
düşən vəzifələri tam, hər tərəfli
yerinə yetirə bilmirlər. Əhalinin müəyyən
problemlərini həll edə bilmədiklərindən bu
qurumlar ictimaiyyətin tələbi ilə
yığıncaqlar keçirərək birləşmə
haqqında ortaq məxrəcə gəlmişlər. Leriklilər
29 bələdiyyə birləşməsi haqqında qərar
qəbul etməklə artıq Milli Məclisə müraciət
etmişlər. 2009-cu ilin yeni bələdiyyə seçkilərində
29 bələdiyyə üzrə əhalinin sosial - məişət
və digər problemlərinin həllində yaxından
iştirak etmələri üçün artıq start
verilmişdir. Seçkiyə hazırlıq işləri demək
olar ki, başa çatdırılmışdır.
Bura həm də aqrar rayondur
Ərazisinin çox
böyük hissəsi dağlar, meşələr olmasına
baxmayaraq Lerik həm də aqrar - kənd təsərrüfatı
rayonudur. Kənd təsərrüfatı məhsullarını
artırmaq məqsədi ilə burdakı fermerlərə
dövlət tərəfindən güzəştli şərtlərlə
yanacaq, gübrə, toxum verilmişdir. Bu da şübhəsiz
ki, öz nəticəsini göstərmişdir. Ötən il
fermerlər 1,9 min hektarda buğda əkini
aparmışdılarsa, 2009-cu ildə bu rəqəm 2,8 min
hektara çatdırılmışdır. Aqrar sahəni daha
da genişləndirmək üçün və bu məqsədlə
müasir texnikanın əldə edilməsi tələbindən
Lerikdəki "Aqrolizinq" ASC-nin rayon "Aqroservis" xidməti
fəaliyyətə başlamışdır.
Havaların qeyri-sabit
keçməsinə baxmayaraq hazırda Lerik rayonunda 2010-cu ilin
payız əkini üçün 1400 hektar ərazidə herik
şumu aparılmışdır. 200 hektar ərazidə isə
səpin başa çatdırılmışdır. Zəhmətkeş
leriklilər təbiətin hər cür
şıltaqlığına dözərək kompaniyanı
davam etdirirlər.
Lerikdə ağac əkilir?..
Doğrusu çox zəngin
flora və faunası olan Lerik rayonunda ağac əkilməsi
bir o qədər aktual səslənmir. Zəngin meşə
sarıdan Lerikin şikayəti yoxdur axı. Bir də rayon mərkəzinə
çəkilən mavi qaz xətti son vaxtlar meşələrə
xeyli "istirahət" verib.
-
İnanmırsınız, eləmi? Onda əyləşin
maşına elə əliniz çatan yerlərdə öz
gözləriniz ilə görün. Çünki
bütün ərazini gəzmək mümkün deyil. Lerik
rayon icra hakimiyyəti başçısının I
müavini Cəlil Baxşıyevin təklifi lap ürəyimcə
oldu. Az-az yolum düşən Leriki bir də gəzmək,
görmək istəyirdim. Payızın ilk günlərində
bir qədər də gözəl olan Lənkəran-Lerik yolu
boyunca, Lerik-Kəlvəz, Piran-Hamarat yollarının kənarında
əkilmiş müxtəlif ağac növləri hətta
nömrələnmişdir.
- Müəllim, (Lerikdə
hörmət əlaməti olaraq az-maz təhsili olan qonağa
belə müraciət edirlər-S.M.) onsuz da hər il biz bu
işləri görürük, ancaq ölkənin birinci
xanımı Mehriban Əliyevanın "Hərəyə bir
ağac əkək" devizi bizi bir az da həvəsləndirdi.
Yol kənarında 2644 ağac əkmişik. Akasiya, qovaq,
palıd, çinar, qızılgöz, vələs, şam və
bəzək kollarından Lerik qəsəbəsində də
istifadə etmək fikrindəyik. Özün
gördüyün kimi qəsəbədə tikinti-abadlıq
işləri hələ yekunlaşmayıb, ona görə də
bir az əl saxlamışıq. Bir gün də qal, səni
uşaqlar meşəçilər tərəfindən yeni
salınmış meşə zolaqlarına aparsınlar. Düz
29 min müxtəlif növ ağac əkilib orada. Lerikdə
gördüklərini yazsan, xəsislik eləmə, bir
cümlə də bizim icra başçımız
Rövşən Bağırovdan yaz. Doğrudan onun leriklilərin
boynunda böyük haqqı var, çünki əməyi, əziyyəti
çx olub. Bir də özün elə camaatın içində
olursan, mən nə deyim ki?
Doğrusu Lerikdə daha
bir gün qalmaq könlümdən keçsə də müəyyən
səbəblərdən razılıq verə bilmədim...
Dağlar qonaqsız olmaz...
Bu yerlərin
axşamları daha sakit, daha gözəl, bir qədər də
qərib və kövrək olurlar. Kənd camaatı
el-obalarına, qəsəbə sakinləri evlərinə
çəkilirlər. Ancaq bir neçə gəncin həvəslə
bu kimsəsiz küçələri gəzməkləri qonaq
olduqlarından xəbər verirdi. "İrəli" ictimai
birliyinin Lerikə ezam olunmuş qrup nümayəndələri
ilə söhbətimiz qısa olsa da maraqlı oldu. Qrupun rəhbəri
Rauf Mərdiyevin dediklərindən:
- Doğrusu, Lerikin bu qədəq
gözəl olduğunu bilmirdik. Xüsusən payızda - ilk
baharda buralar cənnəti xatırladır. Biz öz
aramızda Leriki Azərbaycanın İsveçrəsi
adlandırmışıq. Qaldı işimizə, bu layihənin
rəhbəri mənəm. Dəstək verən təşkilatlar
isə Respublika Gənclər və İdman, Rabitə və
İnformasiya Texnologiyaları Nazirlikləridir. İdeyaçısı
İnformasiya Texnologiya Akademiyası olan bu işin məqsədi
regionlarda kompüter biliklərinin öyrədilməsi və
inkişaf etdirilməsidir. 5 nəfər qrupla 10 gün burda tədrislər
aparacağıq. Açığını deyim, belə
gözləmirdik, bu dağlarda çox istedadlı uşaqlar
var. Buradan sonra Masallıda, Lənkəranda və digər
rayonlarda olacağıq. Ancaq bu dağlardan, dərələrdən,
burdakı insanlardan ayrılmaq çətin olacaq...
Cavanlar istər-istəməz,
söhbətin mövzusundan asılı olmayaraq məni Lerikin
küçələrində xeyli geridə qoymuşdular. Gənclik
həmişə, harasa tələsib...
Lerik isə növbəti
bir payız axşamını yaşamağa başlayır. Hər
tərəf lal sakitçilik içindədir.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 22 yanvar.- S. 18.