"SEVGİ ELƏ DƏRDDİR,
DAŞI TƏRPƏDƏR..."
(Şairə Nazilə Səfərlinin şeirləri
haqqında)
Mən müasir Azərbaycan
poeziyasında öz dəst-xətti ilə seçilən bir
sıra qadın yazarlarımızın şeirləri barədə
mətbuatda sözümü demişəm, məqalələr
yazmışam. Firuzə Məmmədlinin heç cür 70
yaşına gəlib çatdığına inanmıram.
İllər nə tez gəlib keçdi, sanki bir göz
qırpımındaca... Mən Firuzə xanımın
şeirlərində ən gözəl hisslərin,
duyğuların izinə düşdüm, sevginin, insan qəlbinin
şeirlə ifadə ediləsi gözəlliklərinin
şahidi oldum. Nisəbəyimin şeirlərində
vaxtın, zamanın burulğanlarında çırpınan,
haray çəkən bir qadın ürəyinin
pıçıltılarını eşitdim. Anladım ki,
pıçıltının da fəryadı varmış.
Dünyaya sığmayan ruhun ölməzliyini onun şeirlərində
duydum. Mahirə Abdullanın şeirlərində ciddi, təmkinli
bir qadın obrazı ilə qarşılaşdım. Məlahət
Yusifqızının şeirləri isə mənə
anlatdı ki, yaradıcılıqda kişi-qadın söhbəti
yoxdur, qadınlar çox-çox məqamlarda kişilərin
hiss etmədiklərini daha tez hiss edirlər. Elnaz
Eyvazlının da etiraflarını dinlədim, bu etiraflar incə
qadın qəlbinin səsi, harayıdır. Səhərin
şeirlərində həyat haqqında lirik-fəlsəfi
düşüncələrlə tanış oldum. Gülnarə
Cəmaləddinin şeirlərində isə poetik rənglər,
çalarlar gördüm ki, sanki bir rəssam
fırçasından doğub. Daha kimlərin adını çəkim?
Fərqanənin, Həyat Şəminin, Narıngülün,
Xuraman Hüseynzadənin, Şahinə Könülün, Nazilə
Gültacın, Xatirə Sadıqlının, Ay Nurun, Aysel Əlizadənin,
Cavidanın, Rəfiqə Şəmsin, "Şəms"
qadınlar məclisi üzvlərinin, Sara Selcanın...
bunların hər biri balaca bir Məhsətidir. Mən
onların sırasında Nazilə Səfərlinin də də
adını çəkirəm.
Nazilə Səfərlinin
şeirləri mənə isti bir qadın qəlbinin
etiraflarını xatırlatdı. Onun şeirləri bəlkə
kiməsə eyni xətt üzrə hərəkət edən,
xəttin bu başından start götürüb, axırda yenə
əvvəlinə qayıdan bir yolçunun hərəkət
marşrutuna bənzəyir. Amma bu hərəkət geriyə
qayıtmaq deyil, sadəcə öz hisslərinə,
duyğularına sadiqlikdir.
Ən əvvəl Nazilənin
sevgi şeirlərindən başlayım. Ancaq sevgi deyəndə,
mən onun geniş mənasını nəzərdə
tuturam. Vətən sevgisini, Təbiət sevgisini, Dərdin
özüylə bağlı sevgisini, nəhayət, insani
sevgisini, pünhan sevgisini... Bu dünyada havadan da, çörəkdən
də, sudan da, üstündə dayandığın torpaqdan
da gözəl SEVGİDİR.
Əgər bu sevgi olmasa, sən dünyanı, həyatı,
havanı, torpağı, suyu da sevə bilməzsən. Sevgi
olmasa, Vətəni də sevə bilməzsən. Ona görə
də Nazilə Səfərlinin şeirlərinin əsas qəhrəmanı
SEVGİDİR.
Sanki səssiz bir səhraya yağış
yağdı, su düşdü,
Bülbüllər də xoş avazla
budaqlarda ötüşdü,
Əriyirəm damla-damla,
biləmmirəm nə işdi
Dinməz könlüm
dil açıbdı,
deyir: səni sevirəm.
DƏRDİN DƏ SEVGİSİ OLARMIŞ. Azərbaycan
poeziyasının mənzərəsində DƏRD adlı
qocaman bir obraz yaşayır. O, əsrlər boyu şairlərin
ürəyindən qopub bu ərazidə-böyük poeziya ərazisində
əbədi məskən salıbdır. "Yoxdu bir kimsə
mənim dərdimi bilsin, ya rəb, Ki mən öz qanım ilə
dərdimə dərman etdim" - Bunu Xan qızı Natəvan
deyi. Ondan əvvəl isə dahi Füzuli deyib ki: "Bu dərdlər
ki, mənim vardır bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab
oynar". Beləliklə Azərbaycan poeziyasında DƏRDDƏN
bir dağ ucalıb. Ancaq biz dərdə göz yaşları,
inilti, hıçqırıq, dünyadan əlini üzmək
kimi baxmırıq. Dərdə insanın ən müqəddəs
hisslərinin ifadəsi kimi baxırıq. Dərd olmasa, sabaha
ümidlə yaşamaq olarmı? Gərək dərdin olsun
ki, için daim odlansın, alovlansın və bu oddan, alovdan
dünyaya şeirlər səpələnsin.
Yenə dumanlıdı başım,
Dil açıbdı qara daşım,
Bir ürəyə qonub quşum,
Özümə gələ bilmirəm.
Allah, mənə bu
nə dərddi yetirdin,
Kipriyimlə ocaqdan od götürdüm,
Dözə-dözə qışı belə
ötürdüm,
Ürək dedi, qabaqda yaz var hələ.
Kol dibində məlul durmuş
Boynu bükük bənövşəyəm.
Qar üstümə ayaq almış
Tənha qalıb üşüyürəm,
Gəl, sevginlə isit məni.
Əslində, dərddən,
qəmdən gileylənən şairə dərdi sevir,
çünki dərd olması, sevgidən danışmaq
olarmı? Füzuli babamız deyirdi ki, "Nə
müşgül dərd olursa, bulunur aləmdə dərmanı,
Nə müşgül dərd imiş eşqin ki, dərman
eyləməz olmaz". Ona görə də Nazilə Səfərlinin
dərdli şeirləri bizə çox doğma və əziz
göründü.
SEVGİ ŞEİRLƏRİNDƏ Nazilə Səfərlinin
hissləri təmizdir. Bunlar yaşanılan hisslərdir. Mən
bir yazımda demişdim ki, qadınlar öz sevgi şeirlərində
yalan danışmırlar, təbii hisslərini qələmə
alırlar. Xatirə Əziz bir sevgi haləsinin içindədir.
Orada deyə bilmərəm ki, onun lirik qəhrəmanının
gözlədiyi nədir? Bəlkə ayrılığın
ömründən qopardığı bir kəs? Bəlkə
heç o deyil. Xəyallarında ümidli olduğu
"Ağ atlı oğlan"? Ancaq kim olur-olsun, kiməsə,
ya konkret şəxs, ya da "Ağ atlı oğlan", o, bəlkə
də uzaqlardadır, bəlkə əli çatası qədər
yaxınlıqda... bizi o maraqlandırmır. Bizi Nazilənin o
təmiz hisslərindən doğan məhəbbət
dastanı cəlb edir. Bu dastan qurtarası deyil. Qurtarsa, onda
ömür də tükənər.
Ruzigar əsməyən bağa,
Xəzan necə gələr, axı?
Şaxta görməyən bir qönçə,
Vaxtsız necə solar, axı?
Lirik qəhrəmanın
hissləri çarpaşıqdı. Bu, belə də
olmalıdır. Bir şeirdə "dönmə" deyirsən,
o biri şeirdə "kaş qayıdıb gələydin"
söyləyirsən. Buna görə Nazilə Səfərlinin
lirik qəhrəmanını məzəmmət eləmək,
qınamaq olmaz.
Nazilə Səfərli
Borçalı elindən gəlib, saz havasında
böyüyüb və bu səbəbdən də onun
şeirlərində sazın yanğıları, dərdi, ələmi
və həmçinin insanı heyrətə salmaq inadı
duyulur.
Hər çiçəyin şirəsi var,
Baxır hansı arı çəkir.
Hər ürəyin qüssəsi var,
Baxır kimin yarı çəkir.
Bu dünya kimsəyə qalmaz,
Kimsə dövlət, var aparmaz.
Sevməyənin dərdi olmaz,
Sevən min azarı çəkir.
Qəlbimə bir sükut dolub,
Çiçəklər də vaxtsız solub,
Gül bənizim tez soğulub
Dərd özünə sarı çəkir.
Gürcüstan elində,
Borçalıda, Marneulidə, Dmanisidə, bir sözlə, o
diyarın hər bir kəndində saza Allahın insanlara bəxş
etdiyi bir möcüzə kimi baxırlar. Bu saz neçə
ustadın sinəsində gözəlləri, gözəlliyi,
dünyanın qəmini, sevincini, eşqin, məhəbbətin
ilahiliyini vəsf edib və indi də vəsf etməkdədir.
Baxın, görün Nazilə Səfərli saza-sevgiləri
coşduran bu eşq mücəssiməsinə öz sevgisini
necə izhar edir:
Barmaqlara bax ilahi,
Yumaq kimi yumrulanır.
Pərdə üstə sanki bir qız
Sığallanıb tumarlanır.
Bahar gəlir qış çağında
Alışır eşq sorağında.
Sanki bir bəy otağında
Təzə gəlin qumrulanır.
Naziləni xəyal çəkir,
Sorğu çəkir, sual çəkir.
Aşıq saza sığal çəkir
Saz bu eşqdən xumarlanır.
Nazilə Səfərli
yeni şeirlər kitabını çapa hazırlayır. Elə
bilirəm, burada bəzi iradlarımın yeni kitabında
işıq üzü görəcək şeirlərinə də
yaxşı mənada təsiri ola bilər.
Birincisi; Nazilə
xanım şeirlərinin dilinə xüsusi diqqət yetirməlidir.
Elə ifadələr, sözlər var ki, onlar şeirin
ab-havasına, məzmununa ciddi xələl yetirir. Məsələn,
Nazilə xanımın "Qəmli gözlər"
şeirində
"Çiçəklərin şirəsi var
canımda,
Ovçuların bərəsi var canımda"
-birinci misranı
anladıq, ikinci misra nəyi anladır. Ovçuların bərəsinin
canla nə işi? Bu ancaq qafiyə xatirinə işlədilib.
Başqa bir misal:
Bu qəlbimin səndən başqa
Yox kimsəyə tələbatı.
Öldürür məni həsrətin,
Gəl, burax, bu zarafatı.
"Tələbat"
şeir sözü deyil. Sevgi həsrətiylə ürək
alışırsa, bunu zarafat sanmaq doğrusu,
özü bir "zarafatdır". Həmin şeirin
sonrakı bəndi belədir:
Əgər ayrılıq şərtdirsə,
Qoy bir dəfə səni görüm.
İcazə ver qurban olum,
Qolların üstündə ölüm.
Əvvəlki şeirlərində
qürurlu görünən lirik qəhrəmanın bu pozada
görünməsini istəməzdik. Ümumiyyətlə,
Nazilə xanımın bəzi sevgi şeirlərində təmiz
hisslərlə, duyğularla uyuşmayan sözlər, ifadələr
var və bunlar şeiri xələldar edir.
Çox arzu edərdim
ki, Nazilə xanım mövzu məhdudluğundan da xilas olsun.
Onun sevgi şeirlərinin bir çoxu eyni fikrin ifadəsinə
xidmət edir, təkrarçılıq meydana gəlir.
Yaşadığımız çağda isə şairi
maraqlandıran, təsirləndirən mövzular çoxdur.
SÖZÜM BU QƏDƏR...
VAQİF YUSİFLİ
Ədalət.- 2011.- 22 yanvar.- S. 19.